Alimlərimizin dünya miqyaslı elmi nəticələri

 

Müasir elmi tərəqqi çox böyük sürətlə həyatımıza sirayət etməkdədir. İnformasiya texnologiyalarının inkişafı insanı çox kiçik yaşlarından, özünün də fərqinə varmadan, qlobal dünyanın problemlərilə üz-üzə qoyur. Bu problemlər uşaq sadəlövhlüyü ilə bəsitləşir. Adama elə gəlir ki, müəyyən məntiqi yolla bu problemi həll etmək olar. Amma diqqətlə yanaşanda hər bir adiləşmiş elmi-texniki nailiyyətin arxasında böyük elm ordusunun ağır zəhmətinin olduğu ortaya çıxır. İndi mobil telefon əlaqəsi, internet sistemləri, kosmik səyahətlər, yüksək enerci mənbələrinin yaradılması və idarəsi, ifrat möhkəmnazik kompozit materialların yaradılması, sonsuz sayda digər böyük ixtiralar adiləşmişdir.

Amma bütün bu işlər ciddi fundamental elmi tədqiqatların nəticələridir. Xatırladım ki,  sözügedən sahədə uzun əsrlər nəzərə çarpan ətalətdən, nəhayət, 17-ci əsrdə qurtulmaq  mümkün oldu. Həmin zamandan   başlayaraq elm-texnikanın inkişafında intibah dövrü başladı. Bu inkişafın əsasını ilk növbədə mexanika elminin böyük korifeyləri sayılan Nyuton, Kopernik, Eyler və digərləri qoydular. İlk görüşdən çox sadə görünən mexanika məsələləri müasir fizikariyaziyyat elmlərinin sonrakı inkişafının əsasını təşkil edən istiqamətlərin yaranmasına səbəb oldu. Elm-texnikanın sürətli inkişafı mexanika elminin özünündaha fundamental formalaşmasına, onun yeni tədqiqat metod və üsullarının yaranmasına gətirib çıxardı. Kosmik, aviasiya və gəmiqayırma texnikasının inkişafı möhkəm və yüngül materialların yaradılması zərurətini ortaya qoydu. Bu, eyni zamanda,  kompozit materiallar mexanikasının inkişafını səciyyələndirdi. Hazırda  kompozit materiallar texnikanın müxtəlif sahələrində ənənəvi standart metal materiallarla çox böyüküstün rəqabət aparır.

Sevindirici haldır ki, bu sahədə Azərbaycan alimləri də böyük miqyasda elmi tədqiqatlar aparırlar. Bu il respublika Dövlət mükafatına elm sahəsində təqdim edilmiş işlər arasında AMEA-nın müxbir üzvləri Hətəm Quliyev, Surxay Əkbərov və Rəşid Cavanşirin elmi tədqiqatları da yer almışdır. Qeyd etmək lazımdır ki, adları çəkilən  alimlərin tədqiqatlarında əsas yeri müasir kompozit materialların fundamental problemləri - möhkəmliyi, dayanıqlığı, rəqsi, onlarda dalğaların yayılma prosesi təşkil edir. Digər bir məqam da onunla bağlıdır ki, Yer kürəsi kompozit materiallardan ibarət nəhəng konstruksiya şəkilində öyrənilir. Bu isə geologiyanın, geofizikanın, seysmologiyanın və bir sıra Yer elmlərinin aktual fundamentalpraktiki məsələlərinə müxtəlif elmlərin qovşağında yeni yanaşmanın yaradılmasına imkan yaradıb. Həmin istiqamətlərdə alimlərimiz böyük miqyasda kompleks tədqiqatlar aparmış, nəticələri bir sıra əhəmiyyətli praktiki layihələrin həyata keçirilməsinə tətbiq etmişlər. Elmi nəticələr bir sıra nüfuzlu elmi curnallarda işıq üzü görmüş, beynəlxalq konqres, konfrans, simpoziumseminarlarda məruzə edilmiş və hərtərəfli dəstək almışdır. Xatırladım ki, çap olunmuş elmi məqalələrə digər alimlərin əsərlərində geniş isnad edilir. Müxtəlif beynəlxalq nəşriyyatlarda 10-dan çox monoqrafiya ingilisrus dillərində çap olunmuşdur.

Dünyanın bir sıra  məşhur alim və mütəxəssisləri tədqiqatçılarımızın  uğurlarını  qəbul edirbu nailiyyətlərin ayrı-ayrı istiqamətlərdə prioritetə malik olduğunu bildirirlər.

Alimlərimizin işlərinə dəstək yalnız elmi fikir yürütmək və layihələr sifariş verməkdən ibarət deyil. Tədqiqatçılarımızın  elmi nüfuzu onların karyeralarına da müsbət təsir göstərir. Hətəm Quliyev Kiyev şəhərində yaşamış və Ukrayna Elmlər Akademiyasında fəaliyyət göstərmişdir. Surxay Əkbərov hazırda Türkiyədə İstanbul Yıldız Texniki Universitetində professor kimi çalışır. Elm nailiyyətləri nəzərə alınaraq o, dərs yükündən azad olunmuşelmi işlə məşğuldur. Rəşid Cavanşir bütün dünyada məşhur alim olmaqla yanaşı, həm də böyük sənaye rəhbəri və təşkilatçısı kimi tanınır. Hazırda “British Petroleum” şirkətinin baş ofisində vitse-prezident vəzifəsində çalışır. Bütün bunlar respublikamızda elmə və təhsilə dövlət qayğısının nəticəsidir və xalqımızın milli məfkurəsinin, mədəniyyətinin gözəl təcəssümüdür.

Fikrimcə, həm elmi nəticələrə və  həmin nəticələrin  elmi ictimaiyyətə çatdırılması səviyyəsinə, həm də bütün dünyada təbliği miqyasına və nəhayət, geniş tətbiqinə nail olunmasına görə “Kompozit materiallargeoloji mühit mexanikasının müasir elmi əsaslarının yaradılması, elm və texnikanın müxtəlif sahələrində tətbiqi” silsilə işi Azərbaycan Respublikasının elm sahəsində Dövlət mükafatını almağa tamamilə layiqdir. Bu mükafat alimlərimizin tədqiqatına  verilən dövlət qiyməti olaraq onları yeni elmi axtarışlara ruhlandıracaqdır. 

 

 Fikrət ƏLİYEV,

 

Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru,

 

akademik

 

Xalq qəzeti.- 2014.- 9 may.- S. 10.