Müəllim tələbənin
dostu olmalıdır
Texnika elmləri doktoru, professor Akif Süleymanov ötən ilin martında ölkə başçısının sərəncamı ilə Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilmişdir. Təbii ki, bir il ərzində qarşıya qoyulan vəzifələrin hamısını həyata keçirmək mümkün deyil. Amma hiss olunur ki, bu ali məktəbin rəhbərliyi, professor-müəllim heyəti, hətta tələbələri də universitetin xoş sorağının hər yerə yayılması istiqamətində gündəlik, ardıcıl və məsuliyyətli iş aparırlar.
Universitet müəllimlərinin, tələbələrin dünyanın müxtəlif ali məktəbləri ilə əlaqələri gücləndirilib, elmi konfranslarda, simpoziumlarda onları tez-tez görmək olur. Təhsilin ən müasir formalarından hərtərəfli istifadə olunur. Nizam-intizam gücləndirilib. Hər cür neqativ halların qarşısı qətiyyətlə alınır. Valideynlərlə, ictimaiyyətin nümayəndələri ilə sıx əlaqə saxlanılır. Tələbələrin gələcək taleyi, iş yerləri barədə indidən düşünülür, konkret proqramlar, layihələr həyata keçirilir, ayrı-ayrı sənayə müəssisələrilə sıx əlaqələr yaradılır.
Müsahibimiz universitetin rektoru,
texnika elmləri doktoru, professor Akif Suleymanovdur.
- Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında
təhslin inkişafı
üzrə Dövlət
Strategiyası”nın təsdiqilə bağlı
imzaladığı sərəncam
həm də yüksək ixtisaslı kadr hazırlığının
köklü sürətdə
yaxşılaşdırılmasını
nəzərdə tutur.
Gəlin
etiraf edək ki, hələlik bu sahədə problemlər kifayət qədərdir. Rəhbərlik
etdiyiniz universitetdə
bu məsələlərin
istənilən səviyyədə
həlli istiqamətində
nə işlər
görülür?
- Azərbaycanda ali təhsilin təkmilləşdirilməsi,
kadr hazırlığının
günün tələbləri
səviyyəsində qurulması
üçün ulu öndərimiz Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin fərman və sərəncamları,
ayrı-ayrı dövlət
proqramı mühüm
rol oynayıb və bu vacib
işə diqqət daim xüsusi əhəmiyyət kəsb
edib. Elə Bolonya Bəyannaməsindən
irəli gələn başlıca prinsiplərin
tətbiqi ilə bağlı dövlət proqramlarının qəbul
edilməsi, yeni layihələrin həyata
keçirilməsi dediklərimə
əyani sübutdur.
Təbii
ki, zaman bizə ali
təhsildə yeni yanaşmaların tətbiqini
tələb edir. Bu günün ali
məktəbində güclü
innovasiya, rəqabət
mühiti yaradılmalıdır.
Əgər hazırda
ölkənin siyasi, iqtisadi və sosial inkişafının
real tələbatına əsaslanmadan
kadr hazırlanırsa,
onun sabah
heç bir əhəmiyyəti olmayacaq.
Burada narahatlıq doğuran bir cəhət də odur ki,
hazırda tələbənin
özünün, necə
deyərlər, həvəssiz
təhsil alması, sadəcə, diplom əldə etməsi, ali məktəbi
bitirdikdən sonra harada işləyəcəyini
bilməməsinin qarşısını
almaqdır. Biz tədricən bu lüzumsuz kadr hazırlığının qarşısını
almağa çalışırıq.
Gəncənin, o cümlədən ətraf rayonların ayrı-ayrı sənaye müəssisələri rəhbərlərilə
konkret müqavilələr
bağlanılıb. Yəni
tələbə bilir
ki, sabah
diplom alandan sonra hansı müəssisədə onu
hansı vəzifə
gözləyir.
Gəncə şəhərində son illər
yeni sənaye müəssisələri tikilib
istifadəyə verilib,
mövcud müəssisələr
modernləşdirilib. Qarşıdakı illərdə daha böyük, müasir zavod və fabriklər
işə düşəcək.
Təbii
ki, bütün bunlar bizim də
işimizin istiqamətini
dəyişir. Artıq buna
müvafiq texnoparklar yaradılır. Ölkədə 2014-cü ilin “Sənaye ili” elan edilməsi
də bizə konkret proqramlar üzərində işləməyə
imkan verir.
Beynəlxalq əlaqələri möhkəmləndirməyə
çalışırıq. Türkiyə,
Rusiya, Ukrayna və digər ölkələrlə ikitərəfli
proqram mübadilələri
qəbul edirik....
- Qeyd etdiyiniz işlərin həyata keçirilməsi
son nəticədə kadr
hazırlığına müsbət
təsir göstərir.
Amma ali
təhsil ocağında
gərək hərtərəfli
şərait olsun, elmin ən son nailiyyətləri tətbiq
edilsin, yaxşı
professor - müəllim heyəti
çalışsın. Bu sahədə vəziyyət
bir rektor kimi sizi qane
edirmi?
-Kadr hazırlığı
elə bir incə məsələdir
ki, burada tək rektorluq heç nə edə bilməz. Bu baxımdan bayaq
qeyd etdim ki, dövlət səviyyəsində çox
işlər görülüb
və görülməkdədir.
Təhsil Nazirliyi, şəhər icra hakimiyyəti hər an irəli sürdüyümüz
səmərəli təşəbbüsü
bəyənir, konkret köməklik göstərirlər.
Ayri-ayrı nazirlik və
baş idarələr,
o cümlədən xarici
şirkətlər işimizlə
maraqlanır, kadr hazırlığında öz
yardım əllərini
bizə uzadırlar.
Heç bilirsinizmi ki, Rabitə və Texnologiya Nazirliyi tərəfindən
universitetə optik kabel çəkilməsi,
50-dən çox kompyuter
verməsi işimizə
nə qədər müsbət təsir göstərib?!. Bəzi müəssisələrin
rəhbərləri müəyyən
tələbələrə təqaüdlər ayırırlar,
onların təhsili ilə maraqlanırlar və təbii ki, sabah
onları öz kollektivlərinə dəvət
edəcəklər.
Müəllimlərin özlərinin bilik səviyyəsi diqqət mərkəzindədir. Sizə
qəribə gəlməsin,
indiyədək belə
bir ali
məktəbin doktorantlıq
şöbəsi yox idi. Biz bu şöbənin
yaradılmasına nail olduq
və heç şübhəsiz ki, müəllimlər üçün
böyük bir işdir.
Bir sıra
qanunauyğun olmayan normativlərdən yaxa qurtarmağa çalışırıq. Xüsusilə lazımsız kadrların
tədricən təmizlənməsi
prosesi müsbət nəticələr verməyə
başlayıb. Məsələn, elə kafedra var idi ki,
laborantların sayı
müəllimlərin sayından
çox idi. Yaxud, müəllimlərlə birillik
müqavilə bağlamağı
kimi zərərli addımı aradan qaldırırıq. Özünüz fikirləşin, müəllimlə
də birillik müqavilə bağlamaq olar? O hansı həvəslə dərs deyəcək, kadr hazırlayacaq? Nəinki yarımştat, hətta 0,25 ştat müəllimlər
saxlanılırdı. Axı nəyinsə
xətrinə niyə
özümüzü aldatmalıyıq?
Riyaziyyat
müəllimi idman kafedrasında baş müəllim işləyirdisə,
bunun nəticəsini özünüz fikirləşin.
-Professor,
35 ildən artıqdır
ki, auditoriyaya daxil olursunuz, dərs deyirsiniz. Hətta Azərbaycandan kənarda kadr siyasətinə uyğun olaraq təhsilinizi davam etdirmək üçün
Moskva Energetika İnstitutuna göndərilmisiniz
və 1976-cı ildə
respublikamıza qayıtdıqdan
sonra təyinatla Bakı radio zavodunda işləyərkən Azərbaycan
Texniki Universitetində
saat hesabı dərs aparmısınız.
Otuz ilə yaxın həmin universitetin eyni kafedrasında çalışmısınız. Kafedra müdiri olmusunuz. Bunları sadalamaqla onu demək istəyirik ki, tələbə psixologiyasını gözəl
bilirsiniz. Sizcə, müəllim-tələbə
münasibətləri necə
qurulmalıdır və
onu nizamlamaq üçün nə etmək lazımdır?
- İndi tələbə
üçün yaradılan
şərait əvvəlki
illərdən əhəmiyyətli
dərəcədə fərqlənir. Daha tələbə gecə-gündüz
fikirləşmir ki, kəsiri olsa, onu ali məktəbdən xaric edəcəklər. Çünki kredit sistemi mövcuddur. Digər tərəfdən,
yaxşı oxumaq üçün imkanlar çoxdur. Elə götürək bizim universiteti. Elə kafedramız yoxdur ki, orada onun
gözəl, zəngin
kitabxanası olmasın.
Elektron kitabxanalarımızın sayı
durmadan artır.
Bayaq qeyd etdim, kompyuterlərdən
geniş istifadə olunur. İmtahanların gedişini birbaşa
özüm izləyə
bilirəm. İmtahanqabağı bütün fakültələrə
bir-bir baş çəkirik, tələbələrin
fikirlərini, istəklərini
öyrənirik. Rektorun qapısı
tələbələrin hər
birinin üzünə
açıqdır. Bunu
universitetdə təhsil
alan 2200 nəfərdən çox
tələbənin hər
biri bilir.
Bilirsiniz, müəllim tələbənin
dostu olmalıdır. Onun bütün
qayğılarından, problemlərindən
xəbəri olmalıdır.
Bu ali məktəb
ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə
yaradılıb. O zaman
Qafqaz regionunda texnoloji təmayüllü
yeganə ali
məktəb idi. Bunları deməkdə məqsədim
odur ki, universitetimizin şanlı
tarixi var və gələcəyi daha yüksək olacaq. Gələn ildən ölkəmizə,
iqtisadiyyatımıza daha
vacib olan ixtisaslar üzrə tələbə qəbulu
aparılacaq, yeni fakültələr yaradılacaq.
Bu gün Gəncədə
aparılan işlər
hər bir tələbə üçün
nümunədir. Yəni harada işlədiyindən,
oxumağından asılı
olmayaraq yaşadığın
şəhəri sev, onun qayğısına qal. Seçdiyin ixtisası sev,
təkmil sənət
sahibi ol. Azərbaycanın misli görünməmiş
inkişafı hər
bir tələbənin,
gəncin milli qüruruna çevrilməlidir.
Yaxşı ki, bu günün gənci təkcə indini yox, sabahı da düşünür.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2014.- 29 mart.- S. 4.