“Kitabi-Dədə
Qorqud” dastanının latış dilində
nəşri təqdim olundu
Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə latış dilində çap olunmuş “Kitabi-Dədə Qorqud”un təqdimat mərasimi keçirildi. Mərasimdə Latviyanın keçmiş prezidenti Valdis Zatlers, digər qonaqlar iştirak edirdi.
Kitabxananın direktoru Kərim Tahirov tədbiri açaraq nəşrin ərsəyə gəlməsi haqqında danışdı. Qeyd olundu ki, “Kitabi-Dədə Qorqud” dastanının latış dilində çap olunması ideyası xalq yazıçısı Elçin tərəfindən irəli sürülmüş və nazirlik bu ideyanı dəstəkləmişdir.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva qonaqları salamlayaraq Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud”un latış dilinə tərcümə olunaraq nəşr edilməsinin əlamətdar hadisə olduğunu vurğuladı: “Bu dastan özündə təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının möhtəşəm və əzəmətli tarixini yaşadır. Bu bədii söz xəzinəsi türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyasıdır. Dastanda soykökümüz olan oğuzların dünyagörüşü, həyat tərzi, adət və ənənələri, mənəvi dəyərləri bədii şəkildə öz əksini tapmışdır”.
Nazir müavini “Dədə Qorqud” eposunun əlyazmalarının Almaniyanın Drezden muzeyində və Vatikan muzeyində saxlanıldığını diqqətə çatdırdı. Vurğulandı ki, müasir dövrdə “Kitabi-Dədə Qorqud”un öyrənilməsi, dünyada geniş tanıdılması və təbliği ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1975-ci ildə ulu öndərin tapşırığına əsasən, Azərbaycanda tanınmış sənət xadimlərinin iştirakı ilə “Dədə Qorqud” bədii filmi çəkilmişdir. 2000-ci ildə ümummilli liderin fərmanı ilə dastanın 1300 illiyi türkdilli ölkə rəhbərlərinin iştirakı ilə dövlət səviyyəsində, həmçinin UNESCO-nun görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı çərçivəsində təntənəli şəkildə qeyd olunmuşdur: “Bu nadir eposun qorunmasına dövlət səviyyəsində göstərilən diqqətin nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2004-cü ildə Brüsseldə Dədə Qorqud abidəsinin təntənəli açılışında iştirak etmişdir. Dövlətimizin başçısının sərəncamına əsasən 2013-cü ildə Bakıda Dədə Qorqud parkı salınmış və Dədə Qorqudun abidəsi ucaldılmışdır”.
Tədbirdə çıxış edən Latviya Respublikasının sabiq prezidenti Valdis Zatlers, Latviyanın ölkəmizdəki səfiri Hardiys Baumanis, professor Qəzənfər Paşayev, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Tofiq Məlikli dastanın xarici dillərə tərcüməsinin ölkələr və xalqlar arasında körpü olduğunu, iki ölkənin mədəniyyətinin və tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğuladılar. Dastanın latış dilinə tərcüməçisi, tanınmış türkoloq, şair Uldis Berzinş çıxış edərək kitabın ərsəyə gəlməsində köməyi olanlara təşəkkürünü bildirdi. O, qeyd etdi ki, ötən əsrin 70-ci illərindən türk ədəbiyyatının tərcüməsi ilə məşğuldur, bir çox Azərbaycan yazıçılarının əsərlərini latış dilinə tərcümə etmişdir. Tədbirin sonunda Milli Kitabxananın direktoru Kərim Tahirov “Kitabi-Dədə Qorqud” ensiklopediyasını tərcüməçi Uldis Berzinşə hədiyyə etdi.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 2 may.- S. 8.