Heydər Əliyevin dövlətçilik fəaliyyəti və inkişafın Azərbaycan modeli

 

Tarixdə elə nadir şəxsiyyətlər olur ki, onlar yalnız zamanın gərgin və təlatümlü məqamlarında meydana çıxır, bütöv bir ölkənin “olum, ya ölüm” dilemması qarşısında qaldığı anlarda böyük  bir məsuliyyəti öz üzərinə götürməkdən çəkinmirlər. Onlar bu missiyanı şərəflə yerinə yetirərək “xilaskar” adını qazanırlar. Belə nadir insanlar dünya tarixində o qədər də çox deyil və Tanrının bəxş etdiyi xoşbəxtlikdir ki, onlardan biri XX əsrdə Azərbaycan xalqının tarixinə adı qızıl hərflərlə həkk olunmuş ulu öndər Heydər Əliyevdir.

14 iyul 1969-cu ilin Azərbaycanın yeni tarixində müstəsna yeri vardır. Həmin gün ümummilli liderimiz Heydər Əliyev respublikanın siyasi rəhbərliyinə yüksəlmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Bununla da sovet Azərbaycanın tarixində böyük dönüş dövrü başlanmışdır. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoymuşdur. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmişdir. Azərbaycanın müasir tarixinin böyük bir dövrü ulu öndər Heydər Əliyev şəxsiyyəti, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır.

Zəngin idarəçilik təcrübəsi olan ümummilli lider Heydər Əliyev Azərbaycanı ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atdı. Bu böyük şəxsiyyət dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək respublikanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırladı və onların icrasına nail oldu. Nəticədə 1969-1982-ci illər sovet Azərbaycanının tarixinə ən parlaq quruculuq illəri kimi yazıldı. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş başladı. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirildi.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə sənayenin inkişaf səviyyəsinə görə bütün respublikanın proporsional inkişafı üçün mühüm tədbirlər görülmüşdür. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan bütün keçmiş SSRİ-də qabaqcıl mövqelərə çıxmışdır. Ümummilli liderimizin uzaqgörən siyasəti, müdrik və səriştəli rəhbərliyi nəticəsində Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı respublikasına, o cümlədən qabaqcıl pambıqçılıq və üzümçülük diyarına çevrilmişdir.

Azərbaycan kəndində misilsiz tikinti, abadlıq və mədəni quruculuq işləri aparılmışdır. 1969-1982-ci illərdə respublikanın ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılmışdır. 213 iri sənaye müəssisəsi işə salınmışdır. Bir çox mühüm istehsal sahələrinin yaradılmasına görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tutmuşdur. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunmağa başlamışdır. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər səviyyəyə çatmışdır.

Həmin illərdə Azərbaycan nəhəng tikinti meydanını xatırladırdı. Yüzlərlə yaşayış binaları, mehmanxanalar, xəstəxanalar, elmi-tədqiqat mərkəzləri, məktəblər, mədəniyyət sarayları, iqtisadiyyatımızın nüvəsini təşkil edən fabriklər, zavodlar, nəhəng sənaye obyektləri, iri istehsal kompleksləri, su anbarları, dəryaçalar, Kür su kəməri, neçə-neçə yollar, o cümlədən yurdun şimal-qərb ucqarını paytaxta bağlayan Bakı-Balakən dəmir yolu və minlərlə digər tikililər ulu öndər Heydər Əliyev zəkasının, onun yorulmaz fəaliyyətinin, varlığına hopmuş Vətən sevgisinin nəticəsi idi.

1969-1982-ci illərdə Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Həmin illərdə keçmiş SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə 3500 azərbaycanlı gənc göndərilmişdir. Hər il təhsil almaq üçün Azərbaycanın hüdudlarından kənara orta hesabla 800 tələbə yola salınırdı.

 

Bu illərdə hərbi təhsilin inkişafına da xüsusi diqqət yetirilmişdir. Ümummilli lider Heydər Əliyev qətiyyətinin nəticəsində çətinliklə də olsa, Bakıda milli zabit kadrları hazırlayan məktəblər fəaliyyətə başlamışdır.

Artıq 80-ci illərin sonlarına yaxın Azərbaycan bu sahədə keçmiş ittifaqın strateji respublikaları ilə rəqabət apara biləcək bir səviyyədə idi. Sonradan isə bu peşəkar kadrlar müstəqillik dönəmində müasir Azərbaycan ordusunun əsasını təşkil etdi. Azərbaycanın gələcək inkişafına ünvanlanmış strateji əhəmiyyətli bütün bu işləri ulu öndər Heydər Əliyev şəxsən xüsusi nəzarətdə saxlayırdı.

Ulu öndər hələ o zaman ötən əsrin 90-cı illərinin əvvəllərində qovuşduğumuz müstəqilliyimizi görür, doğma Vətənini bu günlər üçün hazırlayırdı. Böyük düha sahibi yeni - bugünkü Azərbaycanı hələ o vaxtdan qurmağa başlamışdı. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, sovet imperiyasının dağıldığı dövrdə Azərbaycan öz inkişaf səviyyəsinə və çoxsahəli iqtisadiyyatına görə keçmiş SSRİ-nin müttəfiq respublikaları içərisində özünü yaşatmağa qadir ikinci respublika kimi tanınırdı. Bu isə, əslində, müstəqilliyin siyasi və iqtisadi əsaslarını gündəmə gətirirdi.

Ulu öndərin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışı ilə müstəqilliyimiz dəhşətli fəlakətlərdən xilas olmuş, əbədi və dönməz xarakter almışdır. Məhz ümummilli liderin müdrik siyasəti ilə Azərbaycan müasir inkişaf yoluna çıxmış, dünya tarixinə öz imzasını uğurla atmışdır.

Dahi öndərin hakimiyyətə qayıdışından sonra sosial-iqtisadi islahatların aparılması diqqət mərkəzində saxlanıldı. Yeni qanunların qəbuluna mühüm önəm verildi, mükəmməl qanunvericilik bazası formalaşdırılmağa başlandı. Qəbul olunmuş iqtisadi qanunlar Azərbaycanın milli iqtisadi inkişaf modelinin yaranmasına  və iqtisadi islahatların vətəndaşların mənafeyinə uyğun şəkildə reallaşdırılmasına  etibarlı zəmin yaratdı. Beləliklə, 1993-2003-cü illərdə qəbul edilmiş 1715 qanun və qərardan 975-i məhz ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında parlamentə təqdim olunmuşdu.

Dahi şəxsiyyət Heydər Əliyevin təməlini qoyduğu düzgün iqtisadi siyasət nəticəsində Azərbaycan dünya miqyasında neft-qaz hasilatı və ixracatı sahəsində qabaqcıl ölkələr sırasına çıxmışdır. Xarici dövlətlərin nüfuzlu neft şirkətlərinin Azərbaycan ilə müqavilələr bağlaması və respublikamızın iqtisadiyyatına sərmayə qoyması, müasir tələblərə cavab verən neft və qaz infrastrukturunun yaradılması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri vasitəsilə Azərbaycan neftinin dünya bazarına çıxarılması məhz ulu öndər Heydər Əliyevin iqtisadi inkişaf siyasətinin tərkib hissəsi və nəticəsidir.

Ulu öndərin 30 aprel 2001-ci il tarixli fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinin yaradılması isə özəl bölmənin  inkişafına dövlət köməyi və onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsinin, habelə idarə edilməsinin əsasını qoydu. Bununla da  sahibkarlığın inkişafı ümumi iqtisadi inkişafın tərkib hissəsinə çevrildi. Həmçinin qanunvericilik sahəsində atılan növbəti mühüm addım olaraq 1 yanvar 2003-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Qanunda vergi orqanları tərəfindən vergiödəyicilərinin bank hesabları üzrə əməliyyatlarının məhkəməsiz dayandırılması barədə müddəanın ləğv edilməsi, bank hesablarından vergilərin dövlət büdcəsinə alınması prosedurunun təkmilləşdirilməsi, sadələşdirilmiş verginin tətbiqi bazasının daha da genişləndirilməsi, son nəticədə kiçik və orta sahibkarlıq subyektləri üçün əlverişli vergitutma mexanizmlərini özündə birləşdirən daha optimal bir sistem yaradılması oldu. Eyni zamanda, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı digər qanunvericilik aktlarında da təkmilləşmələr aparıldı. Belə ki, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü surətdə təkmilləşdirildi. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirildi, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirildi, lisenziyaların müddəti isə 2 ildən 5 ilədək uzadıldı. Bütün bunlar ölkədə sahibkarlıq sinfinin inkişafı ilə bağlı tarixi uğurlara imza atılmasına, orta təbəqənin cəmiyyətdə xüsusi çəkisinin artmasına gətirib çıxardı ki, bu da əhalinin maddi rifah halının artmasında böyük əhəmiyyət kəsb etdi.

 

Sahibkarlığın inkişafı sahəsində qəbul olunmuş dövlət proqramları, qanunvericilik aktları və digər mühüm tədbirlərin özəl bölmənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafı üzrə dövlət tədbirlərini Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Həmin dövlət proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm işlər görüldü, sahibkarlara dövlət maliyyə köməyi sistemi formalaşdırıldı. Dövlət proqramları eyni zamanda sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan  tədbirlərin sistemliliyini təmin etdi, bu tədbirləri vahid strategiyanın həyata keçirilməsinə yönəltdi. Ölkəmizdə dövlət-sahibkar münasibətlərini tənzimləyən əsas prinsiplər müəyyənləşdirildi, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması baş verdi.

Ulu öndərin  sahibkarlığın inkişafı modelinin mühüm səciyyəvi xüsusiyyətlərindən biri həmin model çərçivəsində davamlı inkişaf üçün əsaslı zəminin formalaşması oldu. Ümummilli liderimiz  tərəfindən müəyyənləşdirilmiş və onun rəhbərliyi ilə uğurla həyata keçirilmiş sahibkarlığın inkişafı strategiyası nəinki Azərbaycanın  inkişafında müstəsna rol oynadı, hətta bir model olaraq keçid iqtisadiyyatı yaşayan ölkələrin iqtisadi inkişafı baxımından bir nümunəyə çevrildi.

Dövlət başçısının 2003-cü il noyabrın 24-də imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərmanda sahibkarlığın dinamik inkişafı sahəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi və ölkəyə xarici investisiyaların cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə institutları, xarici ölkələrin dövlət orqanları və iş adamları ilə müvafiq danışıqların aparılması tapşırığı qarşıya mühüm vəzifə kimi qoyuldu. Eyni zamanda, o dövrdə sahibkarların işgüzar əlaqələrinin inkişafı və ixrac imkanlarının dəstəklənməsi sahəsində də dövlət tərəfindən əməli işlər görüldü. Həmin vaxt ölkənin ixrac qabiliyyətinin artırılması və xarici investisiyaların cəlb edilməsi kimi mühüm  məqsədlərin reallaşdırılması məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) təsis edildi və bu qurum sahibkarların ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verdi.

Azərbaycanın iqtisadi inkişafını daim diqqət mərkəzində saxlayan dahi öndər o illərdə  həm yerli, həm də beynəlxalq nəqliyyat yollarının yenidən qurulmasına , bu sahədə müvafiq infrastrukturun yaradılmasına hesablanmış bir siyasət həyata keçirməyə başladı. Həmin dövrdə beynəlxalq əhəmiyyətə malik nəqliyyat yolu istiqamətində ilk olaraq daha çox diqqətçəkən tarixi İpək yolu idi. Bu yol indi Şərq-Qərb və ya Avropa-Qafqaz-Asiya beynəlxalq dəhlizi kimi də təqdim edilir və onun formalaşdığı vaxtdan etibarən keçdiyi əsas coğrafi məkanlardan biri məhz Azərbaycandır. Tarixi İpək yolunun bərpasına Azərbaycanla yanaşı, Avropa və Orta Asiya, eləcə də Şərq ölkələri də böyük maraq göstərirlər. Sözügedən nəqliyyat dəhlizinin bərpasının əsas məqsədləri sırasında bölgədə yerləşən ölkələrin ticarət-iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, tranzit daşınmalar üçün əlverişli şəraitin yaradılması, yük daşımalarının müddətinin qısaldılması,  daşıma tarifləri və vergilərə xüsusi güzəştlərin tətbiqi xüsusi əhəmiyyət daşıyırdı.

Ulu öndərin iqtisadi inkişaf strategiyası sosial sahənin yaxşılaşmasına da tədricən öz müsbət təsirini göstərirdi. Bu, daha çox  yoxsulluğun azaldılması və  insanların layiqli həyat tərzinin təmin olunmasında nəzərə çarpırdı. 

Yoxsulluqla mübarizənin səmərəli təşkili məqsədilə Heydər Əliyevin 2001-ci il 2 mart tarixli sərəncamına əsasən, xüsusi dövlət komissiyası yaradıldı. Həmin komissiyaya yoxsulluğun azaldılması sahəsində müvafiq Dövlət Proqramının hazırlanması həvalə edildi.  2003-cü il fevral ayının 20-də ulu öndərin müvafiq fərmanı ilə “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”  adlanan sənəd təsdiq olundu. Dövlət Proqramının reallaşdırılması  nəticəsində 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki 46,7 faizdən 29,3 faizə endi. Sonrakı illərdə bu istiqamətdə uğurlar daha da artırıldı və 2007-ci ilin axırına yoxsulluq səviyyəsi 15,8 faiz təşkil etdi. Hazırda bu göstərici 5,4 faiz təşkil edir.

 

Sosial sahədə ulu öndərin rəhbərliyi altında həyata keçirilən siyasətin tərkibində yer alan ən önəmli məqamlardan biri müasir dünya təcrübəsinə cavab verən sosial infrastrukturun yaradılması idi. Həmin  istiqamətdə də mühüm nailiyyətlərə imza atıldı, bir çox köhnə sosial infrastruktur yeniləndi, həmçinin çoxlu sayda yeniləri yaradıldı. Bu isə ümummilli liderimizin  həyata keçirdiyi  sosial siyasətin prioritet istiqamətlərinin düzgün müəyyən olunduğunu, elmi əsaslara söykəndiyini və mütərəqqi dünya təcrübəsinə cavab verdiyini qabarıq formada nümayiş etdirirdi. Bunun nəticəsi idi ki, sosial müavinətlər, xüsusən də vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Eyni zamanda, pensiya və müavinətlərin ödənilməsi və digər sosial ödənişlər üzrə xərclərin artımı davamlı xarakter aldı.

Araşdırmalar göstərir ki, 1996-2003-cü illər ərzində aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ulu öndər  8 fərman və sərəncam imzalamışdır. Bunların tətbiqi nəticəsində, eləcə də ölkədə əməkhaqlarının artımı hesabına pensiya və müavinətlərin orta aylıq məbləği 1995-2003-cü illər ərzində 8 dəfə artmışdır. Bu, bir daha ulu öndərin həyata keçirdiyi sosial siyasətin nə dərəcədə səmərəli  xarakter daşıdığının yüksək göstəricisidir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev özünün  başladığı siyasi və iqtisadi kursu davam etdirə biləcək bir siyasi lider kimi İlham Əliyevi görürdü. O deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bu gün ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi və iqtisadi kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və inkişaf etdirilir. Qətiyyətlə deyə bilərik ki, bu gün Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər elmi təməl üzərində həyata keçirilən uğurlu siyasətə əsaslanır. Azərbaycanın gələcəyini təbii resurslara bağlamayan ölkə rəhbərliyi neft-qaz gəlirlərinin insan kapitalına çevrilməsi yönümündə məqsədyönlü və ardıcıl siyasət yürüdür.

Prezident  İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan islahatlar, həyata keçirilən kompleks tədbirlər, sosial-iqtisadi və mədəni-mənəvi inkişaf sahəsində qazanılmış nailiyyətlər Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını daha da yüksək səviyyədə təmin etməyə, respublikamızın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə və bütövlükdə dövlətimizin və xalqımızın yeni inkişaf mərhələsinə qədəm qoymasına xidmət edir.

2003-cü ilin oktyabrında xalqın iradəsi əsasında müstəqil Azərbaycanın Prezidenti seçilən cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasət strategiyasının müəyyənləşdirdiyi əsas hədəflərdən biri  kimi ölkə regionlarının inkişafında yeni mərhələnin əsası qoyuldu. Başqa sözlə,  regionların inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindən birinə çevrildi. Sənaye sahəsinin dirçəldilməsi prioritet vəzifə olaraq qarşıya qoyuldu və müsbət göstəricilər əldə edildi. Konkret faktlara nəzər salaq. Son 10 ildə sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artmış, 2004-2013-cü illərdə regionların inkişafı dövlət proqramları çərçivəsində bölgələrdə 500-ə qədər sənaye müəssisəsi açılmışdır. Güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi bu sahənin keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan vermişdir. Azərbaycanda sənayenin inkişafına neft sektoru impuls versə də, ümumilikdə maşınqayırma, metallurgiya, yeyinti və emal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri bu sahənin inkişafına imkan yaratmışdır.

Qeyd edim ki, yeni təsərrüfatçılıq formalarından sənayeləşmənin innovativ və mütərəqqi modeli olan sənaye texnoparklarının yaradılması isə indistrual cəmiyyətin formalaşmasına güclü zəmin yaradır. Dünyada sənayeləşmənin qlobal xarakter alması zəminində Azərbaycanda sahibkarlığın ən iri təşkilati-hüquqi forması olan sənaye texnoparkları layihələrinə üstünlük verilmişdir. Sənaye texnoparkları müasir iqtisadiyyatın əsas kapitaltutumlu bölməsi sayılır və bu parklarda sənayenin bütün sahələrini əhatə edən onlarca zavod fəaliyyət göstərir.

Son illər aparılan iqtisadi islahatlar və dinamik sürətlə artan kapital qoyuluşu ölkəmizi dünyanın sürətlə inkişaf edən dövlətlər sırasına cıxarmışdır. Azərbaycan kimi kiçik bir ölkəyə son illər ərzində 160 milyard dollar investisiyanın cəlb edilməsi heç də adi fakt deyil. Qoyulan sərmayələr isə ildən-ilə artmaqda davam edir. Məsələn, təkcə keçən il ölkə iqtisadiyyatına rekord həcmdə - 28 milyard dollar sərmayə qoyulmuşdur.

Müstəqilliymizin bərpasından sonrakı ilk illərdə iqtisadiyyata kapital qoyuluşunda xarici sərmayələr üstünlük təşkil edirdi. Lakin ölkəmiz iqtisadi inkişafa nail olduqdan sonra bunun əksi baş verdi. Yəni daxili investisiyalar kapital qoyuluşunda üstünlük təşkil etməyə başladı. Bu da dövlətin həyata keçirdiyi düzgün iqtisadi siyasətin nəticəsidir. Burada bir faktı xüsusi qeyd etmək lazımdır: dövlət özəl sektora investisiya qoyuluşuna xüsusi diqqət yetirir. Ayrılan kreditlərdə dövlət əhəmiyyətli infrastruktur layihələri ilə bərabər özəl sektorun da çəkisi ilbəil yüksəlir.

Yuxarıda deyilənlər Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələrdə dinamik inkişaf etdiyini bir daha təsdiqləyir. Bu dövrdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə artması, inflyasiyanın optimal həddə saxlanılması hökumətin həyata keçirdiyi inkişaf kursunun səmərəliliyinin əyani göstəricisidir.

Ulu öndərimizin bölgələrin tərəqqisinə xüsusi önəm verməsi ənənəsi bu gün də uğurla davam etdirilir. Regionların sosial-iqtisadi inkişafına dair iki dövlət proqramının icra olunduğu 10 il ərzində  yerlərdə qeydiyyata alınan sahibkarlıq subyektlərinin sayının 7,2 dəfə, vergi daxilolmalarının isə 12,7 dəfədən çox artması bunun bariz ifadəsidir. Respublikanın şəhər və rayonları üzrə vergi gəlirlərinin artımı artıq Sumqayıt, Şirvan, Mingəçevir şəhərlərinə, eləcə də Abşeron və İmişli rayonlarına öz xərclərini tamamilə yerli gəlirlər hesabına təmin etməyə imkan yaratmışdır.

Cənab İlham Əliyevin  müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” ölkəmizin bütün bölgələrinin hərtərəfli inkişafı sahəsində məqsədyönlü siyasətin davamı olmaqla, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində müstəsna rol oynayacaqdır.

Təkcə bu ilin birinci rübündə regionlarda 100-ə yaxın sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 500-dək müəssisənin isə tikintisi davam etdirilir.

Azərbaycan Prezidentinin “Ölkəmizin ən böyük sərvəti onun insanlarıdır” sözləri və maliyyə kapitalının insan kapitalına  çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasət, sağlam və təhsilli gənc nəslin yetişdirilməsi ilə bağlı qəbul etdiyi qərarlar cəmiyyətdə böyük rəğbətlə qarşılanmışdır. Gənc nəslin sağlam böyüməsi yolunda Heydər Əliyev Fondunun əvəzsiz fəaliyyəti, habelə ən müasir standartlar səviyyəsində yeni uşaq bağçaları və körpələr evlərinin tikintisi və köhnələrinin təmiri xüsusilə təqdirəlayiqdir. Möhtərəm dövlət başçımız tərəfindən  həyata keçirilən təhsil və inkişaf strategiyasının davamı olaraq cari ilin yanvarın 1-dən məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evləri 10 il müddətinə bütün vergilərdən azad edilmişdir. Son 10 ildə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində böyük işlər görülmüş, 2700-dən çox yeni məktəb tikilmiş, 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşmışdır. İki dövlət proqramının icrası nəticəsində 2004-cü ildə hər 1063 şagirdə bir kompyuter düşdüyü halda, hazırda hər 18 şagirdə bir kompyuter nisbəti təmin olunmuş, məktəblərin 39 faizi internet şəbəkəsinə qoşulmuşdur.

Əhalinin sosial problemlərinin həlli, o cümlədən vətəndaşlara geniş çeşidli xidmətlərin göstərilməsi, bürokratik əngəlləri aradan qaldırmaqla vətəndaş-dövlət münasibətlərində şəffaflığın və “vətəndaş məmnunluğunun” təmin edilməsi məqsədilə cənab İlham Əliyevin bilavasitə müəllifi olduğu  “ASAN xidmət” konsepsiyası müasir Azərbaycanın brendinə çevrilmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə həyata keçirilən müasirləşmə strategiyası və uğurlu sosial-iqtisadi  siyasət nəticəsində Azərbaycanda  yüksək iqtisadi artım dinamikası formalaşmış, dayanıqlı makroiqtisadi sabitlik şəraitində bu iqtisadi artımın sosial rifaha və yüksək həyat standartlarına sürətli transformasiyası baş vermişdir. Nəticədə Azərbaycan adambaşına düşən ümumi daxili məhsulun həcminə görə 100 pillə irəliləyərək qısa zaman ərzində orta gəlirli dövlətlər qrupuna daxil olmuşdur. Bundan başqa,  “Dünya Rəqabətlilik Hesabatı 2013-2014" nəşrinə əsasən, Azərbaycan rəqabətlilik reytinqinə görə 148 dövlət arasında 39-cu yerdə qərarlaşmışdır.

Azərbaycanda əlverişli və münbit biznes mühitinin formalaşdırılması da beynəlxalq qurumların diqqətini çəkmişdir. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının hesabatlarında respublikamız  dünyanın 183 ölkəsi arasında 66-cı yerə layiq görülməklə biznesə başlamaq parametrləri üzrə inkişaf etmiş ölkələrlə bir sırada qərarlaşmışdır.

Dünyanın aparıcı “Fitch”, “Moody’s” və “Standard & Poor’s” reytinq agentlikləri, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, “Qoldman Saks” təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi, habelə digər qurumların hesabatlarında Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi məsələləri xüsusi vurğulanmışdır.

Bu günlərdə  isə Dünya İqtisadi Forumu 2014-cü il üçün yeni hesabatını yaymışdır. Hesabat  138 ölkəni əhatə etmiş,  “Daxili bazara çıxış”, “Sərhəddə inzibati idarəetmə”, “İşgüzar mühit” və “Nəqliyyat və kommunal infrastruktur” kimi dörd göstərici əsasında tərtib olunmuşdur. Daxili bazara çıxış göstəricisi üzrə Azərbaycan 2014-cü ildə 66-cı, işgüzar mühit göstəricisi üzrə 58-ci, infrastruktur səviyyəsi üzrə isə 45-ci olmuşdur.

Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış və aprelin 23-də yayımlanmış “Qlobal informasiya texnologiyaları hesabatı 2014 (”The Global Information Technology Report 2014") adlı illik hesabatda isə göstərilir ki, ölkələrin informasiya texnologiyaları sahəsində inkişafını əks etdirən “Şəbəkələşmə hazırlığı indeksi” göstəricisinə görə Azərbaycan ötənilki mövqeyindən 7 pillə irəliləyərək 148 ölkə arasında 56-cı yerdən 49-cu yerə yüksəlmişdir. Hər zaman MDB ölkələri arasında yüksək mövqelərdə yer alan Azərbaycan bu reytinq cədvəlinə əsasən bir çox aparıcı ölkələri də qabaqlamışdır.

Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, bu istiqamətdə kompleks dövlət dəstəyi tədbirləri davam etdirilir. Bunun nəticəsidir ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, məşğulluqda özəl sektorun payı 73,9 faizə, vergi daxilolmalarında 72,4 faizə yüksəlmiş, ÜDM-də özəl sektorun xüsusi çəkisi 80 faizi ötmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 3 mart 2014-cü il tarixli Fərmanı sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, bu sahənin inkişafına verilən böyük önəmin, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi, sahibkarlığın inkişafının yeni mərhələsinin hüquqi əsaslarını özündə əks etdirən mühüm konseptual sənəddir. Fərmana uyğun olaraq, ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq araşdırmalar aparılmış və hər bir istiqamət üzrə nümunəvi modellər təhlil olunmuşdur. Sənəddə aidiyyəti üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin “bir pəncərə” prinsipinə uyğun olaraq elektron qeydiyyatı, eləcə də tikintiyə icazələrin verilməsi sahəsində prosedur və müddətlərin azaldılması, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, kreditlərin verilməsi prosesinə təsir göstərən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi üçün müvafiq təkliflərin hazırlanması tapşırılmışdır. Artıq İqtisadiyyat və Sənaye Nazirliyi adı çəkilən fərmanda verilmiş tapşırıqların icrası ilə bağlı təkliflər paketini hazırlamış və aidiyyəti dövlət qurumlarına təqdim etmişdir. Fərmana uyğun olaraq aparılacaq islahatlar çərçivəsində 6 qanunun qəbul olunması nəzərdə tutulur. İki qanun tamamilə yeni olacaqdır, bunlar “Özəl kredit büroları haqqında” və “Təminatlı əqdlər haqqında” qanun layihələridir. Bu qanunların qəbul olunması bank xidmətləri sferasının genişlənməsinə, eləcə də sahibkarların maliyyə xidmətlərinə çıxış imkanlarının daha da artırılmasına imkan yaradacaqdır.

Prezident İlham Əliyev sahibkarlığa göstərilən diqqət barədə  regionların sosial-iqtsiadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda demişdir: Son 10 il ərzində Azərbaycanda 55 min yeni müəssisə yaradılmışdır. Dövlət xətti ilə 1 milyard 200 milyon manat güzəştli şərtlərlə kredit verilmişdir. Misal üçün, keçən il 275 milyon manat kredit verilmişdir. Bu kreditlər vaxtında qaytarılır. Bu da sahibkarlığın inkişafına yeni dəstək verir. Çünki həmin vəsait yenə də kredit şəklində sahibkarlara verilir. Sahibkarlar da qeyd etməliyəm ki, bu kreditlərə böyük məsuliyyətlə yanaşırlar. Yəni bütün vəsait vaxtında qaytarılır. Gələcəkdə biz hər il təxminən 270-300 milyon manat həcmində güzəştli kreditlər verəcəyik. Beləliklə, proqramın sonuna - 2018-ci ilə qədər təxminən 1 milyard yarım manat vəsait kredit veriləcəkdir. Bu vəsait də iqtisadiyyatın real sektoruna qoyulacaqdır”.

Azərbaycana bu gün inamla rəhbərlik edən Prezident İlham Əliyev ulu öndərin xilas edib inkişaf yoluna çıxardığı dövləti daha da möhkəmləndirmiş, onun müstəqil siyasət yeritməsini təmin etmuişdir. “Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkədir. Azərbaycan azad ölkədir. Azərbaycan dünyəvi ölkədir. Eyni zamanda, Azərbaycan inkişaf edən ölkədir. İqtisadi cəhətdən əldə edilmiş bütün uğurlara baxmayaraq, biz hələ də inkişaf edən ölkəyik. Bizim məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir. Mən şübhə etmirəm ki, biz buna nail olacağıq. Biz inkişaf etmiş bütün ölkələrin təcrübəsini bilirik, öyrənirik və biz o istiqamətdə inkişaf edirik. Eyni zamanda, Azərbaycan demokratik inkişaf baxımından çox sürətlə irəliyə gedir”, – deyən Azərbaycan Prezidenti İlham Əliyevin son illərdəki fəaliyyətinin təhlilinə nəzərən əminliklə demək olar ki, ulu öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsi ictimai zərurət olmaqla yanaşı, Azərbaycanın dövlət müstəqilliyinə əbədi təminatdır.

 

 Elşad ABBASOV,

 

“Embawood” şirkətinin prezidenti

 

Xalq qəzeti.- 2014.- 9 may.- S. 5.