Ümummilli lider Heydər Əliyev və Azərbaycan ədəbiyyatı

 

Bakı Dövlət Universiteti filologiya fakültəsi, müasir Azərbaycan ədəbiyyatı kafedrasının II kurs magistrantı Ayşən Sadıqlının ümummilli lider Heydər Əliyevə həsr olunmuş ikinci kitabı işıq üzü görmüşdür. “Ümummilli lider Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” adlanan 304 səhifəlik kitabda milli-mənəvi sərvətlərimizdən olan Azərbaycan ədəbiyyatının inkişafında əvəzsiz xidmətləri olan Heydər Əliyevin çıxışları, nitqləri və məruzələri toplanmış, ulu öndərin Azərbaycan ədəbiyyatı ilə bağlı imzaladığı fərman və sərəncamlar öz əksini tapmışdır.

Kitaba BDU-nun filologiya fakültəsinin dekanı, dosent Məhərrəm Vəliyevin yazdığı “Ön sözümummilli liderimizin ədəbiyyat haqqında çox qiymətli fikirləri ilə başlayır: “Ədəbiyyat bizim xalqımıza çox böyük faydalar gətiribdir. Ədəbiyyatımız bizim böyük milli sərvətlərimizdən biridir. Biz bununla fəxr etməliyik. Şəxsən mən həmişə belə hesab etmişəm, bu gün də belə hesab edirəm, daim belə düşünəcəyəm. Hesab edirəm ki, bizim ədəbiyyatımızın, bədii sözün, yazıçı, şair sözünün cəmiyyətə, millətə, xalqa təsiri böyükdür”.

Ulu öndər Heydər Əliyev yazıçı və şairlərimizin yubileylərinin təntənəli şəkildə keçirilməsinə, əsərlərinin çap olunmasına, təltif olunmalarına, onların heykəllərinin ucaldılmasına, məişət şəraitlərinin yaxşılaşdırılmasına böyük önəm vermişdir. O, həmçinin, bəzi şair və yazıçılarımızı həbsdən qurtarmış, uzun müddət qadağa qoyulan əsərlərin çap edilməsinə nail olmuş, senzura qadağalarını ortadan qaldırmışdır. Heydər Əliyevin ədəbiyyata önəm və dəyər verməsi iki cəhəti özündə ehtiva etmişdir. Birincisi, o, dövlət rəhbəri kimi xalqın keçmişini, gələcəyini düşünən bir siyasətçi olmaqla dövlətçilik nəzəriyyəsini yerinə yetirmiş, ədəbi irsə münasibətini dövlət siyasətinin əsas tərkib hissəsi hesab etmişdir. İkincisi, Heydər Əliyev, sözün əsl mənasında, ədəbiyyatımızın vurğunu olmuşdur.

Ulu öndərin ölkəmizə birinci rəhbərliyi illərində Nizami Gəncəvi yaradıcılığına xüsusi əhəmiyyət vermiş, böyük şairin yubileyinin keçirilməsi haqqında iki qərarın verilməsinə nail olmuşdur.

“Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin UNESCO xəttilə bütün dünyada keçirilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir. Yubileyin keçirilməsinin məqsədi dövrün siyasi xəritəsində türk dünyasının əzəmətini bir daha nümayiş etdirməkdən ibarət idi.

“Dədə Qorqudu dəyərləndirən Heydər Əliyev bu qətiyyəti ilə müstəqil Azərbaycanın qüdrətini nümayiş etdirirdi. Nəsiminin 600 illik və Məhəmməd Füzulinin 500 illik yubileylərinin (1994) UNESCO səviyyəsində keçirilməsi Heydər Əliyevin klassik irsə münasibətinin və düşünülmüş siyasətinin nəticəsi idi.

Müsahibələrinin birində ulu öndər ən çox sevdiyi dramaturqun Hüseyn Cavid olduğunu söyləmişdir. H.Cavidin nəşinin Naxçıvana gətirilib orada möhtəşəm xatirə kompleksinin ucaldılması məhz Heydər Əliyevin təşəbbüsü ilə baş verdi. 1992-ci ildə Hüseyn Cavidin 110 illik yubileyi Bakıda dövlət səviyyəsində qeyd edilmədiyi halda, Heydər Əliyev Naxçıvanda- ağır şəraitdə dahi şairin yubileyinin keçirilməsinə nail olmuşdur: “Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, bütün türk dünyasının ən görkəmli bir simasıdır, təkrarolunmaz bir şəxsiyyətdir, bir şairdir və yazıçıdır. Onun yaratdığı əsərlər böyük çətinliklərdən keçərək indi artıq hamımız üçün dərslik olubdur və dərslik olmalıdır”.

Azərbaycan yazıçılarının qurultaylarında məzmunlu, təkrarolunmaz çıxışları ilə yadda qalan ulu öndər ədəbi hadisələrə bir mütəxəssis kimi yanaşmış, bir proqram şəklində öz qənaətlərini ifadə etmişdir. Sovet dönəmində məhz onun səyi və təşəbbüsü sayəsində bir qrup yazıçıya keçmiş SSRİ-nin ən böyük mükafatı olan Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilmişdir. S.Rüstəm, R.Rza, S.Rəhimov, M.İbrahimov bu ada layiq görülən ədəbiyyat nümayəndələri idi. Məhz onun göstərişi ilə Bakıda C.Cabbarlı, İ.Nəsimi, H.Cavid, N.Nərimanov və başqa ədəbi şəxsiyyətlərə heykəllər ucaldıldı.

Görkəmli dövlət xadimi hər zaman böyük səmimiyyətlə yazıçı və şairlərlə görüşür, söhbət edir, onlara müəyyən istiqamət, məsləhətlər verirdi.

 

Təsadüfi deyildir ki, ümummilli lider ilk dəfə olaraq üç şairi - Məmməd Arazı, Xəlil Rza Ulutürkü və Bəxtiyar Vahabzadəni “İstiqlalordeni ilə təltif etmişdi. Ulu öndər bu barədə haqlı olaraq demişdir: “Azərbaycanın bir neçə ordeni vardır. Onlardan ən yüksəyi Azərbaycanın “İstiqlalordenidir. “İstiqlalordeni ilə təltif olunanlar yalnız Azərbaycanın ədəbiyyat, mədəniyyət, incəsənət xadimləridir. Bu da təsadüfi deyildir, təbiidir. Çünki Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizələr müxtəlif yollarla gedibdir. Ancaq Azərbaycanın milli azadlığı, istiqlaliyyəti yolunda ən çox bizim ədəbiyyatımız, mədəniyyətimiz, incəsənətimiz xidmətlər göstəribdir”.

Kitabın əhəmiyyətli cəhətlərindən biribudur ki, mövzu üzrə çap olunmuş əsərlərin biblioqrafiyası verilmişdir. Sonda bu mövzuya dair 79 adda kitab, 142 adda dövri mətbuatda dərc edilmiş məqalələr xronoloji ardıcıllıqla öz əksini tapmışdır. Ümumilikdə, 221 adda mənbə verilmiş, ümummilli liderin bu sahədə irsini izləmək üçün materiallar xronoloji ardıcıllıqla düzülmüşdür. Kitab “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində nəfis şəkildə, poliqrafik cəhətdən yüksək səviyyədə səhifələnmiş və çap olunmuşdur.

Yeni kitabın elmi redaktorları BDU-nun filologiya fakültəsinin professoru Tofiq Hüseynoğludosent Məhərrəm Vəliyev, rəyçi professor Qara Namazov, redaktoru Solmaz      Sadıqovadır.

Ön söz”də qeyd edildiyi kimi, “Ümummilli lider Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabını Heydər Əliyev irsinin araşdırılmasına bir töhfə hesab etmək olar”.

 

İfrat ƏLİYEVA,

 

BDU filologiya fakültəsi Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru

 

Xalq qəzeti.- 2014.- 4 may.- S. 4.