Vətən və xalq sevgisi

 

Şair Şəmistan Göyçəlinin bir neçə kitabı qarşımdadır: “İnam”, “Heydər babaya salam”, “Vətən çağırır”, “Qalib gələcəkdir cahanda kamal”, “Qoy ədalət zəfər çalsın”, “Vətən eşqi”, “Əsrin töhfəsi”, “Ana nəsihəti, ana vəsiyyəti”, “Əbədi ömür” və “Sabah” nəşriyyatında çapdan çıxmış “İlham Heydər oğlu, xalqın şanlı ər oğlu” kitabları.

Həcmcə kiçik olsa da,  ideya, mövzu və məzmunca dolğun şeirpoemalardan ibarət bu kitabların müəllifi Şəmistan Göyçəli keçən əsrin 80-ci illərindən respublikanın bir sıra  qəzetlərində diqqəti çəkən şeirləri ilə çıxış etmiş və əsərləri çap olunmuşdur. Bu əsərlər xeyriyyəçilik ənənələrinin davamı kimi oxuculara Yeni Azərbaycan Partiyasının xətti ilə təmənnasız paylanılır.

 Şəmistan Göyçəli Qarabağ müharibəsində cəbhə bölgələrində qanlı-qadalı döyüşlərin dəhşətli anlarının şahidi olmuş, cəsur döyüşçülərlə bir cəbhədə oddan-alovdan keçmiş, bu hadisələri nəzmə çəkmişdir.

  Şairin qəhrəmanları  müdrik insanlar, Vətənini, millətini sonsuz məhəbbətlə  sevən, xalqın azad, xoşbəxt, parlaq gələcəyi üçün böyük şücaətlər göstərən, Azərbaycanın müstəqilliyi uğrunda adını əbədiləşdirən  tarixi şəxsiyyətlərdir. Bu məqsəd və amal ilə şair “Əsrin töhfəsi” poemasını ümummilli liderimiz Heydər Əliyevə həsr etmiş, bu dahi şəxsiyyətin poetik obrazını böyük məhəbbət və ilhamla yaratmışdır.

  Yeni  kitabında Ş.Göyçəlinin poema və şeirləri toplanmışdır. “İlham Heydər oğlu, xalqın şanlı ər oğlu” poeması möhtərəm Prezidentimiz İlham Əliyevə həsr edilmişdir. Şair əsərdə ulu öndərimiz Heydər Əliyevin etimadını ləyaqətlə doğruldan, xalqın inamını, etibarını və məhəbbətini qazanan Prezident İlham Əliyevin siyasi lider kimi poetik obrazını yaradır. Haqq-ədalətin, sülhün, əmin-amanlığın, azadlığın, müstəqilliyin tərəfdarı olan  xalqımız  İlham Əliyevin ətrafında sıx birləşərək inanır ki, erməni təcavüzünə məruz qalan torpaqlarımız işğaldan azad ediləcəkdir. Xalq İlham Əliyevi yenidən  Prezident seçərkən bilirdi ki, onun rəhbərliyi ilə Azərbaycan xoşbəxt gələcəyə, nurlu sabahlara doğru gedəcək, möhtəşəm uğurlara imza atacaqdır. Xalq rəhbərə, rəhbər xalqa arxalanır.

Xalqımızın arzularını gerçəkləşdirən yeganə siyasi lider İlham Əliyevin obrazı poemanın “İnam”, “Etimad”, “Yüksəliş”, “Kəşməkəşli hürriyyət və istiqlaliyyət keşiyində” bölmələrində məharətlə yaradılmışdır. Əsəri oxuduqca aydın olur ki, azad və müstəqil Azərbaycanda yeni həyat yaranıb. Ölkənin hər yerində böyük yüksəliş var. Quruculuq işləri geniş vüsət alır, yeni layihələr həyata keçirilir, xalqın güzəranı yaxşılaşır. Paytaxtımız Bakı dünyanın inkişaf etmiş gözəl şəhərlərindən birinə çevrilir. Şəhər və kəndlərimiz tanınmaz dərəcədə dəyişir, gözəlləşir, abadlaşır. Qaçqın düşərgələri, çadır şəhərcikləri yeni qəsəbə və kəndlərlə əvəz olunub. Yurdundan, evindən ayrı salınmış insanlar tez bir zamanda qayıdıb doğma ocaqlarında yaşayacaqlar. İşğal altında olan torpaqlarımız Prezident İlham Əliyevin rəhbərliyi və xalqın yekdil birliyi  ilə azad ediləcək, ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq.

Şair Ş. Göyçəlinin yaradıclığının əsas xəttini Vətən, xalq, torpaq, yurd sevgisi təşkil edir.Kitaba daxil edilən “Xalqını sevəni xalq unutmayıb”, “Bayraq”, “Yaşa, azad Azərbaycan”, “Ölkəmin”, “Necə də gözəlsən, gözəl, ay Bakı”, “Ulu Gəncə”, “Azərbaycan” və digər şeirlər vətənpərvər şairin ölkəsinə və millətinə olan məhəbbəti, xalqımızın şanlı qəhrəmanlıq tarixinin, milli-mənəvi dəyərlərinin  tərənnümüdür. Şair qəlbinin ehtizazı, milli, bəşəri sevgisi ilə yaratdığı  misraları iftixar hissi ilə oxuculara təqdim edir.

Sabah” nəşriyyatında buraxılan Ş.Göyçəlinin “İlham Heydər oğlu, xalqın şanlı ər oğlu” kitabının redaktoruön sözün müəllifi  filologiya elmləri doktoru, professor İbrahim Bayramovdur.

 

Afət SADIQOĞLU

 

 

Xalq qəzeti.- 2014.- 4 may.- S. 6.