Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi və Heydər Əliyev Fondunun yaradılmasının10 illiyi Sankt-Peterburqda təntənəli mərasimlə qeyd edilmişdir

 

2014-cü il mayın 3-də Sankt-Peterburq şəhərində D.Şostakoviç adına Akademik Filarmoniyanın binasında görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir.

Tədbirdən öncə  Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycan nümayəndə heyətinin üzvləri, səfirliyin və Sankt-Peterburqdakı Baş Konsulluğun əməkdaşları ulu öndər Heydər Əliyevin vaxtilə oxuduğu SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Leninqrad Ali Məktəbinin binası önünə gələrək xalqımızın böyük oğlunu ehtiramla yad etmiş, xatirə lövhəsi önünə gül dəstələri qoymuşlar. Sonra Fövqəladə və Səlahiyyətli Səfir Polad Bülbüloğlunun və Azərbaycan nümayəndə heyətinin təmsilçilərinin Sankt-Peterburq şəhər administrasiyasının Xarici Əlaqələr üzrə Komitəsi sədrinin müavini Sergey Leonidoviç Markovla görüşü keçirilmişdir. Görüşdə gələcək əməkdaşlığın perspektivləri, Sankt-Peterburq qubernatorunun Azərbaycana səfərinə hazırlıq işləri və Sankt-Peterburq nümayəndə heyətinin Azərbaycan-Rusiya regional forumunda iştirakı ilə əlaqədar məsələlər müzakirə olunmuşdur.

Filarmoniyanın foyesində ümummilli liderin həyat yolunu və Heydər Əliyev Fondunun fəaliyyətini işıqlandıran fotosərgi nümayiş etdirilmişdir.

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğunun dəstəyi ilə təşkil olunmuş tədbirdə Sankt-Peterburq şəhər administrasiyasının Xarici Əlaqələr üzrə Komitəsi sədrinin müavini Sergey Leonidoviç Markov, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Milli Məclisin deputatları Aydın Mirzəzadə, Jalə Əliyeva, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin birinci vitse-prezidenti Rasim Məmmədov, mərkəzin Ukrayna nümayəndəliyinin sədri Möhlət Hüseynov, tanınmış kardiocərrah Rəşad Mahmudov,  “SEVZAPKABEL” Səhmdar Cəmiyyətinin baş direktoru Zaur Tarverdiyev, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov iştirak etmişlər. Tədbirə Sankt-Peterburqda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət xadimləri, Sankt-Peterburqun tanınmış ictimaisiyasi xadimləri, Azərbaycan diasporunun təmsilçiləri qonaq qismində qatılmışlar. Tədbiri açan səfir Polad Bülbüloğlu Sankt-Peterburq şəhərinin rəhbərliyinə səmimi təşəkkürünü bildirmiş, Heydər Əliyev haqqında xatirələrini bölüşmüş, ümummilli liderin parlaq həyatı və çoxtərəfli fəaliyyəti barədə danışmışdır. Səfir müasir Azərbaycanın və Azərbaycan dövlətçiliyinin qurulmasında Heydər Əliyevin əvəzsiz rolunu yüksək dəyərləndirmişdir.

Məhz xalqın təkidli xahişi ilə Azərbaycanın rəhbərliyinə qayıdan Heydər Əliyevin simasında liderin parlaq şəxsiyyəti ölkəmizi xaos, parçalanma və vətəndaş müharibəsindən xilas etmişdir.

Səfir diqqətə çatdırmışdır ki, 1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyev xarici təcavüzə baxmayaraq, ölkənin müstəqilliyini qoruyub saxlaya bilmiş, vətəndaş müharibəsinin, qan tökülməsinin qarşısını almışdır. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmiz müstəqil daxilixarici siyasəti həyata keçirən qüdrətli dövlətə çevrilmiş, həyatın bütün sahələrində böyük uğurlar qazanmışdır.

Heydər Əliyevin mənəvi irsi barədə danışan səfir xüsusilə vurğulamışdır ki, bu zəngin irs təkcə Azərbaycan üçün deyil, həm də Rusiya üçün dəyərlidir.

Səfir qeyd etmişdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra da ümummilli lider Heydər Əliyev Rusiya Federasiyası ilə münasibətlərin inkişafına xüsusi diqqət ayırmışdır. Bu gün bu münasibətlər bütün istiqamətlərdə dinamik inkişaf etməkdədir. Ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələri getdikcə daha da möhkəmlənir.

Polad Bülbüloğlu həmçinin Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti, fond tərəfindən dünyada, o cümlədən Rusiyada həyata keçirilən böyük və çoxşaxəli işlər barədə də danışmışdır. Fondun Rusiyadakı fəaliyyətindən bəhs edən səfir xüsusi vurğulamışdır ki, Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiya nümayəndəliyi ölkələrimiz arasında mehriban qonşuluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.

Tədbirdə çıxış edən Sergey Markov Sankt-Pereburq Hökumətinin mərasim iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxumuşdur. Daha sonra çıxış edən general-leytenant Aleksandr İvanoviç Volox Heydər Əliyevin Azərbaycanın tərəqqisi üçün gördüyü böyük işlər barədə danışmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq hüquq çərçivəsində həllinin zəruriliyini qeyd etmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Vətənimizin müstəqilliyinin möhkəmləndilməsi naminə səmərəli fəaliyyətində yeni-yeni uğurlar arzulamışdır.

Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov mərasimdə çıxış edərək Heydər Əliyevin rəhbərliyi altında görülən nəhəng quruculuq işləri barədə xatirələrini bölüşmüş, Azərbaycan tarixinin ağır dövründə Heydər Əliyevin öz xilaskarlıq missiyasını şərəflə yerinə yetirdiyini diqqətə çatdırmışdır.

Milli Məclisin deputatı Jalə Əliyeva Rusiyanın şimal paytaxtında, dünyanın mədəniyyət mərkəzlərindən birində, Neva çayı ətrafında yerləşən, Heydər Əliyevin təhsil aldığı şəhərdə ümummilli liderin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbirin keçirilməsinin əhəmiyyətini vurğulamışdır. Millət vəkili Heydər Əliyev Fondunun ölkəmizin mədəniyyəti və tarixi barədə həqiqətlərin yayılması istiqamətində gördüyü müstəsna əhəmiyyətli işləri yüksək dəyərləndirmişdir.

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin birinci vitse-prezidenti Rasim Məmmədov çıxış edərək təntənəli gecənin bütün təşkilatçılarına təşəkkürünü bildirmişdir.

Rasim Məmmədov qeyd etmişdir ki, hər bir xalq özünün taleyində həlledici rol oynayan dahi şəxsiyyətləri yetişdirməklə tarixi köklərini, ənənələrini, genetik yaddaşını və mənəvi potensialını ifadə edir. Tarixi şəxsiyyətlərin müəyyən etdiyi yolun onların özündən sonra davam etdirilməsi, bu yolun layiqli davamçılarının yetişməsi isə bunun xalqın daxili potensialının zənginliyi və tükənməzliyinin təzahürü olaraq qanunauyğun xarakter daşıdığını sübuta yetirir.

Natiq xüsusi vurğuladı ki, Heydər Əliyev zamanın ona, onun zəkasına, iradəsinə, təcrübəsinə və Vətən sevgisinə etibar etdiyi missiyanı layiqincə yerinə yetirməklə ölkəni təhlükələrdən xilas etdi, onu sürətli tərəqqi və inkişaf yoluna çıxardı. Böyük səylər, iradə və zəka sayəsində sağlam dayaqlar üzərində qüdrətli dövlətə çevrilən müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir.

Tədbirin konsert proqramında Azərbaycanın xalq artisti Teymur Göyçayevin dirijorluğu altında Sankt-Peterburq Universitetinin kamera orkestri çıxış etmişdir.

Konsert proqramında Azərbaycanın xalq artisti Samir Cəfərov, əməkdar artisti Aygün Zeynalova, pianoçu Nərgiz Əliyeva və respublika müsabiqələrinin laureatı, gənc tarzən Atabəy İsmayılovun ifasında Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, NiyaziRauf Hacıyevın əsərləri səsləndirilmişdir.

Yubiley mərasimi çərçivəsində keçirilən tədbirlərdə “SEVZAPKABEL” Səhmdar Cəmiyyətinin baş direktoru Zaur Tarverdiyevin böyük rolu olmuşdur.

 

Xalq qəzeti.- 2014.- 6 may.- S. 5.