Azərbaycanın
mədəni irs nümunələri UNESCO
tərəfindən qorunur
Ölkəmiz 22 ildir ki, UNESCO-nun üzvüdür. 1996-cı ildə isə UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində memorandum imzalanmışdır. Həmin vaxtdan etibarən BMT-nin elm, təhsil və mədəniyyət üzrə bu nüfuzlu təşkilatı ilə əlaqələrimiz genişlənməkdədir. Bu əlaqələrin inkişafında Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri olmuşdur. Mehriban xanım 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində yorulmaz səylərinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür. Məhz bundan sonra bu təşkilatla Azərbaycan arasında əlaqələr daha da inkişaf etməyə başlamışdır.
Bu əlaqələrin nəticəsidir ki, hazırda Azərbaycanın bir sıra maddi və mənəvi mədəniyyət abidələri UNESCO tərəfindən bəşəriyyətin yüksək dəyərləri kimi qorunur. Belə ki, həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan muğamının yüksək dəyəri nəzərə alınaraq 2003-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.
Maddi mədəniyyətimizin çox qiymətli nümunəsi olan İçərişəhər təkcə Azərbaycan üçün deyil, həm də bəşəri dəyər kimi yüksək qiymətləndirilən tarixi abidədir. Bunu UNESCO-nun Dünya Maddi İrs Siyahısına İçərişəhərin Qız qalası və Şirvanşahlar Saray Kompleksi ilə birgə salınması da təsdiq edir. Həm Şirvanşahlar Saray Kompleksi, həm də Qız qalası Azərbaycan qanunvericiliyi, eləcə də UNESCO tərəfindən dünya əhəmiyyətli abidələr kimi tanınır. Fəxr etməli fakt ondan ibarətdir ki, Azərbaycan memarlığı və tarixinin bir hissəsi, xalqımızın maddi-mədəniyyət irsinin qiymətli nümunəsi olan bu abidələr UNESCO tərəfindən ümumdünya irsi kimi qəbul olunub. Bu da Azərbaycanın dünya mədəni irsinə çox əhəmiyyətli bir töhfəsidir. Qeyd etmək istərdik ki, 2013-cü il UNESCO tərəfindən İçərişəhər Şirvanşahlar Sarayı və Qız qalası ilə birlikdə gücləndirilmiş mühafizə statusunun verilməsi ölkəmizdə əlaqələrin yeni mərhələsi olmuşdur. Bu statusa malik mədəni obyektlər Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Haaqa Konvensiyası və onun İkinci Protokoluna qoşulmuş ölkələrin silahlı qüvvələri tərəfindən tanınan xüsusi emblemlə nişanlanır və gücləndirilmiş mühafizə ilə təmin olunur.
İçərişəhərin UNESCO-nun gücləndirilmiş mühafizə rejimli abidələrinin siyahısına daxil edilməsi Azərbaycanın zəngin tarixi-memarlıq irsinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsidir. UNESCO-nun Qeyri-Maddi-Mədəni İrsin Qorunması üzrə Komitəsinin Abu-Dabi şəhərində keçirilmiş 4-cü sessiyasında qurumun yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti ilə yanaşı, Novruz bayramı da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salındı. Novruz bayramının bir sıra dövlətlərdə qeyd edildiyi nəzərə alınaraq təşkilatın tövsiyəsi ilə beynəlmiləl qeyri-maddi-mədəni irs nümunəsi kimi UNESCO-ya təqdim olunmuşdu.
Bu uğur ölkə Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısının nəticəsidir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizin qeyri-maddi mədəni irsinin, xüsusilə muğam və aşıq sənətinin, milli adət-ənənələrimizin dünyada tanıdılması və təbliği istiqamətində gördüyü işlər bu uğurların qazanılmasında mühüm rol oynayıb.
Xalçaçılıq dünyanın bir sıra ölkələrində yayılsa da, qətiyyətlə deyə bilərik ki, bu sənət növünün beşiyi Azərbaycandır. Burada toxunan və istehsal edilən xalçalar dünyada müqayisəyəgəlməz nümunələr kimi qəbul olunur. Azərbaycan xalçasının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi ölkəmizin böyük uğurudur. Bu gün Azərbaycanda xalça sənəti öz inkişafının yeni mərhələsini yaşayır. “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Qanunun qəbul edilməsi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün müasir standartlara uyğun yeni binanın inşa edilməsi bu qədim el sənətinə dövlət qayğısının ifadəsidir.
Məlumdur ki, hər bir xalq dünya mədəniyyətini öz töhfələri ilə zənginləşdirir və bütün bunlar bəşəriyyətin mədəni irsinə çevrilir, milli sərvət ümumbəşəri əhəmiyyət kəsb edir. Xalqımızın milli sərvətlərindən, eyni zamanda, ümumbəşəri mahiyyətli mədəni dəyərlərdən biri də Azərbaycan xalçasıdır.
Azərbaycan xalça sənətinin yaranması və inkişafı milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Tədqiqatlar göstərir ki, Azərbaycan xalça sənəti tunc dövründən başlayaraq inkişaf edib, daha da zənginləşərək bu günümüzə gəlib çatıb. Bəlkə də bu sənətin yaşı elə xalqımızın yaşına bərabərdir. Ümumdünya İrs Komitəsinin 31-ci sessiyasında təhlükədə olan abidələrin vəziyyəti müzakirə edilmişdir. Siyahıya daxil edilən 800-ə yaxın təbii və mədəni irsə aid abidələrin vəziyyəti hər il təhlil olunur. Təhlükədə olan abidələrlə bağlı məsələ isə dərhal müzakirəyə çıxarılır. Ötən il Qobustan Dövlət Tarixi-Bədii Qoruğu da Dünya Mədəni İrs Siyahısına daxil edilmişdi. Ölkəmiz bununla bağlı artıq ikinci dəfə məsələ qaldırmışdı. İlk belə müraciət 2004-cü ildə olmuşdur. Qoruqla tanış olmaq məqsədilə əraziyə gələn xüsusi komissiya vəziyyəti müsbət qiymətləndirsə də, bildirmişdi ki, Qobustanda müəyyən işlər davam etdirilməli və yalnız bir ildən sonra bu məsələ gündəmə gətirilməlidir. Yeni Zelandiyanın Kristçorç şəhərində İrs Komitəsinin 31-ci sessiyasında iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ümumdünya İrs Komitəsinin bütün üzvlərini Prezident İlham Əliyevin bu yaxınlarda Qobustanın inkişafı ilə bağlı imzaladığı sərəncamla tanış etmişdir. Həmçinin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın UNESCO-nun baş direktoru Koişiro Matsuuraya göndərdiyi xüsusi məktubunun surəti də təqdim olunmuşdur.
Azərbaycan alimləri 40 ildən bəri Qobustanın öyrənilməsi ilə məşğul olmuşlar. Qobustanın fotoşəkilləri, alimlərimizin bu qoruq barədə elmi əsərləri komitə üzvlərində böyük maraq doğurdu. Nəticədə sessiya Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun 2007-ci ildə Dünya Mədəni İrs Siyahısına daxil olunması barədə yekdilliklə qərar qəbul etdi. Beləliklə, bu qərara əsasən, Qobustan da beynəlxalq təşkilatların nəzarəti altındadır, onun qorunması və inkişaf etdirilməsi həm də bəşəri əhəmiyyət daşıyır. Azərbaycan qoruqla bağlı mütəmadi olaraq hər il komitəyə məlumatlar təqdim edir. Azərbaycan tar ifaçılığı sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi ilə əlaqədar Muğam Mərkəzində təqdimat mərasimi keçirilib. Mərasimdə tar sənəti haqqında filmin nümayişi və tar musiqisinin rəngarəng nümunələrindən ibarət İtaliyada istehsal edilmiş diskin təqdimatı olub, tar ifaçılarının iştirakı ilə konsert proqramı təqdim edilib. Beləliklə, Azərbaycanın tar ifaçılığı sənəti də UNESCO-nun Qeyri-Maddi İrs Siyahısına salındı. Və nəhayət, ötən il Azərbaycanın ənənəvi at idman növü çovkan oyunu UNESCO-nun Qeyri-Maddi İrs Siyahısına daxil edildi.
Azərbaycanın hələ bu siyahıya salınacaq xeyli abidələri var və yəqin ki, yaxın gələcəkdə həmin siyahı milli-mənəvi dəyərlərimizin böyük qismini də özündə əks etdirəcək.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 30 mart.- S. 2.