Yeni çapdan çıxmış kitab qədim Qobustan qayalarının açılmamış sirlərindən bəhs edir

 

Tariximizin bir parçası, qədimdən-qədim Qobustan qayalarına həsr edilmiş növbəti dəyərli əsər “Qobustan-minilliklərin kitabı” adlanır.

Mədəniyyət və Turizm Nazirliyinin və “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin (ASC) birgə dəstəyi ilə Azərbaycan və ingilis dillərində hazırlanaraq “İRS Publishing HouseÇap Evində nəşr edilmiş yeni nəşr sükuta dalmış, daşlaşmış tarixi keçmişimizin, milli kimliyimizin, mədəniyyətimizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından olduqca dəyərli bir vasitədir.

AzərTAc xəbər verir ki, nəfis tərtibatlı, xüsusi dizayn və zövqlə hazırlanmış, müasir Azərbaycanımızın ən qədim yerlərindən olan və 2007-ci ildə UNESCO tərəfindən Bəşəriyyətin Ümumdünya Mədəni İrs Siyahısına salınmış Qobustana həsr edilən bu kitabın nəşrinin əsas məqsədi Xəzər dənizinin sahillərində, Qafqaz dağlarında, İran yaylasında bəşər sivilizasiyasının iyirmi min illik tarixinin işıqlandırılmasından ibarətdir.

Nəşrin “Ocaqlarzaman” adlı giriş yazısında çoxsaylı qayaüstü rəsmlərlə zəngin olan Qobustan nadir daş kitab kimi təsvir edilir. Bu kitabın səhifələrində burada məskunlaşmış insanların həyat tərzi, məşğuliyyətləri, inancları, ilkin incəsənəti öz əksini tapmışdır. Bu abidə faktiki olaraq dünya sivilizasiyası ocaqlarından birinin qayalara həkk olunmuş salnaməsidir.

Məqalədə Abşeron yarımadasında, Bakıdan 60 kilometr aralıda yerləşən Qobustan Milli Tarixi-Bədii Qoruğu barədə geniş məlumatlar öz əksini tapmış və qeyd edilmişdir ki, buradakı abidələr yuxarı paleolitdən tutmuş son orta əsrlərə qədər uzanan böyük tarixi dövrü əhatə edir. Dünyada belə bir uzunmüddətli tarixi dövrü əks etdirən ikinci qayaüstü rəsmlər toplusu mövcud deyildir. Sahəsi dörd min hektardan artıq olan qoruğun ərazisində arxeoloqlar tərəfindən altı mindən çox qayaüstü rəsm, dayanacaq yerləri, kurqanlar, vaxtı ilə insanların yaşadıqları mağaralar, meqalitik tiklilər, yaşayış məskənləri aşkar edilmişdir.

Layihənin rəhbəri, baş redaktor Musa Mərcanlı, baş məsləhətçisi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, elmi məsləhətçiləri isə tarix elmləri doktoru, professorlar Vəli Əliyev, Qüdrət İsmayılzadə, Kamil İbrahimov, tarix elmləri namizədləri Firuzə Muradovaİdris Əliyevdir.

Bu dəyərli topluda Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində və Qobustan Milli Tarixi-Bədii Qoruğunda  saxlanılan nadir eksponatların fotoşəkillərindən istifadə olunmuşdur.

Yeni nəşrdə yer almış “Xəzərin sahillərində”, “İlk insanlar”, “Qədimlərin dünyası”, “Mistunc dövrü”, “Təcavüz və cavab” və “Keçmişə aparan yollar” sərlövhəli  altı bölmənin hər biri oxucunu Qobustan qayaları ilə daha yaxından tanış edir.

Kitabda qeyd olunur: “Qobustanın qayaüstü rəsmləri, arxeoloq və paleontoloqların Abşeron yarımadasında əldə etdikləri tapıntılar əcdadlarımızın həyatına nəzər salmağa, onların məişətini və yaşadıqları mühiti təsəvvür etməyə imkan verir. Lakin Qobustanın daş kitabı hələ axıradək oxunmayıb. Bir çox səhifələr aşkar olunmayıb, digərlərinin isə izaha ehtiyacı var...”

Kitabda yer almış bu ya digər fikirlər, tarixi faktlar, fotoşəkillər bir daha xalqımızın tarixi-memarlıq və maddi-mədəniyyət abidələrinin qədimliyindən, özünəməxsusluğundan, bizə başucalığı gətirməsindən xəbər verir.

Azərbaycan və ingilisdilli geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş “Qobustan-minilliklərin kitabı” Qobustanın tarixi ilə maraqlanan hər bir kəsə dəyərli töhfə olacaqdır.

 

Xalq qəzeti.- 2014.- 30 mart.- S. 5.