Erməni faşizminin ifşasına həsr olunmuş sanballı tədqiqat

 

Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi probleminin mahiyyətini  daha  dərindən  anlamaq, onun ədalətli və etibarlı həllini tapmaq üçün məsələnin tarixi köklərini   bir daha nəzərdən keçirmək lazımdır. Bu mənada Elçin Əhmədovun “Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011)” adlı monoqrafiyası xüsusi əhəmiyyət kəsb edir.

Ensiklopedik strukturda  tərtib olunmuş kitabda XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq  siyasətinin  təhlili xronikası verilmişdir. Mövzunun xronoloji çərçivəsi 1987-2011-ci illəri əhatə etsə də, müəllif problemin tarixi köklərini araşdırmaq üçün  kitabın giriş hissəsində Qarabağ bölgəsinin Azərbaycan dövlətçiliyi  tarixində  yerirolu  haqqında qısa arayış verir.

Müəllif Albaniya dövlətindən başlayaraq XIX əsrin əvvəllərində çar Rusiyası tərəfindən Qarabağ xanlığının işğalına qədərki  dövrdə Qarabağ bölgəsinin müxtəlif Azərbaycan -türk dövlətlərinin, imperiyalarının ayrılmaz hissəsi  olduğunu müxtəlif qədim və orta əsrlər  mənbələri ilə əsaslandırır. Haqlı olaraq qeyd edilir ki, Qarabağda münaqişə ocağının cücərməsində XVIII əsrin ikinci yarısından başlayaraq  çar Rusiyasının  xarici siyasətində Cənubi Qafqazın mühüm rol oynaması və çarizmin bu dövrdən etibarən cənub sərhədlərində öz  strateji mövqelərini möhkəmləndirmək cəhdləri dururdu.  Bununla bərabər, çar Rusiyası Azərbaycanın Qarabağ xanlığını işğal etmək üçün ermənilərdən məharətlə istifadə etməyə  çalışırdı.  XIX əsrin birinci  qərinəsində iki Rusiya-İran və Rusiya-Türkiyə müharibələri nəticəsində çar hökumətinin Cənubi Qafqaz  regionuna sahib çıxması və ermənilərin  Qacarlar İranından və Osmanlı imperiyasından Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycana köçürülüb  gətirilməsi  bölgədə erməni amilinin güclənməsinin  təməlini qoydu. Bu zaman ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri məhz Qarabağ ərazisi olmuşdu. Nəticədə bölgənin etno-demoqrafik mənzərəsi dəyişildi və  gələcək münaqişələr üçün möhkəm zəmin yarandı.

E.Əhmədov kitabında bu münaqişənin  etnik qarşıdurmaya  çevrilməsinin əsas mərhələləri kimi iki  dövrü seçmişdir. Birinci dövr 1828-ci il Türkmənçay müqaviləsindən 1918-ci ilə qədər davam etmişdi. Bu dövrdə  ilk dəfə 1905-1907-cı illərdə ermənilərlə azərbaycanlılar arasında qanlı qarşıdurma baş verir.

 1920-ci ildə Şimali Azərbaycanın və Ermənistanın sovetləşməsindən sonra da erməni-azərbaycanlı münasibətlərində keçmiş illərin münaqişə potensialı qalaraq bəzi hallarda qanlı qarşıdurma səviyyəsində özünü büruzə verirdi. Lakin bu vaxt  münaqişə onun yarandığı yerdən kənara çıxmırdı, çünki erməni ekstremistləri başa düşürdülər ki,  mövcud şəraitdə  keçmişdə geniş istifadə olunmuş açıq təcavüz və  zorla əhalinin köçürlməsi üsulları ilə sərhədləri dəyişmək və ya yeni ərazilər tutmaq artıq mümkün deyil.

Amma 1987-ci ilin sonunda keçmiş SSRİ-də “yenidənqurma” adlanan dağıdıcı proseslər fonunda süni “Dağlıq Qarabağproblemi meydana gətirildi. O zaman SSRİ-nin ali rəhbərlərindən biri olan Heydər Əliyev hakimiyyətdən kənarlaşdırıldıqdan sonra Ermənistanın qatı millətçi dairələrinin və onların xarici dövlətlərdə olan havadarlarının uzun illər boyu hazırladıqları planı həyata keçirmək üçün münbit siyasi zəmin yarandı. M.Qorbaçov başda olmaqla o zamankı SSRİ rəhbərliyi konstitusiya borcunu yerinə yetirmək, qanunçuluğu qorumaq əvəzinə, təcavüzkarla onun qurbanı arasında fərq qoymadı,  hətta bəzi qeyri-ardıcıl addımları ilə  erməniləri  separatçı hərəkətlərə həvəsləndirərək, onların Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarıb, Ermənistana birləşdirmək cəhdlərinə  göz  yumdu. Nəticədə ilk mərhələdə tamamilə aradan qaldırılması mümkün olan bu münaqişə tədricən böyüyərək, iki xalqın tammiqyaslı qarşıdurmasına, geniş müharibəyə çevrildi. Təəssüf ki, bu faciəvi hadisələr başlayan zaman xalqımız birləşə bilmədi, o zamankı Azərbaycan kommunist rəhbərləri səbatsızlıq, məsuliyyətsizlik və bacarıqsızlıq nümayiş etdirdilər. Dağlıq Qarabağın aqibəti unuduldu, Azərbaycanda daxili çəkişmələr, hakimiyyət mübarizəsi ümummilli maraqları üstələdi. Nəticədə ermənilər Dağlıq Qarabağı və onun ətrafında olan yeddi Azərbaycan rayonunu  işğal etdilər.

Ermənistanın hərbi təcavüzü xalqımıza ağır maddi və mənəvi zərbələr vurdu. Minlərlə  vətəndaşımız həlak oldu, on minlərlə insan şikəst edildi. Bir milyona qədər  azərbaycanlı bu gün də qaçqın və məcburi köçkün həyatının məşəqqətlərini yaşamaqdadır. Münaqişə nəticəsində ölkəmizə  külli miqdarda maddi  mənəvi ziyan vurulmuşdu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ilin fevralından SSRİ-nin dağılmasına qədər olan dövrdə SSRİ-nin daxili problemi kimi qiymətləndirilirdi. SSRİ-nin süqutu ilə münaqişə tezliklə beynəlmiləlləşdi, regionda sülh və təhlükəsizliyi təhdid edən məneəyə, müxtəlif   beynəlxalq güclərin və maraqların mübarizə nöqtəsinə çevrildi.  Münaqişənin dinc yolla həll olunması üçün  1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun, onun həmsədrləri olan Rusiya, ABŞ və Fransanın  cəhdlərinə baxmayaraq problem bu günə kimi  ədalətli həllini tapmamışdır. Həmsədrlər tərəfindən vaxtaşırı irəli sürülən təkliflər Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe üzündən uğursuzlağa düçar olur.

Münaqişə dövründə əldə olunmuş ən böyük nailiyyət 1994-ci il mayın 12-də Bişkek şəhərində tərəflər arasında iri hərbi əməliyyatların  dayandırılması    atəşkəsin gözlənilməsi haqqında imzalanmış  öhdəlik protokoludur. Sonrakı dövrlərdə  iki dövlətin prezidentləri  tərəfindən müxtəlif səviyyəli görüşlər zamanı  qəbul olunmuş bəyanatlar əsasən atəşkəsin qorunması və münaqişənin dinc yolla  həllini özündə  ehtiva etmişdir. Bütün bu məsələlər E.Əhmədovun kitabında xronoloji şəkildə öz əksini tapmışdır.

Müəllif 1987-ci ildən Ermənistanda və Dağlıq Qarabağda  yaşayan azərbaycanlılara qarşı aparılmış  soyqırımı və deportasiya siyasətini, demək olar ki, günbəgün araşdırmağa çalışmış və əsas faciə ocaqlarını qeyd etmişdir. Bu faciələrin zirvəsində duran Xocalı soyqırımı XX əsrdə insanlığa və bəşəriyyətə qarşı ən ağır cinayət kimi qiymətləndirilir.  Əsərdə erməni vandalları tərəfindən 1988-1994-ci illərdə Qarabağın müxtəlif bölgələrində dağıdılmış kəndlərin, tarixi abidələrin və maddi-mədəniyyət nümunələrinin  siyahısı verilir.

Müəllif kitabında Dağlıq Qarabağ ətrafında işğal olunumuş rayonlara vurulan maddi zərəri təkcə quru rəqəmlərlə deyil, fotofaktlarla da nümayiş etdirmişdir. BMT-nin, Avropa Şurasının, Avropa İttifaqının, İKT-nin  Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdikləri hüquqi sənədlər kitabın ən qiymətli və zəngin hissəsini təşkil edir. Bu sənədlərlə tanışlıq Qərb dövlətlərinin məsələyə ikili standartlar prinsipindən çıxış edərək  yanaşmasını bir daha sübut edir.  Bu təşkilatların qəbul etdiyi sənədlərdə münaqişənin kökləri və səbəbləri, qəsbkarın kimliyi açıqlanmır və Ermənistanın ölkəmizə qarşı təcavüzü birmənalı göstərilmir. Münaqişədə əsas qarşıduran tərəflər kimi Dağlıq Qarabağ ilə Azərbaycan göstərilir və beləliklə, Ermənistanın münaqişəyə müdaxiləsi  müxtəlif  ibarələrlə ört-basdır edilir. Lakin Avropa təşkilatlarından fərqli olaraq İslam Konfransı Təşkilatının üzvü olan müsəlman dövlətlərinin bu münaqişə ilə bağlı  qəbul etdikləri  bütün  bəyanatlarda və qətnamələrdə  birmənalı olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü dəstəklənir və Ermənistan təcavüzkar dövlət kimi tanınır.

Kitabda ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində  dinc yolla nizama salmaq səyləri xüsusilə qeyd olunur.

Yuxarıda söylənilənləri nəzərə alaraq qeyd etmək lazımdır ki, Elçin Əhmədovun “Ermənistanın Azərbaycana təcavüzü : təhlili xronika (1987-2011)” monoqrafiyası xüsusi olaraq Azərbaycan diplomatları, ali məktəblərdə beynəlxalq münasibətləri və ən müasir Azərbaycan  tarixini tədris edən müəllimlər üçün çox qiymətli  vəsaitdir.

 

Cəbi BƏHRAMOV,

 

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru,

 

İlqar NİFTƏLİYEV,

 

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2014.- 28 mart.- S. 4.