Gül çələngli sevgi bayramı

 

Xətai

 

Bakının Xətai rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar bir həftə əvvəl start verilmiş bayram tədbirlərinə mayın 9-da, artıq bütün paytaxtda çoxdan ənənəyə çevrilmiş Gül bayramı və möhtəşəm konsert proqramı ilə yekun vuruldu.

Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hər il olduğu kimi, bu il də Gül bayramına bütün rayonda xüsusi hazırlıq görülmüşdü. Ümummilli liderin adını daşıyan Heydər Parkında neçə gün idi ki, qızğın iş gedirdi. Bu bayram orta məktəblər, məktəbəqədər müəssisələr üçün, sözün əsl mənasında, bir yarışa çevrilmişdi. Görülən işə və ulu öndərə sevgidən yaranan əsərlərə qiyməti Bakı Şəhər İcra Hakimiyyətindən gələn münsiflər heyəti verirdi.

Mayın 9-da Heydər Əliyev parkında yarış iştirakçıları bir yana, tamaşaçıların sayı-hesabı bilinmirdi. Əhalinin təhlükəsizliyini təmin etmək üçün Ukrayna meydanında avtomobillərin hərəkətinə belə, məhdudiyyət qoyulmuşdu.

 Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Xətai rayonunda təşkil olunmuş Gül bayramının rəsmi hissəsinə  start verildi. Parkda  ümummilli lider Heydər Əliyevin abidə kompleksinin ətrafında, həmişəki kimi, güllərdən işlənmiş gözəl  kompozisiya diqqəti daha çox cəlb edirdi. 264, 165, 29, 86 və 171 saylı məktəblərin şagirdləri tərəfindən müxtəlif  çiçəklərdən ulu öndərin və onun həyat yoldaşı Zərifə xanım Əliyevanın  portretləri işlənmişdi. Münsiflər də, qonaqlar da müşahidə etdikləri kompozisiyalara heyranlıqlarını gizlədə bilmirdilər.

Rayonun  orta məktəblərinin, uşaq bağçalarının ulu öndərə sevgi və sayğılarını göstərmək üçün hazırladıqları bütün kompozisiyalar, tablolar, tikmələr və müxtəlif əl işləri diqqətlə nəzərdən keçirildi. Parkın əks tərəfindən hündür mərtəbəli binaya vurulmuş ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin əzəmətli portretləri elə bir təəssürat oyadırdı ki, sanki onlar da bu sevgi və sayğı yarışını təbəssüm dolu baxışlarla seyr edirdilər.

İnsanlar dəstə-dəstə parka gəlir və burada Heydər Əliyevə olan xalq sevgisini görmək, həmin sevgiyə şərik olduqlarını bildirmək istəyirdilər. Balaca rəssamların asfalt üzərində çəkdikləri şəkillər də diqqətdən yayınmırdı.

Az qala, bütün tədbir iştirakçıları ilə bir-bir görüşən, hər bir kompozisiya qarşısında dayanıb ulu öndərə sevgidən soraq verən əl işlərini diqqətlə seyr edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov,  Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov və Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev gənclərin sevgi fantaziyasından yaranan dekorasiyaları diqqətlə nəzərdən keçirir və bəzən qısa müzakirələr də aparırdılar.

Böyük azərbaycanlının doğum gününə həsr olunmuş Gül bayramının rəsmi hissəsi başa çatsa da, insanlar parkı tərk etmədilər.  Axşama yaxın sakinlər üçün Xətai Rayon İcra Hakimiyyətinin və Azərbaycan Televiziyasının birgə təşkilatçılığı ilə respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə hazırlanan böyük konsert proqramı başladı. Gecə yarıya qədər davam edən bayram konserti  böyük atəşfəşanlıqla başa çatdı.

 

***

 

Suraxanı

 

Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə “Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda konfrans keçirilmişdir.

 

Konfransın iştirakçıları mərkəzin qarşısında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar. Bildirilmişdir ki, bu mərkəz artıq 5 ildir fəaliyyət göstərir. Ötən illərdə burada müxtəlif mərkəzi icra hakimiyyətləri orqanları, ali təhsil müəssisələri, elmi institutlar və digər təşkilatlarla birgə 130-dan çox tədbir keçirilmişdir. Onlardan dördü Dövlət İdarəçilik Akademiyası ilə birgə təşkil olunmuşdur.

Mərkəzin elektron lektoriya zalında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişindən sonra konfrans öz işinə başlamışdır. Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov demişdir ki, Azərbaycanın yarım əsrə bərabər dövrünü əhatə edən Heydər Əliyev epoxası tariximizə qızıl hərflərlə həkk olunmuşdur. Milli dövlətçilik tariximizin əbədi şöhrətinə çevrilmiş ulu öndər Heydər Əliyev hər bir vətənpərvər azərbaycanlının qəlbində sadəliyi, səmimiliyi, alicənablığı, vətənsevərliyi və digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxmışdır. Bu dahi insanın adı Azərbaycanın rəmzinə çevrilmişdir. Ulu öndərin sarsılmaz iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir müstəqil Azərbaycan inkişaf yoluna çıxmış və Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgənin lider dövlətinə, beynəlxalq aləmdə söz və nüfuz sahibinə çevrilmişdir.

Ümummilli lider Heydər Əliyevi daim qəlblərdə yaşadan, xatirəsini əbədiləşdirən, bu böyük insanın adının hər zaman dərin ehtiramla anılmasına səbəb olan amillərdən biri də ulu öndərin humanizm prinsiplərinə söykənən nəcib ideyalarıdır. Ümummilli liderin bu nəcib ideyalarını davam etdirən, onun milli dövlətçilik amallarını rəhbər tutaraq fəaliyyət göstərən, humanitar dəyərlərin təşviqinə öz töhfələrini verən Heydər Əliyev Fondu Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında ölkəmizin dünya miqyasında daha geniş tanınmasında, qədim və zəngin mədəniyyətə, söz, muğam sənətinə malik xalqımızın milli dəyərlərinin qorunmasında və təbliğində bu gün mühüm rol oynayır.

Konfransda çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov demişdir ki, Heydər Əliyev müdrikliyindən, Tanrının ona qismət etdiyi istedad və qabiliyyətindən öz şəxsi məqsədləri üçün deyil, millət və xalqı yolunda istifadə etmişdir. Bu səbəbdən Heydər Əliyevin tərcümeyi-halı Azərbaycanın tarixi ilə o qədər qaynayıb-qarışmışdır ki, onları bir-birindən ayırmaq mümkün deyildir. Bu bir həqiqətdir ki, biz Heydər Əliyev haqqında danışarkən Azərbaycandan, Azərbaycan barədə danışanda Heydər Əliyevin fəaliyyətindən söhbət açmış oluruq.

Konfransda Milli Məclisin deputatı Sevinc Fətəliyeva, DİA Regional İqtisadi və Sosial Araşdırmalar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əli Nuriyev və DİA-nın elm-təşkilat şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimli çıxış etmişlər.

Tədbirin sonunda rayondakı Heydər Əliyev Mərkəzinin işinin təşkilində fəal iştirak edənlər, “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda açıq dərslərin keçirilməsində, Gül bayramının təşkilində fərqlənənlər, ulu öndərin anadan olmasının 91-ci ildönümü ilə bağlı orta məktəb şagirdləri arasında keçirilmiş şeir və inşa müsabiqələrinin qalibləri fəxri fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar. YAP sıralarına qəbul olunmuş bir qrup rayon sakininə partiyanın üzvlük vəsiqəsi təqdim edilmişdir.

 

***

 

Səbail

 

Səbail rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş ənənəvi Gül bayramı keçirilmişdir. Şəhərin mərkəzindəki “Sahil bağı”nda qabaqcadan abadlıq işləri aparılmış, bayramın yüksək səviyyədə keçməsi üçün rayon rəhbərliyi hər cür kömək göstərmişdi.

 

Ulu öndərin doğum günü ilə bağlı şənliklərin Qələbə gününə qovuşduğu mayın 9-da bağ başdan-başa gül tərtibatları ilə əhatələnmiş, mərkəzdəki fəvvarələrin ətrafı çiçəklərlə bəzədilmişdi. Bayramın gözəl və yaddaqalan keçməsi üçün aparılan xüsusi hazırlıq hər addımda hiss olunurdu. Rayonun əksər kollektivlərinin gül-çiçəklərdən  hazırlanmış, əlvan əl işlərindən ibarət töhfələri möhtəşəm ekspozisiyada sıralanaraq bir-birini tamamlayır, ulu öndərin əziz xatirəsinə səbaillilərin sonsuz ehtiramını  sərgiləyirdi.

Ali və orta ixtisas məktəbləri tələbələrinin, ümumtəhsil və musiqi məktəbləri, uşaq yaradıcılıq mərkəzi şagirdlərinin, bağça uşaqlarının müxtəlif çiçək və güllərdən, toxumlardan, yarpaqlardan hazırladıqları tablolar, aplikasiyalar, gül kompozisiyaları rəngarəng görünüşü və gözəlliyi ilə seçilir, şagirdlərin fantaziya zənginliyini, geniş düşüncə imkanlarını ifadə edirdi. Bütün bunlar incəsənət ustalarının və bədii kollektivlərin səsləndirdikləri təntənəli musiqinin sədaları altında füsunkar bir mənzərə yaradırdı. Səhər tezdən sakinlər və qonaqlar axın-axın bu bənzərsiz şənliyin iştirakçısı olmağa, bu gözəlliyin sonsuz ehtişamını bölüşməyə can atırdılar.

Bayram iştirakçıları Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovu, Milli Məclisin deputatları Ziyad Səmədzadə və Fuad Muradovu, rayon təşkilatları rəhbərlərini və hörmətli qonaqları hərarətlə qarşıladılar. Ekspozisiya müəllifləri fəxri heyətə və münsiflərə ifadəli gül tərtibatları, müxtəlif janrlı əl işləri barədə həvəslə məlumat verməyə başladılar.

“Sahil bağı” bu günəşli və ətirsaçan gündə nağıllar aləmini xatırladırdı. Çiçəklərlə bəzədilmiş  dekorativ arka parkın girişinə xüsusi yaraşıq verirdi. Şırhaşırla hovuzlara  su səpən fəvvarələrin, çiçək kompozisiyalarının, dekorativ fiqurların fonunda ümummilli lider Heydər Əliyevin və görkəmli  alim, akademik Zərifə xanım Əliyevanın güllərdən hörülmüş portretləri ifadəliliyi, baxımlılığı ilə diqqəti daha çox cəlb edirdi. Bakı və onun mərkəzi rayonu Səbailin tarixi rəmzi “Qız qalası”nın,  şəhərin gerbinin, paytaxtın əzəmət timsalı “Alov Qüllələri”nin, “Səbail” gəmisinin çiçəklərdən toxunmuş, güllərlə işlənmiş maketləri bayram iştirakçılarını ayaq saxlamağa, heyranlıqlarını bildirməyə sövq edirdi.

Böyük rəhbər Heydər Əliyevin gözəlliyə sevgisi, təbiəti qorumaqla bağlı tövsiyələri ümumi mənzərədə və hər bir bədii işləmədə parlaq əksini tapmışdı. Əlvan geyimli balacalar şən rəqsləri, yerə çəkdikləri gül-çiçək təsvirləri ilə ekspozisiyaların ön planını bir az da gözəlləşdirirdilər. Üzvi surətdə əlaqələndirilmiş gül pannoları, rəngarəng  guşələr bir-birinə qovuşaraq min bir ətir saçan, sonsuz duyğular yaradan nəhəng əklilə bənzəyirdi. Səbaillilər bu möhtəşəm çələngi baharda dünyaya göz açan, gülləri çox sevən və doğma Vətənini gülüstana döndərmək arzusunu bacardığı qədər gerçəkləşdirən ulu öndərin xatirəsinə ehtiramlarının böyuklüyünü və sonsuzluğunu nümayiş etdirmək üçün ərsəyə gətirmişdilər.

Şəhər sakinləri, qonaqlar və Bakı Şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyasının üzvləri səbaillilərin gül bayramından böyük zövq aldılar, sərgilənən gül kompozisiyaları və əl işlərinə yüksək qiymət verdilər.

Parkın yuxarı hissəsində quraşdırılmış səhnədə respublikamızın populyar incəsənət ustaları, bədii özfəaliyyət kollektivləri və rayonun musiqi məktəblilərinin kollektivlərinin çal-çağırı gün ərzində  davam edərək, gül bayramının təntənəsini ətrafa yaydı.

 

***

 

Nərimanov

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü şərəfinə paytaxtımızda Gül bayramının keçirilməsi xoş bir ənənəyə çevrilmişdir. Mövzu və kompozisiya baxımından ildən-ilə zənginləşən Gül bayramı insanlarda, sözün əsl mənasında, xoş ovqat, şən əhval-ruhiyyə yaradır. İlk dəfə Dənizkənarı Milli Parkda böyük təntənə ilə keçirilən gül bayramı artıq bir neçə ildir ki,  paytaxtın bütün rayonlarında da geniş qeyd olunur. Bu da təsadüfi deyil. Çünki bu günlərdə ölkəmizin hər yerində ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü yüksək səviyyədə, bayram  təntənəsi ilə qeyd edilir. Ümummilli lider Heydər Əliyevin xatirəsinin bahar çiçəkləri ilə anılması, heç şübhəsiz, ulu öndərin xatirəsinə xalqımızın dərin hörmət və ehtiramını nümayiş etdirir.

Artıq ölkəmizin hər yerində olduğu kimi, Nərimanov rayonunda da ənənə halını alan Gül bayramı dünyanın ən nadir gözəlliklərini bir araya toplamaqla ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, dahi şəxsiyyətin doğum gününün bu cür mötəbər formada keçirilməsi ilə yadda qalır.

Nərimanov rayonunda, hər il olduğu kimi, budəfəki bayrama da yüksək hazırlıq işləri görülmüşdü.  Metronun “Nəriman Nərimanov” stansiyasının  yaxınlığında yerləşən park bayramsayağı bəzədilmiş, bura başdan-başa gül-çiçəyə bürünmüşdü. Parkda bir-birindən gözəl, cazibədar yaradıcılıq  nümunələrinə, cürbəcür rəngli çiçəklərdən hazırlanmış çələnglərə, müxtəlif mövzuları əhatə edən əl işlərinə, panno və tablolara, eskizlərə heyranlıqla tamaşa etməmək mümkün deyildi. Hiss olunurdu ki, iştirakçılar ümummilli liderimiz Heydər Əliyevin doğum günü tədbirləri çərçivəsində keçirilən Gül bayramına çox ciddi hazırlaşmışlar. Bunu parkdakı səliqə-sahmandan, gül-çiçəklərin, müxtəlif əl işlərinin yaratdığı xoş auradan da hiss etmək olurdu.

Ulu öndərin əziz və parlaq xatirəsinə hörmət və ehtiram əlaməti olaraq ənənəvi şəkildə qeyd olunan Gül bayramında rayon rəhbərliyi, ziyalılar, sakinlər və paytaxtımızın qonaqları iştirak edirdilər. Könülləri oxşayan bu möhtəşəm bayramda rayonda fəaliyyət göstərən orta ümumtəhsil məktəb şagirdlərinin, uşaq tərbiyə müəssisələri nümayəndələrinin müxtəlif növ dekorativ güllərdən, dibçək və kəsilmə güllərdən, qurudulmuş gül və bitki kollarından, göz oxşayan eksponatlardan ibarət sadə və eyni zamanda, orijinal üslublu kompozisiyalar öz görünüşü və mövzu əlvanlığı ilə seçilərək göz oxşayırdı.

Bayram libasına bürünmüş parkda təbiəti sevən, təsviri sənətə həvəs göstərən uşaqlar öz istedadlarını birbaşa nümayiş etdirmək imkanı qazanmışdılar. Ümummilli liderimiz Heydər Əliyevin tər çiçəklərdən “toxunmuş” portret xalçası tədbirə qatılan insanlarda duyğulu hisslər oyadırdı. Fidan balaların gülləri xatırladan müxtəlif libaslarda parka gəlmələri isə iştirakçıların bayram ovqatını daha da artırırdı. Tədbirdə rayon ərazisində yerləşən 22 məktəb və 28 uşaq bağçası şagirdlərinin əl işləri nümayiş etdirildi. Bakı Rəssamlıq Akademiyasının tələbələrinin bayram sovqatı  da tədbir iştirakçılarının dərin marağına səbəb oldu. Bütövlükdə isə bayramda nümayiş etdirilən əl işlərində xalqımızın milli-mənəvi dəyərləri, estetik və fəlsəfi görüşləri,  vətənpərvərlik duyğuları incə bir həssaslıqla, yüksək zövqlə əks olunmuşdu.

Parkın ərazisində daş plitələr döşənmiş kiçik bir sahə balaca sehrbazların ixtiyarına verilmişdi. Burada onlar rəngli tabaşirlərin köməyi ilə öz bacarıq və məharətlərini nümayiş etdirirdilər. Balacalar sanki səbirsizliklə tamaşaçı qiymətini gözləyirdilər. Elə tamaşaçılar da onlardan, Gül bayramının digər iştirakçılarından bu qiyməti əsirgəmirdilər. Tamaşaçılar arasında rayon icra hakimiyyətinin rəhbərliyi də vardı. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Gül bayramında iştirak edən bütün kollektivlərin əl işləri ilə yaxından tanış oldu, uşaq və yeniyetmələrin bacarıqlarını yüksək dəyərləndirdi.

Axşamadək davam edən tədbirdə sərgilənən sənət əsərləri Bakı Şəhər İcra Hakimiyyətinin qiymətləndirmə komissiyası tərəfindən müxtəlif nominasiyalar üzrə qiymətləndirildi.

Nərimanov rayonunda keçirilən Gül bayramı axşam saatlarında təntənəli bayram konserti və atəşfəşanlıqla  başa çatdı.

 

***

 

Mingəçevir

 

Ümummilli liderimiz Heydər Əliyevin doğum günü münasibəti ilə Mingəçevir şəhərində silsilə tədbirlər keçirilib. Şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimayyətin nümayəndələri əvvəlcə ulu öndərin heykəli önünə tər güllər düzüb, Mingəçevirin inkişafında xüsusi xidmətləri olan görkəmli dövlət xadiminin xatirəsini ehtiramla yad ediblər. Tədbir iştirakçıları əsaslı şəkildə yenidən qurulmuş 900 şagird yerlik 10 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, təhsil ocağının sinif otaqlarında, fənn kabinetlərində və laboratoriyalarda nümunəvi şərait yaradılıb, istilik sistemi çəkilib. Məktəb zəruri avadanlıqlarla təmin olunub. Əsaslı şəkildə təmir edilən 10 saylı körpələr evi-uşaq bağçasında yaradılan şərait də razılıqla qarşılanıb.

Tərbiyə müəssisəsinin təlim və yataq otaqları, musiqi və idman zalı, yeməkxanası günün tələbləri səviyyəsində yenidən qurulub. Uşaqların daha səmərəli istirahəti üçün bağçada müasir hovuz da yaradılıb. Mingəçevir ictimayyətinin nümayəndələri yeni yaradılan “Güllü bağ” istirahət parkına da baş çəkiblər. Uzun müddət  baxımsızlıq ucbatından yararsız halda olan bu ərazidə əhalinin asudə vaxtının səmərəli təşkili üçün oturacaqlar, kölgəliklər və fəvvarə quraşdırılıb. Ağaclar əkilib, yaşıllıqlar salınıb. Müasir işıqlandırma sistemi istirahət güşəsinə  xüsusi yaraşıq verir.

Daha sonra şəhərdə bir özəl təlim-tərbiyə müəssisəsinin də təməlqoyma mərasimi baş tutub. Tədbir iştirakçıları həyata keçirilən sosialyönümlü layihələri Heydər Əliyev siyasətinin uğurlu davamının nəticəsi kimi qiymətləndiriblər. Sonra mingəçevirlilər “Dostluq” parkında təşkil olunan Gül bayramına qatılıblar. Məktəblilərin Heydər Əliyev şəxsiyyətinə həsr etdiyi rəsm əsərləri, müxtəlif güllərdən hazırlanan sərgilər, toxumalar xoş hisslər yaradıb. Uşaq yaradıcılıq mərkəzinin təqdim etdiyi texniki yaradıcılıq nümunələri maraqla qarşılanıb. Bayram tədbirləri yerli incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.

 

***

 

Qax

 

Ölkəmizin hər yerində olduğu kimi Qaxda da müasir Azərbaycanımızın memarı və qurucusu, mənalı ömrünü bütünlükdə öz xalqına həsr edən ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilməkdədir. Bu münasibətlə təşkil olunan iməciliklərdə küçə və meydanlarda, parklarda abadlıq işləri aparılmış, gül kolları əkilmiş, yaşıllıqlara xidmət göstərilmişdir. Ulu öndərin doğum günü ərəfəsində həmçinin təhsil, mədəniyyət müəssisələrində müsabiqə və yarışlar, sərgilər təşkil olunmuş, kollektivlərdə bu dahi şəxsiyyətin mənalı həyat yolu, xalqımız qarşısındakı misilsiz xidmətlərinin təbliğinə həsr olunmuş konfranslar, dəyirmi masalar keçirilmiş, əziz xatirəsi böyük hörmət və ehtiramla yad olunmuşdur.

Ulu öndərimizin doğum günü münasibətilə ümumrayon tədbirləri isə bu böyük azərbaycanlının şəhərin mərkəzi meydanındakı abidəsinin ziyarəti ilə başlanmışdır. Yüzlərlə rayon sakini növbə ilə abidənin önünə gül-çiçək düzərək hörmət və ehtiramlarını bildirmişlər. Sonra rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev və digər tədbir içtirakçıları Heydər Əliyev parkında təşkil olunmuş Gül bayramına qatılaraq orada nümayiş etdirilən müxtəlif növ güllərdən hazırlanmış çoxsaylı eksponatlarla tanış oldular.

Bihuşedici ətri ətrafa yayılaraq min bir rəngə çalan, al-əlvan işıq saçan, zərif və təravətli gül-çiçəklərdən hazırlanmış  xalqımızın milli-mənəvi dəyərlərini, tarixi keçmişini, müasir Azərbaycanın keçdiyi inkişaf yolunu, bugünkü uğurlarını, ulu öndərimiz Heydər Əliyevin mənalı həyat yolunu, xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərini əks etdirən eksponatlar meydanda elə yaradıcılıqla, zövqlə yerləşdirilmişdi ki, onlar bütövlükdə müasir Azərbaycana dair dolğun bir incəsənət  əsərini xatırladırdı.

Əl işlərindən, güllə hazırlanmış şəkillərdən ibarət kompozisiyalar hamıda böyük maraq doğururdu. Dibçəklərdən, qurudulmuş gül ləçəklərindən ibarət kompozisiyalar xüsusi yaradıcılıqla hazırlanmışdı. Bayram şənliyinə qoşulan kollektivlər ən yaxşı gül-çiçək kompozisiyası, tətbiqi sənət nümunələri, fotoşəkil nominasiyaları üzrə müsabiqələrdə iştirak edirdilər.

Bu bayram şənliyi ulu öndərimizə ümumxalq məhəbbətini, hörmət və ehtiramını nümayiş etdirməklə yanaşı rayon sakinlərinin mənalı istirahətinə də şərait yaratmışdır.

 

Həmin gün Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı elmi-praktik konfrans keçirilmişdir.

Axşam saatlarında şəhərin Nizami parkında mədəniyyət işçilərinin nümayiş etdirdikləri konsert proqramı şəhər sakinləri tərəfindən maraqla izlənmişdir. Gül bayramı axşam saatlarınadək davam etmişdir.

 

***

 

Zaqatala

 

Zaqatala rayonunda ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.

Tədbir iştirakçıları öncə Heydər parkında ulu öndərin abidə kompleksini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, Azərbaycanın dahi oğluna öz ehtiramlarını bildirmişlər.

Sonra Heydər Əliyev Mərkəzində “Dünya siyasətinin Heydər Əliyev zirvəsi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanmış, daha sonra ulu öndərə həsr olunmuş film nümayiş etdirilmişdir. Elmi-praktik konfransda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin geniş məruzəsi dinlənilmişdir.

Məruzədə rayon rəhbəri xalqımızın dahi oğlu, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başladığını, üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə cəsarətlə sinə gərərək mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünə inam və siyasi uzaqgörənlik kimi iradi keyfiyyətlərdən məharətlə bəhrələnərək xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdiyini, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olduğunu qeyd etmişdir. Daha sonra natiq ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmış möhkəm təməl üzərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin artıq dünyanın ən önəmli dövlətlərindən biri kimi tanındığını xüsusi vurğulamışdır.

Konfransda çıxış edən natiqlər qeyd etmişlər ki, müstəqil Azərbaycan dövlətini yaratmaq missiyası ilə həyata gələn ulu öndərimiz bütün ömrünü Azərbaycana həsr etmişdi. Heydər Əliyev siyasi irsinin zəngin bir xəzinə olduğunu bildirən natiqlər bu xəzinədən xalqımızın mənəvi cəhətdən daim bəhrələnəcəyini və ondan Azərbaycan dövlətinin siyasətində həmişə istifadə olunacağını xüsusi vurğulamışlar. Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş gənclərə vəsiqələr təqdim etmişdir.

Sonra Heydər parkında gül bayramı keçirilmişdir. Bayramda müxtəlif gül kompozisiyaları, şəkil və plakatlar, əl işlərindən ibarət sərgilər nümayiş etdirilmişdir. Gül bayramı ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunduğu üçün hər bir gül çələngində, əl işlərinin mövzu və kompozisiyasında sevimli rəhbərə məhəbbət, onun xatirəsinə ehtiram və səmimiyyət hissləri qabarıq gözə çarpırdı.

Elə həmin gün axşam Heydər parkında rayonun incəsənət ustalarının iştirakı ilə böyük bayram konserti təşkil edilmişdir.

 

***

 

Ağsu

 

 7 may 2014-cü il tarixdə Ağsu şəhərindəki Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan regionlarının  inkişafı” mövzusunda  konfrans  keçirilmişdir.

 

Konfrans iştirakçıları əvvəlcə şəhərin mərkəzində ümummilli liderin adını daşıyan parka gələrək ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

Sonra mərkəzdə ümummilli liderə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir. Daha sonra “Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı” mövzusunda məruzə dinlənilmiş, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin 1978-ci il sentyabrın 29-da və 1981-ci il iyulun 30-da Ağsu rayonuna tarixi səfərləri ilə bağlı xatirələr söylənilmişdir.

Ulu öndərin Vətən qarşısındakı əvəzolunmaz xidmətlərindən, respublikamıza rəhbərliyinin bütün dövrlərində regionların, o cümlədən Ağsu rayonunun sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğıdan danışılmışdır. Qeyd olunmuşdur ki, hər bir regionun iqtisadi potensialını dəqiq müəyyənləşdirmək, bu potensialdan maksimum səmərəli istifadə etmək bacarığına malik bu böyük şəxsiyyət Azərbaycanın hərtərəfli və sürətli inkişafına misilsiz töhfələr vermişdir.

Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin bölgələrə mütəmadi səfərlərini, bu regionun inkişafına verdiyi töhfələri xüsusi vurğulayan natiqlər Azərbaycanın qısa zamanda dünyanın ən sürətlə inkişaf edən bir ölkəsinə çevrilməsini məhz ulu öndərin işləyib hazırladığı sosial-iqtisadi konsepsiyanın təbii nəticəsi kimi dəyərləndirmişlər.

 

***

 

Balakən

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar əvvəlcə  Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev başda olmaqla aparatın işçiləri, inzibati orqanların əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri və  ictimaiyyət nümayəndələri ulu öndərin abidəsi önünə tər çiçək dəstələri qoydular. Sonra Bayraq meydanından kross qaçışına start verildi. Qalib gələn oğlan və qızlar mükafatlandırıldı.

Daha sonra iştirakçılar Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında təşkil olunmuş kənd təsərrüfatı məhsullarının yarmarkasında iştirak etdilər.

Yarmarkaya baxış keçirildikdən sonra iştirakçılar idarə və müəssisələr, məktəb və uşaq bağçaları tərəfindən təşkil olunmuş “Gül kompozisiyası”na baxış  keçirdilər.

Tədbir musiqili proqramla davam etdirildi.

 

 İlqar RÜSTƏMOV,

 

Vaqif BAYRAMOV,

 

Tahir AYDINOĞLU,

 

Mirbağır YAQUBZADƏ,

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2014.- 11 may.- S. 13.