Qlobal istiləşmə ekoloji tarazlığı pozur
Bu gün Yer kürəsinin ən ciddi problemlərindən biri qlobal istiləşmə və ətraf mühitin ekoloji tarazlığının pozulmasıdır. Bütün bunları nəzərə alan elm adamları həyəcan təbili çalaraq dünyanın diqqətini ana təbiətin və canlıların qorunmasına çəkməkdədirlər. Milyon illər ərzində təbiətdəki müvazinəti pozmadan yaşayan milyardlarla canlı, sahib olduqları texnologiyalar sayəsində həyatlarını davam etdirərək, təbiətə zərər vermirlər.
Təbiətdəki dizaynlar ən az məmulat və enerjidən istifadə edərək maksimum səmərə verir, öz- özlərini bərpa edə bilir, yenidən istehsala qayıdırlar. Eləcə də təbiətin dostu olaraq, səssiz işləmə prinsipi, incə, dayanıqlı və uzunömürlü olmaları baxımından sənaye texnologiyasına nümunə təşkil edirlər. Lakin insan əli ilə istehsal olunan texnologiyalar təbiətdəki hazır texnologiyalardan fərqlənir. Bu fərq yeni bir elm sahəsi olan Biomimetikanın yaranmasına gətirib çıxarmışdır.
Biomimetika insanların təbiətdə olan sistemləri təqlid edərək əldə etdikləri maddələrin, alətlərin, mexanizm və sistemlərin cəmini ifadə edir. Təbiətdəki dizaynlardan nümunə götürərək əldə edilən alətlərə, xüsusilə nanotexnologiya, robot texnologiyası, süni intellekt (AI), tibbi sənaye, hərbi təchizat və s. sahələrdə ehtiyac var. Amma bəşər övladı bütün bu vasitələrdən elə istifadə etməlidir ki, Yer kürəsinin hava, su və torpaq qatı çirklənməsin.
Lakin son illər sadaladığımız bu amillərə elə də ciddi nəzər yetirilməməsi planetin iqliminə mənfi təsir göstərib. Yer səthində kəskin isinmə prosesinin getməsi Qlobal istiləşmənin yaranmasını daha da sürətləndirib. Bununla bağlı dünya alimləri həyəcan təbili çalaraq beynəlxalq təşkilatlar vasitəsilə qlobal istiləşməni yaradan amillərə qarşı mübarizə aparılmasını diqqətə yetiriblər.
Ümumiyyətlə, ekoloji problemlər - müxtəlif ekoloji amillər nəticəsində təbiətin strukturunun və funksiyasının dəyişməsi nəticəsində yaranır. Bəşər tarixi inkşaf etdikcə təbiətdə oksigen ehtiyatı azalmağa və karbon qazı çoxalmağa doğru getmişdir. XX əsrdə isə bu proses daha da sürətlənmişdir.
Digər tərəfdən, insanlar tərəfindən meşə zolaqlarının doğranması, zavod, fabriklərin tüstü bacalarına süzgəclərin yerləşdirilməməsi, atmosferə karbondioksid, diazot və sair qazların buraxılması yer səthində istixana effektini daha da artırır. Ozon qatı Günəşdən gələn ultrabənövşəyi şüaları udur, onların Yer səthinə çatmasına mane olur. Yuxarıda sadaladığımız amillərin artması isə bu prosesə mənfi təsir göstərir. Hətta ozon təbəqəsinin sıradan çıxmasına səbəb olur.
Ozon qatının dağılmasında “antropogen faktorun” rolu həddindən artıq böyükdür. Hazırda bu məsələ müxtəlif elmi konfranslarda təhlükə mənbəyi kimi müzakirə olunur. Alimlər bildirirlər ki, insanın təsərrüfat fəaliyyəti nəticəsində atmosferdə ozondağıdıcı maddələrin (ODM) miqdarı günü - gündən artmaqdadır. Havanın qütblərə doğru aktiv axını ilə əlaqədar ozonun tərkibinin ən böyük qiyməti Kanada, Şimali Avropa və Rusiyanın Arktikaya yaxın hissəsində qeyd olunur. Ulduzlu yaya qədər orta en dairələr üzərində ozonun konsentrasiyası yüksək səviyyədə qalır. Belə meteoroloji şəraitin və böyük miqdarda kimyəvi aktiv xlorun olması Antarktida qitəsi üzərindəki ozon qatının dağılmasına səbəb olur.
Qeyd edək ki, ozon təbəqəsinin müşahidəsi ilə ABŞ-ın Milli Aeronavtika və Kosmos Akademiyası (NASA), Ümumdünya Meteorologiya Təşkilatı kimi mötəbər təşkilatlar, Kanada, Böyük Britaniya, Yeni Zelandiya və başqa ölkələrin çoxsaylı təşkilatları məşğul olurlar. Ozon qatının dağılması ekvator zonasında planktonların, flora və faunanın məhvinə, okeanın biogenezinin dağılmasına, insanlarda göz və xərçəng xəstəliklərinin artmasına, eləcə də insan və heyvanların immun sisteminin zəifləməsi nəticəsində müxtəlif xəstəliklərə yoluxmasına gətirib çıxarır.
Təxminən 1970-ci ildən başlayaraq stratosfer ozonun- Antarktida üzərindəki ozon təbəqəsinin miqdarının qlobal azalmasını Yeni Zelandiyanın Milli Su və Atmosferin Tədqiqi İnstitutu müşahidə edib. Müşahidələrə görə Antarktida üzərində ozon təbəqəsində əmələ gələn ozon qatının çox aşağı konsentrasiyalı zonası ölçüləri son illərdə Afrika qitəsinin sahəsinə müvafiq olub. Alimlərin hesablamalarına görə, son yüz ildə Yer kürəsində orta illik temperaturun 0,8 dərəcəyə qədər artması “Qlobal istiləşmə” problemi yaradıb. Yer kürəsinə düşən UB şüalanmanın artması nəticəsində buzlaqların ərimə tempi yüksəldiyindən son yüz ildə okean sularının səviyyəsi 15-17 santimetr artıb.
Ən son məlumata görə, son yüz ildə Yer kürəsinin həddən artıq istiləşməsi eskimosların vətəni Qrenlandiyada, Şimali Arktikada və Antarktidada da buz örtüyünün əriməsinə səbəb olub.
Elçin ABBASOV
Xalq qəzeti.- 2014.- 30 mart.- S. 8.