Lənkəranda
çayçılığın inkişafına diqqət də,
maraq da artır
Son on ildə Azərbaycan Respublikası iqtisadi artım sürətinə görə dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilmişdir. Bu inkişaf ölkənin şəhər və kəndlərinin simasını dəyişdirir, insanların həyat tərzini yeniləşdirir. Geniş miqyaslı dövlət proqramları həyata keçirilir, xalqımızı düşündürən sosial-iqtisadi problemlər həll edilir. İstehsal və sosial infrastruktur obyektləri yaradılır, yeni iş yerləri açılır. Təhsilə, elmə, mədəniyyətə, səhiyyəyə, idmana dövlət qayğısı artır. Aqrar sahədə, ümumiyyətlə, kənd iqtisadiyyatında müsbət dinamika davamlı xarakter alır.
Ölkə rəhbərliyinin sosial-iqtisadi nailiyyətlərin artırılmasını daim diqqətdə saxlaması özünü bir sıra sahələrdə, xüsusən də qeyri-neft sektorunun inkişafı və biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlarda əyani göstərir. Martın 3-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə imzaladığı fərman da sahibkarlığın inkişafına müsbət təsir göstərən sənədlərdəndir.
– Dövlət başçısının imzaladığı son sənədlər sahibkarların fəaliyyətinə necə təsir etdi? Ümumiyyətlə, sahibkarlarımız bu gün hansı qayğılarla yaşayırlar? Lənkəran rayonunun İstisu qəsəbəsində fəaliyyət göstərən “Yaşıl çay” fermer təsərrüfatı MMC-nin rəhbəri Araz Yaqubovla söhbətimizə bu suallardan başladıq. A.Yaqubov dedi:
– Ölkəmizdə aqrar sahənin inkişafı ilə bağlı hər cür şərait yaradılmışdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 90-cı illərdə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda torpaq islahatlarının aparılması, həmçinin 2001-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” və cənab İlham Əliyevin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın qəbul edilməsi ölkəmizdə kənd təsərrüfatının inkişafına müsbət təsir göstərmişdir. Respublikamızda əlverişli sahibkarlıq şəraitindən faydalanaraq Azərbaycanda çayçılığın yenidən bərpa olunması və daha da inkişaf etdirilmisi məqsədilə 2006-cı ildə “ Yaşıl çay” fermer təsərrüfatı yaratmışıq. İlkin olaraq 17 hektar sahə ilə fəaliyyətə başlayan təsərrüfatımızın ərazisi hazırda 150 hektara çatdırılıb. İstər respublika, istərsə də yerli icra rəhbərliyinin diqqət və qayğısından bəhrələnən “Yaşıl çay” fermer təsərrüfatının hazırda 40 hektar çay plantasiyası var. Bu bizim üçün son hədd deyildir. 2014-cü ildə isə daha 40 hektara qədər sahədə çay plantasiyası salmağı nəzərdə tutmuşuq. Bunun üçün 1 hektarda şitillik yaratmışıq.
Ötən müddətdə şəxsi vəsaitimizlə xaricdən müxtəlif növ əkin üçün traktorlar, qoşqular və digər texnikalar gətirmişik. Bu gün istər çayçılıq, istər heyvandarlıq, istərsə də taxılçılığın inkişafında həmin mexanizmlərdən səmərəli surətdə istifadə edirik. Həmçinin cari ildə Macarıstanın “HUNLAND” şirkətindən damazlıq məqsədilə 35 baş “Hereford” cinsli boğaz düyə və 1 baş dana gətirmişik. Kənd təsərrüfatı üçün xaricdən gətirilən malların dəyər vergisindən və gömrük rüsumundan azad olunması da biz sahibkarlara əlavə stimul vermişdir.
– Təsərrüfatınızda çayçılıqla yanaşı, heyvandarlıq da inkişaf etdirilir. Bu, çayçılığın inkişafına maneçilik törətmir ki?
– Xeyr. İlk
gündən çayçılıqla bərabər, ölkəmizin
ərzaq təminatında mühüm rol oynayan
heyvandarlığın da inkişafına
xüsusi diqqət yetirməyə
başladıq. Hazırda Lənkəran rayonunun
İstisu qəsəbəsindəki
heyvandarlıq fermasında iribuynuzlu
heyvanların sayını 17 başdan 180 başa çatdırmışıq. Həmçinin
Neftçala rayonunda qoyunçuluq fermamız var.
Burada icarəyə götürdüyümüz
torpaqlardan bol taxıl
əldə edirik. Heyvanları
qışda qidalı yemlə təmin etmək üçün hər il
qarğıdalı əkini aparırıq. Ötən il 150
ton arpa, 500 ton silos əldə
olunmuş, 175 ton quru ot tədarük edilmişdir. Bir sözlə, heyvandarlıq
da təsərrüfatımızın
ikinci qolu kimi inkişaf edir. Bu sahəni
inkişaf etdirməkdə
əsas məqsədimiz
çayçılığı, necə deyərlər, ayağa qaldırmaq və daha da
inkişaf etdirməkdir.
– Araz müəllim, ölkə başçısının
sahibkarlığın inkişafına
hesablanan son fərmanı
sahibkarların bugünki
fəaliyyətinə necə
təsir edib? Öz fəaliyyətinizdə
bunun təsirini hiss edirsinizmi?
– Əvvəla, onu
qeyd edim ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə bütün
sahələrə xüsusi
diqqət və qayğı ilə yanaşır. O cümlədən,
özəl sektorun da inkişafı üçün indiyədək
əhəmiyyətli addımlar
atılmış və
bu gün də atılmaqdadır. Sahibkarlıq
fəaliyyəti subyektlərinin
“bir pəncərə”
prinsipi üzrə qeydiyyatının aparılması,
birbaşa xarici investisiyalar axınının
liberallaşdırılması yüksək iqtisadi səmərəni, rentabelliyi
reallaşdırmaqla gəlirlərin
artmasına yardım edəcəkdir. Yəni, dövlət
özəl sektorun inkişafına istənilən
səviyyədə dəstək
göstərir, bunun üçün lazımi
şərait yaradır.
Bu fərman sahibkarların
işini yeni müstəviyə qaldırmaqla
yanaşı, yeni sahibkarlıq subyektlərinin
yaranmasına güclü
təkan verir. Sözügedən sənəddə digər ciddi məqam tikintiyə icazələrin verilməsi
sahəsində mövcud
prosedur və müddətlərin, eləcə
də elektrik təchizatı şəbəkəsinə
qoşulma sahəsində
sənədlərin elektron
qaydada qəbulunun təşkili, müddət
və xərclərin
azaldılmasıdır. Bütün bu yeniliklər bizim işlərimizin sürətlənməsi üçün
çox vacib amillərdəndir. Fürsətdən istifadə edib diqqətinizə çatdırmaq
istəyirəm ki, son
illər təkcə bizim qəsəbədə
yox, bütövlükdə
Lənkəran rayonunda
çayçılıq əsl
dirçəliş dövrünü
yaşayır. “Yaşıl çay” fermer təsərrüfatı
ilə yanaşı, Havzava, İstisu, Girdəni kəndlərində
indiyədək 190 hektar
sahədə çay
əkini keçirilmişdir.
Cari ildə də yeni çay plantasiyalarının salınması
nəzərdə tutulmuşdur.
Ölkə başçısının verdiyi fərmanın təsiri konkret bu sahədə özünü belə göstərir.
– Araz müəllim, son fərmanda əsas bir məqam kreditlərlə bağlıdır.
Yəqin,
elə sahibkar tapılmaz ki, kreditlərin alınması
ilə bağlı müəyyən problemlərlə
qarşılaşmasın. Bu barədə nə
deyə bilərsiniz?
– Son illər ölkə Prezidenti tərəfindən
sahibkarlığa dəstək
məqsədilə müxtəlif
sərəncamlar verilmişdir.
Artıq Azərbaycanda
həm kiçik, həm orta, həm də iri sahibkarlıq subyektlərinin səmərəli
işləməsi üçün
geniş imkanlar var. Hər il dövlət
büdcəsi hesabına
ölkədə fəaliyyət
göstərən iş
adamlarına 100 milyonlarla
güzəştli kredit
verilir. Eyni zamanda, hökumət
torpaq vergisi istisna olmaqla, kənd təsərrüfatını
digər vergilərdən
azad etmişdir. Mən özüm də hər il dövlətimizin
ayırdığı subsidiyalardan
yararlanıram. Bütün bu
güzəştlər sahibkarların
normal işləməsinə şərait yaradır.
Düşünürəm ki, yeni fərman
da ölkə iqtisadiyyatına müsbət
təsir göstərəcək. Kreditlərin verilməsinin daha da sadələşdirilməsi
və bu sahədə şəffaflığın
təmin edilməsi
biz sahibkarların fəaliyyətinin
daha da genişlənməsinə
birbaşa yardım edəcəkdir. Bu məqsədlə bürokratik
əngəllərin aradan
qaldırılması, şəffaflığın
artırılması və
korrupsiyaya qarşı
mübarizənin daha da gücləndirilməsi
istiqamətində bir
sıra qanunların qəbul edilməsi yaxşı səmərə
verir. Belə ki, təsərrüfatımızın
əsas problemi tikintisi yarımçıq
qalmış heyvandarlıq
kompleksinin başa çatdırılması ilə
bağlıdır. Əlavə edim
ki, indiyədək gördüyümüz bütün
işləri öz şəxsi vəsaitimiz hesabına həyata keçirmişik. Dövlətdən
və banklardan 1 manat da kredit
götürməmişik.
Hazırda heyvandarlıq fermasının
və cari ildə 40 hektarda yeni çay plantasiyasının salınmasından
ötrü ilkin hesablamalarımıza görə
300 min manat vəsaitə
ehtiycımız vardır. Bu məsələ ilə bağlı dəfələrlə
əlaqədar təşkilatlara
müraciət etsək
də, hələ ki, istədiyimizə nail olmamışıq. Müraciət etdiyimiz müvəkkil banklardan isə kreditlərin verilməsi üçün irəli sürülən şərtlər
kənddə yaşayan
fermerlərin imkanı
xaricindədir. Belə ki,
istədiyimiz kreditin qarşılığında bizdən
200 faiz məbləğində
girov tələb olunur. Bankların bizdən tələb etdiyi girov isə
ev və
ya obyektlərdir ki, həmin məbləğdə kənd
yerində ev və ya obyekt
tapmaq qeyri-mümkündür.
Təklif edərdim ki,
aqrar sahənin daha sürətli inkişafı naminə Sahibkarlığa Kömək
Milli Fondunun nəzdində xüsusi
bank yaradılsın. Bu, bir çox bürokratik əngəllərə
son qoyar, xüsusən,
çayçılıq sahəsinə
uzunmüddətli faizsiz
və ya azfaizli kreditlərin ayrılması, Cənub bölgəsində bu perspektivli sahənin yenidən dirçəlməsinə
yardım etməklə
yeni iş yerlərinin yaradılmasına
böyük təkan verərdi.
– Yəqin ki, bir iş adamı
kimi çalışdığınız
sahənin, necə deyərlər, əyər-əskiklərini
yaxşı görürsünüz.
Hansı
çətinlikləriniz var,
problemlərin həlli
üçün nə
təklif edərdiniz?
– Təbii ki, dövlət başçımızın
aqrar sahənin inkişafı ilə bağlı ciddi fəaliyyəti ölkə
vətəndaşlarının dərin razılığına
səbəb olur. Yaşadığım Lənkəranda da
sahibkarlar daim diqqətlə əhatə
olunmuşlar. Rayon rəhbərliyi, xüsusən
də icra başçısı Taleh
Qaraşov dəfələrlə
təsərrüfatımıza baş çəkmiş,
problemlərimizlə yaxından
maraqlanmış, lazımi
köməyi bizdən
əsirgəməmişdir. Dövlətin və yerli icra strukturlarının bütün diqqət və qayğısına baxmayaraq, təəssüf
ki, bəzi çətinliklərlə də
üzləşirik.
Bizi narahat edən əsas məsələlərdən biri
də yayda çay sahələrinin su ilə təmin
olunması çətinliyidir. Qeyd etdiyim
kimi, 40 hektar cavan çay plantasiyasında qapalı suvarma sistemi quraşdırmışıq. Sistemə suyun çatdırılması
ilə bağlı müəyyən problemlərlə
qarşılaşmışıq. Bu barədə Meliorasiya
və Su Təsərrüfatı
ASC-nin sədri Ə.Əhmədzadəyə müraciət
etməli olduq. İşin mahiyyəti ilə yerində tanış olmaq üçün həmin cəmiyyətin nümayəndəsi təsərrüfatımıza
baş çəkmiş,
çay sahələri,
qapalı suvarma sistemi ilə yerində tanış olmuş, bizim istəklərimizi dinləmişdir.
Məsələnin həlli ilə
bağlı tapşırıqlarını
vermişdir. Amma bu məsələ, təəssüf
ki, hələ də öz həllini tapmamışdır.
“Azərenerji” ilə Lənkəran Yuxarı Xanbulançay İstismar İdarəsi arasında stansiyada sayğacın quraşdırılması
ilə bağlı yaranan mübahisə bizi çətin vəziyyətdə saxlamışdır.
İnanırıq ki, su problemimiz də tezliklə öz müsbət həllini tapacaqdır.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2014.-
6 may.- S. 10.