Heydər
Əliyev kursu: Azərbaycanda davamlı inkişafın
etibarlı təməlləri
Davamlı
inkişaf bu gün hər bir
ölkə üçün ən vacib prioritetlərdən
biridir.
İlham
ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti
Qloballaşma şəraitində transmilli şirkətlərin siyasi sərhədləri keçməsi və iqtisadiyyatın getdikcə daha çox beynəlmiləlləşməsi milli dövlətçilik təsəvvürlərini dəyişir və dünyada gedən proseslərin əsas tendensiyalarını vaxtında dəyərləndirmək zərurəti yaradır. Həm də bu proses eyni vaxtda bir çox istiqamətlərdə gedir. Belə ki, tək siyasətdə və iqtisadiyyatda deyil, mədəniyyətdə də beynəlmiləlləşmə amilinin artması müşahidə olunur. Hərbi güc amilinin yerini beynəlxalq investisiya siyasəti, iqtisadi hegemonluq tutur.
Sərhədlərin beynəlxalq ictimaiyyət üçün açılması, turizmin və mədəni əlaqələrin inkişafı milli-mədəni dəyərlərin də transmilli miqyas alması ilə nəticələnir. Belə bir zamanda öz qınına çəkilmək, beynəlxalq proseslərdən kənarda qalmaq arzuolunmaz nəticələrə gətirə bilər. Lakin digər tərəfdən, yaranmış situasiyanı öyrənmədən proseslərə qatılmaq daha təhlükəli ola bilər. Ona görə də vəziyyəti düzgün dəyərləndirə bilmək üçün onun multidissiplinar metodoloji yanaşma əsasında öyrənilməsinə ehtiyac yaranmışdır.
İndi Azərbaycanda davamlı inkişafın təmin olunmasının iki mühüm metodoloji və təcrübi təməli vardır. Bir, dünyada gedən proseslərin elmi əsaslarla öyrənilməsi və buradan ölkəmizin milli maraqları üçün optimal inkişaf modelinin işlənib-hazırlanması və bir də artıq sınaqdan çıxmış, praktikada özünü doğrultmuş Heydər Əliyev kursunun müasir tələblərə uyğun surətdə tətbiqi. Həm də hələ nəzəri əsaslar formalaşana qədər optimal təcrübi əsasın olması böyük üstünlük yaradır və Azərbaycanın qazandığı uğurların təməlində duran amillərdən biridir.
Davamlı inkişafın iqtisadi və
intellektual amilləri
Müasir dövrdə ictimai həyatın bütün
sahələrində əldə olunan böyük
uğurların səbəblərindən biri, heç
şübhəsiz, Prezidentimizin öz fəaliyyətini
möhkəm bir zəmin üzərində qurması, Heydər
Əliyev siyasi kursunu yeni şəraitin tələblərinə
uyğun surətdə, yaradıcılıqla inkişaf etdirməsidir. Burada ikinci
mühüm amil də özünü göstərir ki, bu da
İlham Əliyevin bir siyasi lider kimi məhz yeni iqtisadi
münasibətlər şəraitində yetişməsi ilə
əlaqədardır. Yəni bu yeniliklər
onun üçün doğmadır. Üçüncü
əsas amil isə, XXI əsrdə başlanan qlobal
tendensiyaları sadəcə izləmək və mənimsəmək
yox, həm də onları istiqamətləndirmək cəhdləri,
planetar proseslərin obyekti deyil, fəal subyektlərindən
biri olmaq əzmidir. Bu gün Azərbaycan öz milli dövlətçilik
simasını qoruyub-saxlamaqda, seçdiyi siyasi kursu davam etdirməkdə
israrlıdır. Heydər Əliyev deyirdi ki, müstəqilliyin
əldə olunması nə qədər çətindirsə,
onun saxlanılması, daimi, əbədi olması bundan da
çətindir. İlham
Əliyev bu fikri davam etdirərək deyir: “Dünyada müstəqil
sayılan ölkələr çoxdur. Ancaq əgər biz bir
az dərinə baxsaq, görərik ki,
onların heç də hər biri müstəqil siyasət
aparmaq iqtidarında deyildir...
O ölkələr
dünyada özünə layiq yeri tutar ki, o ölkələr
öz hesabına yaşaya bilsinlər, başqa ölkələrin
yardımına onların ehtiyacı olmasın - nə siyasi, nə
iqtisadi cəhətdən, nə də ölkələrin
ehtiyaclarının ödənilməsi baxımından. Azərbaycan bu ölkələrdəndir." Burada biz “müstəqillik” anlayışının
yeni dövrün tələblərinə uyğun surətdə
yeni çalarlarla zənginləşdirildiyini
görürük. Həqiqətən də
dövlət müstəqilliyinin ənənəvi anlamına
görə, hansı isə bir ərazidə müəyyən
bir siyasi kursu və hüquq normalarını tətbiq etmək,
sosial-iqtisadi həyatı müəyyən qaydalarla tənzim
etmək üçün ilk növbədə sərhəd
toxunulmazlığı təmin olunmalıdı.
Sərhədi guya toxunulmaz qalan və formal müstəqilliyi
olan elə ölkələr var ki, burada hər şey xarici
investisiya ilə, xarici ölkə şirkətlərinin
sifarişi ilə, yabançı mədəniyyətin təsir
dairəsinin genişlənməsi ilə müşayiət
olunur. Halbuki əsas
məsələ əlaqələrin
genişlənməsinə rəğmən, milli maraqların
qorunması, ölkədəki qanunlara, hüquq normalarına
hamı tərəfindən əməl olunması, mədəni-mənəvi
dəyərlərin, maddi və mənəvi milli sərvətlərin
toxunulmazlığıdır. “Müstəqillik
yalnız dövlət atributları ilə
ölçülmür, müstəqillik rəmzləri ilə
ölçülmür. Müstəqillik
o deməkdir ki, dövlət və ölkənin rəhbərliyi
öz xalqının maraqlarına tam cavab verən müstəqil
siyasət aparmaq iqtidarında olsun” (İlham Əliyev).
XX əsrin sonlarından başlayaraq, bütün
dünyada hadisələrin inkişafı vahid iqtisadi
münasibətlərin formalaşması, vahid ümumdünya
bazarının yaranması istiqamətində gedir. Azərbaycan rəhbərliyi
bu obyektiv tendensiyaları vaxtında nəzərə
aldığından, qlobal və milli maraqlar nəinki
toqquşmur, hətta bir-birini qarşılıqlı surətdə
tamamlayır. Qloballaşma şəraitində milli
özünəməxsusluğun qorunub-saxlanması, habelə,
milli-mənəvi dəyərlərə sədaqətlə
yanaşı, ümumbəşəri dəyərlərin,
beynəlxalq hüquq normalarının və s. inkişaf
etdirilməsi - bütün bunlar Azərbaycanın siyasi
simasını, onun özünəməxsus beynəlxalq
imicini formalaşdırmışdır.
Milli dövlətlərin ilkin formalaşması
dövründən bəri, bir tərəfdən, dövlətin
idarə olunmasında xalqın iştirakı məsələsi,
digər tərəfdən də dövlət
başçılarının, siyasi liderlərin öz
xalqlarının taleyində oynadığı pozitiv və ya
neqativ rol həmişə siyasi polemikaların mərkəzində
olmuşdur. Demokratiya ilə mərkəzləşmiş idarə
sisteminin bir-birini qarşılıqlı surətdə
tamamlaması bu sahədə optimallığın
mühüm şərti olmuşdur.
Prezidentin də qeyd etdiyi kimi, iqtisadi sahədə
keçid dövrünü artıq başa vurmuşuq. Lakin bu, o demək
deyil ki, bu sahədə qarşıda duran vəzifələr
başa çatmışdır. Əksinə,
yeni iqtisadi münasibətlərə keçid prosesinin
tamamlanması cəmiyyətdə yeni iqtisadi bazisin və deməli,
yeni ictimai paradiqmanın formalaşması deməkdir. Və
bu proses labüd surətdə digər ictimai münasibətlər
kompleksinin bu yeni bazisə uyğunlaşmasını, onunla
ayaqlaşmasını, onu tamamlamasını tələb edir.
İqtisadi sahədə əldə olunmuş nailiyyətlər
əsasən bir ölkə çərçivəsində
olur. Lakin indi dünyada başqa proseslər də gedir.
İndi bir ölkə öz daxilində hər
şeyi həll etdiyi bir məqamda, qonşu ölkələrdə,
hətta bəzən çox-çox uzaqlarda baş verən
hadisələr istər-istəməz məsələlərə
yenidən baxılmasını, hansı isə prosesin səmtinin
dəyişməsini, hansınınsa yeniləşməsini tələb
edir. Yəni indiki dövrdə müstəqillik
mütləq səciyyə daşıya bilməz. Başqa sözlə desək, daxili prosesləri daha
stabil edə bilmək üçün mütləq xarici
proseslər də diqqətlə öyrənilməli,
proqnozlaşdırılmalı, nəzərə
alınmalıdır.
Qloballaşma elə bir həddə gəlib
çatmışdır ki, ölkənin idarə olunması
təkcə daxili məsələlərin həlli ilə
başa çatmır. Mənbəyi daxildən qaynaqlanmayan,
qlobal səciyyə daşıyan, bütün bəşəriyyəti
narahat edən proseslərin transformasiyası hər bir ölkənin
taleyinə təsir göstərir. Bu səbəbdən
də müasir dövrdə planetar düşüncəyə
malik olan, yerli məsələləri də beynəlxalq
miqyasda baş verən dəyişikliklər kontekstində,
ümumi tendensiyaları nəzərə almaqla həll edən,
lokalla qlobalın, milli ilə ümumbəşərinin vəhdətindən
çıxış edə bilən liderlərə ehtiyac
yaranmışdır. Söhbət
yalnız hansı isə xalqın, millətin deyil,
bütövlükdə bəşəriyyətin
ehtiyacından gedir. Əlbəttə, bu
böyük, məsuliyyətli və şərəfli
missiyanı üzərinə götürə biləcək
dövlət başçıları çox azdır.
Təbii resursların tükənməsi hansı isə
konkret ölkələr çərçivəsində deyil,
bütövlükdə dünya miqyasında problemə
çevrilir.
Kimdə isə bir az tez, kimdə isə
bir az gec. Daha etibarlı və daha
uzunömürlü ehtiyatların üzə
çıxarılması günün tələbinə
çevrilmişdir.
Qloballaşma
da sadəcə transmilli şirkətlərin fəaliyyət
dairəsinin genişlənməsi, iri maliyyə
maqnatlarının asılı ölkələrin
iqtisadiyyatına müdaxiləsi, planetar miqyas alan
ekoloji problemlərin çözülməsi istiqamətində
birgə səylərlə, mədəniyyətlərin
transformasiyası ilə məhdudlaşmayaraq, getdikcə daha
çox dərəcədə ideoloji və siyasi çalarlar
kəsb edir.
Hər bir xalqın bu və ya digər dərəcədə
intellektual və mədəni resursları var. Lakin onun
realizasiyası elə də sadə bir məsələ deyil. Bu proses, əvvəla,
çox böyük kapital qoyuluşu, uzunmüddətli
ictimai təşkilatlanma işi tələb edir. Kasıb ölkələrdə maariflənmənin,
təhsilin və nəhayət, elmi fəaliyyətin yüksək
səviyyədə təşkili mümkün deyil. Belə ölkələrdə ən yaxşı
halda beynəlxalq ictimaiyyətin dəstəyi ilə
savadsızlığın ləğvi prosesi gedir. Bizim ölkə isə hələ sovet
dövründə bu problemi həll etmişdir və
hazırda intellektual inkişafın daha yüksək mərhələsinə
qədəm qoymaq, bu sahədə də qabaqcıl ölkələr
sırasına çıxmaq üçün yeni strategiyalar
hazırlanır.
Cəmiyyəti ağılla
idarə etməyin iki yolu var. Birincisi, hər bir güc mərkəzinin
intellektual mənəvi səviyyəsini yüksəltməyə,
onun fəaliyyətini xalqın milli maraqları istiqamətində
yönəltməyə çalışmaq. İkincisi, bu qüvvələri sərbəst
buraxmaq (yeri gəlmişkən, demokratiya da bunu tələb
edir), lakin onların münasibətlərini elə yönəltmək,
elə tənzimləmək və nəticə etibarı ilə
elə idarə etmək ki, onların yekun, əvəzləyici
qüvvəsi cəmiyyətə, xalqa, pozitiv ictimai proseslərə
qarşı yönələ bilməsin, elə öz içərilərində
ərisin.
Situasiyanı düzgün qiymətləndirmək, həm
özünün, həm də başçılıq etdiyi
dövlətin mövcud reallıqlar şəraitində
imkanlarını bir sövq-təbii ilə
ölçüb-biçmək və həmişə məhz
real imkanlardan çıxış etmək qabiliyyəti Heydər
Əliyevi səciyyələndirən əsas keyfiyyətlərindən
biri idi. O,
özü bu barədə belə demişdir: “Kim ki öz
biliyindən, bacarığından artıq iddialar edir, o, həmişə
məğlub olur”. Lakin, öz biliyini,
bacarığını düzgün qiymətləndirə
bilmək istedadı heç də hamıya verilməmişdir.
Müdrikliyin bir əlaməti də məhz bu məqamda
təzahür edir. Təsadüfi deyil ki, Konfutsi insan
üçün ən böyük məziyyəti onun nəyi
bilib, nəyi bilmədiyini fərqləndirmək qabiliyyətində
görür. Lakin, insanın eyni zamanda həm
öz bilik və qabiliyyətinin hüdudlarını, həm
də gerçəkliyi, situasiyanı düzgün qiymətləndirməsi
nadir istedaddır. Prezident İlham
Əliyevin neft kapitalının intellektual kapitala çevrilməsinə
dair etdiyi çağırış da məhz dövrün tələbidir.
Davamlı inkişafda siyasi amil:
Lissabondan Praqaya Tarix təkrar olunur və ya “ot kökü
üstdə bitər”
Prezident İlham Əliyevin Praqada Avropa
İttifaqının “Şərq tərəfdaşlığı”
Proqramının 5 illiyinə həsr olunmuş sammitindəki
çıxışı bunu bir daha sübut etdi. İstər-istəməz
yada ulu öndər Heydər Əliyevin 18 il
əvvəl Lissabondakı zirvə toplantısındakı qətiyyətli
mövqeyi düşür. O vaxt Lissabon sammitinin bəyanatında
nəzərdə tutulan 20-ci bənd bütün beynəlxalq
hüquqi normalarda təsbit edilmiş və ATƏT-in əvvəlki
sənədlərində dönə-dönə qeyd
edilmiş dövlətlərin sərhədlərinin
toxunulmazlığı prinsipini təsbit edirdi. Yəni
bu bəndin qəbul olması hüquqi baxımdan heç bir
yenilik sayıla bilməzdi. Ermənistan bu
bəndin əleyhinə çıxmışdı ki, bu da əslində
onun özünü beynəlxalq normalara və Avropa Birliyinə
qarşı qoyması idi. Bu baxımdan,
Ermənistanın 20-ci bəndə veto qoyması ilk
baxışda hüquqi nailiyyət kimi görünsə də,
əslində onun böyük siyasi uğursuzluğunun
başlanğıcı idi. Ancaq bundan məharətlə
istifadə etmək lazım idi. Qeyri-adi
siyasi duyum sahibi olan Heydər Əliyev bu məqamı
vaxtında sezərək Ermənistanın vetosunu onun
böyük siyasi məğlubiyyətinə çevirdi.
ATƏT ikinci bir sənəd qəbul etdi və bunu Ermənistansız
qəbul etdi.
ATƏT-in sədrinin bəyanatı bura daxil olan 54 ölkədən
53-nün iradəsini ifadə etdiyinə görə bu sənəd
formal məntiq baxımından ATƏT-in bəyannaməsindən
aşağı səviyyəli hesab olunsa da, dialektik məntiq
baxımından ondan yüksəkdə dururdu.
Lissabon sammitindəki hadisələrin siyasi dəyəri
burada qəbul olunmuş bəyanatın hüquqi dəyərindən
qat-qat yüksək idi.
Siyasi təfəkkürün formal məntiqdən
üstünlüyü bundadır ki, özlüyündə
pis sayılan hadisənin də yaxşı cəhətini
tapıb ondan məharətlə istifadə etmək və onu
öz əksliyinə çevirmək mümkün olur. Viktor Hüqo
təsadüfən deməyib ki, hər hansı ağır vəziyyətdən
çıxmaq üçün kənar vasitələr
axtarmaqdansa, həmin vəziyyəti yaradan səbəbin
özündən istifadə etmək lazımdır. Heydər Əliyevin siyasi məharəti onda təzahür
etdi ki, ermənilərin böyük həzlə, qələbə
ümidi ilə dəf etdikləri 20-ci bəndlə
bağlı elə əks-səda qopdu, elə rezonans
yarandı ki, yatmışlar da oyandı və bütün
Lissabon sammitinin mərkəzi hadisəsinə çevrildi.
Əsas məsələ sənədin özündən
çox, psixoloji mühitdir, siyasi atmosferin psixoloji fonudur,
çünki sənədlər qovluqlarda, təəssüratlar,
emosional sarsıntılar və psixoloji yönüm isə
siyasi liderlərin qəlbində olur, onların sonrakı
mövqeləri üçün əmələ çevrilir.
Əgər əlli dörd ölkə yekdilliklə
müəyyən bir sənəd qəbul edirsə, bu ancaq
hüquqi bir fakt olur və onun real siyasi fəaliyyət
üçün zəmin olacağı hələ sual
altında qalır. Burada hər hansı bir ölkəyə
qarşı yönəlmiş münasibət ifadə olunmur,
lakin əlli üç ölkə öz iradəsini bir
ölkənin mövqeyinə qarşı qoyursa, burada
hüquqi fakt siyasi fakta çevrilir. Lissabon sammiti pat vəziyyətində
qələbə çalmağın klassik nümunəsi
olmaqla yanaşı, ekstremal şəraitdə gözlənilməz
zərbələrlə rəqibin nokdaun vəziyyətinə
salınması ilə də müqayisə oluna bilər. Ermənistanın xarici və daxili siyasətinin
düşdüyü şok vəziyyəti hələ də
davam etməkdədir.
O vaxtdan
böyük bir müddət keçir. Ermənistan
olub-qopan iqtisadi müstəqilliyini də çoxdan
itirmiş, indi ancaq böyük dövlətlərin siyasi
maraqları üçün göstərdiyi xidmətlərə
görə payla yaşayır. Gah Rusiyaya, gah da Avropaya
külxançılıq etdiyi üçün beynəlxalq
forumlarda ona hələ də söz verirlər. Və o da fürsət düşən kimi yeganə
hərəkətverici qüvvəsi olan nifrət
potensialını işə salır, satqınlıqla
yığdığı dividendləri türkləri
şantaj etmək üçün xərcləyir. Qeyd
etdiyimiz kimi, Lissabonda ermənilər Qərb
havadarlarının sayəsində az qala
uğur qazanacaqdılar. Amma bütün beynəlxalq
riyakar siyasət koalisiyasına qarşı duruş gətirmək
qüdrətində olan dünya şöhrətli Heydər
Əliyev bu mənfur niyyəti ermənilərin gözündə
qoydu.
Bir fürsət də
ermənilərin əlinə bu ilin aprelində Praqa sammitində
düşdü və S.Sarkisyan Türkiyənin orada təmsil
olunmamasından ürəklənərək, “erməni
soyqrımı” məsələsini yenə də gündəmə
gətirdi. Amma bu dəfə onun gözləntilərini
gözündə qoyan Prezident İlham Əliyev oldu.
Azərbaycan
Prezidenti İlham Əliyev Praqada Avropa İttifaqının
“Şərq tərəfdaşlığı”
Proqramının 5 illiyinə həsr olunmuş sammitdə
çıxışında belə demişdir: “Bu gün təəssüf
ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək
Türkiyəyə yenidən hücum edir. Bunu
etmək asandır, çünki bu masa arxasında Türkiyə
nümayəndələri yoxdur. Ancaq mən
buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə
bağlı olduğunu deyə bilərəm.” Və fürsətdən istifadə
edərək iştirakçıların diqqətini Ermənistanın
yeritdiyi işğalçı siyasətə yönəltdi,
onları faktların dili ilə ifşa etdi. Yəni ermənilər məsələni
qaldırmaqla və növbəti dəfə quyu qazmaq niyyətlərini
işə salmaqla özləri quyuya düşdülər.
Bəli, Lissabon Sammitində ermənipərəst
qüvvələr tərəfindən təklənən Heydər
Əliyev ilk növbədə böyük siyasi təcrübəsinə
və şəxsi nüfuzuna arxalanmışdı. İlham Əliyev isə
nisbətdə xeyli gənc olmasına baxmayaraq, beynəlxalq
forumda söz sahibi olmaq haqqını qısa müddət ərzində
həyata keçirdiyi
böyük quruculuq işləri, iqtisadi tərəqqi və
balanslı xarici siyasət sayəsində
qazanmışdır.
Bununla bir daha aydın
oldu ki, İlham Əliyevin yeritdiyi kursda iqtisadi inkişaf sadəcə
məqsəd olmayıb, həm də bir vasitədir. Dövlət
müstəqilliyinin qorunması, Azərbaycan vətəndaşlarının
rifah halının yaxşılaşdırılması,
yüksək intellektual və mədəni-mənəvi
inkişafın təmin edilməsi, vətənimizin “lider
ölkəyə” çevrilməsi yolunda vasitə! Üstəlik beynəlxalq nüfuz
sahibi olmaq,
dünya sammitlərində alternativ fikir söyləmək
və mövqeyini qəbul etdirmək
şansı!
Eşidilmək,
başqalarında güvən yaratmaq üçün ilk
növbədə özünə güvən
olmalıdır. Özünə güvənə bilmək
üçün isə siyasi liderin arxasında güclü
dövlət və
böyük intellektual potensialı olan yüsək
rifahlı xalq olmalıdır!
Davamlı inkişafda mədəniyyət
amili və multikulturalizm
Dövlətlər arasında siyasi münasibətlər
qurulması hələ azdır. Bu münasibətlərin
ancaq formal bəyanat olmayıb, real təməllərə əsaslanması
isə siyasi müstəvidəki razılaşmaları şərtləndirən
iqtisadi və mədəni-mənəvi amillərdir. Dayanıqlı tərəfdaşlıq yalnız
onların uzlaşdırılması sayəsində
mümkün olur. Dövlət rəhbərinin
yeritdiyi siyasət sonrakı mərhələdə ictimai fikir
və mədəni yaxınlaşma şəklində davam
etdirilməlidir. Bunun üçün isə
millətlər həm müstəqim, həm də məcazi mənada
bir-birinin dilini öyrənməlidirlər.
Xalqlar
arasında dil baryeri olduğu kimi, mədəni müxtəliflikdən
irəli gələn uyğunsuzluq, yaxud da
dözümsüzlük halları da ola
bilər. Tolerantlıq bir prinsip kimi məhz bunun
aradan qaldırılması üçün lazımdır.
Lakin dövlətin hansı isə bir prinsipi bəyan
etməsi bir şeydir, onun ictimai reallıqda təsbit
olunması başqa şeydir. Məhz buna
görə də mədəniyyətlərarası dialoq bir
siyasi akt olmaqdan daha çox, ziyalılar, elm və mədəniyyət
xadimləri arasında əməkdaşlıqdır. Bir milli sənətin başqa xalqların da ürəyinə
yol tapması tək mədəniyyətləri deyil,
xalqları da yaxınlaşdırır və bu nailiyyətlər
dövlət siyasətinə də təsir edir. Beləliklə, xoş məramlı bir ideya dövrə
vurub yenə də ilk təməllərə qayıdır.
Amma bu dəfə sadəcə sözlə deyil, həm də
işlə!
Dialoqun baş tutması üçün tərəflər
hər biri öz mövqeyini dəqiq müəyyənləşdirməli,
özünü dərk etməlidir. Bunun üçün
isə ilk növbədə, “qarışıq mədəniyyət”
sindromundan xilas olmaq lazımdır. Yəni,
hər kəsin öz siması, öz obrazı və təmsil
etdiyi, müdafiə etdiyi özəl dəyərlər sistemi
olmalıdır.
Dialoq heç də təqlid və ya təslimçilik
kimi başa düşülməməlidir. Qarşı tərəflə
optimal işbirliyi qura bilmək üçün öncə
onu öyrənmək, mənimsəmək, hansı dəyərləri
təmsil etdiyini bilmək lazımdır. Biz
onlardan nə götürə bilərik və onlara nə təklif
edə bilərik? Mədəniyyətlərin
təqdimatında və
ölçülüb-biçilmiş mübadiləsində
prioritetlər düzgün müəyyənləşdirilməlidir. Bir qədər
paradoksal görünə bilər. Belə
ki, biz bir tərəfdən multikulturalizm tərəfdarıyıq,
digər tərəfdən də mədəniyyət müstəvisində
sərhədlərin müəyyənliyini, demarkasiya şərtlərinin
ödənilməsini zəruri hesab edirik. Ancaq
bəsit şüur multikulturalizmi milli-mədəni
identifikasiyanın itməsi, qurban verilməsi kimi qəbul edə
bilər. Bu halda biz gərək azərbaycançılıq
məfkurəsindən də imtina edəydik. Halbuki, Prezident İlham Əliyev multikulturalizmi dəstəkləsə
də, bunu azərbaycançılıqdan imtina kimi qəbul
etmir və öz çıxışlarında azərbaycançılığın
bütün atributlarını müdafiə etməklə
yanaşı, düşüncəmizin də əsasında məhz
azərbaycançılıq fəlsəfəsinin
dayandığını dönə-dönə qeyd edir.
Xalqın
yüksək mədəni inkişaf səviyyəsinin
nümayiş etdirilməsi, bir tərəfdən, beynəlxalq
ictimai rəyin məqsədyönlü surətdə təhrif
olunmasının qarşısını almağa, bədxahlarımızın
yaratdığı “vəhşi” obrazının gerçəkliyə
adekvat olmadığını göstərməyə, digər
tərəfdən də sözümüzü ancaq
siyasi-hüquqi müstəvidə deyil, mədəniyyət
müstəvisində də yüksək tribunalardan deməyə
imkan yaradır. Başqa sözlə desək, mədəniyyət
sahəsində “açıq qapı” siyasəti bizim xeyrimizədir,
çünki biz hələ indiyə qədər öz mədəni
sərvətlərimizi dünya ictimaiyyətinin diqqətinə
lazımi səviyyədə çatdıra bilməmişik.
Son onillikdə bu istiqamətdə aparılan məqsədyönlü
və intensiv siyasət də məhz beynəlxalq ictimai rəyin
daha düzgün yönləndirilməsinə xidmət edir.
Bakıda Mədəniyyətlərarası Dialoq
Forumlarının keçirilməsi ölkəmizin ancaq bir
neft ölkəsi kimi deyil, həm də və daha çox dərəcədə
yüksək mədəniyyət təmsilçisi kimi
tanınmasına xidmət edir. Mədəniyyətlərarası
dialoqa həmişə hazır olan, yüksək dialoq mədəniyyəti
nümayiş etdirən bir ölkə kimi tanınmaq, öz
haqq məqsədinə ancaq hərbi gücün
üstünlüyü ilə deyil, həm də humanitar mədəniyyətin
yüksək səviyyəsi ilə çatmaq niyyəti son
illərdə ölkəmizin xarici siyasət
strategiyasının mühüm istiqamətlərindən
birinə çevrilmişdir.
Qloballaşma
şəraitində beynəlxalq ictimai rəyə təsir edən
bütün amillərin əhəmiyyəti artır. Belə mühüm amillərdən biri də mədəniyyətdir.
Hər bir xalqın malik olduğu sərvətlər
içərisində onun özünəməxsus yeri
vardır. Son vaxtlar mədəniyyət amilinin aktuallaşmasının səbəblərindən
biri də budur. Daha düzgün yol ikitərəfli
və çoxtərəfli münasibətlər qurmaq,
iqtisadi əlaqələri genişləndirməklə yanaşı,
mədəniyyətlərarası dialoq və poliloqa nail
olmaqdır.
Öz daxilində qarşılıqlı anlaşma və
tolerantlığı təmin edə bilməyən hər
hansı bir ölkə başqa ölkələr və
xalqlarla da səmərəli dialoq və xoş münasibət
qura bilməz.
Bu baxımdan, Azərbaycan dünyanın ən
nümunəvi ölkələrindən biridir.
Bakıda
keçirilmiş İkinci Ümumdünya Mədəniyyətlərarası
Forumunun açılışında Azərbaycan Prezidenti
İlham Əliyev bu forumun əsas missiyasını və beynəlxalq
əhəmiyyətini nəzərə çatdırmaqla
yanaşı, həm də belə bir cəhəti vurğulamışdır
ki, dialoq məkanı olaraq Azərbaycanın seçilməsi
heç də təsadüfi deyildir: “Çünki Azərbaycan
əsrlər boyu burada yaşayan bütün millətlərin,
bütün dinlərin nümayəndələri
üçün Vətən olmuşdur. Biz fəxr
edirik ki, bu gün də müstəqil Azərbaycan
çoxmillətli və çoxkonfessiyalı ölkədir”.
Doğrudan da, bir xalqın, ölkənin mədəniyyətinin
digər mədəniyyətlərlə əlaqələndirilməsi
o zaman asan olur ki, belə bir uyğunlaşma, uzlaşma və
qarşılıqlı zənginləşmə təcrübəsi
həmin mədəniyyətə immanent olsun, yəni o
artıq öz daxilində belə bir təcrübəni mənimsəmiş
olsun. Azərbaycan mədəniyyəti məhz bu
baxımdan da əlamətdardır. Neçə
əsrlər ərzində dini və etnik-milli müxtəlifliyin
ənənəvi tolerantlıq şəraitində
inkişafı və eyni zamanda qarşılıqlı zənginləşmə
və inteqrasiya təcrübəsi bütöv Azərbaycan mədəniyyətinin
formalaşmasına gətirib çıxarmışdır.
İndi bu bütöv mədəniyyət bir tərəf kimi
başqa xalqların mədəniyyəti ilə
qarşılıqlı əlaqəyə girərkən həmin
ənənənin və təcrübənin
böyük əhəmiyyəti vardır.
Adətən, fərqli mədəniyyətlərin
qarşılıqlı əlaqəsindən, dialoqundan
söhbət gedir. Müxtəlif xalqların, millətlərin
maraq dairələri kəsişən yerdə mədəniyyətlər
də kəsişir və burada müəyyən bir
interferensiya hadisəsi baş verir. Yəni
uzlaşan, uyğun gələn mədəni dəyərlər
toplanır, artır, yeni inkişaf impulsu əldə edir.
Uzlaşmayan, bir-birini təkzib edən dəyərlər
arasında isə rəqabət, mübarizə, bəzən hətta
münaqişə baş verir. Optikadan məlum
olduğu kimi, iki işıq şüasının
görüşü və ya toplanması zamanı koherent dalğalar
bir-birini gücləndirir. Lakin bu şərt
ödənmədikdə, dalğalar bir-birini
söndürür və qaranlıq fasilələr yaranır.
Bu bənzətmənin təfərrüatına
getmədən bircə onu vurğulamaq istərdik ki, ictimai
hadisələr də çox vaxt təbii proseslərlə
eyni qanunauyğunluq üzrə həyata keçir.
Yəni biz istənilən iki mədəniyyətin
toplanmasını kor-koranə surətdə müsbət hadisə
kimi dəyərləndirə bilmərik. Hər şey
bu “toplanmanın” necə aparılmasından
asılıdır. Bir böyük və ya daha zəngin
mədəniyyət başqasını ehtiva etmək, udmaq istəyində
də ola bilər. Yəni
nisbətən aşağı səviyyəli mədəni
mühit daha çox inkişaf etmiş mədəni mühitlə
müntəzəm təmasa girirsə, kiçiyin
böyükdə “itməsi”, əslində isə ehtiva
olunması baş verə bilər. Lakin hər
şey elə bundan asılıdır ki, biz mədəniyyətlərin
səviyyəyə görə, vertikal boyunca
qradasiyasını qəbul edirikmi? Əslində, vertikal
boyunca fərqlər sivilizasiyaya aiddir. Çünki
müxtəlif xalqlar eyni bir sivilizasiyanın müxtəlif mərhələlərində
olduqlarına görə fərqlənirlər. Mədəniyyətlər isə kiçik və ya böyüklüyündən
asılı olmadan hər bir xalqın milli xüsusiyyətlərini
də ehtiva edir. Təbii coğrafi və mədəni-mənəvi
özəllik əsrlər boyu qorunub saxlanır və öz məxsusi
inkişaf yolunu keçirlər. Burada əlbəttə,
milli mədəniyyətlərin sivilizasiyanın təsirinə
məruz qalması qaçılmazdır. Zehniyyətdə
intellektual komponentin payının artması, rasionallaşma
prosesi müxtəlif xalqların yaxınlaşmasına səbəb
olur. Özəlliklər azalır,
ümumi cəhətlər artır. Lakin hər
bir xalq “öz kökü üzərində bitməkdə”
davam etməyə çalışır. Bununla
belə, zaman keçdikcə həyat tərzi və
düşüncə tərzi dəyişdiyindən əvvəlki
nəsillərin dəyərlər sistemi də təsirlərə
məruz qalır. Mübarizə əslində
mədəniyyətlər arasında deyil, mədəniyyətlərlə
sivilizasiyalar arasında gedir.
İkinci Ümumdünya Mədəniyyətlərarası
Forumunun beynəlxalq rezonansı ideya müstəvisində də
uğurla davam etməkdədir. Çünki
bütün əlaqələr son nəticədə bəşəriyyətin
ideya xəzinəsinin zənginləşməsinə xidmət
etməlidir. Forumda davamlı inkişaf
konsepsiyası ilə bağlı bölmənin işinə gənc
ictimai xadim Leyla Əliyevanın rəhbərlik etməsi də
təsadüfi deyildi. Çünki gələcəyin
təminatçıları məhz gənclər
olmalıdır. Bu mənada inkişafın davamlı olmasının
əsas şərtlərindən biri də estafeti qəbul edə
biləcək yeni gənc nəslin yetişdirilməsidir.
Bu məqsədlə ölkəmizdə genişmiqyaslı tədbirlər
görülür, yeni Forumlar fəaliyyətə
başlayır: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
bu yaxınlarda yaradılmış bir qurum kimi olduqca qısa
müddət ərzində kifayət qədər nüfuzlu
beynəlxalq təsisata çevrilmişdir və artıq
Madrid Klubu ilə birlikdə bu cür mühüm
toplantını təşkil edir.”
Bu sözləri Prezident İlham Əliyev Bakıda
İkinci Qlobal Açıq Cəmiyyətlər Forumunun
açılışınnda demişdir. Yəni biz öz ölkəmizdə
dayanıqlı inkişafı təmin etməklə
yanaşı, bütün dünya ölkələrini də
bu məsələdə əməkdaşlığa və
iş birliyinə dəvət edir, bu ümumbəşəri
vəzifənin həyata keçirilməsi üçün
Bakının bir ideya mərkəzi və dialoq məkanına
çevrilməsi istiqamətində yeni-yeni addımlar
atırıq.
Səlahəddin
XƏLİLOV,
AMEA-nın müxbir üzvü,
professor
Xalq qəzeti.-
2014.- 11 may.- S. 7.