Ulu öndərə həsr olunmuş şahmat turniri yekunlaşmışdır

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturlarının əməkdaşları arasında keçirilən şahmat turniri başa çatmışdır.

Turnir qalibinin mükafatlandırılması münasibətilə təşkil edilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri S. Müslümov xalqımızın ümummilli lideri Heydər Əliyevin təkrarsız siyasi zəkası və zəngin dövlətçilik təcrübəsi sayəsində Azərbaycanın əldə etdiyi uğurları qeyd etmişdir. Bu siyasi kursun son on ildə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan nazir bu dövrdə ölkənin ümumi inkişaf dinamikasını, həmçinin əhalinin sosial müdafiəsinin gücləndiyini əks etdirən mühüm göstəriciləri diqqətə çatdırmışdır.

Nazir ƏƏSMN-də ilk dəfə keçirilən şahmat turnirinə də toxunmuş və vurğulamışdır ki, hər bir belə idman tədbiri gənclərimizin idmana marağının artmasına, onlarda idman vərdişlərinin formalaşmasına müsbət təsir göstərir.

ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, şahmat turniri nazirliyin 16 nəfər əməkdaşı arasında  keçirilmişdir. Turnirin qalibinə mükafat təqdim olunmuşdur.

 

Z.BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2014.- 8 may.- S. 15.