Azərbaycan şairinin yaradıcılığı
Türkiyə dərgisində
Tanınmış şair və tərcüməçi Akif Əhmədgilin şeirlərindən söhbət düşəndə daha çox bu misraları xatırlayıram:
“Sərt sular arada çəpərdi
bizə,
Vallah ləpələrin suyu
bal dadır,
Sənin şirinliyin hopub
dənizə,
Dəniz yaman şirindir...”
Bu yaxınlarda Türkiyədə “Berceste”
aylıq sənət-ədəbiyyat
dərgisində görkəmli
Azərbaycan şairi Məmməd İsmayılın
qələmə aldığı
“Dəyişən mövsümlər
və ədəbi nəsillər” məqaləsi ədəbi mühitimizlə
bağlı düşüncələr,
eləcə də Akif Əhmədgilin yaradıcılığına münasibət
baxımından seçilir.
Müəllif vaxtilə
rəhbərlik etdiyi
“Gənclik” ədəbi
jurnalında çalışdığı
illərdə və ondan da əvvəl
gənc və istedadlı qələm sahibləri, o cümlədən
Akif Əhmədgillə tanışlığından
söhbət açır,
onun hansı ədəbi mühitdə
formalaşmasına insani
keyfiyyətlərinin şair
düşüncələri ilə çuğlaşaraq
yaradıcılıqda əks
olunmasına münasibət
bildirir.
Sovet zamanında Tovuzda çıxan “Həqiqət”
qəzetinin redaktoru
Musa Musayevin təşəbbüsü
ilə yaradılmış
ədəbiyyat dərnəyinə
Akiflə M.İsmayılın
tanışlığı gələcəyin istedadlı
şairinin yaradıcılığına
daha geniş üfüqlər açıb:
“Redaktor Musa müəllim
məni dərnək iştirakçıları ilə
tanış etdi. Yan-yana oturan iki
qardaşı göstərərək:
“Namiqlə Akif dərnəyə Alakoldan gəlirlər – dedi, çox istedadlı uşaqlardır.” Sonralar Akif Moskvada Lomonosov
adına universitetin jurnalistika fakültəsini bitirəcək,
müxtəlif yerlərdə
işləyəcəkdi. Daha
sonralar həyatın müxtəlif mərhələlərində
qarşı-qarşıya gələcək,
hətta 1988-ci ildə
yollarımız “Gənclik”
dərgisində kəsişəcəkdi...”
Həqiqətən də, illər
ötdükcə, istedadın
gücü Akif Əhmədgil imzasını
doğulduğu kənddən
xeyli uzaqlara – paytaxt Bakıda işıq üzü görən, o illərdə
ədəbi mühitdə
seçilən
“Gənclik” dərgisinə
gətirdi. Artıq o, jurnalın şeir
bölməsinin rəhbəri
kimi, gənc istedad sahiblərinin yaradıcılığına yaşıl
işıq yandırırdı.
Akifin şeir kitabını təhlil edən, onun yaradıcılığının
görünən və
görünməyən məqamlarına
nəzər salan məqalə müəllifi şeirlərin
özünəməxsusluğunu çox dəqiq ifadə edir. A.Əhmədgilin yaradıcılığında təbiəti rəngli boyalarla təsvir edilən kənd “igidlik görüntüsü, heç
kimə oxşamayan bir başqa kənd mənzərəsi”
kimi təqdim edilir:
Bənövşə əlləri bəndəmi
düşmüş,
Sevən ürəklərin səbri
tükənmiş,
Bir qızla oğlanın
şəkli bulaqda,
Bu sular nə gözəl şəkil çəkənmiş.
Məqalədə şairin digər
özəlliyi də vurğulanır: “Saz-söz,
qoşma, gəraylı
ortamından, mühitindən
çıxmasına baxmayaraq,
Akifin şeirlərində
ən çox bəyəndiyim cəhət
bu şeirlərin axtarış içində
olmasıdır”.
Şair o zaman uğur qazanır ki, o, heç kimə bənzəmir, sonsuz asimanlar kimi geniş qəlbinin səsini kağıza köçürüb misralara
düzür. Məmməd İsmayıla görə,
Akif Əhmədgil imzasına uğur qazandıran elə şairin öz yoluyla getməsidir.
Əfsanə
BAYRAMQIZI
Xalq qəzeti.- 2014.- 4 may.- S. 6.