Şuşa qalasının çıraqlarını
yandıraq
Şuşanın
işğalından 22 il ötür
İyirmi iki ildən bəri əsirlikdə
yolumuzu gözləyən Şuşamıza qiyabi ekskurs
Şuşanın
dağları
başı
dumanlı,
Dərdindən
ölməyə
çoxdur
gümanlı...
Ustad Xan Hüseyn-Behbud Şuşinskinin oxuduğu bu mahnını eşidəndə istər-istəməz adamın ürəyinin başı göynəyir. Çünki əsası Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulan Şuşanın başını, doğrudan da, dumanlar alıb. Azərbaycanın füsunkar təbiətli, mədəniyyətimizin laylası Şuşa bu gün tarixinin qara səhifələrini yaşasa da, onun əsrlərdən gələn sazlı, sözlü, nəğməli sədası xalqın yaddaşındadır. Şuşa dünyaya xalqımızın zəngin mədəniyyətini tanıtdıran bir çox görkəmli şəxsiyyətlərin, Azərbaycan mənəviyyatının və Azərbaycan ruhunun Vətənidir.
Hazırda erməni işğalı altında olan Şuşa şəhərinin Azərbaycan tarixində özünəməxsus yeri vardır. Şəhərin əsasının qoyulması Qarabağ xanlığının banisi Pənahəli xanın adı ilə başlanaraq, şəhərin inkişafı hər zaman yalnız Azərbaycan xanlarının, ziyalılarının, sənətkarlarının şəxsiyyətləri ilə bağlı olmuşdur. Tarixən Azərbaycanın ayrılmaz hissəsi olan ən gözəl guşələrindən biri - Qarabağı, o cümlədən Şuşanı işğal etmiş ermənilər öz qəsbkarlıq siyasətilə tarixi faktları saxtalaşdırmağa çalışsalar da, tarixi həqiqəti heç vaxt saxtalaşdıra bilməzlər.
1992-ci il mayın 8-nə keçən gecə erməni hərbi birləşmələri Şuşa şəhərinin işğalı ilə başa çatan əməliyyat keçirdilər. Ermənilər keçmiş sovet ordusunun 366-cı alayının 40 zirehli texnikasının bilavasitəiştirakı və köməyi ilə Şuşanı işğal etmişlər. Şuşanın işğalı zamanı 200-ə yaxın insan qətlə yetirilmiş, 600 nəfər yaralanmış, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 20 mindən artıq əhali isə məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal nəticəsində 600-ə yaxın tarixi abidə, 7 məktəbəqədər uşaq müəssisəsinin, 22 ümumtəhsil məktəbinin, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarının, orta ixtisas musiqi məktəbinin, 8 mədəniyyət evinin, 14 klubun, 20 kitabxananın, 2 kinoteatrın, 3 muzeyin, turist bazasının, Şərq musiqi alətləri fabrikinin binaları və yüzlərlə digər tarixi-mədəni abidələr dağıdılmışdır.
Şuşanı “Şərqin konservatoriyası” adlandırırlar. Bu şəhər Azərbaycanın bir sıra görkəmli müğənnilərinin, musiqiçilərinin, böyük bəstəkar və dirijorların vətənidir: Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Niyazi, Süleyman Ələsgərov... əslən şuşalıdırlar.
Azərbaycanın ilk peşəkar pedaqoqu olan görkəmli maarifçi, “Vətən dili”nin (II hissə) həmmüəllifi Səfərəli bəy Vəlibəyov, böyük ədəbiyyatşünas, pedaqoq Firidun bəy Köçərli, tanınmış yazıçılar Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, şairə Xurşudbanu Nətəvan, şair Qasım bəy Behbudov, rəssam Toğrul Nərimanbəyov, heykəltaraş Cəlal Qaryağdı və başqaları dünyaya bu şəhərdə göz açmışlar.
Artıq 22 ildir ki, bu qədim və müqəddəs torpaq erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Şuşanın işğal günü bütün Azərbaycan xalqının mənəviyyatına vurulmuş ağır bir zərbə və dərddir. Hər il Azərbaycanda və xaricdəki Azərbaycan icmaları tərəfindən Şuşanın işğalı ilə bağlı təşkil edilən anım tədbirlərində dünyanın nüfuzlu təşkilatlarına müraciətlər qəbul edilir və Azərbaycan Respublikasının 20 faiz ərazisinin erməni işğalı altında saxlandığı və Ermənistan tərəfindən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Birliyinin qətnamələrinin inkar edildiyi xatırladılır.
Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 21-ci ildönümü ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərəncam imzalamışdır. Sərəncamda dünya ictimaiyyətinin, eləcə də beynəlxalq təşkilatların diqqətini cəlb etmək məqsədilə Azərbaycan ərazisində və onun hüdudlarından kənarda Şuşanın işğalının 21-ci ildönümü ilə əlaqədar müvafiq anım mərasimlərinin keçirilməsi qərara alınmışdır.
İki il bundan da öncə – 1 may 2012-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 20 illiyi ilə əlaqədar Avropa Parlamentinə, Avropa Şurasının Parlament Assambleyasına və dünya parlamentlərinə müraciət qəbul etmişdir.
Azərbaycan musiqisinin beşiyi sayılan Şuşanın onlarla tarixi abidələri, o cümlədən, Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı “Gövhər ağa məsçidi”, Xurşud Banu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi yağmalanıb. Hətta, Ü. Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəlləri belə düşmən tərəfindən güllə boran edilib. Lakin böyükdən-kiçiyə hamı inanır ki, ən yaxın vaxtlarda Şuşanın başının üstündəki qara duman çəkiləcək, Qarabağ savaşında yüzlərlə şəhid verən Şuşa erməni işğalından azad ediləcək, elindən-obasından didərgin düşən qaçqınlar yenidən öz yurdlarına qayıdacaqdır. Beləcə, Şuşa köhnə yaralara məlhəm qoya-qoya yenə nəğməli-sözlü ömrünü yaşayacaq, yenə “havalanacaq Xanın səsi, Qarabağın şikəstəsi...”
Qarabağ təbiətin bütün gözəlliklərini özündə əks etdirən əsrarəngiz bir diyardır və ən səfalı guşəsi Şuşa şəhəridir. Hər daşı, hər qarış torpağı xalqımızın həyatında baş vermiş bir çox tarixi hadisələrin şahidi olan bu şəhər görənləri valeh edirdi. Şuşa təkcə cənnət məkanı deyil, həm də hərbi strateji əhəmiyyət kəsb edən bir alınmaz, basılmaz qala olmuşdur. Şuşa dağdan açılan pəncərə, aydınlıq, işıqlıq paylayan ucalıqdı. Düşmənlərə, yadellilərə göz dağıydı.
Şuşa Qarabağ silsiləsində, dəniz səviyyəsindən 1400-1500 metr yüksəkliyə malik yayla ərazidə yerləşən şəhərdir. Dağ-iqlim kurortudur. Müxtəlif növ tikinti materialı yataqları və mineral su bulaqları (Turşsu və Şırlan) var.
Əsrarəngiz Şuşa şəhərinin binasını qarabağlı Pənahəli xan Cavanşir qoymuşdur. 1747-ci ildə Nadir şah öldürüldükdən sonra Pənahəli bəy xan elan edilir və Qarabağ xanlığını düşmən hücumlarından qorumaq məqsədilə alınmaz bir qala tikdirməyi qərara alır. 1750-ci ildə Qarabağın ən səfalı guşəsində, üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağ yaylasında yeni qalanın bünövrəsini qoyur. Pənahəli xan hasarın içərisində yeni binalar və özü üçün saray tikdirir. Yerli əhali yeni salınmış şəhəri Pənahəli xanın şərəfinə “Pənahabad” adlandırır. Şiş uclu dağlar əhatəsində yerləşən Pənahabad əvvəllər “Şişə”, sonralar isə Şuşa adlandırıldı.
Pənahəli xanın ölümündən sonra Qarabağın hakimi İbrahimxəlil xan (1763-1806) öz dövrünün bacarıqlı dövlət xadimlərindən olmuşdur. Onun dövründə Qarabağ xanlığı daha da güclənir və inkişaf edir.
Pənahəli xan və İbrahimxəlil xan Qarabağ xanlığının paytaxtı Şuşa şəhərini qədim və orta əsrlərin şəhərsalma nümunələri əsasında yüksək səviyyədə bina etmişdilər. Şəhər 17 məhəlləyə (kvartala) bölünmüşdü. Bu məhəllələr-Böyük qurdlar, Kiçik qurdlar, Seyidli, Culfalar, Təzə məhəllə, Hamam qabağı, Dəmirçilər, Quyuluq, Xoca Əmircan, Mamayı, Saatlı, Köçərli, Mərdinli, Çöl qala, Hacı Yusifli, Çuxur məhəllə, Ağa dədəlilərdir.
Ümumiyyətlə, Şuşanın bir şəhər kimi formalaşmasını şərti olaraq üç mərhələyə bölmək olar: birinci mərhələ qeyri-sabit şəraitdə – 1763-cü ilə qədər davam etmiş, tikinti işləri bir qədər tələsik aparılmışdı. Bu dövrdə şəhərin “Çuxur” adlı şərq hissəsində 9 məhəllə salınmışdı. İbrahim Xəlil xanın hakimiyyəti illərinə (1763-1806) təsadüf edən ikinci mərhələdə Şuşada aparılan tikinti işləri daha keyfiyyətli və möhtəşəm olmuşdur. Bu dövrdə şəhərdə yaşayış məhəllələrinin sayı 17-yə çatmışdı. XIX əsri əhatə edən üçüncü mərhələdə şəhərin dağlıq qərb hissəsində yeni 12 məhəllə salınmış və əslində, bununla Şuşanın formalaşması başa çatmışdır.
Şuşanın qərb tərəfi dəniz səviyyəsindən təxminən 1800 metr, şərq tərəfi isə 1400 metr yüksəklikdədir. Şəhərin cənub tərəfi nisbətən hündür və horizontal düzənlikdir. Bura “Cıdır düzü” adlanır. Şuşanın yerləşdiyi sahə isə 350 hektardır. Şəhərə ancaq bir nəqliyyat yolu var idi: Ağdam-Əsgəran-Xocalı-Xanbağı-Ağa körpüsü – Şuşa yolu. Bu yol şəhərin mərkəzinə qədər uzanır.
Gündən-günə inkişaf edən, iqtisadi cəhətdən güclənən Qarabağ xanlığı dəfələrlə İranın və qonşu xanlıqların hücumlarına məruz qalmışdır. İranda hakimiyyəti ələ alan Ağa Məhəmməd şah Qacar 1795-ci il iyunun sonunda Qarabağa hücum edir. İbrahimxəlil xanın 15 000 nəfər seçmə qoşunu Ağa Məhəmməd şah Qacara qarşı qəhrəmanlıqla mübarizə aparırdı. Ağa Məhəmməd şah Qacar Şuşa qalasını 33 gün mühasirədə saxladısa da, heç bir müvəffəqiyyət qazana bilməyib, Tiflis üzərinə hücuma keçir və onu talan edir.
Ağa Məhəmməd şah Qacar 1797-ci ilin yazında ikinci dəfə çoxsaylı ordu ilə Arazı keçib Şuşaya yaxınlaşır. Bəzi şəhər əyanlarının xəyanəti üzündən qısa mühasirədən sonra Şuşa təslim olur. Ancaq şəhərə girən Ağa Məhəmməd şah Qacarın hakimiyyəti bir gün davam edir. Qacar yaxın pişxidmətçiləri tərəfindən öldürülür. Şuşaya qayıdan İbrahimxəlil xan İranla münasibətləri düzəltmək məqsədilə Qacarın nəşini təmtəraqla İrana yola salır. Öz qızı Ağabəyim ağanı İranda hakimiyyəti ələ alan Fətəli xana ərə verir, oğlu Əbülfət ağanı isə girov göndərir.
Rus işğalı dövründə də Şuşa Qarabağın paytaxtı kimi öz aparıcı mövqeyini saxlayırdı. Ancaq Rusiyaya güclü Qarabağ xanlığı sərf etmirdi və çar məmurları Qarabağ xanlığını zəiflətmək məqsədilə özləri üçün sərfəli üsul tapdılar. Onlar Qarabağa, əsasən də Şuşa şəhərinə yersiz-yurdsuz, dilənçi halında olan erməniləri köçürməyə başladılar. Ermənilərin iyrənc xislətinə yaxşı bələd olan ruslar bilirdilər ki, bu millət bir az özlərinə gələn kimi, Azərbaycan xalqına qənim kəsiləcək.
12 oktyabr 1813-cü il Gülüstan və 10 fevral 1828-ci il Türkmənçay sülh müqavilələri Azərbaycan torpaqlarının İranla Rusiya arasında bölüşdürülməsi ilə nəticələnən və bu köçürmə siyasəti daha geniş vüsət aldı. Türkmənçay sülh müqaviləsinin XV maddəsində deyilir: “...Məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq mallarına və ya əmlakına, əşyalarına hər hansı gömrük və vergi qoyulmadan daşınan mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir”.
İkinci Rus-İran müharibəsinin gedişində İrandan Azərbaycana, o cümlədən Qarabağa 18 min erməni ailəsi köçürüldü. Türkmənçay müqaviləsinə görə, 2 il ərzində, 1828-ci ildən 1830-cu ilədək Cənubi Qafqaza 40 mindən çox İran və 84 min Türkiyə ermənisi köçürüldü. Onlar Gəncə və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirildi və onlara 200 min desyatindən çox xəzinə torpağı ayrıldı.
1832-ci ildə Qarabağ əhalisinin 91 faizini azərbaycanlılar, 8,4 fazini isə ermənilər təşkil edirdi. Köçürmə siyasəti nəticəsində azərbaycanlıların sayı 64,8 faizə endi, ermənilərin sayı isə 34,8 faizə qalxdı.
1900-1915-ci illərdə Qarabağın incisi olan Şuşa şəhərinin əhalisi isə 25,6 min nəfərdən 43,8 min nəfərə çatmış və o, iqtisadi cəhətdən inkişaf edərək Qafqazda ən böyük xalça istehsalı mərkəzinə çevrilmişdi.
XIX əsrin sonlarından başlayaraq erməni millətçi təşkilatları Azərbaycanın əzəli torpaqları olan Qarabağ, Naxçıvan və Zəngəzur bölgələrinə yiyələnmək üçün cəhdlər göstərərək, “Böyük Ermənistan” yaratmaq ideyasını həyata keçirmək üçün geniş fəaliyyətə başladılar. Bu istiqamətdə onların ilk hədəfi Zəngəzur və Qarabağı ələ keçirmək idi.1918-ci ildə rusların səyi nəticəsində Qərbi Azərbaycan torpaqları (İrəvan, Dərələyəz, Zəngibasar, Göyçə və s. mahallar) ərazisində indiki Ermənistan dövləti yaradıldı. Azərbaycan rəhbərlərinin belə “səxavətli hədiyyəsindən” şirnikləşən Ermənistan rəhbərliyi rəsmi surətdə Qarabağa dair ərazi iddiaları irəli sürdü. RK(b)P-nin Zaqafqaziya Ölkə Komitəsinin 1923-cü il dekabrın15-18-də keçirilmiş plenumu Q.Orconikidzenin təzyiqi və erməni kommunistlərindən Şaduntsun və Karakozovun təklifi ilə ultimatum formasında bir aylıq müddət ərzində Dağlıq Qarabağa vilayət muxtariyyətinin verilməsi haqqında AK(b)P MK-ya tapşırıq verdi. Azərbaycan rəhbərliyi həmin qərarı yerinə yetirməyə məcbur oldu və Azərbaycan xalqının iradəsinin əksinə olaraq Azərbaycan MK Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında dekret verdi. Beləliklə, rus şovinistləri və erməni daşnaklarının birgə qurduqları plan əsasında Qarabağda erməni icması üçün “DQMV” yaradıldı.
Çoxsaylı erməni xəyanətinin nəticəsi kimi Şuşa XX əsrdə 3 dəfə erməni təcavüzünün qurbanı olmuşdur. 1905-1907-ci illərdə Şuşa şəhəri ermənilər tərəfindən hücuma məruz qalmış və yandırılmışdır. 1920-ci ildə şəhərin xeyli hissəsi daşnaklar tərəfindən dağıdılmışdır. Üçüncü dəfə 1992-ci ilin mayında ermənilər bu şəhəri tamamilə işğal etdilər.
Şuşanın işğalının 22-ci ildönümündə mən bir vətəndaş, bir şuşalı kimi bir daha beynəlxalq təşkilatlara üz tutaraq erməni silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından çıxmasını tələb edirəm. Bütün həmvətənlərimizi yaşadıqları ölkələrin ictimaiyyətinə, dövlət və qeyri-dövlət qurumlarına erməni işğalçıları tərəfindən Azərbaycan xalqına, onun tarixinə və mədəniyyətinə qarşı törədilmiş cinayətləri açıqlamağa çağırıram!
Fikirlərimi xalqımızın ümummilli lideri Heydər Əliyevin sözləri ilə tamamlamaq istəyirəm: “Şuşasız, Ağdamsız, ümumiyyətlə Qarabağsız Azərbaycan yoxdur.”
Kamran BEHBUDOV,
Azərbaycan Diplomatik Akademiyasının
professoru
Xalq qəzeti.- 2014.- 8 may.- S.
13.