Azərbaycan – Fransa əməkdaşlığı yeni müstəviyə yüksəlir

 

Azərbaycanla Fransa arasındakı çoxşaxəli əlaqələrin zəngin tarixi iki ölkə arasında  münasibətlərin möhkəm təməllər üzərində qurulduğundan xəbər verir. Xatırladaq ki, Fransa Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlətdir. 1991-ci il dekabrın 31 - də respublikamızı müstəqil dövlət kimi  qəbul edən Fransa ölkəmizlə diplomatik əlaqələrin qurulmasını prioritet hesab etmiş  bir il sonra  - 1992-ci ildə Bakıda  öz səfirliyini açmışdır.  Avropanın inkişaf etmiş dövlətlərindən biri olan Fransa həmin vaxtdan başlayaraq  Azərbaycanla siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı davam etdirmişdir.

Ulu öndər Heydər Əliyev müstəqillik əldə etdiyi ilk illərdən Qərbə inteqrasiya yolunu seçən  Azərbaycanın inkişaf imkanlarının genişlənməsi, beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi və inkişaf etmiş dövlətlərlə sıx əlaqələr qurması  baxımından Fransa ilə əlaqələrə böyük önəm vermişdi. Təsadüfi deyil ki, Heydər Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra  xaricə ilk rəsmi səfərini Fransaya edərək bu ölkə ilə əlaqələrə xüsusi maraq göstərdiyini  nümayiş etdirmişdir. Bu səfər ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlığı gücləndirməyə geniş imkanlar açmışdır.

1994-cü il oktyabrın 20-də Fransada Azərbaycan səfirliyinin fəaliyyətə başlaması ilə diplomatik sahədə əlaqələr daha da genişləndirilmişdir. Bir il sonra ulu öndər Heydər Əliyev Fransaya ikinci səfəri zamanı Azərbaycana investisiya qoyulmasına dair konfransda fransız şirkətlərini ölkəmizə dəvət etmişdi. Bundan sonra  1996-cı ildə Fransanın “Elf-Aquitaine” şirkəti “Şahdəniz” neft yatağının istismarına dair müqaviləyə qoşulmuşdur.

Fransanın yüksək səviyyəli rəsmi nümayəndə heyətinin ölkəmizə ilk səfəri isə 1996-cı ilin oktyabrında reallaşmışdır. Bu ölkənin keçmiş xarici işlər naziri Erve de Şarett Azərbaycana səfər edərək ölkəmizdə müxtəlif rəsmi görüşlər keçirmişdir. Bundan sonra ikitərəfli səfərlər mütəmadi olaraq davam etdirilmiş, siyasi, iqtisadi və mədəni əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində əsaslı tədbirlər həyata keçirilmiş, mühüm əhəmiyyətli sənədlər imzalanmışdır.  Ulu öndər Heydər Əliyev Fransa dövləti ilə  sıx münasibətlərə böyük əhəmiyyət verərək demişdir: “Fransa ilə bizim çox sıx dostluq və faydalı əməkdaşlıq əlaqələrimiz var. Bu əlaqələr, demək olar ki, bütün sahələri - siyasi, iqtisadi, həm də elmi-mədəni, humanitar və digər sahələri əhatə edir. Biz dostluğumuzu və əlaqələrimizi yüksək qiymətləndiririk. Bu əlaqələri qorumaq, saxlamaq, inkişaf etdirmək üçün səylər göstəririk”.

 Əsası ümummilli lider tərəfindən qoyulmuş siyasi kursu  uğurla davam etdirən Prezident İlham Əliyev  inkişaf etmiş dövlətlərlə, o cümlədən Fransa ilə əməkdaşlıqda mütərəqqi addımların atılmasına xüsusi diqqət yetirmişdir. Hər şeydən əvvəl qeyd edək ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçi olan ATƏT-in Minsk qrupunun ABŞ və Rusiya ilə birlikdə həmsədridir və bu günbu istiqamətdə fəaliyyətini davam etdirir.  Doğrudur, ATƏT-in Minsk qrupunun  fəaliyyəti indiyədək münaqişənin ədalətli həlli istiqamətində arzuolunan nəticələr verməyib. Bu səbəbdən də Azərbaycan ictimaiyyəti Fransanın Minsk qrupunun həmsədri kimi fəallığını artıracağına və işğalçı Ermənistana təcavüzkar siyasətindən əl çəkməsi üçün təzyiq göstərəcəyinə ümid edir. Fransa, həmçinin Avropa qonşuluğu siyasəti çərçivəsində, Avropa Birliyi və Azərbaycan arasında əməkdaşlıqda da fəal rol oynayır. Bir faktı da qeyd edək ki, Fransa Azərbaycanın Avropa Şurasına  daxil olması üçün vaxtilə öz dəstəyini göstərmiş və ölkəmizin bu quruma layiq olduğunu bəyan etmişdir.

 Azərbaycan - Fransa ikitərəfli əlaqələri çoxsaylı səfərlərlə zəngin olmuşdur.  Dövlətimizin başçısı  İlham Əliyev Prezident kimi ilk rəsmi səfərini  2004-cü ilin yanvarında məhz Parisə etmişdir. Azərbaycan Prezidentinin Fransaya dövlət səfəri isə 2007-ci ilin yanvar ayında baş tutmuşdur. Dövlət başçımız bu ölkəyə yenidən 2007-ci ilin noyabr ayında həmkarı Nikola Sarkozi ilə görüşmək üçün getmişdir.  Diqqətə çatdıraq ki, bu səfər dövlətimizin başçısının respublikamızda rəhbərliyə başladığı vaxtdan  sonra Fransaya yeddinci səfəri idi. Prezident İlham Əliyevin Fransaya həmin səfəri ölkədə xüsusi ehtiramla qəbul edilən dövlət səfəri olub. Onun Prezident J.Şirak, Baş nazir Dominik de Villpen və Fransanın digər hökumət rəhbərləri ilə görüşlərində iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğu  bəyan edilib. Fransanın Baş naziri Dominik de Villpen Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Azərbaycanın bütün sahələrdə inkişafı, mədəniyyəti, Azərbaycan-Fransa münasibətləri haqqında çox  müsbət fikirlər səsləndirmişdir. Dominik de Villpen Azərbaycanı sivilizasiyaların qovuşduğu, dini tolerantlığın bir çox ölkələrə nümunə olduğu ölkə adlandırmışdır. Bu səfər zamanı Azərbaycan və Fransa arasında mülki - müdafiə, elmi əməkdaşlıq, turizm, qadın və uşaqların cəmiyyətdə yeri məsələləri haqqında sazişlər imzalanıb ki, bu da münasibətlərin inkişafına xidmət edən əsaslı hüquqi bazanın yaradılmasına imkan verib. Yeri gəlmişkən, qeyd edək ki, bu səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev Jak Şirak tərəfindən Fransa dövlətinin ali mükafatı olan “Fəxri Legionordeninin yüksək dərəcəsi ilə təltif olunub. Prezident İlham Əliyev isə Jak Şiraka “Heydər Əliyev ordenini təqdim edib.

Yüksək səviyyəli görüşlər sonrakı dövrdə də davam etdirilmişdir. Fransanın keçmiş Prezidenti .  Nikola Sarkozi Prezident İlham Əliyevlə görüşündə Azərbaycanı yerləşdiyi regionda ən sabit, sürətlə inkişaf edən və gözəl perspektivləri olan ölkə adlandırmışdır. O bildirmişdir ki, Fransa belə bir dövlətlə əlaqələrini inkişaf etdirməkdə maraqlıdır.

Göründüyü kimi, Azərbaycan Fransa əməkdaşlığının 20 illik tarixi var. Bu baxımdan Fransa Prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri böyük maraq doğurmuşdur. Azərbaycan Prezidenti bu səfəri yüksək qiymətləndirmiş və Bakı Fransız Liseyində aparılan tikinti işləri ilə tanışlıq zamanı  demişdir: “Fransa dünya mədəniyyətinə, elminə, incəsənətinə, memarlıq sənətinə əvəzolunmaz töhfələr vermişdir. Dünya mədəniyyətini Fransasız təsəvvür etmək mümkün deyildir. Bizim burada təhsil alacaq uşaqlarımız bir-biri ilə sıx bağlı olacaqlar, dost olacaqlar. Əminəm ki, gələcəkdə onlar böyüyəndə bu dostluq əlaqələrini saxlayacaqlar. Beləliklə, bir-birinə hörmətlə, məhəbbətlə yanaşan gənc nəsil yetişəcək və bu da bizim dostluğumuzu daha da möhkəmləndirəcəkdir. Bir sözlə, bu lisey sadəcə olaraq, yeni bir təhsil ocağı deyil, həm də Fransa-Azərbaycan dostluğunun mərkəzi olacaqdır. Əminəm ki, burada uşaqlara veriləcək təhsil ən yüksək səviyyədə olacaqdır”.

Azərbaycan Prezidenti  ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu da diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, beynəlxalq tədbirlərdə Fransa daim Azərbaycanı dəstəkləmiş, ölkəmizin dünya birliyinə inteqrasiyasına öz töhfəsini vermişdir.  Ölkəmizin başçısı qeyd etmişdir ki, son 2 il ərzində biz Fransa ilə bərabər BMT Təhlükəsizlik Şurasında iştirak etmişik və dünyanın ən mötəbər qurumunda çox uğurlu əməkdaşlıq qurmuşuq. Beynəlxalq məsələlərlə əlaqədar hər iki dövlətin  mövqeyi bir çox hallarda üst-üstə düşmüşdür. Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində  öz səylərini göstərmişdir və bu günproblemin sülh yolu ilə aradan qaldırılmasında səylərini əsirgəmir. Lakin bu, bir faktdır ki, bütün bu səylər hələ də səmərəsiz qalır. Ermənistan öz işğalçılıq siyasətindən əl çəkmir, Azərbaycan ərazisinin 20 faizini bu vaxta qədər işğal altında saxlayıb.

Ölkəmizin rəhbəri Fransa Prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında bu faktı xüsusi olaraq diqqətə çatdırmış və nüfuzlu beynəlxalq qurumların işğalçılıq siyasətinə son qoyulması ilə əlaqədar qəbul etdikləri qətnamələrin hələ də icra olunmamasını vurğulayaraq demişdir: “Bildiyiniz kimi, uzun illərdir Azərbaycan torpaqları işğal altındadır. Dağlıq Qarabağonun ətrafında yerləşən 7 rayon erməni işğalı altındadır və bu işğaldan 20 ildən çox vaxt keçir. Bütün mötəbər beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz mövqelərini bildirmişlər. O cümlədən, BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, o qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması nəzərdə tutulurdu. Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT və digər beynəlxalq təşkilatlar bu məsələni diqqət mərkəzində saxlayır və müvafiq qərar və qətnamələr qəbul etmişlər. Ancaq, əfsuslar olsun ki, bu məsələ öz həllini tapmır. İşğal davam edir. ATƏT-in faktaraşdırıcı missiyaları işğal edilmiş torpaqlara iki dəfə ezam edilmişdir və onların məruzələrində göstərilir ki, hər şey dağıdılıb. Bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən yerlə-yeksan edilibdir. Bu münaqişəyə tezliklə son qoyulmalıdır. Bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. O ki qaldı xalqların öz müqəddəratının təyinetmə prinsipinə, bu prinsipə hörmətlə yanaşırıq, ancaq bu hüquq ölkələrin beynəlxalq birlik tərəfindən tanınan sərhədlərini pozmamalıdır. Erməni xalqı isə artıq bir dəfə öz müqəddəratını təyin edib – müstəqil Ermənistan dövləti vardır. Azərbaycan heç vaxt öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir”.  Azərbaycanın sürətli inkişafı, iqtisadi qüdrətinin getdikcə artması Fransa kimi inkişaf etmiş bir dövlətin diqqət mərkəzində olması qürurverici haldır. Hazırda 50-dən çox Fransa şirkətinin ölkəmizdə fəaliyyət göstərməsi də bundan xəbər verir. Bununla yanaşı, humanitar və təhsil sahəsində də əməkdaşlıq yüksək səviyyədədir. Hazırda yüzlərlə azərbaycanlı gəncin Fransada təhsil alması bu əməkdaşlığın bariz nümunəsidir. Şəhərlərarası əlaqələr də çox zəngindir. Parisin mərkəzində, Eyfel qülləsi yaxınlığında iki il əvvəl Azərbaycan Mədəniyyət Mərkəzinin açılması da bu münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir. Təsadüfi deyildir ki, bu Mədəniyyət Mərkəzi Azərbaycanın Fransada kiçik bir hissəsi hesab olunur.

Fransa Prezidenti Fransua Olland da öz növbəsində  iki ölkə arasındakı münasibətləri yüksək qiymətləndirmiş və Azərbaycana ilk səfərindən məmnun qaldığını bildirmişdir. F.Olland iki günlük səfəri çərçivəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi məsələsini xüsusi olaraq nəzərdən keçirəcəyini bəyan etmişdir. Fransa Prezidenti öz ölkəsindəki şirkətlərin Azərbaycanda fəaliyyət göstərmələrini də vurğulayaraq demişdir: “Bu gün Azərbaycanda çoxlu fransız şirkətləri fəaliyyət göstərir. Bir çox digər şirkətlərin rəhbərləri bu səfər çərçivəsində məni müşayiət arzusunu bildirmişdilər. Biz iqtisadiyyatınızın inkişafına töhfə vermək üçün ölkənizdə çalışan fransız şirkətlərinin sayını artırmaq istəyirik. Bu, əlbəttə ki, enerji sahəsinə də aiddir. Həmçinin təklif edəcəyiniz digər yeni sahələrdə də işləməyi arzulayırıq. Elə onlardan birini xatırlatmaq yerinə düşərdi. Bu, şəhərsalma sahəsidir”.

Azərbaycanın sürətlə inkişaf etdiyini bildirən Fransa Prezidenti demişdir ki, sizin şəhəriniz Cənubi Qafqazda ən böyük əhalisi olan şəhərdir. Bu şəhərdə böyük inkişaf müşahidə olunur. Şəhər dəyişib, bu şəhər böyük liman şəhəridir, böyük sənaye şəhəridir. Bu şəhər böyüyür və dünyanın ən nüfuzlu şəhərlərindən birinə çevriləcəkdir. Fransa bu gözəl layihədə sizinlə işləmək istəyir, ən yaxşı xidmətləri, şəhər xidmətlərini, nəqliyyat xidmətlərini, içməli suçirkab suların təmizlənməsi xidmətlərini göstərmək, tullantıların idarə edilməsində yardımçı olmaq istəyir. Bir sözlə, biz istəyirik sizə yardım edək ki, Bakı şəhəri və digər şəhərləriniz davamlı inkişaf baxımından nümunəvi olsun.

Biz sərmayə qoymaq, mübadilə etmək, ticarət aparmaq istəyirik. Biz bu işləri görmək istəyirik və bu, ölkələrimiz arasında olan münasibətlərin əsas vəzifəsidir. Biz təhsil, texnoloji biliklərin mənimsənilməsində iştirak etmək istəyirik.

 Hər iki ölkə prezidentlərinin birgə keçirdikləri mətbuat konfransında Fransa Prezidentinə belə sual verilmişdi: “Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul edib. O vaxtdan 20 ildən artıq vaxt keçir. Siz özünüzbunu qeyd etdiniz. Bu münaqişə regional əməkdaşlığa və beynəlxalq təhlükəsizliyə ciddi təhlükə yaradır. Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Sizcə, qəbul olunmuş bu qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilməsi üçün nə etmək lazımdır?”

Fransa Prezidenti bu sualın cavabında qeyd etmişdir ki,  Fransa Təhlükəsizlik Şurasının daimi üzvüMinsk qrupunun həmsədri kimi  Dağlıq Qarabağ münaqişəsinin davamlı, birmənalı həlli üçün uzun müddətdir ki, səylər göstərir: “Mən atəşkəsin 20-ci ildönümünü qeyd etdim. Xatırladıram ki, bu müharibədə minlərlə insan həlak olub. İnsidentlər bu gündavam edir. Beləliklə, biz bu məsələ ilə əlaqədar səfərbər olmuşuq. Bir halda ki, mən bu səfəri Azərbaycana və Ermənistana həyata keçirirəm, bu, o deməkdir ki, həll variantının tapılmasında mövcud olan prinsipləri xatırlatmağa çalışıram... Bu münaqişə regionun inkişafı, insanların hərəkət etməsi üçün əsl maneədir. Bu, bizim borcumuzdur. Fikrimi yekunlaşdıraraq qeyd etmək istəyirəm ki, Fransa hər zaman fəaldır, məsələnin həll yolunun tapılmasına çalışır. Fransa təşəbbüslərlə çıxış edir”.

 

Fransa Prezidentinin səfəri çərçivəsində hər iki ölkə başçısı Azərbaycan - Fransa biznes forumunda iştirak etmiş, həmçinin əməkdaşlığın yeni müstəvidə uğurla davam etdirilməsi üçün mühüm əhəmiyyətli sənədlər imzalanmışdır.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2014.- 14 may.- S. 1.