Badamdar qəsəbəsində Novruz şənlikləri

 

Novruz bayramı ilə bağlı Səbail rayonunda keçirilən tədbirlər çərçivəsində Badamdar qəsəbəsində icra  nümayəndəliyi və bələdiyənin təşkilatçılığı ilə “N” saylı hərbi hissədə şənlik keçirilmişdir.

Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları, qəsəbə ictimaiyyətinin nümayəndələri, məktəblilər şəxsi heyətinin görüşünə gəlmişlər. “N” saylı hərbi hissənin komandiri, polkovnik Feyruz Əzizov Novruz bayramı münasibəti ilə şəxsi heyəti və qonaqları  təbrik etmişdir. O, ölkə rəhbərliyinin ordu quruculuğu istiqamətində apardığı işlərdən, hərbi hissənin şəxsi heyətinin döyüş hazırlığından, əldə etdikləri uğurlardan danışmışdır.

Səbail Rayon İcra Hakimiyyəti başçısının  Badamdar qəsəbəsi üzrə nümayəndəsi Zaur Əliyev əsgər və zabitlərə şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. O,  ölkə başçısı İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən Badamdar qəsəbəsində son illərdə həyata keçirilən sosial yönümlü layihələr barədə məlumat vermiş, quruculuq və abadlıq işlərində hərbçilərin də iştirakını qeyd etmişdir.

Səbail Rayon İcra Hakimiyyətinin sektor müdiri İsrafil Kərimov məlumat vermişdir ki, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələrindən, incəsənət xadimlərin dən ibarət heyət cəbhə bölgəsində xidmət edən əsgərlərimizin qonağı olmuş, onların xidməti ilə maraqlanmış, bayram tədbiri keçirmişlər.

Qəsəbə ictimaiyyəti adından 239 saylı orta məktəbin direktoru, əməkdar müəllim Sədaqət Əzimova və 236 saylı orta məktəbin direktoru, əməkdar müəllim Xanlar İmaməliyev hərbiçilərə nümunəvi xidmət arzulamışlar.

Tanınmış incəsənət ustalarının iştirakı ilə konsert olmuş, əsgərlərə bayram sovqatları təqdim edilmişdir. Şənlik bayram tonqalı ətrafında davam etmişdir.

Hərbi hissə komandanlığı Səbail Rayon İcra Hakimiyyətinə və incəsənət xadimlərinə fəxri fərmanlar təqdim etmişdir.

Sonda əsgərlər üçün bayram süfrəsi təşkil olunmuşdur.

 

R.TAHİR

 

Xalq qəzeti.- 2014.- 28 mart.- S. 4.