“Tərcümeyi-hal
davam edir: İlham Əliyev” kitabı Küveytdə ərəb
dilində nəşr edilmişdir
Tanınmış
yazıçılar Hüseynbala Mirələmov və Viktor
Andriyanovun Moskvanın məşhur “Molodaya qvardiya” nəşriyyatında
“Görkəmli adamların həyatı” seriyasında 2007-ci
ildə rus dilində nəşr
olunan “Tərcümeyi-hal
davam edir: İlham Əliyev” kitabına maraq artmaqda davam edir.
Tarixi faktlar və sənədlərlə işləmək təcrübəsi hələ Moskvanın məşhur “Molodaya qvardiya” nəşriyyatının elə bu seriyada nəşr olunan “Heydər Əliyev” və “Zərifə Əliyeva” əsərləri ilə oxuculara yaxşı tanış olan yazıçılar Hüseynbala Mirələmov və Viktor Andriyanovun “Tərcümeyi-hal davam edir: İlham Əliyev” əsərini bu gün haqlı olaraq müasir publisistikanın ən dəyərli nümunələrindən biri hesab edirlər. Öz əhatəliliyi, faktların səhihliyi və zənginliyinə görə dünyanın bir çox kütləvi informasiya vasitələrinin ölkəmizin rəhbərindən materiallar hazırlayarkən etibarlı mənbə kimi istinad etdiyi əsər Azərbaycanın dövlət başçısına olan oxucu marağı nəzərə alınaraq gürcü, türk və Ukrayna dillərinə tərcümə edilmişdir.
Son illər ərəb ölkələrində də bu maraq artmaqda idi və bunu nəzərə alaraq, “Görkəmli adamların həyatı” seriyasından “Tərcümeyi-hal davam edir: İlham Əliyev” kitabı bu günlərdə Küveytdə ərəb dilində nəşr olunmuşdur.
Kitabı ərəb dilinə tərcümə və çap etmək Azərbaycan Respublikasının Küveytdəki səfiri Tural Rzayevin təşəbbüsü və dəstəyi ilə baş tutmuşdur.
Yüksək poliqrafik tərtibatla, nəfis şəkildə 2000 tirajla nəşr olunan “İlham Əliyev” kitabı Küveytin ali məktəblərinin kitabxanalarına, elmi-tədqiqat institutlarına, hökümət dairələrinə və s. yerlərə göndəriləcəkdir.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2014.- 6 may.- S. 9.