Kitablara bağlı mənalı ömür

 

Adətən, portret yazan müəlliflər “klassik metoda daha çox üstünlük verirlər. Yəni tərcümeyi-halı ön plana çəkirlər. Biz də 40 ilə yaxın müddətdə tanıdığımız, hörmət bəslədiyimiz kitab xadimi, bəşəri düşüncəli ziyalı Cabir Ağaməmmədovun şərəfli ömür yolundan söhbət açarkən bu metoddan yan keçməyib, onun müasir gənclərimiz üçün örnək ola biləcək həyat yoluna insani və peşə keyfiyyətləri fonunda nəzər saldıq.

Yüksək intellekt və mədəniyyət sahibi olan Cabir Ağaməmmədov 1939-cu il mart ayının son günlərində, bir yaz səhərində Ağdam rayonunun Qaradağlı kəndində dünyaya göz açıb. İki yaşında ikən atasını itirib. Çətinliklərə baxmayaraq, həmişə gələcəyə inamla baxıb. Anası Saray arvad onu halal çörəklə, zəhmətə sevgi ruhunda, gör-götürə yönəlik böyüdüb. 1957-ci ildə orta məktəbi yüksək qiymətlərlə bitirsə də, Cabir ali təhsil almağı sonraya saxlayıb, ailənin yükünə çiyin verib. İki il kənddəki kolxozda çalışıb. Bakıda peşə kursu bitirəndən sonra isə orduya gedib.

Nümunəvi xidmətinə görə soydaşımız 1962-ci ilin avqustunda ali məktəbə imtahan vermək üçün vaxtından əvvəl hərbi hissədən tərxis olunub. Taleyini uşaqlıqdan çox sevdiyi kitabların sirli-soraqlı dünyası ilə bağlamaq üçün Cabir Azərbaycan Dövlət Universitetinə (indiki BDU- red.) daxil olub, 1967-ci ildə kitabxanaçılıq fakültəsni uğurla bitirib. Sonuncu kursda ümidverici kitab mütəxəssisi kimi oxuduğu ali məktəbin elmi kitabxanasına işə qəbul edilib.

Tələbəlik illərində fəal ictimaiyyətçi və drujinaçı kimi diqqəti cəlb etdiyindən Cabir Ağaməmmədov ali təhsilini başa vuranda daxili işlər nazirliyinə işə dəvət alıb. Lakin gənc kitabxanaçı-biblioqraf sevib-seçdiyi ixtisasdan ayrılmayıb. Bununla yanaşı, Daxili İşlər Nazirliyinin ştatdankənar milis əməliyyat müvəkkili olmağa razılıq verərək, 1973-cü ilədək yeniyetmələrin tərbiyəsi ilə bağlı bu qurumun fəaliyyətinə bacardığı qədər kömək göstərib. Milisin könüllü köməkçisinin bu təmənnasız xidmətini, yüksək mənəvi keyfiyyətlərini dəyərləndirən nazir Arif Heydərov da Cabir müəllimə DİN-ə keçməyi təklif edib. O bu dəfə də doğma peşəsini daha yüksək qazanca və rütbəyə dəyişməyib.

Çox keçmədən Cabir müəllim təyinatla saxlandığı BDU-nun elmi kitabxanasında filial və şöbə müdiri olub, direktor müavini vəzifəsinə yüksəlib. Xarici dildə kitablar oxumaq, başqa ölkələrin kitabxanaları ilə əlaqələr yaratmaq üçün gənc kitabşünas 1971-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutunun ikillik kursunda ingilis dilini öyrənib. Rusingilis dillərinə yiyələnməsi Cabir müəllimə klassikmüasir dünya ədəbiyyatı ilə daha yaxından tanış olmaq, mənəvi dünyasını daha da zənginləşdirmək , bəşəri düşüncəni mənimsəmək imkanı yaradıb. Bu gün ölkəmizdə onun qədər çox kitab oxumuş ikinci bir adam tapmaq çətindir. Kitab mütəxəssisləri arasında belə bir fikir var ki, Cabir müəllim gözübağlı olsa da hər hansı kitaba əlini toxundurmaqla dərhal adını söyləyər.

1971-ci ildə BDU-nun rəhbərliyi tələbələr arasında böyük nüfuzu olan, onların qayğılarına daim həssaslıq göstərən Cabir Ağaməmmədovu tələbə şəhərciyinə direktor göndərmək istəsə də, o, yenə də həyatının mənası bildiyi kitablarla qalır. Alimlər, müəllimlər, tələbə və aspirantlar nadir kitabları tapmaqda həmişə Cabir müəllimin xeyirxah köməyindən, məsləhətindən faydalanıblar. Minlərlə insanın “sağ olu, səmimi minnətdarlığı onun həyatda qazandığı, heç nə ilə ölçülə bilməyən qazancı olub.

İllər keçdikcə ölkənin bacarıqlı kitabxana təşkilatçısı, kitab bilicisi kimi tanınan Cabir Ağaməmmədov bu sistemdə məsul işlərə irəli çəkilib, nüfuzlu komissiya və məclislərdə söz sahibi olub. 1981-ci ildə o, Respublika Baza Həmkarlar İttifaqı Kitabxanası kimi böyük mənəvi xəzinəyə direktor təyin edilib. 1984-cü ildən isə Cabir müəllim dünya neft-kimya elmininbu sahədə ali təhsilin nüfuzlu mərkəzlərindən sayılan Azərbaycan NeftKimya İnstitutunun (indiki Dövlət Neft Akademiyası- red.) əsaslı kitabxanasının direktorudur. 1987-ci ildə ali məktəb kitabxanalarının ümumittifaq baxışında onun rəhbərlik etdiyi bu kitabxana qalib olub, ittifaq nazirliyinin I dərəcəli diplomunarespublika nazirliyinin pul mükafatına layiq görülüb.

2010-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Cabir Ağaməmmədov çalışdığı sahədə çoxillik xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Peşəsinin yüksək dərəcəli mütəxəssisi və vurğunu olan Cabir müəllim həm də ADNA-nın Elmi Şurasının, Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının kitaxanaşünaslıq və biblioqrafiya bölməsinin, Bakı şəhəri Nəsimi rayonu Ağsaqqallar Şurası idarə heyətinin və “Bilik” cəmiyyətinin üzvüdür.

Cabir müəllim uzun müddət qüsursuz, səmərəli və işguzar fəaliyyətinə görə dəfələrlə rəhbərliyin təşəkkürlərini və pul mükafatlarını alıb. Lakin onun ən böyük mükafatı xidmətində dayandığı oxucuların kitablardan qazandıqları biliklərlə xalqımızın elmi-mədəni və intellektual potensialını yüksəltməsi, respublikamızın çiçəklənməsi yolunda elm və biliklərin töhfəsinin artmasıdır. O, harada çalışıbsa , hansı vəzifədə işləyibsə, orada səmimiliyi, mehribanlığı, qayğıkeşliyi, yüksək peşəkarlığı, işinə vicdanlı münasibəti ilə tanıyanların xətir-hörmətini qazanıb. Cabir müəllim yaşının ahıl çağında heç kəsin yanında gözükölgəli deyil. Maddi dəyərlərin həyatımızda ciddi rol oynadığı günlərdə də o, halallığı, düzlüyü, xeyirxahlığı ömrünün mənası hesab edir. İnsanlara səmimi və qayğıkeş münasibətinin nəticəsidir ki, bu gün işlədiyi kollektivin sevimlisinə çevrilib və illər boyu onu tanıyanların dərin hörmətini qazanıb.

Bu günlərdə Cabir müəllimin 75 yaşı tamam olur. Ölkənin kitabxana ictimaiyyəti, çalışdığı ali məktəbin kollektivi bu əlamətdar hadisəni səmimi təbriklərlə, xoş diləklərlə qeyd edir. Uzun illərdən bəri bu nurlu insanı tanıyan sevən çoxsaylı kitabsevərlər adından yubilyara ən xoş arzularımızı çatdırır, möhkəm cansağlığı şərəfli fəaliyyətində yeni uğurlar arzulayırıq.

 

İzzət RÜSTƏMOV,

 

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

 

Tahir Aydınoğlu,

 

əməkdar jurnalist

 

Xalq qəzeti.- 2014.- 28 mart.- S. 8.