Milli mədəniyyətimizin
inkişafı Heydər Əliyev ideyalarından güc alır
Azərbaycanın qazandığı bütün uğurların əsasında böyük siyasi xadim, beynəlxalq miqyasda adı hörmət və məhəbbətlə yad edilən ulu öndər Heydər Əliyevin ölməz ideyaları dayanır. Milli mədəniyyətimizin də bugünkü inkişaf tempi bu ölməz ideyalara söykənir.. Bu böyük tarixi şəxsiyyət ilk dəfə Azərbaycanda hakimiyyətə gəldiyi vaxtdan milli-mənəvi dəyərlərimizin əsl mənada himayədarı olmuşdur.
Ulu öndər mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Ona görə də milli-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi. Ulu öndər deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.” Mədəniyyət və incəsənətin bir çox sahələri haqqında irəli sürdüyü qənaətlərində Heydər Əliyev xalqımızın mənəvi simasına güzgü tutan dəyərlərin təbliğini milli ideologiyanın, bütövlükdə Azərbaycan ideologiyasının vacib və zəruri komponentlərindən biri olmaq şərti ilə ön plana çəkir, mədəniyyəti milli dövlətçilik məfkurəsinin başlıca tərkib hissələrindən biri sayırdı.
Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli- mənəvi dəyərlərimiz beynəlxalq miqyasda tanındı. Ulu öndər yaxşı bilirdi ki, sabahkı uğurlara yeganə təminat sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Bu böyük şəxsiyyət mədəniyyəti xalqın tükənməz sərvəti hesab edirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan ulu öndər deyirdi: “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Ulu öndər mədəniyyət və incəsənət xadimlərinin əməyini həmişə yüksək qiymətləndirmiş, onların yaratdıqları əsərlərin xalqın mənəvi sərvəti olduğunu bildirmişdi. Hələ sovetlər dönəmində nə qədər sənətçilərimiz ulu öndərin köməkliyi ilə SSRİ-nin yüksək fəxri adlarına, orden və medallarına layiq görülmüşlər. Neçə-neçə yazıçı, şair, rəssam, bəstəkar və müğənnimiz Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti fəxri adlarına layiq görülmüş, SSRİ Dövlət mükafatı laureatı olmuşlar. Müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə də ulu öndər mədəniyyət və incəsənət xadimlərinə öz qayğısını əsirgəməmiş, onların sosial rifah halının yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirmişdir. Məhz ulu öndərin hakimiyyəti dövründə neçə-neçə sənət adamı fəxri adlara layiq görülmüş, Prezident təqaüdçüsü olmuşdur.
Heydər Əliyev sənət adamları ilə görüşdən xüsusi zövq alırdı. Bu böyük şəxsiyyətin daxilində sənətə böyük sevgi yaşayırdı. Təsadüfi deyildi ki, hərdən mahnılar oxuyur, memarlara şəhərsalma ilə bağlı məsləhətlər verirdi. Hər dəfə teatr xadimləri ilə, musiqiçilərlə səhnə arxasında görüşlərində onların problemləri ilə maraqlanır, öz tövsiyə və tapşırıqlarını verirdi.
Milli dəyərlərimizə dərindən bələd olan ümummilli liderimiz xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərində onlara harada yaşamalarından asılı olmayaraq azərbaycançılıq ideologiyasına sadiqliyi, xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi tövsiyə edirdi: “Bizim hamımızın bir Vətəni var - bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”.
Ədəbiyyat və sənətlə, teatr və kino ilə, folklor və yazılı abidələrlə, rəssamlıq və heykəltəraşlıqla, musiqi və ifaçılıqla bağlı qənaətlərində Heydər Əliyev incəsənətin daxili qanunauyğunluqlarına və inkişaf perspektivlərinə yüksək professionallıqla yanaşan bir sənət nəzəriyyəçisi kimi çıxış edirdi.
Heydər Əliyev rəssamlıq və musiqi sənətinə böyük qayğı ilə yanaşırdı. O, bu sahələrin milli-mənəvi dəyərlərimiz sırasında əhəmiyyətli yer tutduğunu dəfələrlə qeyd etmişdi. Heydər Əliyevin Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Toğrul Nərimanbəyov, Oqtay Sadıqzadə, tanınmış rus rəssamı Nikas Safonovun timsalında çağdaş rəngkarlıq sənətinin nailiyyətlərini, Üzeyir Hacıbəyli, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Bülbül, Arif Məlikov kim qüdrətli sənət korifeylərinin əsərlərindəki milli-mənəvi dəyərlərin xalqımız üçün iftixar mənbəyi olduğunu təsdiqləyən fikir və mülahizələri bunu bir daha təsdiq edir.
Milli kino sənətimizin inkişafında da ulu öndərin xidmətləri xüsusi qeyd olunmalıdır. Bir sıra filmlərimizin ərsəyə gəlməsində ulu öndərin şəxsi təşəbbüsü olmuşdur. Bu sıradan “Uzaq sahillərdə”, “Nəsimi”, “Babək” və s. filmlərimizi qeyd etmək olar. Bəzən sovet senzurasından keçməyən filmlərimizin qəbul olunmasında da Heydər Əliyevin xidmətləri olub. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə kino istehsalı, demək olar ki, dayanmışdı. Heydər Əliyev hakimiyyətə gələndən sonra dövlət sifarişi ilə filmlərin istehsalına başlandı, kinostudiyanın fəaliyyəti bərpa olundu, Dövlət Film Fondu yaradıldı. Bütün bunlarla yanaşı, ölkədə beynəlxalq kinofestivallar keçirilməyə, kino günləri, ssenari müsabiqələri və s. təşkil olunmağa başlandı.
Ulu öndərin şəxsiyyəti, Azərbaycan xalqının tarixindəki misilsiz rolu bu gün incəsənətimiz üçün tükənməz mövzu mənbəyidir. Rəssamlarımız dəfələrlə bu böyük şəxsiyyətin obrazını yaratmış, haqqında neçə-neçə musiqi əsəri bəstələnmiş, ömür yoluna həsr olunan filmlər çəkilmişdir. Kinorejissor Vaqif Mustafayevin lentə aldığı çoxseriyalı sənədli film ulu öndərin həyat və fəaliyyətinin bir növ xronikasıdır. “Əsl məhəbbət haqqında”, “General”, “Birinci”, “Moskva. Kreml”, “Lider”, “Tale”, “Bir həsədin tarixi”, “Professional”, “Patriot”, “Xüsusi təyinat” filmləri ulu öndərin həyatından qiymətli fraqmentləri tamaşaçılara çatdırır. Bu əsərlərin hər biri incəsənət tariximizin dəyərli nümunələri kimi əbədi qalacaqdır. Bu gün dövlət milli dəyərlərimizin qarantına çevrilmişdir.
Ulu öndərin mədəniyyət siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin inkişafına, qorunmasına və xarici ölkələrdə təbliğinə xüsusi önəm verir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO VƏ İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da mədəniyyətimizin inkişafındakı xidmətləri olduqca böyükdür. Mehriban xanımın səyləri nəticəsində bu gün Azərbaycanın muğam, xalça, aşıq, tar ifaçılığı sənətləri UNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmişdir. Azərbaycan Mədəniyyətlərarası dialoq mərkəzinə çevrilmişdir. Bakı 2009-cu ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur.
Dövlət siyasətində hər bir azərbaycanlının, ən əvvəl, öz xalqının dəyərlərinə sahib çıxması, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli dəyərlərini qoruması önə çəkilir. “Gələcək nəsillərə maddi sərvətlər və iqtisadi mirasla yanaşı, həm də daha çox milli irs, milli mentalitet ərməğan edilməlidir” prinsipi əsas götürülür. Prezident İlham Əliyevin konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir. Dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Bu mənada milli-mədəni irsə diqqətin artırılması olduqca vacib məsələdir. Heç şübhəsiz, Azərbaycan mədəniyyəti bu gün də ulu öndərin ölməz ideyalarından güc alır, inkişaf edir, zənginləşir, sürətlə inteqrasiya olunur.
Elçin ORUCOV,
əməkdar mədəniyyət işçisi, rəssam
Xalq qəzeti.- 2014.- 2 may.- S. 12.