Mingəçevirdə “Tarixi şəxsiyyət – əbədiyaşar lider” adlı elmi-nəzəri konfrans keçirilib

 

Nur  şəhəri”ndə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə  keçirilən tədbirlər silsiləsi elmi-praktik konfransla yekunlaşdı. Şəhər icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə hazırlanan konfrans  Heydər Əliyev Mərkəzində  öz işinə başladı. Konfransı  icra hakimiyyətinin başçısı Niyazi Bayramov açaraq  ulu öndər Heydər Əliyevin müasir tariximizdə, xüsusən, Azərbaycanın milli dövlətçiliyinin qorunub saxlanılmasında,  dövlət müstəqilliyimizin əbədiləşdirilməsində  oynadığı roldan əhatəli şəkildə söz açdı.

Natiq qeyd etdi ki, Heydər Əliyev öz ömrünün 30 ildən artıq bir hissəsini məhz bizim bugünkü dövlətimizin - yəni bütün dünyada böyük nüfuz sahibi olan müstəqil Azərbaycan Respublikasının  formalaşdırılmasına həsr etmiş ümummilli lider idi. O, ölkəyə rəhbərlik etdiyi sovet dönəmində də, siyasi fəaliyyətinin Moskva illərində də, Naxçıvan Muxtar Respublikasını məhrumiyyət və məşəqqətlərdən xilas etdiyi dövrdə də daim Azərbaycana və Azərbaycan xalqına xidmət etmiş, ürəyi öz soydaşlarının yanında olmuşdur. Onun müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi 1993- 2003-cü illər isə milli tariximizin həddən artıq həssas və məsuliyyətli illəri idi. Ulu öndər xalqımızın həqiqi öndəri və lideri olduğunu həmin illərdə dönə-dönə sübut etmişdi. Əslində bu sübuta ehtiyac da yox idi. Çünki onu Naxçıvandan Bakıya məhz xalq, özü də israrlı tələblər və arası kəsilməyən xahişlərlə dəvət etmişdi.

Sonra Mingəçevir Politexnik İnstitutunun kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Esmira Cəfərova, Turizm Kollecinin tarix müəllimi Ceyhun Abdullayev, Azərbaycan Müəllimlər  İnstitutu Mingəçevir filialının kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafov,  YAP Mingəçevir Şəhər  Təşkilatı Qadınlar Şurasının sədri Mircamal Əsgərova və digər natiqlər ulu öndərin həyatının və siyasi fəaliyyətinin müxtəlif sahələrini əhatə edən elmi  məzmunlu çıxış etdilər. Bütün çıxışların əsas qayəsi bundan ibarət idi ki, fenomenal şəxsiyyət, əbədiyaşar lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə bir amala xidmət etmişdir - Azərbaycan xalqının bütün maraq və mənafelərinin qorunması və milli Azərbaycan dövlətinin qüdrətli dünya dövlətləri sırasına çıxarılması.  Azərbaycan xalqı məmnundur ki, ölkə vətəndaşları  Prezident İlham Əliyevin rəhbərliyi ilə ulu öndərin bütün arzularını günün reallığına çevirirlər. Bu sürətli inkişafın önündə gedən əsas qüvvələrdən biri isə məhz ulu öndərimizin yaratdığı Yeni Azərbaycan Partiyasıdır.

 

 İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2014.- 9 may.- S. 6.