Samuxda akademik Zərifə
Əliyevanın anadan olmasının 91 illik yubileyi ilə əlaqədar
konfrans
Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatının iclas zalında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91 illiyi ilə bağlı tədbir keçirilmişdir.
Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən filimə baxıldıqdan sonra rayon icra hakimiyyətinin başçısı Alı Qocayev Azərbaycanın görkəmli alimi Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verdi. O, bildirdi ki, Zərifə xanım respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanmışdır. Umummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım həm də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur.
Daha sonra “Böyük alim, mehriban ana” mövzusunda məruzə ilə çıxış edən Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətlərinin olduğunu dedi. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Məruzədə Zərifə xanım Əliyevanın xəstələrinə göstərdiyi ana qayğısından xüsusilə geniş danışıldı.
Məruzə ətrafında çıxış edənlər Azərbaycan səhiyyəsinə böyük töhfələr vermiş alimin əmək fəaliyyətindən geniş söhbət açdılar.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2014.- 1 may.- S. 7.