Milli azadlıq hərəkatında xalqın böyük dayağı

 

XX əsrin 80-ci illərinin ikinci yarısında cərəyan edən tarixi proseslər SSRİ-nin süqutu üçün zəmin yaratdı. Ölkədə və dünyada  baş verən iqtisadi və siyasi keyfiyyət dəyişmələrini, onların perspektivlərini uzaqgörənliklə təhlil edən Azərbaycanın böyük oğlu, ümummilli lider Heydər Əliyev hələ 1986-cı ildə sovet dövlətinin  siyasi sisteminin tədricən  qürub edəcəyini, imperiyada  yaşayan millətlərin, o cümlədən doğma  xalqının azadlığa çıxacağı günün çox uzaqda olmadığını sezərək deyirdi: “O zaman hiss edirdim ki, dünyada böyük dəyişikliklər baş verir və bunu alqışlayırdım”.

Xüsusi mülkiyyətə keçidlə yaranan iqtisadi müstəqillik ümidindən çıxış  edərək, milli respublikaların sovet siyasi sisteminin məngənəsindən qurtulmaq istəyinin, “mərkəzdənqaçma”sının qarşısını almağa can atan imperiya irtica yolu tutdu.  Azadlığın astanasında duran xalqlara, xüsusilə türkdilli xalqlara qarşı təzyiqlər gücləndirildi. Dədə-baba yurdu olan Qərbi Azərbaycandan azərbaycanlıların, Özbəkistandan Axıska türklərinin didərgin salınmasına başlandı. Onlar qaçqın kimi Azərbaycana pənah gətirdi. Türkdilli xalqların rəhbərlərinə qarşı hücumlar başlandı. Qazaxıstanda uzun müddət rəhbər vəzifədə çalışmış D.Kunayevin istefa məcburiyyətində qoyulması, qazax xalqının iradəsinə zidd olaraq, respublikaya rus milliyyətli şəxsin birinci katib təyin edilməsi, Kabardin-Balkar Muxtar Respublikasının rəhbərinin yerli əhalinin milli adət-ənənələrinə yad olan bir şəxslə əvəz olunması və s. kimi antitürk meyilli addımlar bu məqsədə xidmət edirdi.

Bu məqsədləri aydın başa düşən, beynəlxalq siyasi-iqtisadi prosesləri təhlil edən, türk xalqlarının XXI əsrdəki yerini uzaqgörənliklə dəyərləndirən ümummilli lider  Heydər Əliyev türk dünyasının maraqlarının müdafiəsinə qalxmaqla ədalətə, prinsipiallığa, millətinə sadiqlik, türk dünyasına təəssübkeşlik nümunəsi nümayiş etdirdi. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi məsul vəzifədə işləyən Heydər Əliyev ona qarşı ediləcək hücumlardan çəkinməyərək, hələ 1986-cı ildə M.Qorbaçovun milli siyasətini mərdliklə ifşa edərək birbaşa onun üzünə demişdi: “...Bunu etmək olmaz. Qazaxıstan böyük bir respublikadır... Bundan əvvəl də bu respublikaya rəhbərlik edənlər qazaxlar olublar. Amma indi Qazaxıstana başqa millətdən olan bir adamı rəhbər göndərmək doğru deyil”.

Heydər Əliyevin idarəçilik bacarığına, qətiyyətinə, mübarizliyinə, İttifaq rəhbərliyinin  bəzi üzvləri tərəfindən dövlət başçılığına layiq şəxs kimi dəyərləndirilməsinə  paxıllıq və qısqanclıqla yanaşan  M.S.Qorbaçov ona qarşı  təzyiqlərə başladı. 1985-ci ildə otuz illik həyat yoldaşı Zərifə xanım Əliyevanın vəfatından sonrakı qısa müddətdə  xalqımızın böyük  oğluna  növbəti zərbələr endirildi. 1987-ci ildə Heydər Əliyev vəzifədən uzaqlaşdırıldı.

 Təsadüfi deyil ki, M.S.Qorbaçovun məsləhətçisi Aqanbekyanın Fransanın “Humanite” qəzetinə verdiyi “Dağlıq Qarabağdakı ermənilərin əzab çəkməsi və vilayətin Ermənistana verilməsi barədə şəxsən baş katibə məlumat verdiyi, SSRİ rəhbərinin məsələni ermənilərin xeyrinə həll edəcəyinə söz verməsi” haqqında müsahibə məhz, Heydər Əliyevin vəzifədən uzaqlaşdırılmasından dərhal sonra ortaya atıldı. Ölkədə ciddi dəyişikliklər olacağını hiss edən, xalqının gələcək müstəqilliyi üçün hələ keçən əsrin 70-ci illərindən sosial-iqtisadi baza yaradan böyük öndərin bu proseslərdən yaxşı xəbərdar olduğunu da bilirdilər. Bu zəmində Heydər Əliyevə qarşı qısqanclıq gücləndi. Məhz, onun şəxsiyyətinə qarşı başlanan təzyiqlər dövründə Ermənistanın Dağlıq Qarabağın ilhaqına nail olmaq siyasəti işə düşdü. Təcavüzkar erməni siyasətinə qarşı yüksələn mitinqlər  respublikanın xilası yolunu Heydər Əliyevin hakimiyyətə gətirilməsində görən xalqın ictimai rəyini ortaya qoydu. Bu mövqe həm Moskva, həm yerli kommunist nomenklaturası, həm də təşəkkül tapmaqda olan müxalifət tərəfindən qısqanclıqla qarşılanırdı. Halbuki, nicat yolunu Heydər Əliyev şəxsiyyətində görən xalqın mövqeyi tarixi zərurətin ifadəsi idi.

Tarix bu zəruriyyəti 1993-cü ilin yayında təsdiq etməklə xalqın böyüklüyünü, Heydər Əliyev şəxsiyyətinə inamın haqlı olduğunu sübut etdi. Gündən-günə mətinləşən Azərbaycan xalqının milli-azadlıq, siyasi müstəqillik çağırışları yerli hakimiyyəti və Moskvanı ciddi narahat edir, proseslərin nəzarətdən çıxacağından ehtiyatlandırırdı. Siyasi böhranın kəskinləşdiyi belə bir zamanda respublikadakı ictimai-siyasi vəziyyəti, rəhbərlik üçün vacib olan təcrübəsini, haqqında ictimai rəyi nəzərə alaraq Heydər Əliyev şəxsiyyətinə qayıtmaq ən məntiqli variant olardı.   Lakin nə iqtidar, nə də müxalifət bu obyektiv mövqedə durmadı. Sovet dövləti rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra “siyasi fəaliyyətlə məşğul olmayacağını” düşünən, ancaq ürəyi hər an xalqı ilə döyünən Heydər Əliyev isə sağlamlığı üçün təhlükəli bir şəraitdə hələ də Moskvada yaşamağa məcbur olsa da, xalqının taleyinə biganə qalmır, respublikanın problemləri barədə fikirlərini ölkə rəhbərliyi ilə ciddi müzakirə etməyə çalışırdı. M.S. Qorbaçov isə ondan qaçırdı.

Azərbaycanın vəziyyəti ilə bağlı üç il ərzində ümummilli lider Heydər Əliyevin onu qəbul etmək, dinləmək barədə təkidli təkliflərinə cavab verməyən M.S.Qorbaçov Bakıya qoşun yeritmək və buradakı iğtişaşları güc işlətməklə yatırtmaq haqqında qərar qəbul etdikdən sonra–1990-cı il yanvarın 19-da gözlənilmədən Heydər Əliyevə zəng etdi.  Bakıda vəziyyətin pis olmasını və Azərbaycana nə isə bir əlac tapmaq lazım olduğunu söylədi. Heydər Əliyev xalqın haqlı etirazını müdafiə etdi. M.S.Qorbaçovla kəskin telefon danışığından sonra bütün gecəni yata bilməyən ulu öndər xalqı fəlakətə düçar olanda, əlbəttə ki,  kənarda qala bilməzdi.

Yanvarın 21-də ümummilli lider Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək burada 6 minə yaxın soydaşımızın iştirakı ilə təşkil olunmuş mitinqdə çıxış etdi. Xalqına başsağlığı verərək, faciənin təşkilatçılarını “qatil” adlandırdı. Çox çətinliklə Azərbaycanda bir neçə adama telefonla zəng vuraraq göndərdiyi başsağlığının respublika qəzetlərində dərc olunmasını, yaxud Yanvar şəhidlərinin matəm mərasimində oxunmasını rica etdi. Lakin onun bu xahişləri respublikada yerinə yetirilmədi.

Qanlı Yanvar Azərbaycan xalqının həyatında dönüş nöqtəsi oldu. Respublikada sovet rejiminə qarşı nifrət hissi gücləndi. Yanvar faciəsini təhqiq edən 21 nəfərdən ibarət deputat-istintaq komissiyası İttifaq rəhbərlərinin cinayətkar mövqeyini qeyd etsə də, respublika rəhbərlərinin cinayət tərkibli əməli müzakirəyə qoyulmadı. Ümummilli lider o zamankı vəziyyəti təhlil edərək deyirdi: “1990-cı il 20 yanvardan sonra respublikamızda siyasi proseslər Azərbaycan xalqının, ölkəmizin tam müdafiəsi istiqamətində getmədi...O vaxt hakimiyyətdə olanların bir hissəsi də, hətta hakimiyyətə qarşı müxalifətdə olan, milli azadlıq hərəkatında iştirak edən, habelə ona rəhbərlik edən adamlar da bu hadisənin müzakirə olunmasını istəmədilər... Çünki hakimiyyətdə olanlar qorxurdular ki, onların günahlarının üstü açılar. Milli azadlıq uğrunda mübarizə aparanlar isə, qorxurdular ki, onları xalqı ayağa qaldırmaqda, qırğına verməkdə günahlandıracaqlar”.

Hakimiyyətə gələn yeni iqtidar Dağlıq Qarabağ məsələsinə münasibətdə əvvəlki rəhbərliyin gözləmə siyasətini tənqid etsə də, respublikanın sərhədlərinin qorunmasına yönəlmiş qəti və aydın siyasət yeridə bilmədi. Xalqın Heydər Əliyevin respublika rəhbərliyinə dəvət edilməsi tələblərinə məhəl qoymadı. Məhz xalqının dar günündə Vətənə qayıtmasına ciddi maneələr törədildiyi, “Sizin gəlişinizlə qarışıqlıqlar baş verə bilər” söylənildiyi, Azərbaycana yola düşməmişdən bir qədər  əvvəl telefonla danışdığı və hava limanında onu qarşılayacaq tərəfdarlardan biri  Əjdər Xanbabayevin qətlə yetirildiyi təhlükəli zamanda, ulu öndər Bakıya qayıtdı. İqtidarın və müxalifətin bəzi üzvlərinin Bakı Hava Limanında onun əleyhinə planlaşdırdığı riyakar piket planı əliyevsevərlərin prinsipial, təzyiqlərə məhəl qoymayan qarşılanma mərasimi, onun həyatına ehtimal edilən qəsdin qarşısını almaq üçün əvvəlcədən görülən tədbirlər sayəsində iflasa uğradı. Xalqını, onun görüşünə gələn insanları, özünün təbirincə, “Bakı Hava Limanından şəhərə gələrkən yolun kənarındakı ağacların boy atdığını gördükdə çox sevinən və onların hər birini öz doğma övladı kimi qəbul edən” ümummilli liderin Vətənə qayıdışına ürəkdən sevinən minlərlə insan, heç bir təzyiqdən çəkinməyərək şəhəri, Dənizkənarı parkı seyrə çıxan “millət ağsaqqalı”nın başına toplaşaraq xalqın məhəbbətini ifadə etdilər. İqtidarın Heydər Əliyev tərəfindən “boya-başa çatdırılmış” nankor nümayəndələri isə  14 il Bakı şəhərini, Azərbaycanı qurub-yaradan adamı Bakıda yaşamağa qoymadılar”. Xalqın xilaskarı doğulduğu Naxçıvana, özünün dediyi kimi, “taleyin ümidinə buraxılmış tənha adaya sürgün edildi”. Naxçıvanda 80 mindən artıq vətənpərvərin, eləcə də respublikanın müxtəlif yerlərindən görüşünə gəlmiş qədirbilən insanların iştirak etdiyi mitinqdə çıxış edən lider  müstəqillik uğrunda mübarizədə xalqı ilə axıra qədər bir yerdə olacağını bəyan etdi.

 

Vətənə qayıdış müstəqillik və demokratiya uğrunda demokratik mübarizə dövrünün başlanğıcını qoydu. Azərbaycanı təcavüzkar erməni müdaxiləsindən xilas etmək, müstəqillik uğrunda yüksələn kortəbii xalq hərəkatını vahid məcraya yönəltmək başlıca vəzifəyə çevrildi.  İmperiya rejiminə qarşı çıxış edən ümummilli lider  Naxçıvanda vətəndaş həmrəyliyinə  xüsusi dəyər verir, özünün qeyd etdiyi kimi, “Naxçıvanda seçkiqabağı yığıncaqlarda müxalifəti müdafiə edir, bir çoxunun deputat seçilməsinə öz çıxışları, nüfuzu ilə kömək edirdi”.  Heydər Əliyevin Ali Sovetə deputat seçilməsi milli azadlıq uğrunda mübarizə üçün Ali Sovetin tribunasından istifadə imkanını təmin etdi.

Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Bəyannaməyə nail olan xalqın iradəsini nəzərə almaq istəməyən iqtidar  artıq elan olunmuş prezident seçkisi kampaniyasını davam etdirməkdə idi. Qanunvericilik bazası olmayan prezident seçkisinə iki ay qalmış qəbul etdirilən qeyri-demokratik qanun vasitəsilə yaş senzi tətbiq olunmaqla vətəndaşların prezident seçkilərində iştirak etmək hüququ məhdudlaşdırıldı. Hamıya bəlli idi ki, Azərbaycan Konstitusiyasının 112-ci maddəsinə dəyişikliklə əlaqədar referendum keçirilmədən və “Azərbaycan Respublikası prezidentinin seçkiləri haqqında” Qanunun 1-ci və 7-ci maddələrinə dəyişikliyə dair seçicilərin rəyi öyrənilmədən qoyulan məhdudiyyətlər məhz Heydər Əliyevə qarşı yönəlib.  Naxçıvanda peşəkar  təcrübəsi ilə müstəqil Azərbaycan dövlətçiliyinin sabahına ümumxalq ümidinin bünövrəsini qoyan böyük öndərin rəhbərliyi altında fəaliyyət göstərən Muxtar Respublikanın Ali Məclisi 4 sentyabr 1991-ci il tarixli qərarı ilə prezident seçkisinin Azərbaycanın cari ictimai-siyasi və hərbi durumuna uyğun olmadığını bəyan edərək onun daha sonrakı müddətdə keçirilməsini məqsədəuyğun saydı.

Xalqın siyasi mübarizəsinin təsiri altında iqtidar Azərbaycan Kommunist Partiyasının 14 sentyabr 1991-ci il tarixli XXXIII qurultayında Kommunist Partiyasının fəaliyyətinə xitam vermək məcburiyyətində qaldı. Heydər Əliyevin Sovet imperiyasına qarşı mübarizədə özünün əsas prinsiplərindən biri hesab etdiyi, Muxtar Respublika Ali Məclisinin 4 sentyabr 1991-ci il tarixli qərarında uzaqgörənliklə bəyan etdiyi Kommunist Partiyasının ləğvi tələbi gerçəkliyə çevrildi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarını dövlət çevrilişi kimi qiymətləndirən iqtidar Heydər Əliyev şəxsiyyətindən yaxa qurtarmaq üçün respublika Ali Sovetinin “sürüşkən” millət vəkillərinin vasitəsilə  8 oktyabr 1991-ci ildə  Azərbaycan Respublikası Konstitusiyasının 112-ci maddəsinin ikinci hissəsində qərəzli dəyişiklik edərək, Naxçıvan MR Ali Məclisinin sədrinin eyni zamanda respublika Ali Sovetinin sədrinin müavini hüququnu  ləğv etdi.

Heydər Əliyev şəxsiyyətinin nüfuzundan vahiməyə düşən iqtidar və müxalifət  onun dövlətçilik təcrübəsindən istifadənin zəruriliyini dərk etməyərək, onu ümumi rəqib kimi qəbul etdi.

1991-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Müstəqillik haqqında Konstitusiya Aktını qəbul etdi. Bu  nailiyyətin beynəlxalq aləmdə və keçmiş SSRİ-də baş verən tarixi-obyektiv proseslərin məntiqi nəticəsi olduğunu  vurğulayan müdrik  siyasi xadim “müstəqilliyi bütün Azərbaycan xalqının milli sərvəti” olduğunu obyektiv tarixi hadisə kimi dəyərləndirdi.

 

 

Oqtay SULTANOV,

 

tarix üzrə elmlər doktoru, professor

 

Xalq qəzeti.- 2014.- 9 may.- S. 6.