Heydər
Əliyev – Azərbaycan xalqının iftixar və qürur mənbəyi
Müsahibələrinin birində müxbirin “Sizin üçün hansı insani keyfiyyət daha böyük önəm kəsb edir?” – sualına ulu öndər Heydər Əliyev qısa və ibrətamiz cavab vermişdi: “Mərdlik!” Əslində, bu cavab Heydər Əliyevin siyasi xarizmasının ən kamil cəhətini nümayiş etdirir. Bu ali keyfiyyət onun siyasi xarakterinin, mübarizə yolunun ən mühüm və ayrılmaz atributu kimi qəbul olunur.
Biz Heydər Əliyevin ömür yolunu izlədikdə görürük ki, mərdlik ulu öndərin xarakterinin formalaşmasında mühüm rol oynayan keyfiyyətlərdən biri olmaqla yanaşı, onun siyasi iradəsi, praqmatik dünyagörüşü ilə vəhdət təşkil edir və şəxsiyyət kimi portretinə əlahiddə cazibədarlıq və müstəsna parlaqlıq gətirir. Əlbəttə ki, bu gün ictimai şüurda özünə əbədilik statusu qazanmış “Xalq - Heydər, Heydər - Xalq” deyimi təsadüfdən yaranmamışdır. Heydər Əliyev bütün həyatı boyu canından əziz bildiyi Azərbaycan xalqının rifahı, inkişafı, istiqbalı uğrunda mərd-mərdanə, bəzən isə bir çox hallarda təkbaşına, hətta heç bir siyasi konyunkturanın çərçivəsinə sığmayan addımlar atıb, mübarizə aparmışdır. O, çıxışlarında ölkəmizin azadlığı və müstəqilliyi ilə bağlı bir məqamı xüsusi vurğulayırdı: “Azərbaycanın müstəqilliyi uğrunda hər an şəhid olmağa hazıram!”
Bu fikir sadəcə olaraq pafos deyil, dahi şəxsiyyətin hər addımında sübuta yetirilmiş bir həyat fəlsəfəsidir. Bu fəlsəfənin praktik təsdiqinə çoxlu nümunə göstərmək olar.
Heydər Əliyev bir-birinə zidd iki sistemdə Azərbaycana rəhbərlik etmişdir. O, cəmiyyət üçün qapalı hesab edilən DTK-da çalışdığı illərdə də həmişə, hər şeydən öncə, xalqın milli mentalitetinə, milli kimliyinə uyğun fəaliyyət göstərmişdir. Həmin dövrləri xatırlayarkən ulu öndər demişdir ki, mən orta məktəbdə oxuyarkən türk yazıçılarının əsərlərini çox sevirdim. Yəhya Kamalın, Əbdul Hamidin, Orxan Kamalın əsərlərini dönə-dönə oxuyurdum. Yaşar Nuri Güntəkinin “Çalıquşu” romanı mənə xüsusilə təsir etmişdi. Ancaq sonralar Stalinin əmri ilə azərbaycanlılara öz milli kimliyini unutdurmaq üçün türk yazıçılarının əsərləri dərsliklərdən çıxarıldı, tədris olunması qadağan edildi, türk yazıçılarının kitabları kitabxanalardan yığışdırıldı. Amma mən DTK-da işlədiyimə görə, türk müəlliflərinin əsərlərini əldə eldə etmək imkanım olurdu. Çünki o kitablar qadağan olunduğuna görə, bizim komitənin zirzəmisində saxlanırdı. Mən də o kitabları götürüb, kabinetimə çəkilib, səhərə kimi yatmayaraq oxuyur, səhərə yaxın aparıb yerinə qoyurdum...
Heydər Əliyevin DTK sistemindəki fəaliyyəti barədə daha dəqiq və dolğun təsəvvür yaradan hadisələrdən biri də xalq şairi Bəxtiyar Vahabzadəyə həmin illərdə sovet ideologiyasının basqılarını məharətlə zərərsizləşdirməsidir. Sevimli şairimiz xatırlayırdı ki, “Gülüstan” poemasından sonra mənə münasibət çox pis idi. Hətta, mənim həbs olunmaq məsələm də müzakirə edilirdi. Mən bütün bu bəlalardan Heydər Əliyevin qayğısı və siyasi manevrləri hesabına qurtula bildim. O, məni bir dəfə qəbuluna çağırdı, bir qədər ədəbiyyatdan, poeziyadan söhbət açdı. Sonra dedi ki, mən istəyirəm ki, siz Lenin haqqında bir əsər yazasınız. Mən də əsər yazmağa başladım və Leninin rüşvət haqqında bütün dediklərini bir yerə toplayıb, ayrı-ayrı bölmələrdə onlardan epiqraf kimi istifadə etdim. Əsər tamamlanandan sonra oxumaq üçün Heydər Əliyevə təqdim etdim. O, poema ilə tanış olandan sonra, məni yenidən yanına dəvət etdi. Dərhal hiss etdim ki, o, mənim ədəbi fəndimi qiymətləndirib və gülümsəyərək belə bir atalar sözünü xatırlatdı: Dedi ki, belə bir məsəl var, “Anam xəsisdir, kündəni xırda-xırda doğrayır, atam da bicdir, kündəni iki-iki yeyir”. Mən sənə demişəm Lenin haqqında əsər yaz, sən də Leninin sözlərindən istifadə edərək onun yaratdığı sistemə qarşı öz tənqidi fikirlərini qələmə almısan. Amma bütün bunlara baxmayaraq, mən bu əsərin çapına nail olacağam. “Leninlə söhbət” adlı həmin poema çap olundu və Dövlət mükafatına layiq görüldü...
Bu hadisə bir daha təsdiqləyir ki, Heydər
Əliyev gənc yaşlarından Sov.İKP sıralarına
daxil olsa da, kommunist sisteminin əsl mahiyyətini dərk etməmiş
deyildi. Ancaq
o, sovet sisteminin hansı gücə, imkanlara malik olduğunu da
yaxşı bilirdi. Ona görə də bu sistemə
qarşı açıq-açığına
çıxış etmək, onu tənqid etmək heç
bir müsbət nəticə verə bilməzdi. Əgər Heydər Əliyev sovet ideologiyasına
qarşı nümayişkaranə çıxsaydı, o da
yüzlərlə azərbaycanlı kimi məhv ediləcəkdi.
Heydər Əliyev öz qarşısına
qoyduğu Azərbaycan naminə məqsədlərini həyata
keçirmək üçün həm də
özünü qorumalı idi. Çünki
o, öz üzərinə düşən missiyanın nədən
ibarət olduğunu bilirdi və onu da dərk edirdi ki, bu tarixi
missiyanı yalnız özü həyata keçirməlidir.
Heydər Əliyev gerçəkdən bir xalq missioneri
idi. O, Moskvada
fəaliyyət göstərərkən Suriyada siyasi vəziyyət
gərginləşmişdi. Suriya isə Sovet
hökumətinin müttəfiqlərindən biri idi. Orada siyasi sabitliyin bərqərar olması sovetlərin
maraq dairəsində idi. Onda Sov. İKP
MK-nın Siyasi Bürosu Heydər Əliyevi Suriyaya ezam etdi.
Şübhəsiz ki, Heydər Əliyev müsəlman
Şərqində qəbul edilən nüfuz və söz
sahibi idi. O, Suriya rəhbərləri ilə müəyyən
danışıqlar aparıb siyasi gərginliyi aradan
qaldıra bilmişdi. Ulu öndər Suriyada olduğu vaxtda
heç bir protokolda nəzərdə tutulmayan, o dövr
üçün həm cəsarətli, həm də heyrətamiz
bir addım atır: SSRİ-nin Dəməşqdəki səfirliyinə
göstəriş verir ki, böyük Azərbaycan şairi Nəsiminin
Hələbdəki qəbrinin yerini müəyyənləşdirsinlər
və o, dar macalda gedib Nəsiminin məzarını ziyarət
etmişdir. Bunu kim edə bilərdi? Bu, adi bir cəsarət nümunəsi deyil, bunu
sıradan bir qəhrəmanlıq aktı da hesab etmək
olmaz. Bu addımı ancaq öz millətini,
tarixini sevən, millətinin gələcəyini
düşünən böyük lider, istiqlal mücahidi edə
bilərdi.
Heydər
Əliyevin sovet ideologiyasının alt qatlarına siyasi
düşüncə ilə vurduğu “zərbələrdən”
daha bir nümunə göstərək: Vaxtilə biz
“Gülüstan” poemasını cəsarət nümunəsi
hesab edirdik və burada böyük həqiqət vardı.
Ancaq bu hadisədən, poemanın çapından bir neçə
il sonra Heydər Əliyev sovet
ideologiyasının rəmzi olan və əlini təkəbbürlə
paytaxtımıza tuşlayan Kirovun heykəlindən
aşağıda “Gülüstan” adlı saray tikdirir. Bu, əslində Heydər Əliyevin ikiyə
bölünmüş Azərbaycan xalqının tarixi faciəsini
özündə əks etdirən fundamental monument idi. Həmin sarayda qonaq olan dövlət adamlarına
“Gülüstan” adının hansı assosiasiya
doğurduğunu izah etməyə heç bir ehtiyac
qalmırdı. Bu addımı atmaq
üçün vətəndaşlıq yanğısı, vətənpərvərlik
bəs etmirdi. Bu işi görmək üçün həm
də böyük cəsarət sahibi olmalıydın! Sonralar Heydər Əliyev bu mövzunu müstəqillik
illərində də öz fəaliyyətinin əsas prinsipi
kimi qoruyub saxlamışdır.
“Siz
hansı şairi sevirsiniz” sualına ulu öndərin: “Şəhriyarı”
- cavabını verməsi, əlbəttə ki, təsadüfi
xarakter daşımır. Bu, o deməkdir ki, Heydər
Əliyev Azərbaycanın mədəniyyətinin tarixinin o
tay-bu taya bölünməsinə daxilən etiraz edir, həm
də bunu elə formada ifadə edir ki, heç bir qonşu
dövlət bundan siyasi məqsədlər üçün
istifadə edə bilməsin.
Həmin müsahibənin bir yerində “Hansı sənət
növünü sevirsiniz?”—sualına isə “Miniatür sənətini”
- deyə cavab verir. Tarixdən bizə bəllidir
ki, miniatür sənətinin əsası Təbrizdə
qoyulub və orada öz inkişafının yüksək mərhələsinə
çatmışdır. Heydər
Əliyev onu demək istəmişdir ki, bizim millətimizin, Azərbaycan
türklərinin mənəvi-mədəni, həm də
tarixi paytaxtlarından biri də Təbriz şəhəridir.
Təbrizin adı Bakı ilə birlikdə
çəkilməlidir və həmin müsahibədə də
bu paralelliyə ciddi şəkildə riayət edir. Ən çox sevdiyi şəhər kimi
Bakını qeyd etməklə yanaşı, miniatür sənətinin
adını çəkməklə Təbrizin də
adını xatırlamağı özünə borc bilir.
Bu baxımdan Heydər Əliyev 1969-cu ildə Azərbaycanın
rəhbəri seçildikdən sonra “Literaturnaya qazeta”ya verdiyi
“Qoy ədalət zəfər çalsın!” adlı
müsahibə ilk baxışdan adi görünə bilər. Amma burada diqqəti çəkən
çox ciddi bir məqam, həm də o dövr
üçün çox sensasiya doğura biləcək bir məqam
var: sovetlər sisteminin az qala bütün
dünyaya sosializm ideyalarını ixrac etməyə
iddialı olduğu bir məqamda imperiyanın ucqar vilayətlərindən
biri sayılan Azərbaycan Respublikasının rəhbəri mətbuatda
“Qoy ədalət zəfər çalsın!” – deyə
çağırış etməklə, əslində, o
dövrün ictimai fikir adamlarını – ziyalıları,
ideoloqları düşünüb-daşınmağa vadar
etmişdi...
Ümumiyyətlə, Heydər Əliyev Azərbaycan KP
MK-nın birinci katibi seçildiyi ilk gündən o dövr
üçün standartlaşmış sovet lideri stereotiplərini
alt-üst etdi.
O, tez-tez mətbuat nümayəndələri ilə
görüşür, insanlarla açıq və səmimi
ünsiyyət qurur, insanların iş yerlərinə baş
çəkir, korrupsiyaya, rüşvətxorluğa,
tayfabazlığa, yerliçiliyə... qarşı
açıq müharibə elan edir və mübarizə
aparırdı.
Heydər Əliyev elə nadir istedad sahiblərindən
idi ki, istənilən peşəkarlarla dialoqa girə bilir, istənilən
sahə barədə orjinal fikirlər irəli
sürürdü. Mən onun bu xüsusiyyətinin canlı
şahidlərindən biri olmuşam.
1993-cü
ildə “Yeni Azərbaycan” qəzetini nəşrə
hazırlayarkən mənə verdiyi tapşırıq və
tövsiyyələr əsasında qəzetçiliklə
bağlı elə detallara toxunurdu ki, heyrətimi gizlədə
bilməyib ona sual verdim: “Siz bütün bunları haradan
bilirsiniz?” Heydər Əliyev gülümsəyərək
“İzvestiya” qəzetinin mətbəəsində tez-tez
olduğunu, hətta qurğuşundan tökülmüş
şriftrləri öz əli ilə səhifələrə
necə düzdüyünü danışdı. Və çap prosesindəki incəliklərdən əsl
peşəkarlıqla söhbət açdı.
Bütün bu sadaladığımız nümunələr
Heydər Əliyevin böyük zəkasından, nadir
istedadından, biliyindən, bacarığından, eyni zamanda
demokratik təbiətindən, ruhundan irəli gəlirdi. Onun sadə insanlarla,
zəhmət adamları ilə hər görüşü
yaddaqalan hadisəyə və şirin xatirələrə
çevrilirdi.
Heç yadımdan çıxmaz. Qocaman
neftçilərdən biri danışırdı ki, Heydər
Əliyev Neft daşlarına gəlmişdi. Hamı ilə çox mehribancasına
salamlaşıb görüşdü, əlim mazutlu olduğuna
görə mən kənara çəkildim. Heydər
Əliyev dərhal bunu hiss etdi və mənə: “Əlini bura
ver, mənə elə sənin mazutlu əlin lazımdır”
deyib əlimi sıxdı və əlavə etdi: “Mən bura rəhbər
işçilərlə görüşməyə yox, elə
sənin mazutlu əlini sıxmağa gəlmişəm”.
Ulu
öndərimizin demokratik dünyagörüşü, azad
ruhlu təbiəti müstəqillik illərində daha
aydın formada özünü büruzə verdi.
Müstəqilliyimizin ilk illərində
demokratik dəyərlərin təhrif olunmasına tez-tez rast gəlinirdi.
Bu cür yanlış tendensiya Azərbaycanın
müstəqilliyinin əldə olunmasına münasibətdə
də özünü göstərirdi. Heydər
Əliyev belələrinə çox aydın və tarixi bir
çağırışla cavab verirdi: “Azərbaycanın
dövlət müstəqilliyi Azərbaycan xalqının
milli sərvətidir. Bu sərvəti heç
bir şəxs və heç bir siyasi qüvvə özününküləşdirə
bilməz”. Bu sözlər bir şəxsə
və hər hansı siyasi qüvvəyə verilən cavab
kimi qiymətləndirilməməlidir. Bu
fikirlər müstəqil və demokratik Azərbaycanın
ideoloji bazasını təşkil edən əsas tezis kimi dəyərləndirilməlidir.
Heydər Əliyev müstəqillik illərində
özünün fərqli baxışları ilə
müxalifətçilik və demokratik normalara yeni məzmun və
çalarlar əlavə edirdi. O deyirdi: “Biz elə bir dövlətdə
yaşayırıq ki, müxalifət mütləq
olmalıdır. Müxalifətsiz cəmiyyət
qurmaq mümkün deyil. Kim istəyir müxalifətdə
dayansın, ancaq heç kim öz Vətəninə,
dövlətinə, millətinə, xalqına qarşı
müxalifətdə olmamalıdır." O bəzən
müxalifətin passivliyini görüb, onlara impuls verərək
canlandırır və siyasi proseslərə cəlb edirdi.
1998-ci ildə bəlkə də heç bir ölkənin
siyasi tarixində görünməyən bir hadisə baş verdi. O, müxalifət liderlərinə məktubla
müraciət edib, siyasi proseslərdən kənarda
qalmamağa, bu proseslərdə iştirak etməyə və
prezident seçkilərində namizəd olmağa dəvət
etdi.
Hiss və
emosiyalara qapılmadan bir məqamın üstündə
xüsusi dayanmaq istəyirəm. Mən birmənalı
şəkildə Heydər Əliyevi müasir
dövrümüzün ən böyük demokratı hesab
edirəm. Çünki demokratiya təkcə
bizdə bəzilərinin məhdud düşüncəsinə
görə təkcə öz fikirlərini sərbəst
şəkildə ifadə etmək mədəniyyəti deyil.
Demokratiya, hər şeydən öncə,
insanları dinləmək mədəniyyətidir. Heydər Əliyev insanları, uşaqdan
böyüyə hamını böyük səbr və təmkinlə
dinləyirdi. O, yalnız insanlara qulaq asmaq, onları dinləməklə
kifayətlənmir, qaldırılan problemlərə çox
humanistcəsinə yanaşmağı bacarırdı. O, qəbul
etdiyi qərarların icrası üçün dəmir
iş üslubundan istifadə edərək, hər şeyi
ciddi nəzarətdə saxlayırdı. Eyni
zamanda, irəli çəkdiyi, etimad göstərdiyi, məsul
vəzifələrə təyin etdiyi kadrları sona qədər
müdafiə edirdi.
Heydər Əliyevin həyat fəaliyyətinin hansı sahəsini izləsək aydın olur ki, o, bütün məqamlarda ardıcıl və sistemli bir düşüncənin və siyasi əxlaqın sahibi olaraq fəaliyyət göstərmişdir. Heydər Əlirza oğlu belə ali keyfiyyətlərinə görə Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə Azərbaycan xalqının şəksiz və şəriksiz lideri statusunu qazanmış, tariximizin iftixar və qürur mənbəyi kimi əbədi yaddaşlarda qalmışdır. Birinci dəfə (1969-1982-ci illər) Azərbaycanın güclü inkişafına nail olunmuş, respublikanın gələcək müstəqilliyi üçün maksimum və təxirəsalınmaz işlər görmüşdür. İkinci dəfə (1993-2003-cü illər) Azərbaycan rəhbərliyinə özünün qurtuluşçu missiyası ilə daxil olmuş və bu dövrdəki tarixi rolunu hamıdan dəqiq qiymətləndirə bildiyinə görə deyirdi ki, “mən Azərbaycanda əbədi olacağam”.
Bəli, əbədilik, ölməzlik Heydər Əliyevin siyasi obrazını tamamlayan xarakterik cizgidir...
Xeyrəddin QOCA,
yazıçı
Xalq qəzeti.- 2014.- 3 may.- S. 3.