Əmin-amanlığın
və sabitliyin keşiyində
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov Milli Təhlükəsizlik Nazirliyi (MTN) Suraxanı Rayon İdarəsinin şəxsi heyətini, xüsusi xidmət əməkdaşlarını yubiley münasibəti ilə təbrik edərək bildirmişdir ki, 1919-cu ilin martında Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin Baş Qərargahı yanında kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılması ilə təməli qoyulan milli təhlükəsizlik orqanları respublikamıza qarşı olan təhdidlərin qarşısının alınmasında mühüm rol oynamışdır.
Natiq vurğulamışdır ki, ölkəmizin hər yerində olduğu kimi, Suraxanı rayonunda da hökm sürən ictimai-siyasi sabitliyin qorunmasına və təhlükəsizliyin təmin olunmasına MTN Suraxanı Rayon İdarəsi öz layiqli töhfəsini verir.
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bütün sahələrdə olduğu kimi, milli təhlükəsizlik orqanlarının da beynəlxalq standartlar səviyyəsində inkişaf etdiyini deyən İlqar Abbasov MTN-in digər dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlığını bunun bariz nümunəsi kimi səciyyələndirmişdir.
MTN Suraxanı Rayon İdarəsinin rəisi Vahid Zeynalov çıxışında Azərbaycan təhlükəsizlik orqanlarının keçdiyi çətin və şərəfli yoldan danışmış, ulu öndər Heydər Əliyevin milli təhlükəsizlik orqanlarının inkişafında əvəzsiz xidmətlərindən geniş söhbət açmışdır. O, müstəqilliyimizin bərpasından sonra ümummilli liderin rəhbərliyi ilə MTN-də həyata keçirilən islahatlardan, korrupsiya, terrorizm, narkotik vasitələrin, psixotrop və radioaktiv maddələrin qanunsuz dövriyyəsinə, mütəşəkkil transmilli cinayətkarlığın daha təhlükəli növləri ilə mübarizə kimi son dərəcə mühüm sahələrdə əldə olunan nailiyyətlərdən danışmışdır.
Sonra xidmətdə fərqlənən əməkdaşlara Suraxanı Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edilmişdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2014.- 30 mart.- S. 3.