Lənkəranda Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının peşə bayramı qeyd edildi

 

Şəhərdəki Heydər Əliyev Mərkəzində Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının peşə bayramı münasibətilə təntənəli mərasim keçirilmişdir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, MTN Lənkəran şəhər şöbəsinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Heydər Əliyev Xatirə parkında ulu öndərin abidəsini ziyarət etmiş önünə gül dəstələri qoymuşlar.

Mərasimi giriş sözü ilə MTN Lənkəran şəhər şöbəsinin rəisi Aydın Piriyev açaraq təhlükəsizlik orqanlarının keçdiyi 95 illik şərəfli yoldan ətraflı danışmışdır.

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov təbrik nitqində 95 il bundan əvvəl yaradılmış təhlükəsizlik orqanlarının fəaliyyətindən, ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinə rəhbər təyin ediləndən sonra ümummilli liderimizin əvəzsiz xidmətlərindən, 1991-ci ildə MTN-nin yaradılmasından sonra milli maraqlara söykənərək ictimai təhlükəsizlik qaydalarının daha da möhkəmləndirilməsindən, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində xüsusi xidmət orqanlarının yüksək səviyyədə təşkil olunmasından, onun əməkdaşlarının peşəkarlığından söz açmışdır.

İcra başçısı daha sonra hər il MTN işçilərinin peşə bayramının təntənəli şəkildə qeyd olunmasından, MTN Lənkəran şəhər şöbəsi əməkdaşlarının dövlətçiliyimizə xidmət edən yüksək peşəkarlığından danışmış və onları əlamətdar gün münasibətilə təbrik etmişdir.

Sonda MTN Lənkəran şəhər şöbəsinin bir qrup əməkdaşına ŞİH-nin fəxri fərmanları və hədiyyələri təqdim olunmuşdur.

Lənkəran Şəhər-Rayon Polis İdarəsinin rəisi Möhübbət Hüseynov, rayon prokuroru Natiq Abdullayev və başqaları çıxış edərək təbriklərini söyləmişlər.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 30 mart.- S. 3.