Şərəfli işi ləyaqətlə yerinə yetirirlər

 

Xətai Rayon İcra Hakimiyyətində Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin təmin edilməsində xüsusi yerirolu olan milli təhlükəsizlik orqanlarının 95 illik yubileyi münasibəti ilə görüş keçirilmişdir.

Görüşdə bu dövlət qurumunun yaranması tarixindən geniş bəhs edən rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov qeyd etdi ki, ötən əsrin 50-ci illərinin sonlarından başlayaraq respublika təhlükəsizlik orqanlarında milliləşmə və tarixi ədalətin bərpa edilməsi istiqamətində görülən mühüm işlərin əksəriyyəti, ömrünün böyük bir hissəsini bilavasitə təhlükəsizlik orqanlarına həsr etmiş görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Təhlükəsizlik orqanlarının fəaliyyətinin yüksək səviyyədə qurulmasını incəliklərinə qədər gözəl bilən ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra orqanın strukturunda və fəaliyyətində ciddi islahatlar həyata keçirilmiş, qurumun milli kadrlardan komplektləşdirilməsi daha da sürərətləndirilmişdir. Ulu öndər özünə doğma saydığı bu orqana diqqət və qayğısını heç bir zaman əsirgəməmiş, nazirliyin müasir tələblərə uyğun inkişafı, maddi-texniki bazasının zənginləşməsi və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul etmişdir.

R.Məmmədov  bildirdi ki, ümummilli liderin Azərbaycanın milli təhlükəsizliyinin, maraq və mənafelərinin qorunması istiqamətində müəyyən etdiyi strateji xətt artıq 11 ilə yaxındır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Onun ardıcıl siyasi qərarları nəticəsində müasir dövrün çağırışlarına və tələblərinə uyğun ölkənin milli təhlükəsizlik orqanlarının qanunvericilik, normativ-hüquqi, maddi-texniki bazasının möhkəmlənməsi üçün böyük işlər görülmüş, nazirlik ən müasir texniki vasitələrlə təmin edilmişdir.

Natiq Azərbaycan Prezidenti cənab İlham Əliyevin MTN -nin yubileyi ərəfəsində imzaladığı sərəncam və fərmanlara toxunaraq qeyd etdi ki, bu qərarlar milli təhlükəsizlik orqanlarının daim dövlət başçısının diqqət mərkəzində olduğunu göstərir.

Çıxışının sonunda R.Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin kollektivi adından, yüksək ali rütbə almış Milli Təhlükəsizlik nazirininazirliyin digər rəhbər vəzifəli şəxslərini təbrik etdionlara uğurlar arzuladı.

Sonra MTN Xətai rayon şöbəsinin rəisi Sübhan Quliyev çıxış edərək bildirdi ki, bu gün Milli Təhlükəsizlik Nazirliyinin qarşısında duran vəzifələr Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına, digər həyati əhəmiyyətli maraqlarına qarşı xarici dövlətlərin xüsusi xidmətlərinin və təşkilatlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətinin qarşısını almaqdan ibarətdir. Dövlət müstəqilliyi illərində, xüsusilə son onillikdə xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi kəşfiyyat, təxribat-pozuculuq fəaliyyəti hallarının aşkar olunması və neytrallaşdırılması baxımından mühüm nailiyyətlər əldə olunmuşdur.

Prezidentimiz cənab İlham Əlyev haqlı olaraq qeyd edir ki, “ Ölkəmizi təhlükələrdən qorumaq üçün Milli Təhlükəsizlik Nazirliyi çox uğurla, peşəkarlıqla çalışır. Əminəm ki, bu səviyyə gələcəkdə də təmin ediləcəkdir. Milli təhlükəsizlik orqanlarının əməkdaşları vətənpərvər, öz Vətəninə, Azərbaycanın müstəqilliyinə bağlı olan insanlardır. Bu gün Milli Təhlükəsizlik Nazirliyi öz üzərinə düşən funksiyaları çox şərəflə, ləyaqətlə yerinə yetirir.” Dövlət başçısının bu fikri bizim işimizə verilən ən yüksək qiymətdir.

Yekunda şöbə rəisi əminliklə bildirdi ki, bundan sonra da qarşıya qoyulan vəzifələrin yüksək peşəkarlıqla yerinə yetirilməsində imkanlarını və bacarıqlarını əsirgəməyəcəklər.

 

 İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2014.- 30 mart.- S. 4.