160 saylı Klassik Gimnaziyada bayram ovqatı yaşandı

 

Səbail rayon 160 saylı Klassik Gimnaziyada ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş təntənəli tədbir keçirildi.

160 saylı Klassik Gimnaziyanın direktoru, əməkdar müəllim Faina Ələkbərova  tədbiri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə giriş sözü ilə açdı. Direktor  çıxışında bildirdi ki, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Azərbaycanın böyük oğlu Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmiş, bütün mənalı ömrünü doğma Vətənə, xalqının xoşbəxtliyinə həsr edib. Onun dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi prinsipiallıq və iradə sonsuz Vətən sevgisinin parlaq nümunəsidir.

Gimnaziyanın IV sinif şagirdlərinin buraxılış bayramı qeyd olunan tədbirə bir ayrı rəng qatıldı. Şagirdlər maraqlı proqramla məktəbin akt zalında böyük bir cöşqu yaratdılar.  Yeni Azərbaycan Partiyası gimnaziya təşkilatının sədri, IV sinfin rəhbəri Məlakə Əhmədova  şagirdlərin sevincli anlarını onların yola saldıqları dörd il ərzində qazandıqları uğurları ilə tədbir iştirakçılarına  xatırlatdı. M. Əhmədova dedi: “40 illik müəllimlik fəaliyyətimin son 20 ili 160 saylı Klassik Gimnaziya ilə bağlıdır. Builki ibtidai sinif  5-ci buraxılış sinfidir. Bu göstərici hər bir müəllim kimi mənim də həyatımın şərəfli hissəsinə aiddir. Məktəbimiz üzrə ötən il 39 şagird ali məktəbə daxil oldu, onlar mənim I sinifdə dərs dediyim uşaqlar idi, demək olar ki, bütün sinif ali məktəblərə daxil olmuşdu. Bu sevinci sözlə ifadə edə bilmirəm. İnditam olaraq 41 şagirdim əla və yaxşı qiymətlərlə ibtidai sinfi tamamlayıb V sinfə keçir. Uşaqlarla birgə bu bayrama xüsusi proqram hazırlamışıq. Dünya xalqlarının dillərində mahnılar, gözəl rəqslər məclisimizə inanıram ki, xoş ovqat qatacaqdır.”

Dördüncülər ilk olaraq ulu öndərin şərəfinə yazılmış şeirlərlə qonaqları salamladılar, sonra isə rəngarəng proqramlarla hər kəsin könlünü oxşadılar.

Proqramın başa gəlməsində rəqs müəllimi Səbinə xanımın, mahnıların yüksək zövqlə ifa olunmasında Pərvanə müəllimin zəhməti xüsusi qeyd olundu.

Uşaqlar  sevincdən nura boyanmışdılar, həmin gün sanki bir boy daha da böyümüşdülər.

Gimnaziyanın direktoru Faina Ələkbərova hər kəsi bir daha ürəkdən təbrik edib, uğurlar arzuladı.

 

A.ÜLVİ

 

Xalq qəzeti.- 2014.- 3 may.- S. 3.