Səbaillilərin ümummilli liderə dərin ehtiramı

 

Səbail rayon rəhbərliyininin, ayrı-ayrı kollektivlərin təmsilçilərinin və ictimaiyyət nümayəndələrinin, nüfuzlu qonaqların iştirakı ilə Azərbaycan Dövlət Musiqili Teatrında ümümmmilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş təntənəli anım mərasimi keçirilmişdir.

 Əvvəlcə qonaqlar və iştirakçılar teatrın foyesində İstiqlal Muzeyinin təşkil etdiyi sərgidə ulu öndərin həyat və mübarizə yolundan bəhs edən eksponatlara nəzər salmışlar.

 Rəsmi hissədə müstəqil Azərbaycan dövlətinin qurucusunun ölməz xatirəsi ehtiramla yad olunmuşdur. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirmişdir ki, ümummilli liderin anadan olmasının 91 illiyi ilə əlaqədar paytaxtın Səbail rayonunda silsilə tədbirlər keçirilir, idarə, müəssisə və təşkilatlarda, elm, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə ülu öndərin əziz xatirəsinə ümumxalq məhəbbəti ifadə olunur.

Sonra Səbail RİH-in başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış etmişdir. Natiq qeyd etmişdir ki, möhtəşəm əlamətdar günün – Azərbaycanın böyük oğlu, ümummilli lider Heydər Əliyevin 91 illiyinin astanasında yenidən bütün nəzərlər bu misilsiz şəxsiyyətin əzəmətli obrazına dikilmişdir. Siyasət və dövlət xadiminə xas böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Həyatını Azərbaycana, bütün mənalı ömrünü xalqına xidmətə həsr etmiş bu insan şərəfli ömür yolu ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın milli rəmzi səviyyəsinə yüksəlmişdir.

Bugün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində ulu öndərin işıqlı obrazı yaşayır. Müstəqil dövlətimizin qurucusu, azərbaycançılıq ideologiyasının banisi Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində saysız-hesabsız yeniliklərə, o qədər böyük işlərə imza atmışdır ki, bütün bunları sayıb-qurtarmaq mümkün deyil, ən tutumlu sözlər belə onun nəhəng fəaliyyətini ifadə etməkdə acizdir.

Natiq daha sonra demişdir ki, Azərbaycan tarixinin Heydər Əliyev dövrü təkcə sürətli inkişaf, yüksəliş anlayışları ilə səciyyələnmir, həm də mahiyyətcə yeni gerçəkliyin formalaşması anlamına uyğun gəlir. O, Azərbaycanın yeni tarixini ideyaları ilə yaratmış və əməlləri ilə yazmışdır. Heydər Əliyevin tarixi rolu və xidmətləri daha çox qeyri-adi istedadyaddaşa, universal biliyə, tükənməz səbrə və ən nəhayət, mahir liderlik keyfiyyətlərinə malik olması ilə əlaqədardır. Millət atası adını şərəfləndirmiş dahi soydaşımız böyük bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynamışdır. Məhz buna görə xalqımız ulu öndərin adını milli tariximizə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk etmişdir.

Ümummilli liderin nəsillərə örnək ömür yolunu və zəngin dövlətçilik irsini geniş səciyyələndirən məruzəçi sonda bildirmişdir ki, Azərbaycan tarixinin Heydər Əliyev dövrü uzun zaman davam edəcək. Bugün Heydər Əliyevin mənəvi-siyasi irsinin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın çağdaş tarixinin yeni şanlı səhifələri yazılır. Ulu öndərin ölməz ideyalarından güc alan müstəqil Azərbaycan işıqlı gələcəyə doğru inamla addımlayır.

Tədbirin sonunda Azərbaycan TeleviziyaRadiosunun Niyazi adına simfonik orkestri Qara Qarayevin əsərlərini ifa etmişdir. İncəsənət ustalarının ulu öndərin bütün varlığı ilə bağlı olduğu milli-mənəvi dəyərlərimizi sərgiləyən çıxışları, xüsusən xalq artistləri Alim Qasımov, Azər Zeynalov, Brilyant DadaşovaMurad Hüseynovun ifaları mərasimə böyük təntənə gətirmişdir.

Sonda konsert iştirakçılarının birgə ifasında ulu öndərə həsr olunmuş “Sən elə bir zirvəsən” mahnısı səslənmişdir.

 

R.TAHİR

 

Xalq qəzeti.- 2014.- 2 may.- S. 10.