Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur

 

Azərbaycanda “ağsaqqal” sözünə ehtiramla, diqqətlə yanaşılmasının çox qədim tarixi və zəngin ənənələri var. Çünki xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal sözü, ağsaqqal xeyir-duası həmişə vacib sayılıb. Yeni ailə qurulanda, dara düşəndə, mübahisəli məsələlərin həllində ağsaqqal sözü keçərli olub. Ağsaqqallar el-obaya müdriklik təlqin edib, gənclərə dəyərli məsləhətlər verib, düzgün yol göstəriblər. El ağsaqqalları, müdriklər milli-mənəvi dəyərlərimizin qoruyucusu, gənc nəslə ötürücüləridir. Təsadüfi deyil ki, atalarımız “...ağsaqqalsız yerdə oturma”, - deyiblər.

Azərbaycan xalqının milli dəyərlərindən irəli gələrək tarix boyu ağsaqqallar cəmiyyətdə yüksək hörmət və nüfuz sahibi olublar. Hər zaman öz müdrikliyi ilə seçilən ağsaqqallarımız Azərbaycan dövlətçiliyinin çətin günlərində də xalqın ön sıralarında olub, insanlara doğru-düzgün yol göstəriblər. 1993-cü ilin təlatümlü günlərini xatırlamaq kifayətdir. İkinci dəfə əldə edilən müstəqilliyimiz böyük təhlükə qarşısında idi. Azərbaycan Xalq Cəbhəsi və Müsavat cütlüyü ölkəni idarə edə bilmirdi. Bundan istifadə edən xarici qüvvələr Azərbaycanı parçalamaq və xalqımızı yenidən əsarət altına almaq istəyirdilər. Ölkədə özbaşınalıq, hərki-hərkilik hökm sürürdü. Ermənistan silahlı qüvvələri, onlara havadarlıq edənlər əvvəlcə Dağlıq Qarabağı, sonra isə ona bitişik ərazilərimizi tutub, yerli əhalini öz doğma Vətənində məcburi köçkünə çevirirdilər. Bax, belə bir mürəkkəb dövrdə ümummilli lider Heydər Əliyevi siyasi hakimiyyətə dəvət edənlərin böyük əksəriyyəti məhz ağsaqqallar idi.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə həyatının  bütün sahələrində ağsaqqalların rolu daha da artdı. Heydər Əliyevin müdrik rəhbərliyi sayəsində ölkənin ictimai-siyasi həyatında ağsaqqalların fəal iştirakı təmin edildi. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev ağsaqqallara böyük ehtiramla yanaşırdı. Ulu öndər həmişə ağsaqqal sözünə yüksək qiymət verir, onları cəmiyyətin fəxri üzvləri kimi qəbul edirdi. Uzun illər Azərbaycana rəhbərlik etmiş bu dahi şəxsiyyətin “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur” - deməsi yaşlı nəslə ulu öndərin nə qədər dərin hörmət və məhəbbət bəslədiyini sübuta yetirir.

Azərbaycan xalqının unudulmaz rəhbəri, ağsaqqalı olmuş Heydər Əliyev ömrü boyu gənclərin yaşlı nəslə, böyüklərə, valideynlərə sevgi, ehtiram ruhunda tərbiyə olunmalarına diqqətlə yanaşmış, cəmiyyətdə onların düzgün yol tutmalarını ən ümdə vəzifə saymışdır. Böyüyə, ağsaqqala hörmətsizlik edənlər Heydər Əliyev tərəfindən həmişə kəskin tənqid olunmuşlar.

Yaxşı xatırlayıram, 2001-ci ilin ortalarında hörmətli şeyximiz Allahşükür Paşazadə həzrətləri müstəqil qəzetlərin birində (“Etimad” qəzeti) tənqid hədəfinə çevrilmişdi. Heç kəsin xəbəri olmasa da, qəzetimizin Lənkəran - Astara zonası üzrə xüsusi müxbiri işləyərkən mən yaxşı bilirdim ki, bu cızma-qara qərəzli yazıdır, müəyyən məqsəd güdülürdü. Həmin vaxt qəzetə ürəyimdən keçənləri yazmaq istəyirdim ki, ümummilli liderimiz Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bu məsələ ilə bağlı xüsusi bəyanatla çıxış etdi. Ölkə vətəndaşlarına ünvanlanmış müraciətdə deyilirdi: “Azərbaycanda söz azadlığı, mətbuat azadlığı demokratiyanın əsas prinsiplərindən biri olaraq, tam bərqərar olunubdur. Ancaq, təəssüflər olsun ki, bəzi qəzetlər, ayrı-ayrı şəxslərə mənsub olan qəzetlər, yaxud müstəqil qəzetlər, müxtəlif partiyalara mənsub olan qəzetlər Azərbaycanın Konstitusiyasının, Azərbaycan Qanunlarının mətbuat  azadlığı, söz azadlığı haqqında yaratdığı şəraitdən sui-istifadə edirlər. Biz qəzetlərdə çox tez-tez ayrı-ayrı insanların təhqir olunması, onların haqqında böhtanlar, yalanlar yazılmasının şahidiyik. Mənim özümü də, Azərbaycan Prezidentini də bəzi hallarda təhqir edirlər, mənə böhtan atırlar. Mənim haqqımda müxtəlif uydurmalar yayırlar. Ancaq mən bunlara dözürəm. Dözürəm ona görə yox ki, mən bunlara qarşı qanun çərçivəsində tədbir görə bilmirəm. Ona görə ki, mən belə yazıların müəlliflərinin hərəkətlərini Azərbaycanın mənəviyyatına, Azərbaycanın dövlətçiliyinə zidd hərəkətlər kimi qəbul edirəm.

Azərbaycan Prezidenti Azərbaycanın simvoludur. Azərbaycanın dini rəhbəri bizim müsəlman dinimizi nəinki Azərbaycanda, bütün Qafqazda təmsil edən ən yüksək vəzifəli şəxsdir. Əgər Azərbaycanın dini rəhbəri bütün Qafqaz müsəlmanlarının Şeyxülislamı adını alıbsa, demək, bu bizim böyük iftixar hissidir. Məlumdur ki, cənab Allahşükür Paşazadə tutduğu bu vəzifədə 20 ildən çoxdur xalqa sədaqətlə xidmət edir. Azərbaycanın xarici siyasətində özünəməxsus imkanlardan istifadə edərək iştirak edir və Azərbaycanın dövlətçiliyinə xidmət edir. Onun haqqında bu cür əxlaqsız, mənəviyyatsız sözlərin yazılması bunun müəlliflərinin və qəzetin nə qədər düşgün vəziyyətdə olduğunu nümayiş etdirir.

... Əgər insan mənsub olduğu millətin milli-mənəvi dəyərlərini anlaya bilmirsə, yaxud onları qəsdən təhrif edirsə, əgər vəziyyət o dərəcəyə çatırsa ki, hətta Azərbaycanın dini rəhbəri təhqir olunur, onda təbiidir ki, bu bizi narahat etməlidir.  Mən bunuüçün deyirəm? Çünki bu, indi Şeyxülislama yönəldilmiş bir təhqirdir. Amma, ümumiyyətlə, təhqir, yalan, böhtan bizim bir çox mətbuat orqanlarında adi hala çevrilibdir. Nə məqsəd daşıyırlar? Ölkədə, insanlarda müxtəlif fikir formalaşdırmaq. Buna nail ola bilməyəcəklər!”.

Unudulmaz öndərimiz Heydər Əliyevin bu tarixi bəyanatı çoxlarına dərs oldu, ağsaqqallar tərəfindən böyük rəğbətlə qarşılandı, onları milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi daha geniş, əhatəli şəkildə təbliğ etməyə ruhlandırdı. Ağsaqqalların gənclərlə görüşləri intensivləşdi, aparılan söhbətlərin mövzuları daha aktual xarakter aldı.

Bir sözlə, cəmiyyətimiz zəngin həyat təcrübəsi, qibtəedici təşkilatçılıq məharəti olan Heydər Əliyevin bəyanatından çox şey əxz etdi, ictimai-siyasi təşkilatları, o cümlədən Ağsaqqallar Şurası öz fəaliyyətini daha da canlandırdı. Xeyir-şər məclislərində ifratçılığın və israfçılığın qarşısının alınması istiqamətində ağsaqqalların həyata keçirdikləri tədbirlər hər cür alqışa layiqdir. Ağsaqqallar Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə həyata keçirdiyi bu layihə son vaxtlar xeyir-şər məclislərində müəyyən qayda-qanun yaratmışdır.

Ötən il keçirilmiş növbədənkənar VI qurultay bir daha göstərdi ki, təsis olunduğu gündən bəri şərəfli yol keçən Azərbaycan Ağsaqqallar Şurası bu gün ölkəmizdə vətəndaş cəmiyyəti təsisatları arasında xüsusi yer tutur. Azərbaycan Ağsaqqallar Şurası milli-mənəvi dəyərlərimizin qorunması, saflıq, ədalətlilik kimi yüksək insani keyfiyyətlərin cəmiyyətdə geniş yayılmasını özünün əsas vəzifələrindən hesab edir. Eyni zamanda, gənc nəslin mənəvi və fiziki sağlamlığına, Vətənə sədaqət ruhunda tərbiyəsinə diqqət yetirən ağsaqqallar bu istiqamətdə də əzmkarlıq göstərirlər. Bütün bu məsələlər üzrə maraqlı layihələr reallaşdıran ağsaqqallar tez-tez hərbi hissələrdə olur, əsgər və zabit heyəti ilə görüşlər keçirirlər.

Respublikamızın bir sıra şəhər və rayonlarında gənclərin yaxından iştirakı ilə zona müşavirələri və görüşlər keçirən ağsaqqallar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində qarşıda duran vəzifələrdən danışmış, “Xocalıya ədalət” beynəlxalq kampaniyasının əhəmiyyətini xüsusi vurğulayaraq, gənclərin bu işdə yaxından iştirak etmələrini vacib saymışlar. Vətən uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsinin yad edilməsi üçün Azərbaycan Ağsaqqallar Şurası geniş xeyriyyəçilik fəaliyyəti göstərir.

Azərbaycan Ağsaqqallar Şurası beynəlxalq əlaqələrin genişlənməsinə də diqqət yetirir. Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının işində fəallıq göstərən təmsilçilərimiz bu qurumun indiyədək keçirilmiş dörd iclasında iştirak ediblər. Fəxrlə qeyd edə bilərik ki, dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, Vətənimizin davamlı inkişafında, gənc nəslin vətənpərvər ruhda yetişməsində, elm, təhsil və mədəniyyətimizin inkişafında ağsaqqalların müstəsna xidmətləri var.

Prezident İlham Əliyevin qurultaya ünvanladığı təbrik məktubunda deyilir: “Fərəhli haldır ki, respublikamızın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında ağsaqqallar yaxından iştirak edir, dəyərli təşəbbüslər irəli sürürlər. Biz paytaxtregionlarda genişmiqyaslı quruculuq işlərini həyata keçirərkən onların rəy və təkliflərini nəzərə alır, müdrik tövsiyələrinə istinad edirik. Yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində ağsaqqalların böyük rolu vardır”.

Ağsaqqallarımızın əsas vəzifəsi müasir gəncliyi milli vətənpərvərlik ruhunda yetişdirmək, onları düzgün yola istiqamətləndirmək, cəmiyyətimizi narahat edən məsələlərin həllində fəal iştirak etmək, dövlətimizin yürütdüyü siyasəti dəstəkləməkdir. Azərbaycan ağsaqqalları keçmişdə olduğu kimi, indinin özündə və gələcəkdə də müqəddəs missiyalarını xalqımızın adına layiq şəkildə həyata keçirəcək, Azərbaycan cəmiyyətinin mənəvi saflığının qorunub saxlanılmasına, milli dəyərlərimizin gələcək nəsillərə layiqincə ötürülməsinə var qüvvələrini əsirgəməyəcəklər.

...Ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatı və fəaliyyəti hər bir azərbaycanlı üçün ilham çeşməsidir. Bu tükənməz çeşmədən bəhrələnən Azərbaycan xalqı xariqələr yaradır, ölkəmizi dinamik inkişaf etdirərək dünya dövlətləri sırasında iftixarla ön cərgədə gedir. Respublikamızın paytaxtı Bakı gündən-günə gözəlləşir, müasir arxitektura nümunələri ilə daha da zənginləşir, beynəlxalq tədbirlərin mərkəzinə çevrilir. Bakı ilə yanaşı regionlarımız da surətlə inkişaf edir, tikinti-quruculuq, abadlıq və yaşıllaşdırma işlərində heçpaytaxtdan geri qalmır. Biz - respublika Ağsaqqallar Şurasının bir qrup üzvü ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində Ağcabədi rayonunda olarkən bir daha bunu yəqin etdik.

Ağcabədililər unudulmaz Heydər Əliyevin ruhunu şad etmək üçün hər yeri gül-çiçəyə, laləzarlığa çevirib, ümummilli liderimizin adını əbədiləşdirmək istiqamətində möhtəşəm işlər görüblər. Rayon mərkəzindəki Heydər Əliyev meydanı görənləri heyran edir. Meydan boyu sıralanmış Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyası yerli təşkilatının qərargahı milli arxitektura nümunələri kimi cazibədardır, xüsusi zövqlə hörülmüş hasar boyu bu torpaqda dünyaya göz açmış dahi Üzeyir Hacıbəyovun əsərlərinin personajları seyirçiləri müşayiət etməklə, meydan kompleksini tamamlayır. Bütün bu gözəlliyə tamaşa edən Heydər Əliyevin möhtəşəm abidəsi, sanki, memarı olduğu müstəqil Azərbaycanın bugünkü cah-cəlalı ilə fəxr edir, daha vüqarlı, daha əzəmətli görünür.

Ümummilli liderimizin abidəsini ziyarətə gəlmiş ağsaqqallar, yeni ailə həyatı quran iki gəncin sevincinə şərik oldular. Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov evlənənləri salamladı, onlara xeyir-dua verdi, xatirə hədiyyəsi təqdim etdi. Sonra Heydər Əliyev Mərkəzində təntənəli şəraitdə onların nikahları qeydə alındı. Xalqımızın böyük oğlu, ağsaqqalı Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə rayon mədəniyyət evində təşkil edilən anım mərasimi iştirakçıların xatirəsində silinməz izlər buraxdı. Mərasimi giriş sözü ilə açan Fəttah Heydərov diqqəti ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyətinə yönəltdik. Dedi ki, Azərbaycan xalqı xoşbəxt, bəxtəvər xalqdır. Ona görə ki, Heydər Əliyev kimi rəhbəri olub. Bu dahi şəxsiyyətin xalq və dövlət qarşısındakı xidmətləri əvəzsizdir. Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə inamla addımlayır. Bu yol inkişaf, tərəqqi, yüksəliş, firavanlıq yoludur. Bu yolun davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan Respublikasını inamla irəliyə aparır.

Akademik Teymur Bünyadov ölkəmizin tarixini xatırladı, dövlət xadimlərimizin adlarını çəkdi. Qeyd etdi ki, onların hamısı birlikdə Heydər Əliyev qədər xalqa xidmət göstərə bilməmişdir. Heydər Əliyev dühası bu xalqı xoş gələcəyə aparır.

Əslən Qarabağdan olan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Kərim Kərimov gördüklərindən məftun olduğunu bildirdi, düşmən əhatəsində yaşamaqla belə gözəllik yaradanlara minnətdarlıq etdi.

Milli Məclisin deputatı Tahir Rzayevbu sevincə qoşuldu.

Ağdam, Bərdə, Tərtər, Laçın, Beyləqan, Zərdab, Füzuli, Xocavənd rayonlarından gəlmiş ağsaqqalların, gənclərin nümayəndələri çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin irsinə, ideyalarına sadiq olacaqlarını, bu dahi şəxsiyyətin yadigarı olan Prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcəklərini yığıncaq iştirakçılarının nəzərinə çatdırdılar.

Ev sahibi - Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov belə mənalı, unudulmaz görüşün iştirakçılarına dərin təşəkkürünü bildirdi, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərova xeyirxah işlərində yeni-yeni uğurlar arzuladı. Sonda ulu öndərimizin müdrik bir kəlamını yada saldı: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2014.- 2 may.- S. 12.