Tariximizdə müstəsna yeri olan qurucu lider

 

Anadan olmasının 91 illik ildönümünü böyük qürur hissi ilə qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizdə müstəsna yer tutur. Ömrünü Azərbaycan xalqının və dövlətçiliyimizin taleyi ilə bağlayan, yüksək insani keyfiyyətləri, dövləti  idarə etmək bacarığı ilə Heydər Əliyev bənzərsiz şəxsiyyət idi.

 Müasir Azərbaycan tarixinin taleyüklü hadisələrlə zəngin olan bütöv bir epoxası məhz Heydər Əliyevin adı və çoxcəhətli fəaliyyəti ilə bağlıdır. Özünün müstəsna əhəmiyyəti, sanbalı, xalqımızın həm də gələcək taleyinin müəyyənləşdiriliməsi baxımından bənzəri olmayan bu epoxa onun dövlət təhlükəsizlik orqanlarında işlədiyi vaxtlardan başlayıb. Ömrünün 25 ilə yaxın bir dövrünü bu orqanlarda çalışmış, burada ən yüksək vəzifəyə yüksəlmiş Heydər Əliyevin respublikamızda təhlükəsizlik orqanlarının formalaşmasında, onun milli kadrlar hesabına möhkəmlənməsində müstəsna xidmətləri olmuşdur.

Ulu öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda hakimiyyətə gəlişi ilə dövlətçilik tariximizdə dinamik, hərtərəfli inkişaf və intibah mərhələsi başlanmışdır. Belə ki, ötən əsrin 60-cı illərinin sonunda respublikamız əsas sosial-iqtisadi göstəricilərə görə ittifaqda sonuncu yerlərdən birini tuturdu. İnkişafın ləngiməsi, iqtisadi geriləmə təbii ki, ən əvvəl insanların sosial vəziyyətinə təsir göstərirdi. Azərbaycan istehsal səviyyəsinə və milli gəlirin həcminə görə ittifaq səviyyəsindən geri qalırdı.

 Heydər Əliyev qısa müddətdə  respublikanı geriləmələrdən xilas etmək, iqtisadiyyatı inkişaf etdirmək, elmi-texniki tərəqqinin ən yeni nailiyyətlərini istehsalatda tətbiq etmək, ümumiyyətlə, respublikanın hərtərəfli inkişafına nail olmaq üçün mükəmməl konsepsiya hazırlamış və uğurla həyata keçirmişdir. Ümummilli liderin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Baş verən dəyişikliklərin miqyasına, iqtisadi və sosial sahədə aparılan dərin struktur  islahatlarının xarakterinə, xalqın rifahının yaxşılaşdırılmasına görə həmin illər Azərbaycanın yeni tarixində ən mühüm yerləri tutur.

Ölkənin iqtisadi həyatında önəmli rol oynayan Bakı Məişət Kondisionerləri Zavodu, Azərbaycan DRES-i, Sumqayıt Kompressor Zavodu, “Ozon” EİB, Dərin Dəniz Özülləri Zavodu, tikiş və ayaqqabı fabrikləri və digər  yüzlərlə  iri sənaye istehsalı və emal obyektləri Heydər Əliyevin iqtisadi siyasətinin bəhrələridir. Diqqətçəkən bir məsələ də odur ki, həmin illərdə bir çox zavod və fabriklər, həmçinin neftayırma və neft-maşınqayırma müəssisələri, demək olar ki, tamamilə yenidən qurulmuşdur. Məhz həmin illərdə Bakı Metropoliteni genişləndirilmiş, yeni metro stansiyaları, dəmir və şose yolları salınmışdır.

Azərbaycan dəmir yolunda istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti məhz Heydər Əliyevin təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara verilmişdir. Böyük öndərin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yeniliklər, görülən işlər müstəqillik illərində bu sahənin hərtərəfli inkişafına güclü təkan vermişdir.  Sovet İttifaqında rəhbər vəzifədə olarkən uzaq Sibir torpaqlarında inşa edilən Baykal-Amur Magistralı, eləcə də Azərbaycan BAM-ı adlanan Yevlax-Balakən yolu da Heydər Əliyevin birbaşa qayğısı ilə çəkilmişdir.

  Ötən əsrin 70-80-ci illərində respublikamızın bir çox şəhər, rayon və qəsəbə stansiyalarında yeni vağzal binaları məhz bu böyük şəxsiyyətin şəxsi nəzarəti altında tikilmişdir. Konteynerlərin təmiri üzrə Keşlə vaqon deposu Zaqafqaziyada bu sahədə ixtisaslaşdırılmış yeganə müəssisədir.

Daxilən islahatçı və yenilikçi xüsusiyyətlərini özündə birləşdirən Heydər Əliyev yeni idarəçilik sistemi yaratmağa, Azərbaycanı hərtərəfli inkişaf edən ən qabaqcıl respublikalardan birinə çevirməyə nail olmuşdu. Heydər Əliyevin idarəçilik sisteminə gətirdiyi yeniliklər, dövlət intizamının möhkəmləndirilməsi sayəsində respublikamızda bütün sahələr-sənaye və kənd təsərrüfatı, elm, təhsil, səhiyyə, mədəniyyət, tikinti, nəqliyyat, rabitə, idman və s. yüksəliş mərhələsinə qədəm qoymuşdur.

 Ulu öndər hələ o illər uzaqgörənliklə gənc milli kadrların, o cümlədən zabit hərbi kadrların yetişdirilməsinə, onların savadlı mütəxəssis kimi formalaşmasına xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Bakıda  C. Naxçıvanski adına hərbi məktəbin açılışı, burada azərbaycanlı zabitlərin hazırlanması həmin dövr üçün çox cəsarətli addım idi və yalnız Heydər Əliyevin böyük nüfuzu, inadı və qətiyyəti sayəsində həyata keçirilməsi mümkün olmuşdu.

Heydər Əliyev zamanın fövqündə dayanan elə dahi şəxsiyyətdir ki, o yalnız öz dövrü üçün yaşamamış, təkcə öz dövrünün qayğıları ilə məşğul olmamış, həm də Azərbaycanın tarixi keçmişinin nişanələrini bərpa etmiş, milli-mənəvi irsini, dəyərlərini özünə qaytarmış, adət-ənənələrinin yaşamasına şərait yaratmışdır. Prezident İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamında deyildiyi kimi, “Ana dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsi və Azərbaycan xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır. Azərbaycan mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Məhəmməd Füzulinin 500 illik və ”Kitabi-Dədə Qorqud"un 1300 illik yubileylərinin UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edərək beynəlxalq mədəni ictimaiyyətlə yeni əməkdaşlıq formalarının bərqərar olmasına gətirib çıxarmışdır".

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə öz xalqının iradəsinə, təkidli xahişlərinə cavab olaraq 1993-cü ildə ölkə rəhbərliyinə qayıtmaqla respublikamızın dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasına, vətandaş müharibəsinin qarşısının alınmasına, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə,  dövlətimizin  beynəlxalq aləmdə uğurlar  qazanmasına nail olmuşdur. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm”, - deyib,  meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi.

 Müasir Azərbaycanın dövlətçilik tarixində öz izini qoymuş Heydər Əliyevin siyasi irsi bugünkü və gələcək nəsillər üçün məktəb və örnəkdir. Zaman-zaman tarixin sərt sınaqlarından çıxan Azərbaycan məhz bəşəri ideyaların daşıyıcısı olan ulu öndər Heydər Əliyevin dərindən düşünülmüş siyasi idarəçiliyi və polad iradəsi sayəsində tarix səhnəsində duruş gətirmiş və bugünkü sürətli inkişaf səviyyəsinə yüksəlmişdir. Həqiqətən, ulu öndərin dövləti və cəmiyyəti idarəetmə sisteminə, maddi və mənəvi inkişafına verdiyi nəzəri və praktiki töhfə tanınmış siyasətçilər tərəfindən etiraf olunur. Ona görə də ölkədə idarəçilik sisteminin təkmilləşdirilməsi üçün bu məktəbin dərindən öyrənilməsinə və onun əsasında müasir siyasi texnologiyaların hazırlanmasına böyük ehtiyac duyulur.

Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın güclü dövlətçilik xəttini, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, xalqımızın milli intibah və inkişafının təməli olan ideyanın - azərbaycançılıq məfkurəsinin də banisidir. Çünki o, vətənpərvər lider olmaqla bərabər, eyni zamanda, böyük azərbaycanlı idi.

Onun Azərbaycana rəhbərlik etdiyi illər ərzində iqtisadiyyatımızın sürətli inkişafı ilə yanaşı, böyük elmi, intellektual, kadr, iqtisadi və enerji potensialının yaradılmasına da nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə   Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanılması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə ulu öndərə minnətdardır.

 Ulu öndər Heydər Əliyev özündən sonra  ideyalarını yaşadan, siyasi kursunu yeni dövrün tələblərinə uyğun yeni keyfiyyətdə uğurla davam etdirən siyasi varisini də yetişdirmişdir. Prezident  İlham Əliyevin  simasında Azərbaycanın və regionun yeni tipli lideri, müasir ruhlu rəhbəri ümummilli liderin ideya və əməllərini layiqincə davam etdirir. Məhz cənab İlham Əliyevin praqmatik rəhbərliyi sayəsində ölkəmiz dünya miqyasında sabit iqtisadiyyataı və mühüm geostrateji mövqeyi olan, qlobal enerji təhlükəsizliyinin təminatında getdikcə vacib rol oynayan bir dövlət kimi qəbul olunur. Cənubi Qafqazın lideri statusunu daşıyan ölkəmiz artıq regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən aparıcı dövlətdir.

Azərbaycanın iqtisadi qüdrətinin artması digər sahələrin, xüsusən də nəqliyyat sektorunun da davamlı inkişafına güclü təkan vermişdir. Bugün nəqliyyat sektorunda irihəcmli layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətləndirilir. Ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı özünün sürətli və hərtərəfli tərəqqi mərhələsindədir. Bu nəhəng işlər, şübhəsiz ki, böyük siyasi xadim Heydər Əliyevin şəxsi köməyi, dəmir yoluna daim qayğısı sayəsində həyata vəsiqə almışdır və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qədim İpək yolunun fəaliyyətə başlaması Azərbaycanın tranzit potensialının artmasına, sərnişin və yükdaşımaların genişlənməsinə imkanlar açmışdır. Bu gün Azərbaycanda  yol-nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolunun müasir tələblər səviyyəsində yenidənqurulması prosesi daha da sürətləndirilmişdir. Hazırda yeni-yeni layihələr həyata keçirilir, ən keyfiyyətli texnologiyalar tətbiq olunur.Şimal-Cənub” və Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizləri çərçivəsində böyük  tikinti-quruculuq işləri aparılır. Azərbaycanın təşəbbüsü, təkidi və maliyyə imkanları hesabına  inşaasına başlanan Bakı-Tbilisi-Qars dəmir yolu xətti öz miqyasına və dünya üçün əhəmiyyətinə görə bəşəri önəm daşıyır və yalnız Azərbaycanı qardaş Türkiyə ilə deyil, daha çox Avropanı Asiya ilə birləşdirəcək və  dünyada indiyədək analoqu olmayan qlobal layihədir.

Möhtərəm Prezident İlham Əliyev bütün bunları nəzərdə tutaraq demişdir: “Neft sektorundan sonra nəqliyyat ölkə üçün ən mühüm sahədir və burada inkişaf perspektivləri çox gözəldir. Biz bütün imkanlarımızdan istifadə edərək nəqliyyat sektorunu daha sürətlə inkişaf etdirəcəyik. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin həyata keçirilməsində fəal rol oynayır. Hesab edirəm ki, gələcəkdə tranzit ölkə kimi bizim bölgədəki və dünyadakı mövqelərimiz daha da güclənəcəkdir. Beləliklə, indi Azərbaycanda bütün sferaların, o cümlədən də nəqliyyatın inkişafı üçün kifayət qədər münbit şərait var”.

Azərbaycan xalqının milli iftixarı, tariximizin yaddaşına əbədi həkk olunan fenomen şəxsiyyətlərindən olan Heydər Əliyev artıq on bir ildir ki, cismən aramızda yoxdur. Lakin bütün dünya azərbaycanlılarının ümummilli liderinə və güvənc yerinə çevrilmiş Heydər Əliyevin ideyaları milyonların qəlbində yaşayır. Müstəqil Azərbaycanın qurucusu və banisi, dövlətçiliyimizin qarantı olmuş bu dahi şəxsiyyətin ölkəmiz və xalqımız üçün etdikləri əsrlər keçsə də tarixi dəyərini itirməyəcəkdir. Heydər Əliyev siyasi-mənəvi irsi təkcə xalqımızın deyil, eyni zamanda, bəşəriyyətin zəngin xəzinəsinə çevrilmişdir.

 

 

Məhərrəm MƏMMƏDOV,

 

fəxri dəmiryolçu,

 

iqtisadçı ekspert

 

Xalq qəzeti.- 2014.- 11 may.- S. 9.