Bakıda taekvondo üzrə Avropa
çempionatının təntənəli
açılış mərasimi keçirilmişdir
Aprelin 30-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində taekvondo üzrə Avropa çempionatının təntənəli açılış mərasimi keçirilmişdir.
Meydana əvvəlcə iştirakçı ölkələrin bayraqları gətirilmiş, Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti Kəmaləddin Heydərov çıxış edərək idmanın insan həyatında oynadığı roldan və respublikamızda bu sahənin inkişafına göstərilən dövlət qayğısından danışmışdır.
K.Heydərov bildirmişdir ki, ölkəmizdə ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu idman siyasəti hazırda dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin nəticəsində idmançılarımız beynəlxalq arenalarda uğurla çıxış edir, ölkəmizin bayrağını dalğalandırırlar. Azərbaycanın irimiqyaslı idman yarışlarına uğurla ev sahibliyi etdiyini vurğulayan K.Heydərov 2015-ci ildə birinci Avropa Oyunlarının Bakıda keçirilməsinin bunun nəticəsi olduğunu vurğulamışdır.
Bakıda təşkil olunan qitə birinciliyinə Avropanın ən güclü taekvondoçularının qatıldığını diqqətə çatdıran K.Heydərov idmançılara uğurlar arzulamışdır.
Avropa Taekvondo Federasiyasının prezidenti Atanasios Praqalos çıxışında yaraşın əhəmiyyətindən danışmışdır. O bildirmişdir ki, Azərbaycanda ardıcıl olaraq taekvondo üzrə yarışlar keçiriləcəkdir. Hazırda taekvondo üzrə Avropa çempionatının açılış mərasimindəyik. Gələn il isə birinci Avropa Oyunları çərçivəsində idmanın bu növü üzrə yarışlar təşkil olunacaqdır. Taekvondonun ölkəmizdə sevildiyini diqqətə çatdıran A.Praqalos çempionatın yüksək səviyyədə təşkil olunduğu üçün Azərbaycan təşəkkürünü bildirmişdir.
Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Ço Avropa teakvondo ailəsini bu mötəbər yarış münasibətilə təbrik etmiş, Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirmişdir. Azərbaycan taekvondoçularının beynəlxalq arenalarda müvəffəqiyyətlə çıxış etdiyini diqqətə çatdıran Federasiya prezidenti ölkəmizdə idman siyasətinin uğurla həyata keçirildiyini bildirmişdir.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ulu öndər Heydər Əliyevin ölkəmizdə idmanın inkişafındakı xidmətlərindən danışmış, idmançılarımızın qazandığı nailiyyətlər barədə məlumat vermişdir.
Nazir vurğulamışdır ki, cari ildə ölkəmizdə cüdo, gimnastika, atletika və idmanın digər növləri üzrə irimiqyaslı tədbirlər keçiriləcəkdir. Azərbaycan ev sahibliyi etdiyi idman yarışlarını yüksək səviyyədə keçirir və bu da beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir.
İdmançılara uğurlar arzulayan nazir çempionatı açıq elan etmişdir.
Sonra K.Heydərova, A.Rəhimova və Ç.Çoya Avropa Taekvondo Federasiyasının mükafatları təqdim olunmuşdur.
İdmançılar və hakimlər and içdikdən sonra Azərbaycanın turizm potensialı və “Bakı-2015"ə hazırlıqla bağlı videoçarxlar göstərilmişdir.
Tədbir xüsusi hazırlanmış şou ilə davam etmişdir.
Çempionatda Avropanın 46 ölkəsindən 400-dək taekvondoçu birincilik uğrunda mübarizə aparacaqdır. Turnirə mayın 1-də start veriləcəkdir. Dörd gün davam edəcək yarışda ölkəmizi baş məşqçilər Ələkbər İmaməliyev və Gündüz Abdullayevin rəhbərliyi altında Mikayıl Əliyev (54 kq), Samir Cavadlı (58 kq), Ayxan Tağızadə (63 kq), Elvin Məmmədov (68 kq), İlkin Şahbazov (74 kq), Ramin Əzizov (80 kq), Radik İsayev (87 kq), Ceyhun Həsənli (87 kq-dan yuxarı), Türkanə Tahirli (46 kq), Patimat Abakarova (49 kq), Hülya Oveyoğulları (53 kq), Günay Ağakişiyeva (57 kq), Səbinə Mikayılova (62 kq), Fəridə Əzizova (67 kq) və Marina Tedeyeva (73 kq) təmsil edəcəklər.
Xalq qəzeti.-
2014.- 1 may.- S. 5.