Azərbaycan
xalqı üçün Heydər
Əliyev ideyaları əbədi dəyərlər
sırasındadır
Azərbaycan tarixində əbədi iz qoymuş ümummilli lider Heydər Əliyevin böyük zəkası, dərin və universal dünyagörüşü, hərtərəfli və son dərəcə səmərəli ictimai-siyasi fəaliyyəti ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, eləcə də onun dönmədən və ardıcıl olaraq inkişaf etməsində mühüm rol oynamış və oynamaqdadır.
Bu günlərdə 91 illik yubileyini qeyd etdiyimiz bu fövqəl erudisiyalı, fenomenal şəxsiyyətin ideyalarını dərindən öyrəndikcə onların nə qədər böyük məqsədlər daşıdığını, uzaqgörənlik nümunəsi olduğunu, Heydər Əliyev dühasının gücünü bir daha hiss edir və duyuruq.
Heydər Əliyevin həyat və fəaliyyət tarixini vərəqlədikcə onun Azərbaycanın iqtisadi qüdrətinin artırılması, yeni sənaye sahələrinin yaradılması, o dövr üçün ən müasir müəssisələrin inşası, respublikanın təbii ehtiyatlarından xalqın mənafeyi naminə istifadə edilməsi, bu məqsədlə güclü sənaye bazasının formalaşdırılması, 1993-2003-cü illərdə respublikaya ikinci dəfə rəhbərlik etdiyi dövrdə ölkənin gələcək inkişafını müəyyən edən misilsiz islahatların aparılması üçün gördüyü işlərin miqyası, bu işlərin öhdəsindən böyük bacarıq və qətiyyətlə gəlməsi ancaq və ancaq heyrət doğurur.
Heydər Əliyev uzaqgörənliyinin nəticəsi olaraq, qısa müddət ərzində Azərbaycanda əvvəlki sosializm sisteminin üzərində yeni prinsiplərə əsaslanan idarəetmə sistemi quruldu, yeni iqtisadi münasibətlər formalaşdırıldı. Azərbaycanda digər respublikalarla müqayisədə özəlləşmə prosesi daha sürətlə həyata keçirildi, torpaq islahatı nəticəsində kəndli illər boyu həsrətində olduğu torpağa sahib oldu və ölkə iqtisadiyyatı dirçəlməyə və güclənməyə başladı.
Ulu öndərin müdrik siyasəti nəticəsində Azərbaycanda bütün sahələrdə başlanan iqtisadi inkişaf ölkənin hərbi qüdrətinin də artmasına, güclü ordunun yaranmasına və Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsinə, onun dünya dövlətləri sırasında daha yüksək mövqe tutmasına zəmin yaratdı. Ulu öndərin mahir idarəetmə bacarığı sayəsində Azərbaycan cəmiyyətinin bütün təbəqələri, yaşından, mövqeyindən asılı olmayaraq, insanlar əsl vətəndaş həmrəyliyi nümayiş etdirdi. Bütün xalq bir amal, bir məqsəd uğrunda, yəni Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi uğrunda sıx birləşdi. Heydər Əliyevin müdrik şəxsiyyətinin işığında bugünkü Azərbaycan dövləti yarandı və yaşadı. Dövlət müstəqilliyini bərpa edən Azərbaycanın hər bir vətəndaşı Vətənin taleyi üçün öz cavabdehliyini dərk etməyə başladı və ümummilli liderin “Azərbaycanın müstəqilliyi əbədidir” kəlamını özünün həyat amalına çevirdi.
Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan xalqı özünün əsas sərvətlərindən olan neftin həqiqi sahibi olmuş, bu təbii sərvətdən özünün mənafeyi naminə istifadə edə bilmişdir. Görkəmli siyasi xadim Heydər Əliyevin cəsarətli və qəti addımları nəticəsində Azərbaycan daxili və xarici təzyiqləri dəf edərək “Əsrin müqaviləsi” adını almış nəhəng kontraktı imzalatdıra bilmişdir. Bu müqavilə dünyanın enerji təchizatında mühüm rol oynayan Azərbaycan dövlətinin Avropa üçün əsas strateji tərəfdaşlardan birinə çevrilməsinə gətirib çıxarmışdır.
Məhz ümummilli liderin düşünülmüş strategiyası sayəsində dünyanın aparıcı dövlətlərinin ən böyük şirkətləri müstəqilliyin ilk dövrlərində Azərbaycan iqtisadiyyatına çəkinmədən sərmayə qoyaraq, onun iqtisadi inkişafına böyük təkan vermişlər. İndi Azərbaycan özü başqa ölkələrin iqtisadiyyatına sərmayə yatırır və böyük qlobal layihələrin maliyyələşdirilməsində iştirak edir ki, bu da məhz Heydər Əliyev siyasətinin uğurlu davamı sayılmalıdır. Bu düzgün strategiya son illərdə dünyanı bürüyən iqtisadi böhran şəraitində ölkəmizin davamlı inkişafını təmin etmiş və onu qlobal böhranın təsirlərindən qoruya bilmişdir.
Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır və bunun əsas səbəblərindən biri də ulu öndərin əsasını qoyduğu düzgün və tarazlaşdırılmış xarici siyasətin davam etdirilməsi, qarşılıqlı münasibətlərdə, ilk növbədə, Azərbaycanın və onun xalqının mənafelərinin üstün tutulması, heç bir ölkənin diktəsi ilə hərəkət etməməsi, beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirakı və qarşılıqlı münasibətlərdə etibarlı və ədalətli tərəfdaş kimi özünü təsdiqləməsidir.
Böyük vətənpərvər və təbiət etibarilə çox demokratik bir insan olan Heydər Əliyev öz millətini və xalqını təkcə maddi cəhətdən təmin olunmuş bir toplum kimi görmürdü. O, Azərbaycan xalqını həm də dünyanın ən mədəni, ən inkişaf etmiş xalqlarından biri kimi görmək istəyirdi.
Ümummilli liderin səyləri nəticəsində ölkədə olan pərakəndəlik, xaos qısa bir dövrdə aradan qaldırıldı. Ölkə həyatı sabitləşdikcə, daha çox öz şəxsi ambisiyaları üçün çalışan qüvvələr arasında daxili çəkişmələr aradan qaldırıldıqca, ölkə əhalisinin maddi durumu və həyat səviyyəsi yaxşılaşdıqca, xalq rahat nəfəs almağa, dinc quruculuq işlərini davam etdirməyə başladı, elmin, mədəniyyətin, incəsənətin inkişafına yeni təkan verildi.
Azərbaycan mədəniyyətinin durğunluq vəziyyətindən çıxarılması, sənət adamlarına göstərilən qayğının artırılması da məhz ulu öndərin səyləri nəticəsində mümkün oldu. Respublikada bir çox yeni mədəniyyət ocaqlarının fəaliyyətinə yenidən həyat verildi. Çünki xalqın inkişafında onun mədəniyyətinin əsas vasitə olduğunu Heydər Əliyev qədər dərindən bilən rəhbərlər çox azdır. Bu baxımdan onun mədəniyyətin inkişafına göstərdiyi qayğını xüsusi qeyd etmək lazımdır. Ümummilli lider çıxışlarının birində deyirdi: “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcək”.
Bu baxımdan respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Heydər Əliyevi, sözün həqiqi mənasında, Azərbaycan mədəniyyətinin, incəsənətinin və elminin himayədarı hesab etmək olar. Azərbaycan mədəniyyətinin ən böyük xadimləri daim onun qayğısından bəhrələnmiş, hətta müstəqilliyin ilk illərində respublikada olan iqtisadi çətinliklərə, maddi imkansızlığa baxmayaraq ulu öndərin tapşırıq və tövsiyəsi ilə respublikanın incəsənət xadimləri üçün Prezident təqaüdləri və mükafatları təsis olunmuş, onların mənzil-məişət şəraiti yaxşılaşdırılmış, bununla da Azərbaycan mədəniyyətinin inkişafına böyük dəstək verilmişdir. Ümummilli lider vurğulayırdı: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”.
Mədəniyyətimizə göstərilən qayğı öz bəhrəsini vermiş və verməkdədir. Bu gün Azərbaycan musiqisi, incəsənəti bütün sahələrdə qüdrətli inkişaf dövrünü yaşayır. Bu işdə ulu öndərin ideyalarını, onun tövsiyələrini, arzu və istəklərini ardıcıl həyata keçirən Prezident İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun, şəxsən, fondun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri misilsizdir.
Heydər Əliyevin Azərbaycan xalqının qarşısında ən böyük xidmətlərindən biri də gənc nəslin yetişib formalaşmasına göstərdiyi böyük qayğı və diqqətdir. Ulu öndər gənclərimizin dünyanın aparıcı ali məktəblərində təhsil almasına, müasir elmin ən son nailiyyətlərinin Azərbaycanda tətbiq edilməsinə çox ciddi yanaşırdı. Bu zaman onun xüsusi diqqət yetirdiyi əsas məsələlərdən biri gənclərin azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi, yeni nəslin yüksək vətənpərvərlik ruhunda, böyük amallar uğrunda, mübariz ruhda tərbiyə olunması idi. Ümummilli lider gənclərə tövsiyəsində bildirirdi: “Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün Vətənini, torpağını, xalqını, millətini, dilini və dinini, milli ənənələrini sevməlidir”.
Bu gün Azərbaycan gənclərinin cəmiyyətdə fəal rol oynamasında, dünyanın aparıcı ali məktəblərində mükəmməl təhsil almasında Heydər Əliyevin hazırladığı gənclər siyasəti konsepsiyası əsas rol oynamaqdadır. Məhz ulu öndərin 1996-cı il 2 fevral tarixli sərəncamı ilə Azərbaycanda Gənclər Günü tarixə düşmüş və gəncliyə qayğı və diqqət dövlət siyasətinin mühüm cəhətlərindən birinə çevrilmişdir.
Təsadüfi deyildir ki, bu gün bütün Azərbaycan xalqının sevimlisinə, o cümlədən Azərbaycan gənclərinin idealına çevrilmiş Prezident İlham Əliyev Azərbaycan gənclərinin istər idman sahəsində, istərsə də elmin, iqtisadiyyatın, mədəniyyətin digər sahələrində özünü göstərməsinə və öz töhfəsini verməsinə imkan yaradan uğurlu siyasət yeridir.
Heydər Əliyev siyasətinin əhatə dairəsi çox genişdir və onun ideyalarının geniş təhlili bu siyasətin ən müxtəlif aspektlərini şərh etməyə imkan yaradır. Ümummilli liderin əsas ideyalarından biri də Azərbaycanı regionun ən güclü dövlətinə çevirmək, onu iqtisadi cəhətdən sarsılmaz bir dövlətə, ən müasir idarəetmə prinsipləri əsasında mükəmməl bir iqtisadi modelə çevirmək idi. Heydər Əliyev ideyalarını ardıcıl surətdə həyata keçirən və ona yeni çalarlar bəxş edən Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində artıq Azərbaycanın iqtisadi inkişaf modeli başqa dövlətlərin mütəxəssisləri tərəfindən öyrənilir.
Ölkədə mövcud olan sabit ictimai-siyasi vəziyyət fonunda iqtisadi inkişafın sürəti gündən-günə artır, respublikaya ardıcıl surətdə ən müasir texnologiyalar gətirilir, elmin və texnikanın son nailiyyətlərinə əsaslanan müasir müəssisələr yaradılır. Azərbaycanın ən yüksək inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması üçün fundamental işlər görülür, hətta qabaqcıl ölkələr üçün də hələlik arzu kimi qalan kosmik texnologiyalar mənimsənilir. Azərbaycan artıq kosmik dövlətlər ailəsinə daxil olmuşdur. Bu işlərin də əsasını ulu öndərin ən müasir rabitə və informasiya texnologiyalarının ölkəyə gətirilməsi və bu sahələrin inkişafına dair hazırlanmış proqramları təşkil etmişdir.
Heydər Əliyevin mənalı həyat yolunun hansı səhifəsini açsaq, orada misilsiz işlərin şahidi olur, eyni zamanda gələcək inkişaf yollarımızın istiqamətlərini görürük. Ən başlıcası odur ki, bu ideyalar ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə dönmədən reallaşdırılır, müasir şəraitə və beynəlxalq vəziyyətə uyğun olaraq daim təkmilləşdirilir, inkişaf etdirilir və yeni pilləyə yüksəldilir.
Ulu öndərimizin fəaliyyətinin hansı mərhələsinə müraciət etmiş olsaq, görərik ki, onun fəaliyyəti ucu-bucağı görünməyən nəhəng ümmandır, əbədiyaşar dəyərdir, milli xəzinədir. Bu xəzinədən Azərbaycan xalqı, xüsusilə gənclərimiz daim bəhrələnməklə ölkənin bundan sonrakı tarixinə onun müstəqilliyini əbədiləşdirən, iqtisadi inkişafını təmin edən səhifələr yaza biləcəklər.
Bu günün reallıqları fonunda bir daha ulu öndər Heydər Əliyevin vaxtı ilə söylədiyi bu fikri xatırlatmaq yerinə düşərdi: “Müstəqil Azərbaycan Respublikası yaşayacaq və demokratiya prinsipləri, demokratik iqtisadiyyat sahəsində başqa dövlətlər üçün nümunə olacaqdır”.
Azərbaycan xalqı üçün ulu öndərin ideyaları əbədi dəyərlər sırasındadır. Tam əminliklə demək olar ki, bu ideyalar hələ uzun illər Azərbaycan dövlətini yaşadacaq, inkişaf etdirəcək və onun parlaq gələcəyinə işıq salacaqdır. Azərbaycan öz iqtisadi və siyasi qüdrətini daha da artırmaqla öz ərazi bütövlüyünü də bərpa edəcək, gələcək nəsillərə xoşbəxt və firavan bir dövlət bəxş edəcəkdir.
Səadət
İSMAYILOVA,
Nərimanov Rayon Qeydiyyat Şöbəsinin
rəisi,
hüquq
elmləri üzrə fəlsəfə doktoru
Xalq qəzeti.- 2014.- 8 may.- S. 12.