Heydər
Əliyev və müstəqil Azərbaycanın mədəniyyət
siyasəti
Azərbaycan xalqı bəşər tarixinə qüdrətli şəxsiyyətlər bəxş etmişdir. Belə nadir tarixi simalar sırasında böyük əzəməti, tükənməz qətiyyəti, dərin fəlsəfi-analitik təfəkkürü, ensiklopedik nəzəri və praktiki biliyi, fitri istedadı, dahi müdrikliyi və əyilməz, polad siyasi iradəsi ilə seçilən, müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyevin xüsusi yeri vardır.
İllər keçdikcə Azərbaycan xalqının bu ölməz oğlu, ümumbəşər tarixinin dahi şəxsiyyəti, onun siyasi və mənəvi örnəyə çevrilmiş ləyaqətli həyat yolu, tarixi əhəmiyyət kəsb edən böyük xidmətləri zamanın sınağından çıxmış strateji xətti daha aydın görünərək insanları, bütün bəşəriyyəti daim heyrətdə qoymaqda davam edir.
Danılmaz bir həqiqətdir ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin şərəfli adı ilə birbaşa bağlıdır. Çünki bü dövrün özünü məhz Heydər Əliyev yaratmışdır. O, var qüvvəsini Azərbaycanın yüksəlişinə həsr etmiş, respublikamızın hər yerində nəhəng quruculuq işlərinin təşəbbüskarı və memarı olmuşdur. Bütün digər sahələrdəki kimi, onun dahiyanə uzaqgörənliyi, mükəmməl bilik və bacarığı mədəniyyət sahəsində də dərin və silinməz iz qoymuşdur. Mübaligəsiz demək olar ki, ümummilli lider Azərbaycanın mədəniyyət siyasətinin banisidir. Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni dövr üçün zənginləşdirilir.
Müstəqilliyimizin ilk illərində çoxsaylı daxili və xarici problemlərin məngənəsinə düşən respublika son dərəcə çətin və mürəkkəb dövlət quruculuğu yolundan keçməli idi. Həmin illərdə mədəniyyətdə də qatma-qarışıqlıq və qeyri-müəyyənlik, müxtəlif mənfi meyillər baş alıb gedirdi. Bir tərəfdən, anarxiya kimi başa düşülən azadlıq, digər tərəfdən iqtidarda olan qeyri-peşəkar şəxslərin mədəniyyətə çox qəribə, hətta, son, dərəcə bəsit və sadəlövh yanaşması, məsələn, onlar tərəfindən Qərb mədəniyyəti, incəsənəti, dəyərləri və təhsilinin bizə, guya, tamamilə yad olması və lazımsızlığının bəyan edilməsi bu sahənin normal inkişafının qarşısını alır, çağdaş Azərbaycan mədəniyyətini ümumsivil məcradan təcrid edərək ona böyük zərbələr vurur, beləliklə də sağlam rəqabətə meylini azaldırdı. Ümumiyyətlə, demək olar ki, bu mərhələdə düşünülmüş mədəniyyət siyasəti yox dərəcəsində idi.
Nəhayət, böyük öndər Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə ölkə rəhbərliyinə qayıtmasından sonra vəziyyət köklü surətdə dəyişdi. O vaxtdan etibarən Azərbaycanın gələcək inkişafının strategiyası və əsas parametrləri müəyyənləşdirildi, dövlət həyatının bütün sahələrinin, o cümlədən mədəniyyət siyasətinin modernləşməsi və transformasiyası mərhələsi başlandı. Artıq bu gün yeni mədəniyyət siyasətinin təşəkkül tapması, onun məqsəd və prinsiplərinin dəqiqləşməsi, müasir tələblərə cavab verməsi ən vacib və təxirəsalınmaz problemlər sırasında diqqəti cəlb edir. Elmi cəhətdən əsaslandırılmış həmin siyasət nəticəsində mədəni inkişafın ardıcıllıq, varislik, millilik, orijinallıq, Azərbaycan xalqının təkrarsız mədəniyyət genofondunun saxlanılması, eyni zamanda açıqlıq və demokratiklik ideyaları təbliğ edilir və fəal şəkildə həyata keçirilir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında müasir dünya elmində və praktikasında mövcud olan bir sıra modellər sırasından mədəniyyətlərin dialoqu modeli seçilərək ölkəmizdə qəbul edilib. Həmin model Azərbaycanın tərəf müqabili qismində ümumdünya mədəni prosesdə iştirakına əsaslanır və respublikamızda optimal sosiomədəni dinamikanın dəstəklənməsinə imkan yaradır.
1993-2003-cü illər ərzində yeni mədəniyyət siyasətinə uyğun olaraq dövlət tərəfindən çoxsaylı və mühüm əhəmiyyətli işlər görülmüşdür. İlk növbədə, mədəniyyət siyasətinin həyata keçirilməsinin ən əsas vasitələrindən biri olan hüquqi cəhətdən mükəmməl, dünya standartlarını və milli özəllikləri nəzərə alan qanunların hazırlanmasına ciddi diqqət yetirilmişdir. Bir sıra qanunlar, o cümlədən “Mədəniyyət haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Turizm haqqında”, “Nəşriyyat işi haqqında”, “Muzeylər haqqında”, “Arxiv fondu haqqında”, “Memarlıq fəaliyyəti haqqında” qanunlar, bir sözlə, 2003-cü il daxil olmaqla 21 qanun Milli Məclisdə qəbul edilmiş və ölkə Prezidenti tərəfindən təsdiqlənmişdir. Təhsil və səhiyyə sistemlərində islahatlara başlanılmış, elm, ədəbiyyat və mətbuatda ideoloji senzura ləğv olunmuş, idmanda böyük uğurlar əldə edilmişdir.
Azərbaycan dövləti mədəniyyət sahəsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, o cümlədən, “Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında”, “Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında”, “Arxeoloji irsin qorunması haqqında” konvensiyalara qoşulmuşdur. 1997-ci ildə Mədəniyyət haqqında Avropa Konvensiyasını ratifikasiya etdikdən sonra Azərbaycan Avropa Şurasının Mədəniyyət, Siyasəti üzrə Departamenti ilə də yaxından əməkdaşlıq edir. Nəticədə bir sıra maraqlı proqramlar həyata keçirilmişdir. Məsələn “Azərbaycan Respublikasında mədəniyyət siyasəti” məruzəsi hazırlanmış, Strasburq şəhərində təqdimatı keçirilmiş və müxtəlif dillərdə çap olunmuşdur. Yeni mədəniyyət siyasətinə müvafiq olaraq yaradıcı xadimlərə dövlət köməyi də nəzərdə tutulmuşdur, o cümlədən, respublika Prezidentinin sərəncamına əsasən onlara fərdi pensiyaların, dövlət mükafatlarının, fəxri adların, gənc yazarlara isə təqaüdlərin verilməsinə başlanmışdır. Azərbaycan mədəniyyətinin görkəmli şəxsiyyətlərinin yubileyləri və əlamətdar hadisələrin təntənəli qeyd edilməsi, beynəlxalq səviyyəli festival, müsabiqə, konqres və konfransların keçirilməsi də təqdirəlayiqdir. Xüsusi vurğulanmalıdır ki, Azərbaycan UNESCO-nun nəzdindəki Ümumdünya İrs Mərkəzi ilə də uğurlu əməkdaşlıq edir. Bunun nəticəsi olaraq 2000-ci ildə Bakı şəhərinin tarixi mərkəzi “İçərişəhər”, “Şirvanşahlar” sarayı və “Qız qalası” ilə birlikdə həmin mərkəzin siyahısına daxil edilmişdir.
2003-cü ildən sonra isə dahi Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında indiki dövrün tələblərinə müvafiq olaraq çox uğurla davam etdirilir və innovasiyalarla zənginləşdirilir.
Bir sıra ali təhsil ocaqlarının, o cümlədən Azərbaycan Diplomatik Akademiyası, Ədliyyə Akademiyası, Turizm İnstitutu, Moskva Dövlət Universitetinin Bakı filialının təsis edilməsi, inteqrasiya məqsədi ilə Bolonya təhsil sisteminin tətbiq edilməsi, çoxsaylı istedadlı tələbələrin nüfuzlu xarici ali təhsil ocaqlarına dövlət hesabına göndərilməsi, mədəniyyət sahəsində minlərlə iş yerinin açılması, Ümumdünya İrsi Siyahısına 2007-ci ildə “Qobustan” tarixi-mədəni qoruğunun daxil edilməsi, gələcəkdə həmin siyahıya salınmaq üçün digər abidələrin - Atəşpərəstlik məbədi “Atəşgah”, Naxçıvandakı “Mömünəxatun”, “Gülüstan”, “Qarabağlar” və “İbn Hüseyn” türbələrinin sənədlərinin yeni tentativ vərəqinin (ilkin siyahısının) həmin mərkəzə təqdim edilməsi, 2011-ci ildən başlayaraq hər il “Bakı Beynəlxalq Humanitar Forumu” və bu yaxınlarda İkinci “Qlobal Açıq Cəmiyyətlər Forumu”nun, vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsinin və Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalının, Qəbələdə Beynəlxalq Musiqi Festivalının Azərbaycanda keçirilməsi, tanınmış incəsənət və mədəniyyət xadimlərinin abidələrinin ucaldılması, teatr binalarının təmiri, park və digər istirahət guşələrinin abadlaşdırılması və yenilərinin salınması, heyranedici Kristal-Hollun və möhtəşəm “Heydər Əliyev Mərkəzi”nin inşa edilməsi, milli qoruqların, məsələn, “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu, “Keşikçidağ” və “Atəşgah” məbədi dövlət tarix-mədəniyyət qoruqlarının, “Korçay” dövlət təbiət qoruğunun, “Göygöl” milli parkının yaradılması, “Neft” muzeyi, “Azərbaycan bayrağı muzeyi”, “Müasir incəsənət” muzeyi, “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-ci illərdə inkişafı üzrə dövlət proqramı”, “Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması, “Təhsilin inkişafı üzrə Dövlət strategiyası” haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları və həyata keçirdiyi genişmiqyaslı mədəni quruculuq işləri deyilənləri parlaq şəkildə sübuta yetirir. Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin son dərəcə böyük siyasi-mədəni əhəmiyyətə malik İstiqlal Bəyannaməsinin Azərbaycan və fransız dillərindəki itirilmiş orijinal nüsxələrinin axtarılıb tapılaraq Vətənə qaytarılması məhz ölkə Prezidenti İlham Əliyevin yorulmaz səyləri nəticəsində mümkün olmuşdur.
2004-cü ildən başlayaraq ölkənin mədəni həyatının tənzimlənməsində, mədəniyyət siyasətinin səmərəli həyata keçirilməsində dövlət orqanları ilə birlikdə qeyri-hökumət təşkilatları, ilk növbədə Heydər Əliyev Fondu yaxından iştirak edir.
Ulu öndərin siyasi məfkurəsini əks etdirmək, yaratdığı milli dövlətçilik ideyalarını, azərbaycançılıq ideologiyasını yeni nəsillərə daim aşılamaq niyyətindən irəli gələrək yaradılan fond ötən 10 il ərzində öz məqsədyönlü, gərgin və səmərəli fəaliyyəti ilə Azərbaycanın ictimai və mədəni həyatında son dərəcə böyük rol oynadığını, qarşıya qoyduğu məqsədlərin əhəmiyyətinə, miqyasına və sambalına görə ölkəmizdə analoqu olmayan yeni qurum olduğunu açıq şəkildə sübuta yetirdi. Heydər Əliyev Fondunun məqsədləri çox genişdir. Buraya xalqımızın böyük oğlu Heydər Əliyevin siyasi irsini öyrənmək, onu təhlil, tədqiq və təbliğ etməkdən başlamış, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirmək, sosial problemlərin həllinə, xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına dair vəzifələr aiddir. Eyni zamanda fond mədəniyyətimizin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə yardımçı olmaq, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, ölkəmizin beynəlxalq nüfuzunun artırılması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə töfhələr vermək, uşaq müəssisələrinin infrastrukturlarını, səhiyyə və tibb təsisatlarını inkişaf etdirmək, ekologiya sahəsində tədqiqatları dəstəkləmək, sağlam həyat tərzini təbliğ etmək, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyada inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanmasına dəstək vermək kimi olduqca genişmiqyaslı fəaliyyət göstərir. Çox önəmlidir ki, ulu öndərin adını daşıyan fondun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva əsl vətənpərvər ziyalı olaraq doğma mədəniyyətimizin qorunması, inkişafı və təbliği problemlərinin həllinə müstəsna əhəmiyyət verir.
Azərbaycanın tanınmış ictimai xadimi Mehriban xanım Əliyevanm rəhbərliyi ilə fond tərəfindən bir çox genişmiqyaslı layihələrin həyata keçirilməsi milli mədəniyyətimizin inkişafını intensivləşdirərək bədii-estetik prosesə yeni bu nəfəs gətirir. Mənəvi irsimizin mühafizəsi, Azərbaycan mədəniyyətinin özünəxas unikallığının qorunması və bütün dünyada tanınması üçün Mehriban xanım əlindən gələni əsirgəmir. Fond tərəfindən muğamın öyrənilməsi, qorunması və təbliği məqsədilə müxtəlif layihələr hazırlanıb. “Qarabağ xanəndələri” musiqi albomu artıq nəfis şəkildə buraxılıb. Alboma eyni adlı Azərbaycan, ingilis, rus və fransız dillərində olan kitab və 24 sənətçinin ifasında muğam parçalarından ibarət 12 disk daxildir. Muğam sənətinə həsr olunmuş tematik albomların buraxılışı isə nəzərdə tutulub. Bu məsələ ilə bağlı orta əsr alimləri və müasir müəlliflərin elmi əsərlərindən ibarət olan xüsusi silsilə üzərində ciddi iş gedir. Fondun himayəsilə Beynəlxalq Muğam Mərkəzi inşa edilmişdir. Məhz burada 2009-cu ilin mart ayında fondun təşəbbüsü ilə bütün dünyada əks-sədaya səbəb olmuş “Muğam aləmi” Beynəlxalq Festivalının keçirilməsi (artıq bu hadisə hər il qeyd olunan ənənəyə çevrilmişdir) Azərbaycan musiqi mədəniyyətinin ümumən, dünya səviyyəsində tanıdılması, təbliği və sevilməsi istiqamətində təşkil olunan mühüm tədbirlərdən biri kimi qiymətləndirilməlidir.
Bundan başqa, müasir Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin yaradıcılığı ilə bağlı nəhəng bir layihə gerçəkləşdirilir ki, bu layihə əsasında dahi bəstəkarın bütün əsərlərinin nəşri, yenidən nəşri, eləcə də, onların CD və DVD-də buraxılışı da planlaşdırılıb.
Milli mədəniyyətimizin digər sahələri ilə, o cümlədən aşıq yaradıcılığı, “meyxana” ənənəsiylə bağlı bir çox maraqlı layihələr də işlənməkdədir.
Fondun təşəbbüsü və dəstəyi ilə Lətif Kərimov adına “Azərbaycan xalçası və xalq tətbiqi sənəti muzeyi” inşa edilib.
Fond tərəfindən mədəniyyət sahəsində uğurla başa çatdırılan layihələr sırasında 2008-ci ildə Qala kəndində açıq səma altında ilk arxeoloji-etnoqrafık muzey kompleksini qeyd etmək lazımdır. İki hektar ərazisi olan muzey kompleksində Abşeron yarımadasında tapılmış və e.ə. III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları yerləşdirilmişdir. Bu layihə Azərbaycanın tarixi keçmişinin qorunub saxlanması ilə yanaşı, ölkəmizin turizm mərkəzlərindən birinə çevrilməsinə də xidmət edir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi şərəfli ada layiq görüldükdən sonra ölkəmizin qurumla əlaqələri yeni tarixi mərhələyə daxil olmuş, xalqımıza məxsus qədim əsərlərin irs səviyyəsində qorunub saxlanması sahəsində ciddi addımlar atılmış, muğam kimi incəsənət incimiz “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına daxil edilmişdir. Bununla yanaşı, fondun təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasını Əlyazmalar İnstitutunda saxlanılan tibbə aid 364 ümumbəşəri sərvət olan əlyazmanın üçü UNESCO-nun Dünya Yaddaşı Proqramının Beynəlxalq registrinə daxil edilmişdir. Bunlar XI əsrdə yaşamış Əbülqasim Zəhrəvinin “Əl-Məqalət əs-Səlasun” (“Cərrahiyyə və alətlər haqqında”) çoxcildlik əsərinin 13-cü hissəsi, Əbu Əli ibn Sinanın XII əsrdə Bağdadda üzü köçürülən “Əl-Qanun fıt Tibb” (“Tibb qanunları”) kitabının 2-ci cildi, Rüstəm Cürcaninin XII əsrdə yazdığı, XVII əsrdə üzü köçürülmüş “Zahireyi-Nizamşah” (“Nizamşahın ehtiyatları”) əlyazmalarıdır. Bakıda Heydər Əliyev Fondunda bu qurumun və Vaşinqton Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Orta əsr əlyazmalarında tibb və əczaçılıq” mövzusunda I Beynəlxalq konfrans keçirilmişdir.
Qarabağın işğalı məsələsi fondda böyük narahatlıq doğuran və daim diqqət mərkəzində saxlanılan problemdir. Heydər Əliyev Fondu tərəfindən “Qarabağ haqqında həqiqətlər” seriyasından “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” (“War Against Azerbaijan: Targeting Cultural Heritage”) adlı kitabın hazırlanması və nəşr etdirilməsi buna parlaq misaldır. Kitab işğalçı Ermənistanın Azərbaycan mədəniyyətinə, maddi mənəvi irsimizə qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi vandalizm siyasətindən və onun acı nəticələrindən bəhs edir. İngilis dilində olan kitab yüksək poliqrafik səviyyədə nəşr olunmuşdur. Həmin kitab “Qafqaz albanlarının dini memarlıq irsi” və Azərbaycanın işğal altındakı bütün rayonlarında mədəni irsimizin məruz qaldığı erməni vəhşiliklərindən bəhs edən yazılı və illüstrativ materiallardan ibarətdir.
Deyilənlərə yekun vuraraq, belə bir faktı təsdiq etmək olar ki, Azərbaycanın Heydər Əlirza oğlu Əliyev tərəfindən əsası qoyulmuş müasir mədəniyyət siyasətinin və idarəçiliyin aparıcı istiqamətləri keçmişi, milli mədəni sərvətləri qoruyub saxlamaq, indinin müsbət nailiyyətlərini dəstəkləmək və inkişaf etdirməkdir. Cəmiyyətin ardıcıl surətdə demokratikləşməsi, ölkənin dünya birliyinə inteqrasiyası, mədəniyyətin bəşər inkişafının ayrılmaz faktoru kimi dərk olunması və qəbul edilməsinin getdikcə güclənməsi bu sahədə nikbin proqnozlar üçün əsas verir.
Beləliklə, müstəqil Azərbaycanın mədəniyyət siyasətinin banisi olan Heydər Əliyevin bu sahədəki böyük nailiyyətləri ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək daha da yüksək zirvələrə doğru ucalır.
Nigar ƏLƏKBƏROVA,
fəlsəfə
elmləri doktoru, professor
Xalq qəzeti.- 2014.- 11 may.- S. 8.