Yetmişi haqladı, yüzə nə
qaldı...
Bu gün şəhərimizin mədəni-maarif müəssisələrində çalışanlardan az adam tapılar ki, İ.Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri, Səməd Vurğun və Cəfər Cabbarlı adına mükafatların laureatı Mirəhməd Əskərovu tanımasın, onun iş təcrübəsinə bələd olmasın.
Bu da təsadüfi deyil. Ömrünün 50 ilini gənc istedadların ərsəyə gətirilməsinə, bədii özfəaliyyətin inkişafına və tərəqqisinə həsr etmiş bu şəxs, sözün əsl mənasında, işinin ustasıdır. Bəlkə elə bu səbəbdən də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə bu günlərdə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında düzənlənən Mirəhməd Əskərovun anadan olmasının 70, yaradıcılığının 50 illiyinə həsr olunmuş yubiley tədbirində, iynə atsaydın, yerə düşməzdi. Tədbirdə respublikanın tanınmış elm, sənət adamları, eləcə də, yubilyarın doğmaları iştirak edirdilər.
Yubiley gecəsini giriş sözü ilə açan xalq artisti, tarzən Zamiq Əliyev öncə tədbir iştirakçılarını salamlayaraq, təbrik üçün sözü İ. Əbilov adına Mədəniyyət Mərkəzinin direktoru Aida Muradovaya verdi. O, çıxışında 92 yaşlı mədəniyyət ocağının çoxsaylı və zəngin yaradıcılıq yolundan, eləcə də bu illərdə qazandığı uğurlardan söz açdı. Bu gün respublikanın bir çox tanınmış incəsənət xadimlərinin ilk səhnə fəaliyyətinə məhz bu mədəniyyət ocağında başladıqlarını qeyd etməklə, onların uğurlarında Mirəhməd Əskərovun da xüsusi rolu olduğunu vurğuladı.
Yasamal Rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri Zöhrab Səfərov, mədəniyyət mərkəzinin keçmiş direktoru Nəsimi Eminov, Respublika Yaradıcılıq Fondunun sədr müavini, əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı, şairə Kəmalə Abıyeva və digər natiqlər yubilyarı təbrik edərək ona yeni yaradıcılıq uğurları arzuladılar.
Mirəhməd Əskərovun yaşının bu vədəsində bir gün də olsun öz yaradıclığından qalmadığını görmək çətin deyildi. Bədii hissədə məhz İ.Əbilov adına Mədəniyyət Mərkəzinin bədii özfəaliyyət kollektivlərinin çıxışlarının çoxluq təşkil etdiyini nəzərdə tuturuq. Mirəhməd müəllimin “əl izlərini” bu rəngarəng proqramdan da aydın görmək olurdu. Həmişə, hər yerdə olduğu kimi, bu çal-çağırlı gecəni də respublikanın tanınmış incəsənət ustaları sona yetirdilər. Əməkdar artistlərdən Aliyə Ramazanlının lirik rəqsi, Zahidə Məmmədsalahovanın könülləri oxşayan “Bayatı Şiraz”ı və hamının sevimlisi, xalq artisti Teymur Mustafayevin oxuduğu şən mahnını tamaşaçılar, yəqin ki, uzun müddət yaddan çıxara bilməyəcəklər.
Sonda yubilyar tədbirin təşkil edilməsinə görə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyinə və qədirbilən tamaşaçılara öz minnətdarlığını bildirdi.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2014.- 4 may.- S. 7.