Hər eldə-obada
izi var
Ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi Azərbaycanın bütün bölgələrində olduğu kimi, Qusar rayonunda da bu dahi insana sevgi və məhəbbətdən doğan qədirbilənliklə qeyd edilir. Belə bir əlamətdar gün ərəfəsində Heydər Əliyevin idarəçilik və təsərrüfatçılıq məktəbini keçmiş, həyat yollarında onun ideyalarından bəhrələnmiş, siyasi baxışlarını öz amalı kimi müəyyənləşdirmiş bir vətəndaş kimi, ümummilli liderin Qusar və qusarlılara xüsusi rəğbəti ilə bağlı öz ürək sözlərimi bölüşmək mənim üçün də olduqca böyük şərəfdir.
Heydər Əliyev 1969-cu ildə respublikamıza ilk dəfə rəhbər seçiləndə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirərək yenicə əmək fəaliyyətinə başlamışdım.
Əvvəl tələbə kimi, sonralar gənc mütəxəssis olaraq respublikamızın lideri ilə fəxr edərdik. Hafizəmdə Heydər Əliyev fenomeni məhz o illərdə yarandı: gənc, şux, qətiyyətli, prinspial, mübariz və yorulmaz!
Azərbaycanın rayonlarını bir-bir gəzər, çox məhsuldar və effektli müşavirələr keçirər, kəndin, kəndlinin qayğı və ehtiyaclarını öyrənməklə qətiyyətli, gələcəyə hesablanmış tədbirlər görərdi. Məhz Heydər Əliyev çox qısa bir zamanda kəndi canlandıra, burada yaşayan insanlarda əmək fəallığını yüksəldə, sabaha inam hissi yarada bildi. Eyni zamanda, İttifaq rəhbərliyinin diqqətini Azərbaycan iqtisadiyyatına yönəltdi. Respublikada mövcud potensialın əhəmiyyətini göstərərək, onun inkişafına şərait yaradılmasının-vəsait ayrılmasının zəruriliyini əsaslandırdı.
Qayğı və tələbkarlıq – Heydər Əliyev idarəçilik məktəbinin əsas prinsipi idi. O məktəbin gənc kadrları kimi gecə-gündüz, hətta fanatikcəsinə, evin, ailənin qayğılarını da unudaraq ümumi iş üçün çalışırdıq.
Qusar rayonunun Urva sovxozunda baş aqronom işlədiyim həmin dövrdə (1972-1974-cü illər) respublikamıza İttifaq dövlətinin keçici bayrağının təqdim edilmə mərasimində mənə gənc mütəxəssis kimi iştirak etmək şərəfi nəsib oldu. Bu dahi şəxsiyyəti ekranda yox, canlı olaraq ilk dəfə həmin tədbirdə gördüm. Qəddi-qamətli, enerjili, qətiyyətli və inamlı. Təbii, ona həsəd aparan, oxşamağa çalışanlar çox idi.
Heydər Əliyevin etdiyi dərin mənalı, proqram məzmunlu məruzələri dinlədikcə məndə böyük ruh yüksəkliyi, işləmək və özü də onun göstərdiyi kimi vicdanla işləmək, Vətəni qəlbən sevmək, yaradıcı olmaq, xalqa xidmət etmək, özünü cəmiyyətdə nümunəvi aparmaq kimi ideallar formalaşdırdı.
Qismət elə gətirdi ki, sonralar bu təsərrüfatda uzun müddət direktor vəzifəsində işlədim, Heydər Əliyevin Şamaxı və Sabirabad rayonlarında apardığı geniş kənd təsərrüfatı müşavirələrinin iştirakçısı oldum. Bu görüşlər məni daha fəal çalışmağıma, təsərrüfatda yeni nailiyyətlər əldə etməyə həvəsləndirdi. Nəticədə rəhbərlik etdiyim təsərrüfat – Urva sovxozu o vaxtlar dəbdə olan sosializm yarışında qalib gələrək, Azərbaycan KP MK-nın Keçici Qırmızı bayrağına layiq görüldü. Sonralar sovxoz Ümumittifaq cins tərəvəz toxumçuluğu sisteminə daxil olduğundan onun təcrübəsi ilə artıq SSRİ səviyyəsində maraqlanmağa başladılar.
Heydər Əliyev məktəbinin yetirməsi olduğumu sübuta yetirərək, rəhbərlik etdiyim təsərrüfatın “Yüksək mədəniyyət və nümunəvi ictimai- asayiş sovxozu” adına layiq görülməsinə nail oldum. Sonralar təsərrüfatımız mədəniyyətə hami köməyinə görə SSRİ Mədəniyyət Nazirliyinin mükafatına layiq görüldü.
Bir müddətdən sonra daha məsuliyyətli, daha böyük dövlət işlərinə irəli çəkildim. Rayon XDS icraiyyə komitəsinin sədri, icra hakimiyyəti başçısının birinci müavini və başqa vəzifələrdə çalışarkən onun müdrik tövsiyələrinə həmişə sadiq qaldım. Heydər Əliyev çıxışlarından birində demişdi: “Bilirəm ki, 30 ildən artıq müddətdə xalqa bəxş etdiyim töhfələr-zavodlar, buruqlar, binalar, obyektlər, yeni qəsəbələr... mən həyatda olmayanda da Heydər Əliyevin izləri kimi yaddaşlarda yaşayacaq.” Həqiqətən də, indi ölkəmizin hər bir bölgəsində, hər rayonunda, kəndində və obasında onun izi, xatirəsi yaşayır.
Rayonumuzda keçən əsrin 70-ci illərində böyük massivlərdə meyvə bağlarının salınması, Qusar və Samur konserv zavodlarının, heyvandarlıq komplekslərinin, aqrar avtoparkın, suvarma sistemlərinin, körpülərin, yolların tikilməsi, təchizat sisteminin qurulması və digər infrastrukturların təməli və istifadəsi məhz Heydər Əliyevin göstərişi, şəxsi köməyi ilə reallaşmışdır.
Böyük həcmdə ayrılmış vəsait hesabına yaradılan obyektlər rayon əhalisinin yaşayış səviyyəsinin yüksəldilməsinə, şəhər, qəsəbə və kəndlərimizin abadlaşmasına böyük stimul yaratmışdır. Keçmiş İttifaq dövləti üzrə ikinci ən iri meyvə bağı massivi məhz Qusar rayonunda salınmışdı. Həmin bağların salınmasına və cavan bağlara aqrotexniki qulluq işlərinə dövlət tərəfindən böyük həcmdə vəsait ayrılırdı ki, bu da bağçılıqla məşğul olan zəhmətkeş insanların ailə büdcələrinə əsaslı kömək göstərirdi. Qusarın tarixində meyvəçilik və tərəvəzçilikdə rekord məhsul məhz həmin illərdə toplanıb.
Ulu öndərin 1998-ci ilin oktyabrında Qusara baş tutmuş səfəri zamanı rayon sakinləri qarşısında etdiyi unudulmaz nitqində o illəri xatırlayaraq demişdi: “...Qusarlılar xüsusi etimada layiqdir. Sizin tarixiniz qəhrəmanlıq tarixidir. Sizin tarixiniz qurub-yaratmaq tarixidir. Vətənə, torpağa, dövlətə sədaqət göstərmək tarixidir... Adətən, deyirlər ki, mən Qusara 1969-cu ildən diqqət yetirməyə başlamışam. Amma mən hələ 50-60-cı illərdə Qusara dəfələrlə gəlmişəm. Qusarın işləri ilə məşğul olmuşam, Qusarın insanları ilə bir yerdə işləmişəm və Qusarın gözəl mənzərələrinə həmişə heyran olmuşam. Azərbaycana rəhbərlik etdiyim zaman daim Qusarın qayğıları ilə yaşamışam. Qusarın inkişaf etməsi üçün tədbirlər görmüş, onların həyata keçməsinə nail olmuşam.” Bəli, həmin illəri əhalinin yaşayış səviyyəsinin hərtərəfli inkişafı- sosial təminatda dirçəliş dövrü adlandırmaq olar.
Bu gün Azərbaycanın həmin dövrdə aldığı keçici bayraqları bəyənməyənlər, ona şəbədə qoşanlar var. Amma ümummilli liderimiz demişkən, ömründə bir ağac əkib, daşı-daş üstə qoymayan həmin adamlar anlamırlar ki, o keçici bayraqların arxasında böyük pul mükafatları, tikiləcək sənaye müəssisələri, salınacaq qəsəbə və şəhərlər dururdu ki, bu da son nəticədə xalqımızın sosial rifahının yüksəlməsinə xidmət edirdi. Bu mənada müstəqil Azərbaycanın iqtisadi bünövrəsi məhz həmin dövrdə – ötən əsrin 70-80-ci illərində qoyulmuşdur, – desək səhv etmiş olmarıq. Heydər Əliyevin xalqı qarşısında ən böyük xidməti Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas edərək vətəndaş müharibəsinin caynağından qurtarmasıdır. Bu məqamda bir məsələnin üstündən sükutla keçə bilmərəm: Müstəqilliyimizin ilk illərində hakimiyyət başına gələn təcrübəsiz və səbatsız insanların yürütdüyü yanlış milli siyasət nəticəsində ölkədə o cümlədən respublikamızın şimalında separatçılıq meyilləri baş qaldırmışdı. Bu meyillər xarici qüvvələr tərəfindən daha da qızışdırılırdı. 1994-cü ilin fevralında dahi öndərin respublikanın ləzgi ictimaiyyəti ilə görüşü keçirildi. Bu görüşdə bir çox məsələlərə aydınlıq gətirildi. “Azərbaycan ləzgilər üçün doğma torpaqdır və onlar heç bir yerdə özlərini bu qədər rahat hiss etmirlər”, — deyən ümummilli lider milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların Azərbaycan xalqının tərkib hissəsi kimi qəbul edildiyini, Azərbaycanın bütün azərbaycanlıların vahid və bölünməz Vətəni olduğunu bəyan etdi. Bu müddəalar sonralar onun sədrliyi ilə işlənib hazırlanan, ümumxalq səsverməsi ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyasında təsbit olundu.
Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti möhtərəm İlham Əliyevin apardığı iqtisadi islahatlar ölkədə makroiqtisadi göstəricilərin və büdcə daxilolmalarının artmasına səbəb olmuşdur. Yoxsulluğun azaldılması, əhalinin məşğulluğu, yeni iş yerlərinin açılması və s. məsələlər dövlətin daim diqqət mərkəzindədir. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən təsdiq edilmiş Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurla həyata keçirilməsi ölkə iqtisadiyyatının davamlı inkişafını, yeni iş yerlərinin açılmasını təmin etmişdir.
Cənab İlham Əliyevin bölgələrə, o cümlədən Qusara səfərləri, görülən işlərlə şəxsi tanışlığı, tapşırıq və tövsiyələri regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində mühüm əhəmiyyətə malikdir.
Son illərdə Qusar tanınmaz dərəcədə dəyişmişdir. Şəhərin neçə yerində bir-birindən gözəl binalar tikilmiş, parklar, xiyabanlar salınmış, yollar çəkilmiş, küçə və prospektlər abadlaşdırılmışdır. Sonsuz fərəh və qürur hissi ilə bildirirəm ki, bu yeniləşmə və tərəqqi təkcə Qusarda deyil, rayonun digər yaşayış məntəqələrində də gedir. Sevindirici haldır ki, rayon rəhbərliyi görülmüş işlərlə qane olub arxayınlaşmır, yeni təşəbbüslər irəli sürür, bir-birindən gözəl layihələr düşünüb həyata keçirir. Elə bu səbəbdəndir ki, rayonda tikinti-quruculuq, abadlıq işləri günü-gündən yeni vüsət alır. Bütün bu işlər rayon icra hakimiyyətinin başçısı Şair Alxasovun bilavasitə nəzarəti və rəhbərliyi altında aparılır. İcra başçısı hər gün neçə ünvana baş çəkir, işin gedişini yoxlayır, problemlərlə maraqlanır, kömək göstərir, məsləhət və tövsiyələrini verir. Belə tikinti-quruculuq işlərində zəngin təcrübəsi olan bir ağsaqqal-veteran kimi, qusarlılar adından ona təşəkkürümü bildirəndə Ş.Alxasov səmimiyyətlə belə dedi:
– Başqa cür mümkün deyil, bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə, eləcə də regionlarımızda o qədər sürətli inkişaf var ki, bir balaca arxayınlaşsan, dəstədən geri qalacaqsan. Digər tərəfdən isə, ulu öndərimiz Heydər Əliyev Qusarımızın – bu gözəl diyarın qədrini bilməyi, onu gülüstana çevirməyi bizə tövsiyə edib. Ümummilli liderimizin bu arzusunu, inşallah, həyata keçirəcəyik.
Qısa müddət ərzində yeni iş yerlərinin açılması istiqamətində əldə edilən nailiyyətlər iqtisadiyyatın inkişafı, sosial vəziyyətin getdikcə yaxşılaşması, istehsal və xidmət sahələrinin yaradılması, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı nəticəsində mümkün olub. Bütün nailiyyətlər ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının qətiyyətlə davam etdirilməsinin nəticəsidir.
Mayıl
BAĞIROV
Xalq qəzeti.- 2014.- 3 may.- S. 4.