Heydər Əliyev mütərəqqi
sosial siyasət modelinin banisidir
Tarixin ən böyük bəxşişi olan müstəqillik
nemətinə qovuşmuş hər bir xalqın
başlıca missiyası demokratik dövlət quruculuğu
prosesini uğurla həyata keçirməkdən ibarətdir. Çünki
bunsuz milli azadlıq mübarizəsi yolunda
qazanılmış nailiyyətləri qoruyub saxlamaq
mümkün olmazdı.
Elə
buna görə də
ümummilli lider Heydər Əliyev xalqın təkidli
tələbi ilə siyasi hakimiyyətə
qayıdışından sonra demokratik, hüquqi dövlət
quruculuğunu əsas milli məqsəd kimi elan etmiş və
cəmiyyətimizin bu ideya ətrafında səfərbərliyinə
nail ola bilmişdir. Ulu öndər bu barədə demişdir:
“Biz çalışırıq ki, Azərbaycanın müstəqilliyini
təmin edək, möhkəmləndirək, digər tərəfdən,
respublikamızı yeni yol ilə, demokratik yol ilə aparaq. Uzun illər Sovetlər İttifaqının tərkibində
olan, sosialist, kommunist ideologiyasının təsiri altında
yaşayan Azərbaycan xalqı, Azərbaycan Respublikası
artıq indi bu prinsiplərdən imtina etmişdir. Azərbaycanda müstəqil dövlət
quruculuğu prosesi gedir. Bizim məqsədimiz
Azərbaycanda hüquqi demokratik dövlət qurmaq,
sivilizasiyalı, hüquqi cəmiyyət yaratmaqdır”.
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda
aparılan demokratik dövlət quruculuğu prosesinin elmi təhlili
zamanı əsas prinsip və meyarlar üzrə qarşıya
qoyulmuş məqsədlərin uğurla həyata
keçirildiyini və misilsiz nailiyyətlərin əldə
olunduğunu görürük. Azərbaycanın
müstəqil dövlət olaraq mükəmməl modernləşmə
xətti yürütməsi, yeniləşən cəmiyyətin
sosial strukturunun yenidən və tam düzgün müəyyənləşdirilməsi,
ölkəmizdə hər bir cəmiyyət üzvünün
maraqlarına cavab verən sosial modelin qurulması, heç
şübhəsiz ki, bu nailiyyətlərin ən
mühümüdür.
Cəmiyyətin sosial modelinin müəyyənləşməsində
əhalinin sosial tərkibi, ictimai həyatın sosial
strukturunun xarakteri əhəmiyyətli rol oynayır. Müəyyən
sosial qrupa mənsub olmaları sayəsində insanlar cəmiyyətdə
özlərinin çoxtərəfli funksiyalarını daha
dolğun yerinə yetirə bilir, bir sıra ümumi sosial əlamətlər
əsasında bir araya gələ bilirlər. Belə
qruplar təkcə sırf sosial əlamətlərə
görə deyil, həm də peşə, etnik, ərazi,
demoqrafik, dini və s. göstəricilər üzrə təşkil
olunurlar.
Heydər
Əliyevin müdrikliyi onda idi ki, o, keçmiş sovet
ideologiyasından yenicə ayrılıb xaotik şəkildə
özünüaxtarış dövrünü yaşayan,
mürəkkəb sosial tərkib və struktura malik cəmiyyətimizi
vahid milli ideya ətradında bir araya gətirə, ictimai həyatımızdakı
xaos, qaragüruh elementlərini və bu kimi meyillərin milli
dövlətçiliyimiz üçün doğurduğu təhdidləri
aradan qaldıra bilmişdi.
Milli ideya
və ideologiyanın Heydər Əliyev zəkasının
işığında ictimai şüura düzgün təqdim
olunması cəmiyyətimizi primitiv etnik millətçilikdən
uzaqlaşdırmış, mənşəyindən, dini mənsubiyyətindən
asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının
dəyərlərini özündə ehtiva edən pozitiv,
milli-mədəni vətəndaş vətənpərvərliyi
sisteminin inkişafına təkan vermişdir.
Müasir
dünyanın modernləşmə fəlsəfəsinin
görkəmli tədqiqatçılarından olan Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyev bu barədə yazmışdır:
“Ərazi bütövlüyünü qoruyub saxlamaq
üçün milli ideya dil, etnik və konfessional fərqlərdən
asılı olmayaraq, ölkənin bütün əhalisinin mənafeyini
nəzərə almalıdır”.
Heydər Əliyevin bu sahədə həyata
keçirdiyi siyasətin qayəsini əks etdirən belə
bir yanaşma qloballaşma şəraitində hər bir
müstəqil dövlət üçün böyük əhəmiyyət
daşıyır. Çünki qloballaşma şəraitində bəzi
böyük dövlətlər, kimisi bütün dünya,
kimisi isə ayrıca bir bölgə üzərində nəzarət
uğrunda təsir vasitələri tapmaq üzrə
apardığı mübarizədə kosmopolitizm, kənardan
sırınmış demokratiya, etnik, dini qarşıdurma
ideyalarından istifadə edir, hər cür
separatçılıq formalarını dəstəkləyir,
bunu yeni dünya nizamına doğru hərəkət kimi qələmə
verirlər. Heydər Əliyevin bu sahədə
müəyyən etdiyi yanaşma isə
ifratçılıqdan və kosmopolitizmin radikal
formalarından və radikal separatçılıqdan, son nəticədə
xarici müdaxilələrdən qorunmaq üçün
konseptual əsas yaradır.
Akademik
Ramiz Mehdiyev “Gələcəyin strategiyasını müəyyənləşdirərkən:
modernləşmə xətti” məqaləsində Heydər
Əliyevin müstəqil Azərbaycan dövlətinə rəhbərliyi
dövrünün siyasi-fəlsəfi xarakterindən
çıxış etməklə doğru olaraq göstərir
ki, “...Milli tariximizin bu dövrü milli dövlətçilik
qurulması üçün o vaxt zəruri olan qətiyyətli,
etatist yanaşmanın əsası, başlıca mənbəyi
olmuş, bu yanaşmanın bazis konsepti isə Azərbaycan cəmiyyətinin
siyasi, iqtisadi və sosiomədəni modernləşməsinin
prioritet komponenti kimi realpolitik çıxış
etmişdir. Bu yanaşma Azərbaycana
maraqların toqquşması məkanı və müxtəlif
kliyentalist qrupların eksperimentlər aparması
üçün sınaq meydanı kimi baxanların siyasi
romantizmə və bəsirətsizliyə əsaslanan
bütün cəhdlərinin üstündən qələm
çəkdi”.
Dünyanın kifayət qədər gərgin, mürəkkəb
xarakterə malik Qafqaz regionunda bir türkdilli ölkənin
qazandığı bu nailiyyətlər, heç şübhəsiz
ki, ilk növbədə ulu öndərin tapındığı
“Vətəndə sülh, regionda sülh, dünyada sülh”
prinsipinə əsaslanırdı. Bəşər
sivilizasiyasının ən qədim yaşayış məskənlərindən
biri olan Qafqaz etnodil, etnodemoqrafik, etnososial, etnomədəniyyət
və etnik baxımdan, həqiqətən dünyanın unikal
bölgələrindən sayılır. Qafqaz
geosiyasi mövqeyinə görə də Şərqlə Qərb,
Cənubla Şimal arasında mühüm strateji məkanda
yerləşir. Müasir mərhələdə—XXI
əsrin başlanğıcında Qafqaz dünya siyasətində
geostrateji bölgə kimi daha önəmli yer tutmaqdadır.
Tarixən də Qafqaz böyük imperiyaların,
aparıcı dövlətlərin maraq və mənafelərinin
kəsişdiyi, toqquşduğu bölgələrdən biri
olmuşdur. Zəmanəmizdə də
Qafqaz regionu dünyanın aparıcı dövlətlərinin
milli maraqlarının, dövlət mənafelərinin kəsişdiyi
coğrafi məkanlar içərisində öncüllərdəndir.
Çünki Qafqaz regionu Asiya ilə Avropanı
iqtisadi və mədəni cəhətdən bir-birinə
qovuşduran, inteqrasiyaya yardım edən körpü rolunu
oynayır. Bu mənada Qərb və Şərq
sivilizasiyalarının bir-birinə inteqrasiyasında, qoca
Şərqin qədim və zəngin klassik mədəni
irsinin Qərbin yeni, müasir texnologiyaları ilə daha da zənginləşməsində
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi müstəsna əhəmiyyət
daşıyır. Digər tərəfdən,
Xəzər dənizindəki karbohidrogen ehtiyatlarının,
Orta Asiya və Qazaxıstan xammalının, hazır məhsullarının
Qərbə nəqlində Qafqaz bölgəsi həlledici rola
malikdir. Bütün bunları nəzərə alan
ABŞ-ın və Qərb dövlətlərinin Qafqaz siyasətində
Cənubi Qafqaz respublikalarının müstəqilliyinin və
ərazi bütövlüyünün qorunması, bu regionda
demokratiyanın və bazar iqtisadiyyatı münasibətlərinin
inkişafına, Şimali Qafqazda qeyri-sabitliyin aradan
qaldırılmasına, Qafqaz dövlətlərinin Qərbə
inteqrasiyasına, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin
yaradılmasına və inkişaf etdirilməsinə, nəhayət,
Xəzərin enerji ehtiyatlarının Qərbə nəqlinə
yardım göstərilməsi əsas yer tutur.
Bu da inkarolunmaz həqiqətdir ki, Qafqaz mürəkkəb
etnik münaqişələrin çoxluğu və
miqyası baxımından da unikal coğrafi məkanlardan
biridir. Belə
bir şəraitdə dünyanın ən qaynar nöqtələrindən
birinə çevrilən Qafqazda sülh, təhlükəsizlik,
sabitlik təkcə region ölkələri üçün
deyil, bütövlükdə Asiya və Avropa ölkələri
üçün də faydalı və əlverişli olmaqla
həyati əhəmiyyət daşıyır. Qafqazda
sülhü və sabitliyi təmin etmədən Şərqlə
Qərb, Cənubla Şimal arasında, həmçinin region
ölkələrinin bir-biri ilə iqtisadi, siyasi və mədəni
inteqrasiyasından söhbət gedə bilməz. Bütün bu tarixi, ictimai-siyasi, iqtisadi və mədəni
amillər deməyə əsas verir ki, “Qafqazda sülh,
bölgədə sülh, dünyada sülh!” modeli bu gün
beynəlxalq aləmi düşündürən
başlıca amillərdən, dünyanı narahat edən
qlobal problemlərdən olmalıdır.
Ötən
əsrin 90-cı illərinin ortalarından etibarən Qafqazda
sülhün, əmin-amanlığın, siyasi sabitliyin,
iqtisadi və mədəni inteqrasiyanın əsas təminatçısı
və alovlu təbliğatçısı, çağdaş
dövrdə “Qafqazda sülh”, “Ümumi Qafqaz evi”
ideyasının və konsepsiyasının banisi və bu
konsepsiyanı həyata keçirən əsas lider
missiyasını Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyev yerinə yetirmişdir. Ulu öndərin bu məsələyə
münasibətdə tutduğu mövqe onun
aşağıdakı fikirlərində dəqiq şəkildə
öz ifadəsini tapır: “Azərbaycanda, bütün Qafqaz
regionunda və bütün dünyada sülhün bərqərar
olması bizim ən ümdə arzumuzdur. Azərbaycan
sülhsevər ölkə olaraq bütün dövlətlərlə
və xalqlarla, ələlxüsus, öz qonşuları ilə
qarşılıqlı anlaşma, mehriban qonşuluq və əməkdaşlıq
şəraitində yaşamaq istəyir”.
Təsadüfı
deyildir ki, Gürcüstanın keçmiş prezidenti, bir
vaxtlar SSRİ-nin xarici işlər naziri kimi dünyanın
siyasi mənzərəsinin müəyyənlşəsində
aparıcı simalardan biri kimi çıxış etmiş
Eduard Şevardnadze Heydər Əliyevin Qafqazdakı sülh
proseslərində rolu barədə demişdir: “Prezident Heydər
Əliyev Qafqazda sülh təşəbbüsünü dəstəkləyən
ilk dövlət başçısıdır”.
Hazırda
qloballaşan və qloballaşdıqca da terrordan,
separatçı hərəkətlərdən, etnik
münaqişələrdən əziyyət çəkən
narahat dünyamızın ən qaynar nöqtələrindən
və strateji baxımdan ən əhəmiyyətli geosiyasi məkanlarından
olan Qafqazda sülhün qorunması, sülh prosesinin hər
vasitə ilə inkişaf etdirilməsi nəticə etibarilə
“Ümumdünya evi”nin təhlükəsizliyi, ölkələrin
və dövlətlərin birgəyaşayışı, əmin-amanlığı,
qarşılıqlı əməkdaşlığın
iqtisadi və mədəni inteqrasiyası üçün
böyük imkanların açılması Heydər
Əliyevin bu istiqamətin inkişafına verdiyi tarixi töhfələrdir.
Bu siyasətdən ən çox faydalanan sosial qruplardan
biri də Azərbaycan qadınları idi. Azərbaycan
xalqı üçün ananın - qadının hər
şeydən ucada dayandığını, müqəddəs
tutulduğunu, ehtiram və hörmət simvolu
sayıldığını xüsusi qeyd etməyə, yəqin
ki, lüzum yoxdur. Azərbaycan mentalitetinə
görə, anaya - qadına hörmət Uca Tanrıya
tapınmaqdır, etiqad etməkdir, müqəddəsliyi ziyarət
etməkdir. Heydər Əliyev məhz bu
keyfiyyətlərə görə “Bizim ən böyük
amalımız qadınlarımızı azad, xoşbəxt, fəal
və nikbin, uşaqlarımızı sağlam, gümrah,
şən və hər cəhətdən təmin olunmuş
görməkdən ibarətdir”,–deyirdi.
Azərbaycanda qadın fəallığı ənənələri
məhz Heydər Əliyevin sayəsində yeni bir inkişaf
dövrünə qədəm qoydu. Heydər Əliyev dinimizin
qadınlara bəslədiyi böyük ehtiramın ifadəsi
olan “Cənnət ananın ayaqları altındadır”
formulunu Azərbaycan xalqının milli mentalitetinin, milli əxlaq
və davranışının ali prinsipinə
çevirdi.
Heydər Əliyev tarixin bütün dövrlərində
cəmiyyətin sosial strukturunda aparıcı yer tutan, toplumun
intellektual potensialını ifadə edən ziyalıların
da ən böyük hamisi idi. Ulu öndərin
titanik xidmətləri sayəsində onun hakimiyyətdə
olduğu dövrlər Azərbaycan elminin,
iqtisadiyyatının, mədəniyyətinin və təhsilinin
intibah dövrünə çevrilmişdir. Fəaliyyətində
və siyasi təcrübəsində elmin son nailiyyətlərindən
bəhrələnən, elmin, mədəniyyətin, maarifin
inkişaf məsələlərinin həllində peşəkarlıq
göstərən Heydər Əliyev hər zaman elmə, alimə,
müəllimə diqqət və qayğı ilə
yanaşır, onların fəaliyyətini həssaslıqla
izləyir, uğurlarını yüksək qiymətləndirir,
problemlərindən narahatlıq hissini gizlətmirdi. Təsadüfi deyildir ki, 1993-cü ildə hakimiyyətə
ulu öndərin qayıtdıqdan sonra Onun respublikada ilk
görüş keçirdiyi ən böyük auditoriya məhz
Elmlər Akademiyası olmuşdu. On illik
ayrılıqdan sonra alimlərlə, ziyalılarla
görüş məkanı rəmzi məna daşısa da,
müstəsna əhəmiyyət kəsb edirdi. Xaos içərisində çırpınan
respublikada gedişatı elmi müstəvi üzərinə
keçirmək zərurəti yaranmışdı. Azərbaycan xalqının milli sərvəti olan
Elmlər Akademiyasının başı üzərində
dolaşan qara buludlar haqqında açıq danışmaq,
problemlərin həlli yollarını müəyyənləşdirmək
vaxtı təxirəsalınmaz idi. O zaman Heydər
Əliyev akademiya haqqında bəd niyyətə düşənlərin
arzusunu ürəyində qoyaraq 1993-cü il
sentyabrın 21-də elm xadimləri və ziyalılar ilə
görüşündə dedi: “Bir sözlə, elmimiz, mədəniyyətimiz
yaşamalı, inkişaf etməlidir”.
Azərbaycan dilinin zənginləşməsində,
istifadə miqyasının genişlənməsində,
dövlət dili kimi statusunun möhkəmlənməsində
də Heydər Əliyevin müstəsna xidmətləri
olmuşdur.
O, natiqlik məharəti, dəqiq məntiqi, nurlu zəkası,
heyrətamiz yaddaşı, müdrikliyi və mövzuya dərindən
bələdliyi ilə ana dilimizin, nitq mədəniyyətimizin
ən gözəl nümunələrini yaratmışdır.
Hakimiyyətdə olduğu bütün zamanlarda Azərbaycan
dilinə üstünlük verən, bu dili Avropa ölkələrinin
və beynəlxalq təşkilatların rəsmi məclislərində
səsləndirən, ölkədəki yüksək
çinli məmurları Azərbaycan dilində
danışmağa məcbur edən Heydər Əliyev gənclərə
üz tutaraq Azərbaycan dilinə hörmətlə
yanaşmağı, bu dilin incəliklərini mənimsəməyi,
bu dili duymağı, sevməyi onlara dönə-dönə
tövsiyə edirdi. Ulu öndərin “Dövlət dilinin tətbiqinin
təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun
tarixli fərmanı, Prezident yanında Dövlət Dil
Komissiyasının yaradılması, “Azərbaycan
Respublikasında dövlət dili haqqında” 2002-ci il 30
sentyabr tarixli qanunun qəbul edilməsi, 2001-ci il avqustun 1-dən
ölkədə bütün yazışma və nəşrlərin
latın qrafikasına keçrilməsi o dövrdə dövlət
başçısının ana dilimizə diqqət və
qayğısının parlaq ifadəsi idi. Hətta Prezident fərmanı
ilə avqustun 1-i hər il Azərbaycan
Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd
edilir.
Heydər Əliyev özünün və ölkənin ən
çətin məqamlarında da milli dəyərlərə,
mənəvi sərvətlərə həmişə diqqət
və qayğı ilə yanaşır, yüksək səviyyəli
əsərlərdən zövq almağı bacarırdı. Alimlər, sənət
adamları, yazıçı və şairlər də ulu
öndəri hər zaman sevgi və səmimiyyətlə
qarşılayır, sevgi və ehtiramlarını gizlətmirdilər.
Ümummilli liderin zəngin elmi-fəlsəfi irsi içərisində
mədəniyyətimizin, incəsənətimizin müxtəlif
sahələrinə aid dəyərli fikir və tövsiyələri
geniş yer almışdır. Onun Azərbaycanın
milli teatrı, musiqisi, rəssamlığı, heykəltəraşlığı,
memarlığı haqqında söylədiyi dəyərli
fikirləri, təlim və tövsiyələri uzun əsrlər
dövlət siyasətinin mədəniyyət sahəsində
aparıcı lokomotivi olacağı şübhəsizdir.
Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda
ən çox şairlərə, yazıçılara, elm və
mədəniyyət xadimlərinə abidələr
ucaldılmış, yubiley mərasimləri böyük təntənə
ilə qeyd olunmuşdur. Dövrün ədəbi-mədəni hadisəsinə
çevrilmiş iki yubileyi - Məhəmməd Füzulinin 500
illik və “Kitabi-Dədə Qorqud”un 1300 illik təntənəli
yubiley mərasimlərinin keçirilməsi, buna parlaq
misaldır.
Bağdadda,
Kərbəlada, Kərkükdə, Tehranda, Ankarada, Moskvada,
Bakıda böyük təntənə ilə keçirilən
mərasimlər, UNESCO-nun hər iki möhtəşəm
yubileyin keçirilməsi haqqında qərarları,
türkdilli dövlət başçılarının bu tədbirlərdə
iştirakı ümummilli liderin uzaqgörən siyasətinin
Azərbaycan xalqına əvəzsiz töhfəsi idi. Bu yubiley tədbirləri qədim və zəngin mədəniyyətə
malik xalqımızın dünyada sülhsevər millət
imicinin formalaşması, dünya türklərinin milli-mənəvi
birliyi istiqamətində müsbət rol oynadı.
Heydər Əliyev dinə də mədəniyyət
hadisəsi kimi baxır, dünyəvi dövlət olan Azərbaycanda
vicdan azadlığının təminatçısı kimi
çıxış edir, ölkə vətəndaşlarının
əksəriyyətinin müqəddəs inancı olan
İslamla yanaşı, Azərbaycandakı digər dinlərin
təmsilçilərinə də qayğı ilə yanaşırdı.
O, bu barədə
demişdir: “Dünyada bir çox böyük dinlər
mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar
İslam dini ilə fəxr edərək, eyni zamanda heç
vaxt başqa dinlərə qarşı mənfi münasibət
göstərməmişik, düşmənçilik etməmişik,
ədavət aparmamışıq və heç bir başqa
xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik.
Ümumiyyətlə, başqa dinlərə
dözümlülük, başqa dinlərlə yanaşı
və qarşılıqlı anlaşma şəraitində
yaşamaq İslam dəyərlərinin xüsusiyyətidir.
Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini
tapıbdır. Azərbaycanda İslam dini
ilə yanaşı, xristian dini də, yəhudi dini də əsrlər
boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki,
insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan
asılı olmayaraq, bütün başqa mədəniyyətlərə,
dinlərə, mənəvi dəyərlərə də
hörmət etməli, o dinlərin bəzən kiməsə
xoş gəlməyən adət-ənənələrinə
dözümlü olmalıdırlar. Dini
nöqteyi-nəzərdən ədavət, münaqişə,
müharibə yolverilməzdir. Hər
halda, XX əsrin sonunda və qarşıdan gələn XXI əsrdə
dünyada belə hallara son qoyulmalıdır”.
Bu yanaşmadan irəli gələrək, 1999-cu ildən
etibarən ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə Azərbaycanda 16 noyabr Tolerantlıq Günü kimi qeyd
edilməyə başladı. Heydər Əliyev Azərbaycanda
mövcud olan dini tolerantlığı yerində görmək
və nəticə çıxarmaq üçün digər
dinlərin ali rəhbərlərini
vaxtaşırı ölkəyə dəvət edirdi. Azərbaycanda
yüksək tolerantlıq nümayiş etdirildiyi və burada
mövcud olan dözümlülük münasibətlərinin
bir çox ölkələr üçün yaxşı
nümunə ola biləcəyi dəfələrlə
ölkəmizə səfər etmiş müxtəlif din
xadimləri və rəsmi şəxslər tərəfindən
də bəyan edilmişdir. Belə ki, Azərbaycanda səfərdə
olan Moskvanın və Bütün Rusiyanın sabiq Patriarxı
II Aleksiy 27 may 2001-ci il tarixdə ölkəmizdəki
Rus Provoslav kilsəsini müqəddəs elan etmiş və
ona baş kafedral kilsə statusu vermişdir. 1999-2001-ci
illərdə paytaxtda digər pravoslav məbədi - Müqəddəs
Məryamın Miladı Baş Kilsəsi də bərpa
olunmuşdur.
Azərbaycanın
dinlərarası dialoq və əməkdaşlıq sahəsində
nadir təcrübəsinə bariz nümunə kimi Roma Katolik
kilsəsinin sabiq başçısı II İoann Pavelin 22-24
may 2002-ci ildə Azərbaycana etdiyi tarixi səfərini də
göstərmək olar. Bakıda olarkən
pontifik Azərbaycandakı tarixi dözümlülük ənənələrini
xüsusi qeyd etmişdir. Bu gün katolik
icmasında Vatikanın təyin etdiyi iki keşiş xidmət
göstərir. Respublikanın
paytaxtında layihəsi Vatikan ilə
razılaşdırılan katolik kilsə inşa
olunmuşdur.
Dinlərarası münasibətlərdə Azərbaycan
dünyanın ən çox inkişaf etmiş ölkələrinə
nümunə göstərilir. Bütün bunlar Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin səyləri
sayəsində mümkün olub və bu siyasət hazırda
Prezident İlham Əliyev tərəfindən də
böyük uğurla davam etdirilir.
Azərbaycanın
dinlərarası və sivilizasiyalararası dialoqun mərkəzinə
çevrildiyini hər zaman diqqətə çatdıran
Prezident İlham Əliyev dünyada sülhün təmin
olunmasında belə dialoqlara böyük ehtiyac olduğunu
söyləyir: “Azərbaycan əsrlər boyu dinlərarası
münasibətlərin inkişafında öz rolunu
oynayıb. İctimai-siyasi quruluşundan
asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda
dini və milli dözümlülük, tolerantlıq çox
yüksək səviyyədə olub. Bu, Azərbaycan
xalqının duyğularıdır, eyni zamanda, müstəqil
Azərbaycan dövlətinin siyasətidir və Azərbaycanda
fəaliyyət göstərən dini qurumların əməyinin
praktiki nəticəsidir”.
Təsadüfi
deyil ki, bu gün bütün dünyanın böyük din
xadimləri də özünü artıq
tolerantlığın ideoloji mərkəzi və praktik təcəssümü
kimi təsdiq etmiş Bakıda toplaşır və dinlərin
dialoqu çərçivəsində və bununla həm də
sivilizasiyaların qarşılıqlı anlaşması
istiqamətində səmərəli iş aparırlar. Bu gün Azərbaycan təkcə Şərqdən
Qərbə və Qərbdən Şərqə gedən
yolların baş keçidi deyil, habelə siyasi və iqtisadi
maraqların, dinlərin, mədəniyyətlərin,
sivilizasiyaların da qovuşduğu məkan,
qarşılıqlı tamamlanma və vəhdət rəmzidir.
Bu sahədə Heydər Əliyev tərəfindən
müəyyənləşdirilmiş zəngin ənənələrə,
ulu öndərin zəngin irsinə sadiqlik nümunəsi kimi
Heydər Əliyev Fondu da bütün bu istiqamətlərin
inkişafına öz tarixi töhfələrini verməkdədir. Azərbaycanın
birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbəri
olduğu bu fond ölkəmizdə tolerantlıq ənənələrinin
qorunması işinə xüsusi diqqət yetirir. Fondun “Tolerantlığın ünvanı - Azərbaycan”
layihəsi bu sahədə görülən işlərdən
biridir.
Məlum olduğu kimi, müasir dünyada sivilizasiyalar
arasında dialoqun ən mühüm problemlərindən biri də
multikulturalizmdir. Son illərin ən funksional terminlərindən
olan multikulturalizm anlayış baxımından, əslində,
qədimlərə gedir. Bu
anlayışın mahiyyətində cəmiyyəti daha
çox ədalət, mərhəmət kimi ümumbəşəri
ideyalara təşviq etmək cəhdləri də var.
Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni
plüralizmi qəbul edir və onun inkişafına şərait
yaradır.
Mədəni bərabərliyin təmin edilməsi,
tolerantlığın inkişafında mühüm rol oynayan
multikulturalizm sivilizasiyalar arasında dialoqu gücləndirir,
ayrı-seçkiliyin qarşısını alır, fərqli
mədəniyyətləri təmsil edən xalqların
sülh şəraitində birgəyaşayışına
müsbət təsir göstərir. Bu baxımdan,
müasir anlamda multikulturalizm hər hansı ölkədə
mədəniyyətlərin qarşılıqlı təsirində
müəyyən müsbət nəticələrin nail
olunmasına yönəlmiş demokratik dövlət
strategiyasıdır. Multikulturalizm hamı
tərəfindən tanınan, müxtəlif mədəniyyətlərə
tolerant münasibətə əsaslanan dinc, yanaşı
yaşama prinsipidir.
Tarix
sübut edib ki, multikultural dəyərlər olmasaydı,
heç böyük bəşər mədəniyyəti də
ola bilməzdi. Çünki
müəyyən sərhədlər daxilində təcrid
olunmuş və özünə qapanmış hər
hansı bir mədəniyyət tənəzzülə məhkumdur.
Qloballaşma dövründə isə heç
bir ölkə multikulturalizmin təsirindən kənarda qala
bilməz.
Multikulturalizmin
alternativinin özünütəcrid olduğunu bəyan edən
Azərbaycan Prezidentı İlham Əliyev
çıxışlarının birində deymişdir: “Multikulturalizm
başqa xalqın nümayəndəsinə hörmət,
başqa dinə hörmətdir. Öz dininə
hörmət başqa dinə hörmətdən
başlayır. Multikulturalizm
ayrı-seçkiliyə yol vermir, əksinə bütün
xalqları birləşdirir. Eyni zamanda, hər
bir ölkənin öz qaydaları, öz ənənələri
vardır. Azərbaycanda yaşayan xalqlar əsrlər
boyu multikulturalizm şəraitində yaşayıblar”.
Akademik
Ramiz Mehdiyev Şərqlə Qərb arasında yerləşən
Azərbaycanın müasirlik, inkişaf, sabitlik, multikulturalizm
fenomenlərini əldə rəhbər tutmasının elmi
izahını öz çıxışlarında belə əsaslandırmışdır:
“Ölkə modernləşmənin təkcə Qərb
modelini deyil, həm də Şərq modelini öyrənir,
onun vəhdətini yaradır. Azərbaycanın
hələ keçid dövründə əldə etdiyi
güclü dövlətçilik, bazar iqtisadiyyatı,
yaxşı investisiya imkanları yenicə müstəqil olan
ölkələr üçün olduqca cəlbedicidir,
nümunədir. Çoxmillətli dövlət
olan Azərbaycan tarixi boyunca heç vaxt dinlərarası,
etnik qruplar arası münaqişələrə səhnə
olmayıb və olmayacaq da. Çünki
tolerantlıq milli dəyər kimi qorunur. Prezident
İlham Əliyevin öz fəaliyyəti ilə dinlərarası,
sivizilaziyalararası, mədəniyyətlərarası dialoqa
verdiyi bəşəri töhfələr, Azərbaycanı
bölgənin humanitar təfəkkür mərkəzinə
çevirməsi bunun bariz nümunəsidir”.
Dünyanın çoxmillətli dövlətlərindən
olan Azərbaycan dövləti hər bir azərbaycanlının
Vətənidir. Azərbaycan Respublikasında kompakt şəkildə
müxtəlif etnosların nümayəndələri
yaşayır və onların hər biri öz maddi və mənəvi
mədəniyyətini, dilini, tarixi yaddaşını,
mentalitetini, etnik özünüdərketmə və
etnopsixologiyasını qoruyub saxlayan unikal xüsusiyyətlərin
daşıyıcılarıdır. Ölkəmizdə
müxtəlif dinlərə, millətlərə, etnik
azlıqlara məxsus xalqlar sülh və əmin-amanlıq
şəraitində yaşayır. Dövlət
onlara öz adət-ənənələrini, dillərini
qoruyub saxlamaq üçün bütün şəraiti
yaradıb. Etnik azlıqlara da tam bərabər
mədəni hüquqlar və ölkənin mədəni
irsindən istifadə hüququ verilmişdir.
Etnik
azlıqların kompakt yaşadığı yerlərdə
ümumtəhsil məktəblərinin ibtidai siniflərində
doğma dil tədris olunur: müvafiq dillərdə tədris
proqramları və dərs vəsaitləri, folklor və
şeir məcmuələri, bədii ədəbiyyat nəşr
olunur; qəzet və jurnallar çıxır, dövlət
milli teatrları və bədii özfəaliyyət kollektivləri
fəaliyyət göstərir. Beləliklə,
respublikada müxtəlif etnik qrupların mövcudluğu
üçün bütün mümkün şərait
yaradılmışdır.
Azərbaycan son illərdə bu sahədə aparılan
müzakirələrin sadəcə iştirakçısı
qismində çıxış etmir, eyni zamanda bəşəriyyətin
gələcək inkişafı naminə mədəniyyətlərarası,
konfessiyalararası və sivilizasiyalararası dialoq
üçün real imkan və mexanizmlərin müəyyən
edilməsinə xidmət göstərən bu cür
müzakirələrin təşəbbüskarı və təşkilatçısı
missiyasını yerinə yetirir.
2011-ci ildən
başlayaraq paytaxtımızda keçirilən Bakı Beynəlxalq
Humanitar Forumları müxtəlif ölkələrin dövlət
siyasətində multikulturalizmin mövqe və
imkanlarının bir daha təhlilinə, etnik və mədəni
özünüdərk arasında azad seçimin təmin
olunmasına, azadlıq, bərabərlik və
dözümlülük kimi təməl dəyərlərin cəmiyyətdə
bərqərar olmasına yönələn qlobal miqyaslı tədbirlər
olaraq, dünyanın ən yeni tarixinə əhəmiyyətli
hadisə kimi daxil olmuşdur.
Bütün
bu nailiyyətlərin əldə olunmasında, bəşəriyyət
üçün müstəsna əhəmiyyət kəsb edən
bu cür təşəbbüslərin irəli sürülməsi
və uğurla reallaşmasında, heç şübhəsiz
ki, Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı,
Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri
vardır və bu məqama xarici mətbuat da xüsusi diqqət
yetirir. Amerika Birləşmiş Ştatlarının
nüfuzlu “Washington Times” qəzetinin Mehriban xanım
haqqında dərc etdirdiyi məqalədə oxuyuruq: “Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva müsəlman
dünyası qadınları üçün ən
yaxşı nümunədir!”.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi də
həyata keçirdiyi çoxşaxəli fəaliyyətində
mədəniyyətlərarası dialoq, tolerantlıq,
multikulturalizm məsələlərinə xüsusi diqqət
yetirir. Buna nümunə olaraq, Heydər Əliyev Fondunun
Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım
Əliyevanın dəstəyi ilə Moskvada “Qloballaşma
şəraitində mədəniyyətlərin dialoqu. Bakı forumu” kitabının çapdan
çıxması məhz Azərbaycan reallıqlarını
özündə ehtiva edən fakt kimi böyük diqqət və
maraqla qarşılanmışdır. Fəaliyyət
coğrafiyasını daim genişləndirən qurumun təmsilçiləri,
eyni zamanda, Leyla xanımın rəhbəri olduğu Rusiya Azərbaycanlıları
Gənclər Təşkilatında təmsil olunan azərbaycanlı
gənclər klubları eyni missiyanı təkcə Moskvada
deyil, Sankt-Peterburqda, Arxangelsk, Tver, İvanov, Yekaterinburq və
digər regionlarda da uğurla yerinə yetirməkdədirlər.
2012-ci il noyabrın 8-də Londonda, Leyla xanım
Əliyevanın təşəbbüsü ilə keçirilən
“Avropa multikulturalizminin perspektivləri: Dinlərarası dialoq
və dini tolerantlığın Azərbaycan modeli”
mövzusunda konfrans isə Azərbaycanın bütün
dünyada sülhün, firavanlığın təmsil
olunması yönündə həyata keçirdiyi siyasətə
daha bir töfhə olmuşdur. Şübhəsiz ki, Heydər
Əliyev Fondu gələcək fəaliyyəti ilə bu sahədə
indiyə qədər əldə edilmiş bəşəri
nailiyyətlərin sırasını daha da zənginləşdirəcəkdir.
Müstəqil Azərbaycan dövləti bu gün
tarixinin ən böyük intibah dövrünü
yaşayır.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlər,
ölkəmizin sosial-iqtisadi imkanlarının genişlənməsi
cəmiyyət həyatının bütün əhəmiyyətli
sahələri üzrə müəyyən edilmiş
inkişaf kursunun yüksələn xətt üzrə
davamlılığını,
ardıcıllığını, məqsədyönlülüyünü
təmin edir. Azərbaycanın əsas
iştirakçı kimi çıxış etdiyi
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum,
Bakı-Tbilisi-Qars, Trans Anadolu Qaz Boru Kəməri (TANAP) kimi
qlobal layihələr təkcə müstəqil dövlətimizin
gələcək firavanlığının, sosial-iqtisadi tərəqqisinin,
Azərbaycan insanının xoş güzəranının təminatı
deyil. Həm də cəmiyyətimizi bir zamanlar
bütün Şərq dünyasında ilk dəfə
demokratik bir cümhuriyyət bina etmiş mütəfəkkirlərimizin,
o cümhuriyyətin tarixi ruhunun gücü, enerjisi ilə
müstəqil Azərbaycan dövlətini qurub yaratmış
ulu öndər Heydər Əliyevin arzularında yaşanan
sivil bir aləmə qovuşduran körpüdür. Azərbaycanın
xoşbəxt sabahlarına doğru uzanan yollardır.
İradə HÜSEYNOVA,
Bakı Dövlət Universiteti Qafqaz
xalqları tarixi kafedrasının müdiri,
tarix elmləri doktoru, professor,
YAP Siyasi Şurasının
üzvü,
Azərbaycan
Respublikasının əməkdar müəllimi
Xalq qəzeti.- 2014.- 13 may.- S. 9.