Müasir İncəsənət Muzeyində
rəssamın “Gerçək mənalar” adlı sərgisi
açılmışdır
Mayın 5-də Müasir İncəsənət Muzeyində azərbaycanlı rəssam, heykəltəraş, dizayner, şair, fəlsəfəçi və nəzəriyyəçi Çingizin “Gerçək mənalar” adlı fərdi sərgisi açılmışdır.
Açılış mərasimində “YARAT” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova çıxış edərək Çingizin özünəməxsus yaradıcılıq axtarışlarından, bənzərsiz sənət dünyasından söz açmışdır.
Bildirilmişdir ki, Çingiz öz yolu, üslubu olan sənətkardır. Onun sənət inciləri nəinki Azərbaycanda, hətta dünyanın bir çox yerlərində maraqla qarşılanır. O, yaradıcılığında müasir konseptual incəsənətdə fəlsəfi və nəzəri araşdırmalarına əsas yer vermişdir.
Diqqətə
çatdırılmışdır ki,
Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini və
Azərbaycan Dövlət İncəsənət Universitetinin heykəltəraşlıq
fakültəsini fərqlənmə diplomu
ilə bitirmiş Çingiz
hələ tələbə olarkən müxtəlif material və texnikaları mükəmməl
mənimsəmişdir. Bu mənimsəmə
ona öz fikirlərini
ifadə etmək imkanlarını araşdırmağa, təqdim
etməyə böyük fürsət
yaratmışdır. O,
yaradıcılığında kollaj, “street art”, installyasiya,
performans, videoart və s. texnikalardan geniş istifadə edir.
Vurğulanmışdır ki, Çingiz əsərləri ilə
1986-cı ildən etibarən
müxtəlif beynəlxalq
sərgi, simpozium,
biennale, konfrans və digər mədəniyyət
tədbirlərində iştirak
edir. Onun rəsmləri müxtəlif
ölkələrdə nümayiş
olunmuşdur və şəxsi kolleksiyalarda saxlanılır.
İştirakçılara minnətdarlığını bildirən Çingiz sərginin mahiyyətindən,
nümayiş olunan tamaşaçılara verəcəyi
mənəvi zövqdən
və öz sənət üslubunun xüsusiyyətlərindən söz
açmışdır.
Sərginin hazırlanmasına böyük
vaxt sərf etdiyini söyləyən müəllif vurğulamışdır
ki, mən burada düşündüklərimi
sənətin gücü
ilə tamaşaçıya
çatdırmağa çalışmışam.
Sonra tədbir iştirakçıları
sərgi ilə yaxından tanış
olmuşlar.
Sərgidə müxtəlif tərzdə
və materiallarda icra olunmuş iyirmiyə yaxın yeni əsərlər nümayiş olunmuşdur.
Sərgidə nümayiş olunan “Divarların müəllifi
bizim beynimizdir” əsəri daha çox diqqəti cəlb edir. Bu əsərdə
rəssam, kiçik girişi olan daş divar hörür və divarın arxasında təbii ölçüdə
yaradılmış özünün
avtoportreti olan mum fiqurunu quraşdırır.
Müəllifin fikrincə, həqiqi
divardan başqa, eyni zamanda, beyinin
məhsulu olan və adət-ənənə,
stereotip, ön mühakimələrdən yaranan,
ideoloji divarlar da vardır.
Maya 31-dək davam edəcək
sərgi maraqla qarşılanmışdır.
Xalq qəzeti.- 2014.-
6 may.- S. 8.