Bakıda reabilitasiya və alternativ
qayğı mərkəzlərinin sərgisi
açılmışdır
Sərginin məqsədi paytaxt və ətraf rayonların ərazisində yaşayan əhalini reabilitasiya mərkəzləri, habelə alternativ qayğı xidmətləri barədə məlumatlandırmaq, reabilitasiya və sosial xidmətlər göstərən mərkəzlərə dəstək verərək onların fəaliyyətlərini istifadəçilərin diqqətinə çatdırmaq, xidmət istifadəçilərinin ehtiyaclarını müəyyənləşdirmək, beləliklə, Azərbaycanda sosial xidmətlərin inkişafına töhfə verməkdir.
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə Azərbaycan Universitetində “Əlilliyi olan insanlar üçün reabilitasiya və alternativ qayğı mərkəzlərinin sərgisi” layihəsinin açılış mərasimi keçirildi. Mərasimin ilk iş günü konfransla başladı. Azərbaycan Universitetinin rektoru Eldar Qəhrəmanov, Təhsil Nazirliyi uşaqların müdafiəsi, alternativ qayğı və monitorinq şöbəsinin müdiri Cəmilə Tağıyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin rəhbəri Rəhilə Həsrətova, “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin sədri Gülarə Teymurova, “UAFA” Azərbaycana Birgə Yardım Fondunun nümayəndəsi Züleyxa Nəcəfova, “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin sədri Validə Abbasova, “Müstəqil həyat” İnkişaf və Dəstək Mərkəzinin sədri Aydın Xəlilov çıxış edərək tədbirin əhəmiyyəti, əlilliyi olan şəxslərlə bağlı dövlət siyasətinin əsas prinsipləri, onların üzləşdikləri problemlər və qeyri-hökumət təşkilatlarının bu sahədəki fəaliyyəti haqqında məlumat verdilər.
Tədbirdə çıxış edənlər, həmçinin Azərbaycan Universitetinin bu təşəbbüsünü yüksək qiymətləndirmişlər. Bildirmişlər ki, əlilliyi olan insanlar haqqında dövlət siyasətinə dəstək baxımından bu cür sərgilərin keçirilməsi təqdirəlayiqdir. Çünki əlilliyi olan insanların cəmiyyətimizin bütün sahələrində fəal iştirakını təmin etmək baxımından qeyri-hökumət təşkilatlarının da üzərinə mühüm vəzifələr düşür.
Xatırladaq ki, tədbir “Park Bulvar” ticarət və əyləncə mərkəzində 30-a yaxın reabilitasiya və alternativ qayğı mərkəzinin iştirakı ilə keçirilən sərgi ilə davam etdirildi. Sərgi Bakının 11 rayonunda və Sumqayıt şəhərində əlilliyi olan insanların reabilitasiyası üçün yaradılan şərait haqqında, eləcə də əlillər arasında hansı reabilitasiya xidmətlərinə daha çox ehtiyac duyulduğu barədə aydın təsəvvür yaradırdı. Bununla yanaşı, sərginin keçirilməsində məqsəd əlil üzvü olan ailələri mövcud sosial reabilitasiya xidmətləri ilə bağlı məlumatlandırmaq, reabilitasiya mərkəzləri arasında rəqabəti gücləndirmək, onlara dəstək vermək və əlilliyi olan insanların cəmiyyətə inteqrasiya prosesini intensivləşdirmək idi.
V. BAYRAMOV
Xalq qəzeti.- 2014.- 1 may.- S. 6.