Milli dövlətçiliyimizin
xilaskarı
Azərbaycan tarixinə qurucu və xilaskar kimi daxil olmuş ümummilli lider Heydər Əliyev xalqımızın mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir. Zaman-zaman tarixin sərt sınaqlarından çıxan Azərbaycan xalqı ötən əsrin sonlarında, nəhayət, nail olduğu müstəqilliyi və dövlətçiliyi məhz Heydər Əliyevin müdrikliyi, siyasi uzaqgörənliyi və polad iradəsi sayəsində tarix səhnəsində yaşamağı bacardı. Xalqımızın müstəqillik dövründə qazandığı nailiyyətlər ümummilli liderimizin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə istər keçmiş sovetlər dönəmində, istərsə də müstəqillik illərində ölkəmiz böyük inkişaf və tərəqqi yolu keçmişdir. 1970-1980-ci illərdə respublikamızın həyatında baş verən tərəqqi güclü lider, bacarıqlı dövlət rəhbəri Heydər Əliyevin tükənməz fəaliyyəti sayəsində mümkün olmuşdur.
1993-cü ilin iyununda - Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində xalqımız Azərbaycanın müstəqillik tarixinin ən çətin, ağır və problemli günlərini yaşayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, hakimiyyəti ələ keçirmək üçün torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik, anarxiya, xaos, özbaşınalıq, siyasi hərc-mərclik hökm sürürdü. Regionlarda, paytaxtın ayrı-ayrı məhəllələrində qeyri - qanuni silahlı quldur dəstələri hökmranlıq edirdilər. Xalq vahimə və təşviş içərisində idi. Girovgötürmə, adam oğurluğu kimi çirkin yollar qazanc mənbəyinə çevrilmişdi. O dövrün səriştəsiz, idarəetmədə naşı rəhbərləri üzdə guya xalqın qədirbiləni olduqlarını göstərirdilər. Əslində isə sərvət düşkünləri olan belələrinin əsas məqsədi sovet hakimiyyəti illərində toplanmış xalq əmlakını mənimsəmək, talan etmək, özlərinə var - dövlət toplamaq idi. Talançılıq, quldurluq baş alıb gedirdi. Faktiki olaraq dövlət, dövlətçilik yox idi. Ölkəni xalq adından idarə edən, əslində isə dövlət idarəçiliyində heç bir səriştəsi olmayanlar, xaricdəki himayədarlarının göstərişlərii ilə hərəkət edərək ölkəni milli fəlakət həddinə çatdırmışdılar. Müstəqilliyini yenicə qazanmış Azərbaycan vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilmək həddinə çatmışdı.
Azərbaycan, demək olar ki, beynəlxalq aləmdən tədric olunmuşdu. Ölkə tədricən parçalnmaq həddinə çatmışdı. Xalq ümidsizlik və təlaş içərisində idi. Artıq sabaha inam qalmamışdı. Ən qorxulu hal isə Azərbaycanın xaricdəki düşmənləri, ölkəmizin müstəqilliyini istəməyən antiazərbaycan qüvvələr daxildəki satqınlarla, xəyanətkarlarla birləşmişdilər. Daşnakların “Böyük Ermənistan” niyyətləri Azərbaycanı Qafqazın, eləcə də dünyanın siyasi xəritəsindən birdəfəlik silmək idi. Azərbaycan uçrumun bir addımlığında idi.
Belə ağır və çətin bir vaxtda xalqın, millətin dövlət idarəçiliyində zəngin təcrübəsi olan, insanları arxasınca apara bilən, qüdrətli bir liderə böyük ehtiyacı yaranmışdı. Belə bir lider isə yalnız Heydər Əliyev idi. Müdrik xalqımız, o zaman qəti və çox düzgün yol seçərək dünyanın qüdrətli siyasi xadimi Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtmasını təkidlə xahiş etdi. Bununla da Azərbaycanın xarici və daxili düşmənlərinin bütün planları alt - üst oldu və çirkin niyyətləri ürəklərində qaldı. Məhz həmin vaxtlarda ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi ilə müstəqil Azərbaycanın tarixində yeni mərhələnin əsası qoyuldu. Qüdrətli şəxsiyyət uzaqgörənliyi və qətiyyətli qərarları ilə ölkədə yetişməkdə olan vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək və aradan qaldırmaq planı puça çıxdı.
Ümummilli lider ömrünün qalan hissəsini dövlət müstəqilliyinin möhkəmlənməsinə sərf etmiş, müstəqilliyimizi əbədi və dönməz prosesə çevirmişdir. Həmin illər milli ordu quruculuğu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində mühüm islahatlar həyata keçirilmiş, ilk milli Konstitusiyamız qəbul edilmiş, əsas insan hüquq və azadlıqlarının qorunmasına təminat verilmişdir. Ölkəmizdə ilk dəfə olaraq azad və ədalətli seçkilər keçirilmiş, özünüidarəetmə orqanı olan bələdiyyələrin fəaliyyəti təmin edilmişdir.
Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında, tariximiz qarşısında ən böyük xidməti budur ki, bu böyük düha torpaqlarımıza yiyələnmək üstündə ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir.
Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. 1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında öz müstəsna əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını almış müqavilə bağlandı. “Əsrin müqaviləsi”ndə 8 ölkədən 13 şirkət iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdı. Bu tarixi müqavilənin imzalanmasından sonra Azərbaycanın beynəlxalq aləmdəki mövqelərinin güclənməsi istiqamətində yeni mərhələnin əsası qoyuldu.
“Əsrin müqaviləsi” Azərbaycanı sosial tədbirlərin miqyasının dəyişməsinə doğru aparırdı: ölkəyə külli məbləğdə investisiya gətirilməsiylə əlaqədar millət hərc-mərclikdən və parçalanmaqdan xilas olmaq imkanı qazanırdı. Azərbaycan xalqı dəqiq məzmuna malik həyati əhəmiyyətli vəzifələri yerinə yetirməli idi. Ölkə iqtisadiyyatının getdikcə qüdrətlənməsində və beynəlxalq aləmə sürətli inteqrasiyamızda bu tarixi müqavilənin müstəsna rol oynadığını bu gün də görürük.
Azərbaycanın
inkişafını və dünya
birliyində mövqelərinin möhkəmləndirilməsini
gözü götürməyən xarici düşmənlərimiz bütün vasitələrlə ölkədə
qarşıdurma yaratmağa və milli xəyanətkarları qeyri-qanuni
yollarla hakimiyyətə gətirməyə
cəhd edirdilər. 1994-cü
ilin oktyabr və 1995-ci ilin mart hadisələri də bunun nəticəsi idi. Həmin vaxtlarda xarici
düşmənlərimizin himayədarlığı ilə
milli xəyanətkarlar
hakimiyyəti qeyri-qanuni
silahlı birləşmələrin
gücü ilə ələ almağa çalışdılar. Lakin ulu öndərin
qətiyyəti, siyasi
uzaqgörənliyi və
müdrikliyi bu qəsdlərin
qarşısını aldı.
Ölkəmiz bu ağır
sınaqlardan uğurla
çıxdı. Bu hadisələr
bir daha təsdiqlədi ki, Heydər
Əliyev andına sadiq qalan qüdrətli
şəxsiyyətdir. Ulu öndər
dar ayaqda Vətənin müstəqilliyi,
xalqın azadlığı
naminə qurban qetməyə hazır olan Prezident qətiyyəti nümayiş
etdirdi.
Dövlət başçısının qətiyyəti xalqda ruh yüksəkliyi yaratdı, inamımızı
özümüzə qaytardı.
Ölkədə sabitlik və
əmin-amanlıq yarandı.
Prezident Heydər Əliyev xalqı, yurdu ayrı-ayrı hissələrə
parçalanmaqdan, iflasa
uğramaqdan xilas etdi. Özündən əvvəlki “rəhbərlərin”
tarixi keçmişin
ibrət dərslərinə,
dəyişən dünyanın
real həqiqətlərinə, daxili həyatın və beynəlxalq vəziyyətin gerçəkliklərinə
deyil, emosiyalara əsaslanaraq qəbul etdikləri səhv qərarların icrasını
dayandırdı.
Ulu öndər
ökənin xarici siyasətində beynəlxalq
qurumlarla və inkişaf etmiş dövlətlərlə əməkdaşlığı
prioritet vəzifə kimi qarşıya qoymuşdu. O, müstəqillik
yolunda ilk addımlarını
atan bir ölkənin beynəlxalq
təcrübəyə yiyələnməsini,
qabaqcıl təcrübələrdən
bəhrələnməsini zəruri
sahələrdən biri
hesab edir, bu məsələlərə
xüsusi önəm verirdi. Ulu öndərin
rəhbərliyi altında Azərbaycan
regional və qlobal səviyyədə fəaliyyəti,
o cümlədən, beynəlxalq
arenada əməkdaşlığı
genişləndirərək və dərinləşdirərək
müstəqil dövlət
kimi Birləşmiş
Millətlər Təşkilatı,
Avropada Təhlükəsizlik
və Əməkdaşlıq
Təşkilatı, Avropa
Şurası, İslam
Konfransı Təşkilatı,
Müstəqil Dövlətlər
Birliyi və çoxlu sayda digər təşkilatlara
üzv olmuşdur. Avropa institutlarına inteqrasiya Azərbaycanın xarici siyasətinin başlıca
prioritetlərindən biri
olmuşdur. Bu səbəbdən Azərbaycan
2001-ci ildən üzv
olduğu Avropa Şurası ilə əməkdaşlıqda öz
milli qanunvericiliyinin yüksək beynəlxalq standartlara uyğunlaşdırılması
istiqamətində tədbirlər
görmüş və
bu tədbirlər uğurla həyata keçirilmişdir. Belə
ki, Azərbaycanın milli qanunvericiliyinin demokratikləşdirilməsinə köməklik göstərən
Avropa Şurasının
Venesiya Komissiyası ilə sıx əlaqələr qurmuş,
Avropa Şurasının
başlıca sənədi
sayılan İnsan Hüquqları və Əsas Azadlıqlarının
Qorunması üzrə
Konvensiyasını və
onun protokollarını
2001-ci il yanvarın 25
- də imzalamış,
2002-ci aprelin 15 - də isə onları ratifikasiya etmişdir. Azərbaycan nümayəndə heyəti Avropa Şurası çərçivəsində,
ilk növbədə bu
təşkilatın Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinə dair
ədalətli mövqeyinin
formalaşdırılmasında məqsədyönlü və
məhsuldar fəaliyyəti
ilə seçilmişdir.
Avropa məkanına daha sıx inteqrasiyanın zəruriliyi mövqeyindən
çıxış edən
Azərbaycan Avropa Birliyi ilə çoxşaxəli qarşılıqlı
əlaqələr yaratmışdır.
Azərbaycanın Avropa Birliyi
ilə münasibətləri
TACİS, TRACECA və digər
müxtəlif proqramlar
çərçivəsində inkişaf etdirilmişdir.
1996-cı ildə Azərbaycan ilə Avropa Birliyi arasında 1999-cu ildən qüvvəyə minmiş
Tərəfdaşlıq və
Əməkdaşlıq sazişi
imzalanmışdır. Bu saziş siyasi
dialoq, demokratiyanın
qurulmasına kömək,
eləcə də iqtisadi əməkdaşlıq
və sərmayələrin
qoyuluşunu nəzərdə
tutur. Bütün bunlarda ulu öndər Heydər Əliyevin başlıca məqsədi müstəqil
Azərbaycanın Avropaya
və dünya birliynə inteqrasiyasını
genişləndirmək olmuşdur.
Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanmışdır. Heydər Əliyev zəkasının məhsulu olan təməl qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır. Azərbaycanda hökmranlıq edən sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünyanın bütün dövlətləri üçün açıq ölkəyə çevrilmişdir. Azərbaycanın demokratiya yolunda qısa vaxt ərzində əldə etdiyi nailiyyətlər bu gün dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları tərəfindən də yüksək qiymətləndirilir. Ölkəmiz Avropa Şurasının, UNESKO, MDB, QİƏT, İKT, GUAM-ın, Dünya Sülh Şurasının, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, Beynəlxalq Bərpa və İnkişaf Bankının, habelə çoxlu sayda beynəlxalq və regional təşkilatların, birliklərin, konvensiyaların fəal üzvüdür. NATO və Avropa Birliyi ilə tərəfdaşlıq edir.
Ümummilli liderimizin uzaqgörənliklə yaratdığı inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir. Xalqımızın böyük xilaskarı, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsi tarix boyu unudulmayacaq və qoyduğu irs müstəqil Azərbaycan dövlətinin inkişafının nüvəsi olaraq qalacaqdır.
Azərbaycan xalqı öz Prezidentinə – cənab İlham Əliyevə inanır. Onun müdrikliyi, uzaqgörənliyi, siyasi nüfuzu, beynəlxalq aləmdəki uğuru xalqa işıqlı sabahlardan xəbər verir. Axı ulu öndərimiz də bir vaxtlar “Mən ona özüm qədər inanıram” - demişdi.
Mirkazım KAZIMOV,
Milli Məclisin deputatı,
Yeni Azərbaycan Partiyası
Siyasi Şurasının
üzvü
Xalq qəzeti.- 2014.-
11 may.- S. 12.