Bərdə şəhərində, Tərtər sahilində, ulu öndər Heydər Əliyevin adını daşıyan park-bulvarda düşüncələr

 

Bərdənin “ürəyi” burada - ulu öndər Heydər Əliyevin adını daşıyan park-bulvarda döyunur, - desək, heç də səhv etmərik. Düzdür, park-bulvar hələ hazır deyil. Ancaq maraqlı cəhət ondan ibarətdir ki, günün müxtəlif vaxtlarında, xüsusilə, axşamlar burada, necə deyərlər, iynə atsan yerə düşməz. Əslində, insanları başa düşmək çətin deyil: bərdəlilər öz quruluşu və arxitekturası ilə təkrarsız olan belə bir park-bulvarı ilk dəfə görürlər.

Bir tərəfdə də gərgin, sürətli iş gedir. Elə gün olmur ki, obyektdə 10-dan çox briqada çalışmasın. Öz-özümə düşünürəm: hələ indidən belədir, gör layihə tamam başa çatandan sonra burada nələr olacaq...

Şəhərin axarlı-baxarlı yerində, Tərtər çayı boyunca salınan 36 hektar ərazidə Heydər Əliyev park-bulvarı, 21 fəvvarə, müasir işıqlandırma sistemi, dünyanın müxtəlif yerlərindən gətirilmiş güllər, ağaclar, qədim memarlıq abidəsinin ətrafında yaradılmış göl, asma körpü, çay evi, ana və uşaq kafesi...

Şübhəsiz ki, regionda analoqu olmayan bu istirahət guşəsi təkrarsız mənzərə və gözəllik ünvanıdır. Park-bulvarın ortasında isə ulu öndərin əzəmətli heykəli ucaldılır. Hazırda burada son tamamlama işləri görülür. Bütün səy və qüvvələr hərəkətə gətirilmiş, park-bulvarın nəzərdə tutulmuş vaxtda və yüksək keyfiyyətlə başa çatdırılmasına yönəldilmişdir.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə də burada görüşdük. Gözlərində sevinc qarışıq həyəcan və intizar vardı. Hiss olunurdu ki, nəsə narahatdır, harasa tələsir...

- Nədən nigaransınız?.. Axı rayonda islər bütün sahələrdə sürətlə gedir. Sözün düzü, bundan artıq sürət təsəvvür etmək mümkün deyil...

- Böyük mənada nigarançılıq elə məsuliyyət hissiylə bağlıdır. Düzdür, təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bu gün Bərdədə işlər sürətlə gedir. Ancaq orası da var ki, ötən hər gün özü ilə bərabər yeni qayğılar, təşəbbüslər gətirir. Başqa sözlə desək, biz bugünlə yox, sabahla yaşamalıyıq.

- İndi Bərdəyə yolu düşənlər təəccüb və heyrətlərini gizlədə bilmirlər: şəhər tanınmaz dərəcədə dəyişib.

- Burada qeyri-adi nə var ki?... Biz indi elə bir dövrdə yaşayırıq ki, inkişaf və irəliləyiş illərlə, aylarla yox, günlərlə, saatlarla ölçülür.

- Deyirlər ki, Bərdədə tikilən binaların, salınan park və xiyabanların müəllifi sizsiniz...

- Dünya gör-götür dünyasıdır...

- İlk baxışda adama elə gilər ki, Bərdədə bütün işlər görülüb başa çatdırılmışdır. Siz isə deyirsiniz ki, hələ görüləsi işlər çoxdur...

- Ona görə deyirəm ki, inkişaf və yüksəlişin, həqiqətən, son həddi yoxdur. Bildiyiniz kimi, bu gün Bərdədə neçə yerdə binalar tikilir, parklar, xiyabanlar salınır, yollar çəkilir. Deməli, ilk gündən götürdüyümüz sürət bir an belə azalmır, əksinə, artır. Digər tərəfdən, bütün sahələrdə olduğu kimi, burada da qarşısında canlı nümunə, təkrarsız örnək və zəngin məktəb var. Bu da ölkə Prezidenti İlham Əliyevin titanik fəaliyyəti, müdrik və qətiyyətli daxili və xarici siyasət xəttidir.

- Ulu öndər Heydər Əliyev Bərdəyə səfərlərinin birində demişdir: “Mən ürəkdən istəyirəm ki, Bərdə respublikanın ən gözəl şəhərlərindən biri olsun”.

- Bu gün böyük qürur və fərəh hissilə bildirirəm ki, xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin bu arzusu yerinə yetmişdir. Prezident İlham Əliyevin dediyi kimi, Bərdə doğrudan da, gözəlləşir, gülüstana çevrilir. Belə yüksək qiymət isə, əlbəttə, bizi daha yaxşı işləməyə ruhlandırır, surətli inkişaf və yüksəlişə səsləyir.

- Deyəsən, tələsirsiniz.

- Bu gün iki yerdə təməlqoyma mərasimi olacaq. Həsənqaya kəndində isə səyyar qəbul keçirməliyik...

- Rəqəmlərsiz keçinmək olmur.

- Sizdəki arayışda hər şey var.

Bərdə nə gözəldir...

İcra başçısının müxtəsər olaraq dediyi sözlərin fakt, rəqəm və göstəricilərlə ifadəsi isə, həqiqətən, olduqca maraqlı və ibrətamizdir. Hər şeydən əvvəl, ona görə ki, inkişafın dinamikası yüksəkdir, sürət və coğrafiyası isə çox genişdir. Digər tərəfdən, son illər Bərdədə görülmüş işlər, aparılan tikinti-quruculuq tədbirləri bu qədim diyarın milli memarlıq ənənələrini saxlamaqla öz müasirliyi və gözəlliyi ilə diqqəti cəlb edir.

Beləliklə, deyə bilərik ki, regionların sosial-iqtisadi inkişafına dair 2009-2013-cü il Dövlət Proqramı bütün sahələrdə uğurla başa çatdırılmışdır. Hazırda 2014-2018-ci illəri əhatə edən yeni proqramda Bərdə rayonu üçün nəzərdə tutulmuş tədbirlərin icrası ardıcıllıqla davam etdirilir.

Elə buradaca təkcə ötən ilin bəzi xarakterik sosial, iqtisadi və mədəni nəticələrinə nəzər salaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ayrılmış vəsait hesabına Mirzə Ələkbər Sabir, İsmət Qayıbov, Nüşabə və Aydın Əhmədov küçələri yenidən qurulmuşdur. Hazırda ətraf ərazilə birlikdə 36 hektarda Heydər Əliyev park-bulvarı tikilir.

Aparılan tikinti-abadlıq işlərində 203 min ədəd mişar daşı, 305 ton sement, 1534 kvadratmetr qranit üzlük və s. istifadə olunmuşdur.

Rayonun Seyid Yusifli kəndində Yusif Ağanın hündürlüyü 23, diametri 9 metr, müasir memarlıq üslubunda səkkizguşəli  məqbərəsi tikilmişdir. Ziyarətə gələnlər üçün bütün şəraiti olan bina tikilmiş, yaşıllıq zolağı salınmışdır. 1200 kvadratmetr mərmər örtük çəkilmiş, 20 ədəd işıqlandırma dirəkləri quraşdırılmış, ziyarətgah kompleksi lazımı avadanlıq və inventarlarla təchiz edilmişdir.

Əhalinin ziyarətgaha rahat gedib-gəlməsi üçün müasir yol nişanları ilə təchiz edilmiş 6,5 kilometr uzunluqda asfalt-beton örtüklü yol çəkilmiş, abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.

Ümumiyyətlə, 2013-cü ildə tikilib istifadəyə verilmiş obyektlər bunlardır:

Həsənqaya kəndində köçkünlər üçün 866 ailəlik yaşayış məhəlləsi, Mirzalıbəyli və Qullar kəndində məktəb, 200 başlıq ətlik cins ferma kompleksi, 1000 başlıq südlük cins ferma kompleksi, təhsil şöbəsinin inzibati binası, uşaq incəsənət məktəbi, 12 subartezian quyusu, 4 binanın dam örtüyü, illik istehsal gücü 1,6 min ton olan broyler quşçuluq fabriki və s.

Hazırda görülən işlər:

“Bərdə” türbəsi, Əmlak Komitəsi rayon şöbəsinin inzibati binası, gənclər evi, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli bina, köçkünlər üçün 2100 ailəlik məhəllə, mədəniyyət mərkəzi, tutumu 2 ton olan soyuducu anbar, 180 yerlik Qazaxlar kənd məktəbi, 220 yerlik Nazırlı kənd məktəbi, 380 yerlik 7 saylı məktəb, Tərtər çayı yatağında sahilbərkitmə, kəndlərin qazlaşdırılması, elektrik şəbəkəsinin yenidən qurulması və s.

Tikintisi üçün tədbirlər görülür: “Asan xidmət”, Əhalinin sosial müdafiəsi mərkəzi, Ədliyyə Nazirliyinin regional şöbəsi, Rayon polis şöbəsinin inzibati binası, qəza vəziyyətində olan 2 bina, uşaq bağçalarının tikintisi və təmiri, Şəhərin içməli su və kanalizasiya şəbəkəsi, Kənd yollarının asfaltlaşdırılması.

Yaxın vaxtlarda işə başlanacaqdır: 260 yerlik Türkmən kənd məktəbinin tikintisi, 1150 yerlik 2 saylı, 480 yerlik 5 saylı və 1150 yerlik 6 saylı məktəblərin əsaslı təmiri.

Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının icrası ilə əlaqədar beş il ərzində Yevlax-Bərdə, Bərdə-İstisu, 24 min nəfərdən çox əhalinin yaşadığı 14 kəndi birləşdirən 22 kilometr uzunluğunda Alpoud-Mustafağalı-Qaratəpə-Nazırlı və 6,3 kilometr uzunluğunda Qəhrəmanlı-Nağılar avtomobil yolları əsaslı təmir edilmişdir. 2720 şagird yerlik 8 məktəb, Diaqnostika-müalicə mərkəzi, 38 mənzilli yaşayış binası, illik istehsal gücü 6,87 min ton olan çörək zavodu və 5,4 tonluq ət kəsimi müəssisəsi, 2  taxıl anbarı kompleksi, 2000 başlıq cins heyvandarlıq kompleksi, illik 5,8 ton süd istehsal etmək gücünə malik kompleks tikilmişdir.

İllik istehsal gücü 1,6 min ton quş əti olan broyler quşçuluq fabriki yenidən qurulmuşdur. Mərkəzi xəstəxananın doğum evi və 2 korpusu əsaslı təmir edilmiş, elektron kitabxana yaradılmışdır. Şəhərin 8 küçəsi bütün infrastruktur daxil olmaqla yenidən qurlumuşdur. 56 kənd qazlaşdırılmış, içməli su üçün 8, suvarma suyu üçün 17 subartezian quyuları vurulmuşdur. 2,5 milyondan çox ağac və gül kolları əkilmişdir.

Həyata keçirilmiş bu kompleks tədbirlər nəticəsində 2009-2013-cü illərdə 11916 yeni iş yeri açılmışdır ki, bunun da 5244-ü daimidir.

2013-cü ildə 329,3 milyon manat dəyərində ümumi məhsul, o cümlədən 10,8 milyon manat dəyərində sənaye, 127,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir. 112,1 milyon manat dəyərində tikinti-quraşdırma işləri görülmüşdür.

2013-cü ildə rayonun iqtisadiyyatının inkişafı üçün əsas fondlara 92,7 milyon manat və ya 2012-ci ildəkindən 2,6 dəfə çox investisiya yönəldilmişdir.

Kənd də dəyişir, kəndli də...

Rayonda sahibkarlığın inkişaf etdirilməsi üçün hər cür şərait yaradılmışdır. 2014-cü ildə bu sahədə çalışanların sayı 7800 nəfər olmuşdur. Hazırda istehsal olunan ümumi məhsulun 96,6 faizi qeyri-dövlət sektorunun payına düşür.

2013-cü ildə 1548 hektarda pambıq, 318 hektarda şəkər çuğunduru, 146 hektar sahədə dən üçün günəbaxan, 272 hektar sahədə kartof, 2776 hektar tərəvəz və s. yetişdirilmişdir. 52,5 min ton taxıl, 2606 ton kartof, 30321 ton tərəvəz, 27710 ton bostan məhsulları, 13082 ton şəkər çuğunduru və s. götürülmüşdür ki, bu da əvvəlki illərlə müqayisədə xeyli çoxdur.

Heyvandarlığın inkişafı da daim diqqət mərkəzindədir. Hazırda rayonda 86,8 min baş qara mal, 136 min baş qoyun-keçi var. Ötən il 16534 ton ət, 56015 ton süd, 28,1 milyon ədəd yumurta, 430 ton yun istehsal edilmişdir.

 

Sosial problemlər diqqət mərkəzindədir

 

Əhalinin vacib sosial ehtiyaclarının vaxtında ödənilməsi, adamlara diqqət və qayğı daim diqqət mərkəzində saxlanılır. Bu cəhətdən əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə fasiləsiz olaraq təmin edilməsi sahəsində xüsusilə böyük işlər görülmüşdür. Məsələn, son illər rayon mərkəzində və 10 kənddə elektrik şəbəkəsi yenidən qurulmuş, xətlər kabelləşdirilmişdir. 84 ədəd 10 kilovotluq, 96 ədəd 0,4 kilovotluq yeni beton dirəklər basdırılmışdır. 1990 metr SIP kabel çəkilmiş, 1085 yeni sayğac quraşdırılmış, 1022 ədəd qüsurlu sayğac dəyişdirilmişdir.

Təkcə ötən il müxtəlif diametrli 282 kilometr qaz kəməri çəkilərək 21 yaşayış məhəlləsi, məcburi köçkünlərin Təhlə, Alaçadırlı kəndləri və Bərdə şəhəri ərazisində yaşayış məhəllələri qazlaşdırılmışdır. Sərkarlar kəndi istiqamətində 12 kilometr, Məmmədli kəndinə 5 kilometr, Lənbəran kəndinə 22 kilometr uzunluqda müxtəlif diametrli daşıyıcı qaz kəmərləri çəkilmişdir. Qaz itkilərinin qarşısının alınması üçün 4,7 kilometr müxtəlif diametrli  xətlər dəyişdirilmişdir. İstismar müddəi başa çatmış 685 qaz sayğacı yenisi ilə əvəz edilmişdir. 4777 abonentə təbbi qaz verilmişdir.

Hazırda Qaradəmirçi kəndində qazpaylayıcı stansiyanın tikintisi, Şirvanlı kəndinin qazlaşdırılması başa çatmaq üzrədir.

 

Təhsilə qayğı sabaha qayğıdır

 

Son illər Qədim tarixə, zəngin mədəniyyəti olan bu bölgədə təhsil, səhiyyə və mədəni sahədə aparılan işlər, həyata keçirilən tədbirlər xüsusilə diqqəti cəlb edir. Burada həmin sahələr üzrə nəzərdə tutulan islahatlar ardıcıllıqla yerinə yetirilir. Ölkə Prezidentinin qarşıya qoyduğu mühüm vəzifələr əsas hədəf kimi qəbul edilmişdir. Bu barədə danışarkən, hər şeydən əvvəl, onu qeyd etmək lazımdır ki, sahənin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, intizam və tələbkarlıq artırılmışdır. Təkcə 2013-cü ildə Mirzalıbəyli kəndində 220 yerlik tam orta və Qullar kəndində 180 yerlik əsas məktəb tikilib istifadəyə verilmişdir. Təhsil Şöbəsinin inzibati binasının tikintisi başa çatdırılmış, 220  yerlik Nazırlı, 180  yerlik Qazaxlar, 380  yerlik şəhər 7 saylı əsas məktəblərinin tikintisinə başlanmışdır.

Bunlarla yanaşı, yaxın vaxtlarda 260 şagird yerlik Türkmən kənd tam orta, şəhər 2, 5 və 6 saylı məktəblərin əsaslı təmirinə başlanacaqdır. Məcburi köçkünlərin məskunlaşdığı 39 məktəbin köçürülmədən sonra əsaslı təmiri və tikintisi üçün tədbirlər həyata keçirilmişdir.

Yerli büdcə hesabına şəhər 1 saylı, Qaradəmirçi və Yeni Əyricə kənd tam orta məktəbləri əsaslı, akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-lisey, Şirvanlı, Xəsili, Mustafaağalı və Yeni Daşkənd kənd tam orta məktəbləri cari təmir edilmişdir.

Əldə etdikləri nailiyyətlərə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Qaradəmirçi kənd tam orta məktəbinin direkttoru Hakim Ələkbərov “əməkdar müəllim” adına layiq görülmüş, Mehdixanlı kənd tam orta məktəbinin direktoru Əhliman Məmmədov Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.

Büdcə vəsaiti hesabına elektron kitabxana, uşaq kitabxanası, tarix diyarşunaslıq muzeyi, Kətəlparaq kənd musiqi məktəbi, 5 kənd mədəniyyət evi, 3 kənd klubu təmir edilmişdir. Mədəniyyət obyektlərinə 325,6 min manat dəyərində inventar və avadanlıqlar alınmışdır.

Ötən il ərzində rayonda 1214 mədəni-kütləvi tədbir keçirilmiş, burada 59 mindən çox sakin iştirak etmişdir. Tarix diyarşunaslıq muzeyində 22 tədbir keçirilmiş, 7 səyyar dərs təşkil edilmiş, 1800 eksponat nümayiş etdirilmiş, 10125 nəfər müzeyi ziyarət etmişdir. Rəsm Qalereyasında 19 sərgi, 4 tədbir keçirilmişdir.

 

İnsan amili ön plandadır

 

Bərdəyə son səfərimiz zamanı gördüklərimizin, şahidi olduqlarımızın hamısını, əlbəttə, bir qəzet səhifəsinə çıxartmaq qeyri-mümkündür. Biz burada ancaq ciddi məqamlar üzərində dayandıq. Əsas cəhət isə ondan  ibarətdir ki, ötən hər ay, hər gün, hətta hər saat rayonda dinamik inkişaf və yüksəlişlə  əlamətdardır. Təsadüfi deyildir ki, son illər rayon mərkəzi və ayrı-ayrı yaşayış məntəqələri öz simasını tanınmaz dərəcədə dəyişmiş, abad, yaraşıqlı və müasir olmuşdur.

Burada, sözsüz ki, həlledici amil ölkə Prezidenti İlham Əliyevin bu bölgəyə göstərdiyi gündəlik diqqət, bu istiqamətdə imzaladığı fərman və sərəncamlardır. Bərdəlilər bu qayğıya konkret və əməli işlə cavab vermək üçün daha böyük səy və əzmkarlıqla çalışırlar. Digər məqam isə yerlərdə işin düzgün təşkili, insan amilinin ön plana çəkilməsi, rayon icra hakimiyyətində, onun yerli strukturlarında təşkilat-idarəetmə məsələlərinin, iş üslub və metodlarının daha da təkmilləşdirilməsidir.

Vətəndaşların qəbulu, onların ərizə, şikayət və məktublarına baxılması sahəsində də ardıcıl və sistemli iş qurulmuşdur. Məsələn, ötən il rayon icra hakimiyyəti başçısı aparatında 10226 nəfər, o cümlədən rayon icra hakimiyyətinin başçısı tərəfindən 1114 nəfər qəbul  edilmişdir. İcra başçısının yerlərdə 38 qəbulu  keçirilmiş, bu görüşlərdə 11580 sakinin iştirakı təmin edilmiş, 410 nəfərin müraciət dinlənilmişdir. Yerlərdə keçirilən görüşlərdə müraciətlərin böyük əksəriyyəti müsbət həll olunmuş, digərlərinin həlli ilə bağlı müvafiq dövlət orqanları qarşısında məsələ qaldırılmışdır.

...Bəli, bu gün üç min il tarixi olan qədim Bərdə öz tarixinin yeni mərhələsinə qədəm qoymuşdur. Bu yol qədim bölgəni tarixinin ən xoş günləri ilə qovuşdurur.

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2014.- 1 may.- S. 6.