Heydər
Əliyev müasir Azərbaycan dövlətçiliyinin
banisidir
Görkəmli dövlət xadimi Heydər Əliyevin böyük təcrübəsi, uzaqgörənliyi və müdrik qərarları ilə Azərbaycanın quruculuq salnaməsinə parlaq səhifələr yazılmışdır. Ümummilli lider bugünkü müstəqil dövlətçilik sisteminin ideoloji-siyasi dayaqlarını yaratmaqla öz adını milli tariximizdə əbədi həkk etdirmişdir.
“Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm” - dahi öndər Heydər Əliyev hakimiyyətə bu sözlərlə qayıtmışdı və ömrünün sonunadək bu sözlərə də sadiq qaldı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev ölkəmizi hüquqi dövlətçilik, konstitusion və demokratik inkişaf yoluna çıxardı. 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil respublikamızın ilk Konstitusiyasının qəbulu bu yönümdə atılmış tarixi addım oldu. Çünki məhz Konstitusiya dövlətin hüquqi əsaslarını müəyyənləşdirən, onun ümumi inkişafının qanunverici bazasını tənzimləyən bir sənəddir. Ulu öndərin müəllifi olduğu Konstitusiya Azərbaycanın hüquqi və siyasi, həmçinin iqtisadi baxımdan inkişafının sürətləndirilməsində mühüm əhəmiyyət kəsb etmişdir.
İslahatların həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi məqsədilə xüsusi hüquqi islahat komissiyası yaradıldı. Həmin ərəfədə Azərbaycan Respublikasının Milli Məclisi ölkənin gələcəyi üçün son dərəcə vacib və əhəmiyyətli qanunlar qəbul etdi. Onların sırasında “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” və s. qanunları göstərmək olar. Bundan başqa Mülki Məcəllə, Cinayət Məcəlləsi, Mülki-Prosessual Məcəllə, Cinayət-Prosessual Məcəlləsi, Gömrük Məcəlləsi, Əmək Məcəlləsi, Ailə Məcəlləsi kimi mühüm hüquqi sənədlərin qüvvəyə minməsi də bu sahədə islahatların həyata keçirilməsində əhəmiyyətli rol oynadı.
Bu zaman ən vacib vəzifələrdən biri qəbul edilmiş qanunların fəaliyyətini daim təmin olunması idi. Qanunda əks olunan yeni-üçpilləli məhkəmə sisteminin fəaliyyətinin yüksək tələblər səviyyəsində təmin olunması üçün hakim korpusunun formalaşdırılması zərurəti öndə dururdu. Ancaq seçim elə olmalı idi ki, demokratik tələblərə uyğun gəlsin. Bunun üçün ulu öndərin fərmanı ilə Məhkəmə-Hüquq Şurası yaradıldı. Beləliklə, ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarına uyğun olaraq yeni müstəqil məhkəmə hakimiyyəti yaradıldı.
1998-ci ildə respublika Prezidenti “İnsan vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzaladı. İnsan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası həmin sənədlərdə müəyyənləşdirildi. Bunun ardınca Prezidentin müvafiq fərmanı ilə 1998-ci ilin iyulun 18-də “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edildi.
2001-ci il yanvarın 25-də Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul olundu. Avropa Şurasında təmsilçilik Azərbaycanın beynəlxalq-diplomatik fəaliyyət imkanlarını genişləndirdi, ölkəmiz beynəlxalq miqyasda Qarabağ münaqişəsinə obyektiv münasibəti təmin etmək, Ermənistanın işğalçılıq siyasətini ifşa etmək üçün yeni müstəvi əldə etdi.
Heydər Əliyev bütün sahələrə olduğu kimi, ədliyyə sahəsinə də xüsusi diqqət vermişdir. Ulu öndərin ölkəmizdə ədliyyə sisteminin formalaşdırılması, inkişafı istiqamətində xidmətləri də bu gün minnətdarlıqla qeyd olunmalıdır. Tarixə nəzər salaq. 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildiyi gün Ədliyyə Nazirliyinin təsis olunması, onun fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması ilə əlaqədar mühüm qərarların qəbulu ədliyyə sisteminin fəaliyyətinə göstərilən xüsusi diqqətdən xəbər verirdi. Çətin və kəşməkəşli yol keçən bu nazirlik sovet hakimiyyəti dövründə bir neçə dəfə ləğv edilib yenidən yaradılsa da, onun əsaslı şəkildə təsis olunması məhz ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrünə təsadüf edir. 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi yaradılmaqla Azərbaycanın ədliyyə sisteminin tarixində yeni mərhələ başlandı. Qarşıda kadr hazırlığı və ədliyyə strukturlarının inkişaf etdirilməsi kimi vacib vəzifələr dururdu. Heydər Əliyev bütün bunları da uğurla reallaşdırdı. Həmin illər Azərbaycandan SSRİ-nin müxtəlif ali məktəblərinə təhsil almağa göndərilən gənclər hesabına kadr potensialı formalaşdırıldı. XX əsrin sonlarında Azərbaycan öz müstəqilliyini bərpa edəndə aydın oldu ki, ölkəmizin bütün sahələrində olduğu kimi, ədliyyə orqanlarında da kifayət qədər təcrübəli milli kadrları var. Bu da, heç şübhəsiz, ulu öndər Heydər Əliyevin danılmaz xidmətləridir.
Azərbaycan yenidən dövlət müstəqilliyini əldə etdikdən və ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ədliyyə orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsinə qaldırılması istiqamətində də əsaslı tədbirlər həyata keçirildi. Bütün bunların nəticəsində Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artdı, səlahiyyət dairəsi genişləndi, ədliyyə işçilərinə diqqət gücləndi.
Ədliyyə işçilərinin peşə bayramının təsis edilməsi üçün göstərilən təşəbbüs və dövlət başçısına müraciət müsbət qarşılandı. 1918-ci il noyabrın 22-si Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq olunduğu gün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edildi. Bu barədə ulu öndər 11 noyabr 2000-ci il tarixli sərəncam imzaladı. Beləliklə, 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edildi. Bu, ədliyyə orqanlarında çalışanlar üçün əsl mənəvi stimul oldu.
Möhtərəm Prezidentimiz İlham Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycan dövlətçiliyinin inkişafını uğurla davam etdirir. Ölkəmizdə bütün sahələrdə baş verən islahatlar, irəliləyişlər, yeniliklər, respublikamızın beynəlxalq nüfuzunun durmadan artması buna bariz nümunədir. Cənab İlham Əliyevin Prezident kimi fəaliyyət göstərdiyi illər ərzində Ədliyyə Nazirliyində və bütövlükdə ölkəmizin məhkəmə-hüquq sistemində də əsaslı islahatlar aparılmış, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı təbirlər həyata keçirilmişdir.
Ümumilikdə, ölkəmizin uğurları, həyatımızın bütün sahələrində baş verən yeniliklər biz ədliyyə işçilərini də öz vəzifə borcumuzu layiqincə yerinə yetirməyə sövq edir. Bunu deyərkən, ilk növbədə möhtərəm dövlət başçımız tərəfindən ölkəmizdə vətəndaş məmnunluğuna əlverişli şərait yaradılmasına mühüm önəm verilməsini nəzərdə tuturam. Xatırladım ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu məsələyə toxunulmuş, bildirilmişdir ki, əhalinin sosial problemlərinin həlli, o cümlədən vətəndaşlara xidmətlər göstərilərkən bürokratik əngəlləri aradan qaldırmaqla vətəndaş-dövlət münasibətlərində şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi hər bir məmurun qarşısında mühüm vəzifə kimi dayanmalıdır. Biz bu vəzifənin məsuliyyətini daim hiss edir, onun həyata keçirilməsi üçün əlimizdən gələn səyi əsirgəmirik.
Sonda fikrimi yekunlaşdırıb demək istərdim ki, ulu öndər Heydər Əliyev tərəfindən başlanmış və bu gün də davam etdirilən işlər Azərbaycanda həyata keçirilən islahatların real təzahürü olmaqla, ölkəmizin hərtərəfli tərəqqisinə xidmət edir. Ədliyyə işçiləri dövlətçilik amallarına daim sadiq qalaraq ölkəmizin inkişafı və qüdrətlənməsi naminə bundan sonra da yüksək əzmlə çalışacaqlar.
Firuzə NƏBİYEVA,
Nəsimi rayon qeydiyyat şöbəsinin
rəisi
Xalq qzəeti.- 2014.- 11 may.- S. 8.