“Tour
d’Azerbaidjan-2014” beynəlxalq veloyürüşünün
üçüncü və dördüncü mərhələləri
“Tour d’Azerbaidjan-2014” beynəlxalq veloyürüşünün üçüncü mərhələsində idmançılar Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə 180 kilometr məsafə qət etmişlər. Finiş xəttinə hamıdan əvvəl Cənubi Afrika Respublikasının nümayəndəsi, “Qxubeka” komandasının üzvü Yusef Reqiqi çatmışdır.
İkinci yeri sloveniyalı Matey Muqerli (“Adria Mobil” komandası, Sloveniya), üçüncü yeri İsveçin “Şimano” komandasının danimarkalı təmsilçisi Kristian Yensen tutmuşdur.
Veloyürüşün bu mərhələsinin qaliblərinə və mükafatçılarına prizləri turun təşkilat komitəsinin rəhbəri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və Azərbaycan veloyürüşçüsü Aleksandr Averin təqdim etmişlər. Üç mərhələdən sonra avstraliyalı Uilyam Klark (“Drapac Professional Cycling” komandası) yenə də veloyürüşün lideri və göy maykanın sahibidir. Sloveniyalı Matey Maqerli (“Adria Mobil” komandası) iki mərhələnin yekunlarına əsasən sprintdə ən yaxşı nəticə göstərmişdir. Primoz Roqliç “Dağ kralı” və qırmızı maykanın sahibidir. İsveçin “Giant-Şimano” komandasını təmsil edən isveçli Fredrik Lyudviqson isə gənclər arasında ən yaxşı nəticə göstərərək, bənövşəyi lider maykasına sahib olmuşdur.
Dünən isə
2.1 kateqoriyalı “Tour
d’Azerbaidjan-2014” beynəlxalq velosiped turunun 4-cü mərhələsi keçirilib. Yürüşün
bu hissəsi saat
10:30-da Qəbələdən start götürüb və velosipedçilər
İsmayıllını keçməklə Şamaxıya yürüş ediblər. Onlar 115 kilometr
məsafə qət edib, dəniz səviyyəsindən
təxminən 1450 metr
hündürlükdə yerləşən Pirqulu
rəsədxanasının yaxınlığında, Vergilər
Nazirliyinin Tədris Mərkəzinin
qarşısında finiş xəttini
keçiblər. Üçüncü mərhələdə
olduğu kimi, bu dəfə də qalib CAR-ın ”MTN Qhubeka"
komandasının velosipedçisi olub - 2007-ci il “Tour de France”
veloyürüşünün 7-ci mərhələsinin
qalibi, almaniyalı Linus
Gerdemann finişə hamıdan tez çatıb - 2 saat,
59 dəqiqə, 4 saniyə. O həm də mərhələnin
ən yaxşı dağ velosipedçisi
kimi qırmızı “AZAL”
maykasına layiq görülüb.
Rusiyanın “RusVelo” komandasının üzvü İlnur Zakarin finişi liderin arxasınca keçib
və 2-ci olub. Bu, Zakarinə həm də ümumi təsnifatda liderliyə yüksəlməyə
kömək edib və bununla
da velosipedçi göy “SYNERGY GROUP” maykasını qazanıb. İlk üçlüyü
Ukraynanın “Kolss” komandasının velosipedçisi Vitali Buts tamamlayıb - o mərhələ
qalibinə 1 dəqiqə, 55 saniyə uduzub.
Yeri gəlmişkən,
ukraynalı velosipedçi 4-cü mərhələnin
ən yaxşı sprinteri kimi
yaşıl “SOCAR” köynəyinə layiq
görülüb. Ən yaxşı gəncə
verilən ağ-bənövşəyi “ATAHOLDİNG” köynəyinin
də sahibi dəyişməz qalıb.
Burada liderlik isveçli Fredrik Ludviqssona
(“Development Team Giant-Şimano”) məxsusdur. “Synergy Baku” komandasının üzvlərindən
ən yaxşı göstəriciyə Markus Eybeger
imza atıb - o 3 saat, 2 dəqiqə, 48 saniyə nəticə ilə 28-ci olub.
“Tour
d’Azerbaidjan-2014” vüloyürüşünə
sabah yekun
vurulacaq. İştirakçılar
saat 09.00-da Azadlıq Meydanından start götürməklə
şəhər küçələri
ilə 6 dövrə vuracaqlar və ümumilikdə 202 kilometr
məsafə qət edəcəklər.
Xalq qəzeti.- 2014.- 11 may.- S. 14.