İsmayıllılar milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramını təbrik etdilər

 

İsmayıllı rayonunda milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı qeyd edildi. Öncə Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri, MTN İsmayıllı rayon şöbəsinin əməkdaşları mərkəzi meydanda Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzdülər.

Heydər Əliyev Mərkəzində davam edən tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova açdı. Tədbirə toplaşanlar milli təhlükəsizlik orqanlarının yaranma tarixindən bəhs edən filmə baxdılar. MTN İsmayıllı rayon şöbəsinin rəisi Kamal Axundov Milli Təhlükəsizlik orqanının yaranmasından, onun keçdiyi şərəfli yoldan danışdı, nazirliyin fəaliyyət istiqamətlərindən və qarşıda duran vəzifələrdən söhbət açdı.

İsmayıllı rayon prokuroru Rahib Seyidov, polis şöbəsinin rəisi, polkovnik Nizami Qocayev, Rayon Veteranlar Şurasının sədri, polis veteranı Abduləli Əliyev, şəhər 5 saylı tam orta məktəbin şagirdi Pərvanə Əsədzadə dövlətimizin təhlükəsizliyinin, ictimai-siyasi asayişin, sabitliyin qorunmasında milli təhlükəsizlik orqanları əməkdaşlarının fəaliyyəti barədə məlumat verdilər, onlara uğurlar arzuladılar.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov milli təhlükəsizlik orqanlarının ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında millətin, ölkənin təhlükəsizliyini təmin etməsindən, Prezident İlham Əliyevin bu mühüm sahəyə verdiyi dəyərdən, göstərdiyi qayğının nəticəsində bu təşkilatın dövlətin əsl dayağına çevrilməsindən danışdı.

MTN İsmayıllı rayon şöbəsinin fəaliyyətini yüksək qiymətləndirən M.Sadıqov əməkdaşları peşə bayramı münasibəti ilə təbrik edərək, onlara gələcək işlərində müvəffəqiyyət arzuladı.

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2014.- 29 mart.- S. 4.