Azərbaycan
idmanı bugünkü şöhrətinə görə ulu
öndərə minnətdardır
Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev 1974-cü ilə təsadüf etmiş və idman ictimaiyyətimizin yaşlı nəsil nümayəndələrinin yadında tarixi bir hadisə kimi yaşayan Azərbaycan partiya fəalları yığıncağında söylədiyi geniş nitqdə buna qədər görülmüş işlərin respublikanın imkanlarına heç də uyğun gəlmədiyini bildirərək qeyd etmişdi ki, məhz bu səbəbdən bədən tərbiyəsi və idmanı daha da inkişaf etdirmək tədbirləri məsələsini partiya fəalları yığıncağının müzakirəsinə vermək zərurəti yaranmışdır.
Böyük əks-səda doğuran partiya fəalları yığıncağında respublikamızda bədən tərbiyəsi - idmanın vəziyyəti haqqında açıq və prinsipial söhbət getmiş, bu sahədə bütün qüvvələri səfərbərliyə almaq, birgə səylə fəaliyyət göstərmək və idman həyatımızı daha da canlandırmaq üçün vaxt itirmədən təxirəsalınmaz tədbirlər görməyin mühüm əhəmiyyəti ön plana çəkilmişdi. Heydər Əliyev idmanımızın bütün sahələrini əhatə edən nitqində yaranmış vəziyyəti hərtərəfli təhlil etmiş, irəliləyişə mane olan nöqsan və çatışmazlıqları göstərmiş, insan həyatında mühüm rol oynayan gümrahlıq və sağlamlıq məşğələlərinin məişətimizə daha möhkəm daxil edilməsi, ustalığın və qələbələrin rəhni olan kütləviliyin artırılması, böyük idmanda isə yüksək nailiyyətlər qazanılması yolları üzərində ətraflı dayanmışdı.
Bunsuz hər hansı bir işdə ciddi nəticəyə, uğura ümid etmək olmaz. Odur ki, vəziyyəti yaxşılaşdırmaq, fəallar yığıncağında qaldırılan məsələlərin həlli yollarını tapmaq, qarşıya qoyulan vəzifələri müvəffəqiyyətlə yerinə yetirmək üçün sıravi bədən tərbiyəçilərindən tutmuş əməkdar idman ustalarına, məşhur mütəxəssislərə, həyatlarını idmana həsr edən elm adamlarına qədər hamı fəallığı qat-qat artırmalı idi. Onları irəli apara biləcək yol konkret surətdə göstərilmişdi. Bu isə o demək idi ki, Azərbaycan idmanının gələcək böyük qələbələri üçün yaxşı zəmin yaranmışdır.
Elə idmanımızın tarixində xüsusi yeri olan yüngül atletika üzrə görkəmli mütəxəssis, SSRİ əməkdar məşqçisi Əfqan Səfərov da çıxışında bu tədbirin əhəmiyyətini böyük razılıq və dərin minnətdarlıq hissi ilə qeyd etmişdi: - Azərbaycan idmanının ağsaqqallarından biri kimi deyə bilərəm ki, respublika partiya fəallarının indiki yığıncağı Azərbaycan KP MK-nın bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi qayğının yeni parlaq təzahürüdür. Bu yığıncaq respublikamızda idman hərəkatına çoxdan bəri ehtiyac duyulan bir təkan olacaqdır.
Bunun üçün isə ilk növbədə işdə olan çatışmazlıqları müəyyənləşdirmək vacib idi. Azərbaycan partiya təşkilatının rəhbəri Heydər Əliyev yığıncaqdakı nitqində bu barədə çox dəqiq demişdi: “Başlıca nöqsan budur ki, biz fəhlələrin, qulluqçuların, kolxozçuların, ziyalıların, məktəblilərin bədən tərbiyəsi ilə müntəzəm məşğul olmasında əsl kütləviliyə nail ola bilməmişik. Halbuki, ümumittifaq yarışlarında və beynəlxalq yarışlarda yüksək nəticələr əldə etməyə qadir olan idman ustalarını yalnız bunun əsasında yetişdirmək və tərbiyə etmək mümkündür”.
Məhz partiya fəallarının həmin yığıncağından dərhal sonra respublikanın hər yerində kütləviliyə əsaslanmaqla bədən tərbiyəsi və idman məşğələlərinə, əhalinin, xüsusən də gənclərin asudə vaxtının səmərəli təşkilinə, yeni-yeni idman qurğularının inşasına, ustalığın artırılmasına, ümumittifaq və beynəlxalq yarışlarda Azərbaycanın layiqincə təmsil olunmasına diqqət artırıldı, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməyə başlandı. Belə bir işgüzar şəraitdə fərəhli nəticələri çox gözləmək lazım gəlmədi. Özü də işdə əsaslı dönüş idman hərəkatının bütün sahələrində – məktəblərdə, ali təhsil ocaqlarında, müəssisələrin bədən tərbiyəsi kollektivlərində, qadın və qızların məşğələlərə daha fəal surətdə cəlb olunmasında, ustalardan ibarət komandaların yarışlara hazırlığı üçün lazımi şərait yaradılmasında və bir sıra başqa istiqamətlərdə inamla əksini tapırdı.
Hamını yüksək fəallığa Heydər Əliyevin yığıncaqda bu barədə verdiyi tövsiyələr ruhlandırmışdı: “Bədən tərbiyəsi və idmana fikir vermək, məktəblilərin bədən tərbiyəsindən tutmuş ta qocalar arasında bədən tərbiyəsi - sağlamlıq tədbirlərinədək bütün mərhələlərdə bədən tərbiyəsinin və idmanın inkişafına daim qayğı göstərmək, yeni idman qurğularının tikilməsi və mövcud idman qurğularının yaxşılaşdırılması üçün bütün yerli imkanlardan istifadə etmək, bədən tərbiyəsi - idman işini ürəkdən sevən, kütlələri həmin işə cəlb etməyə qadir olan adamları axtarıb-tapmaq, belə işin təşkilatçılarını hər vasitə ilə müdafiə etmək - respublikanın rayonlarında və şəhərlərində bədən tərbiyəsinin və idmanın inkişafı sahəsində geriliyi aradan qaldırmaq üçün partiya, sovet təşkilatlarımızdan, ictimai təşkilatlarımızdan tələb edilən bax budur”.
İndi, 1974-cü ildə keçirilmiş respublika partiya fəalları yığıncağının iyun ayının 21-də tamam olacaq 40-cı ildönümü ərəfəsində geriyə nəzər salıb keçilən yolu ötəri də olsa, xatırlamaq istəsək, qürurverici faktlar və hadisələr yada düşər. Heydər Əliyev Azərbaycana rəhbərliyinin artıq beşinci ilində idman həyatımızda ciddi dəyişikliklərə səbəb olan və idmanımızın işıqlı gələcəyinə böyük inam yaradan çox mühüm addım atmışdı.
Fəallar yığıncağından keçən cəmi bir il ərzində paytaxtda 250 idman meydançası və şəhərciyi salındı. İndi Bakıdan başqa, respublikanın 36 rayonunda 59 uşaq-gənclər idman məktəbinin fəaliyyət göstərməsi də çox şeyə sübut idi. Həqiqətən də, ötən əsrin yetmişinci illərinin ikinci yarısı respublikada bədən tərbiyəsi və idmanın yüksəliş dövrü ilə əlamətdar oldu. Statistika da bunu inamla təsdiq edirdi: 1977-ci il yanvarın 1-dək Azərbaycanda 996,9 min idmançı (o cümlədən 262,5 min qadın), 2522 SSRİ idman ustası, 16 nəfər SSRİ əməkdar idman ustası, 10 SSRİ əməkdar məşqçisi, hər birində tribunaları 1500-dən çox tamaşaçı tutan 36 stadion, 2764 futbol, 4882 voleybol, 1662 basketbol meydançası, 86 atıcılıq tiri, 17 üzgüçülük hovuzu, 845 idman salonu var idi.
Bundan təxminən yarım il əvvəl, 1976-cı ilin yayında isə Azərbaycan üç idmançısının çox böyük uğuruna ürəkdən sevindi. Həndbol ustalarımız Rəfiqə Şabanova və Lyudmila Şubina Kanadanın Monreal şəhərində keçirilən Olimpiya oyunlarında SSRİ yığma komandası heyətində çempionluğu bayram etdilər, onların voleybolçu rəfiqəsi İnna Rıskal Olimpiadanın gümüş medalını qazandı. Olimpiya qəhrəmanları Bakıya qayıtdıqdan sonra respublikamızın rəhbəri Heydər Əliyev qızları qəbul edərək onların idman hünərini yüksək qiymətləndirdi.
Burada Azərbaycan idmanı mümayəndələrinin olimpiya zəfərindən 24 il sonra, 2000-ci ilin dekabrında aldığımız xəbəri bir daha məmnuniyyətlə xatırlatmaq istərdik: Beynəlxalq Voleybol Federasiyasının ekspertləri XX əsrdə dünyanın ən yaxşı qadın voleybolçularını müəyyənləşdirərkən kubalı Reqla Torresdən sonra ikinci yeri Azərbaycan idmanının yetirməsi, Mexiko və Münhen Olimpiya oyunlarının çempionu, Tokio və Monreal olimpiadalarının gümüş mükafatçısı İnna Rıskala vermişlər. Əlbəttə, çox böyük tarixi hadisə idi.
Məhz Rıskal, Şabanova və Şubinanın olimpiya uğurlarından sonra azərbaycanlı qızların voleybol və həndbola, elə idmanın bir sıra başqa növlərinə də marağı daha da artdı, yerlərdə yeni-yeni bölmələr açıldı, məşğələlərə təcrübəli mütəxəssislər cəlb olundu, onların apardıqları məqsədyönlü və müntəzəm məşqlər sayəsində yeni istedadlar meydana çıxdı. Qadınlardan ibarət voleybol, həndbol, otüstü xokkey komandalarımız SSRİ çempionatlarında Azərbaycanın şərəfini layiqincə qoruyurdular.
Respublika partiya fəalları yığıncağının qarşıya qoyduğu vəzifələr müvəffəqiyyətlə yerinə yetirilirdi. Azərbaycan partiya təşkilatı rəhbərinin yığıncaqda qeyd etdiyi bütün məsələlər – məktəblərdə, ali təhsil müəssisələrində, zavod və fabriklərdə sağlamlıq məşğələləri, qadın və qızların insan həyatının bu çox vacib sahəsinə fəal surətdə qoşulmaları və eyni zamanda, onların arasından ən istedadlıların seçilib məsul yarışlarda respublikanın şərəfini qoruyan yığma komandaların heyətinə cəlb edilməsi, məşğələlər üçün şəraitin durmadan yaxşılaşdırılması və s. məsələlərə geniş diqqət yetirilirdi.
Təbii ki, bu zaman milli oyunlarımız da unudulmurdu. Bir tarixi hadisə
yaddaşımda özünə möhkəm yer etmişdir.
Səhv etmirəmsə, ötən əsrin
yetmişinci illərinin sonu, səksəninci illərin əvvəli
idi. Atüstü oyunlar üzrə
tanınmış mütəxəssis, respublikanın əməkdar
məşqçisi Fikrət Hüseynovun təşəbbüsü
ilə o zaman üçün çox qeyri-adi bir tədbir,
Qazax - Bakı marşrutu üzrə atçılıq
yürüşü keçirilirdi. Onda əməkdaşı
olduğum “İdman” qəzeti redaksiyasının
tapşırığı ilə yürüşün
gedişini işıqlandırırdım və bu tədbirdən
aldığım xoş təəssürat hissi heç vaxt
məni tərk etmir. Otuz nəfərin
starta çıxdığı yürüşdə onun
iştirakçıları olduqları rayonlarda həm də
çövkən, sürpapaq oyunlarını nümayiş
etdirirdilər. Onların
çıxışları marşrutun keçdiyi hər yerdə
– Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Qasım
İsmayılov (indiki Goranboy), İsmayıllı,
Göyçay, Şamaxı və digər rayonlarda yerli əhali
tərəfindən böyük sevinclə, alqışlarla
qarşılanırdı. Hər yerdə
adamlar onlara böyük bir bayram yaşadan qoçaq
çaparları gül-çiçəklə
qarşılayır, oyunları maraqla izləyir, qədim ənənələrimizi
davam etdirdiklərinə görə təşəkkür
edirdilər, ağsaqqallar isə göz yaşlarını
gizlədə bilmirdilər.
Sonralar
yürüşün təşkilatçısı Fikrət
Hüseynov 1998-ci ildə qələmə aldığı “Azərbaycan
atçaparları və atüstü milli oyunlar” adlı kifayət
qədər geniş həcmli kitabda tədbir
iştirakçılarına və onun təşkilinə
köməyini əsirgəməyən bütün insanlara
bir daha minnətdarlığını bildirərək
yazmışdır: – Respublikanın 14 rayonunun ərazisindən
keçərək geniş təbliğat işi
aparmış atçaparlarımızın mərdlik və fədakarlığı
hörmət və məhəbbətə layiq idi. Bu gün həmin yürüşü xatırlayarkən
qəlbim qürur və iftixar hissi ilə döyünür və
ruhən rahatlıq tapıram. Axı
bütün əziyyətlərə baxmayaraq, biz rayonlarda
böyük təbliğat işi aparmış, Azərbaycan
atlarını və milli xalq oyunlarımızın yeni həyatını
yaşatmışdıq.
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev respublikamıza rəhbərliyinin ikinci
dövründə də bədən tərbiyəsi və
idman işlərini daim diqqət mərkəzində saxlamaqla,
bu mühüm sahəyə layiqli töhfələr
vermişdir.
Otuz yeddi il əvvəl, 1977-ci ildə Azərbaycan
KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsü
ilə inşasına başlanılan və 2004-cü il
martın 10-dan bu dahi şəxsiyyətin adını
daşıyan əzəmətli İdman - Konsert Kompleksi də
idman ictimaiyyətimizə gözəl töhfə olmuşdur.
Ulu
öndərin “Azərbaycan Prezidenti kimi şəxsən mən
söz vermişəm və indi də bunu təsdiq edirəm
ki, idmana xüsusi qayğını öz üzərimə
götürmüşəm və əmin ola
bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz”
sözləri idman ictimaiyyətimiz tərəfindən minnətdarlıq
hissi ilə qarşılanmışdır. Məhz
bu böyük qayğının nəticəsidir ki, ölkəmizdə
sağlam gənc nəslin yetişməsi, güclü
ustaların hazırlanması, idmanın maddi-texniki
bazasının daha da möhkəmləndirilməsi, yeni-yeni
idman komplekslərinin inşa edilməsi işi geniş vüsət
almışdır.
Hazırda müstəqil dövlət olan Azərbaycanın
dünya birliyinin bərabərhüquqlu bir üzvü kimi
respublikamızın qüdrətini və imkanlarını
inamla nümayiş etdirməsi, ümumdünya
olimpiyaçılar ailəsində nümunəvi bir ölkə
kimi tanınmasında Heydər Əliyevin müdrik siyasəti
və yorulmaz fəaliyyəti müstəsna rol
oynamışdır.
Respublika partiya fəalları
yığıncağında bədən tərbiyəsi və
idmanın insan həyatında böyük əhəmiyyətini
xüsusi vurğulayan Heydər Əliyev
idmançılarımızın yaddaşında onların ən
yaxın dostu kimi yaşayır. Ümummilli lider beynəlxalq
idman aləmində, ümumdünya olimpiyaçılar ailəsində
də çox böyük nüfuz sahibi idi. Təsadüfi deyil ki, ulu öndər 1997-ci ildə
Milli Olimpiya Komitələri Assosiasiyasının
İslandiyanın paytaxtı Reykyavik şəhərində
keçirilmiş baş məclisində “Olimpiya ləyaqəti”
mükafatı ilə təltif edilmişdir. Bu ali mükafata idman, Olimpiya Hərəkatında
böyük xidmətlərinə görə görkəmli
dövlət xadimləri layiq görülürlər.
Bu sətirlərin müəllifinə Azərbaycan
idmançılarının Olimpiya oyunlarında ilk dəfə
müstəqil dövlətin nümayəndələri kimi təmsil
etdikləri Atlanta Olimpiadasına Zuğulbadakı “Gənclik”
düşərgəsindən yolasalınma mərasimində və
elə həmin 1996-cı ildə nümayəndə heyətimiz
okeanın o tayından qayıtdıqdan sonra isə Prezident
Sarayında dövlət başçımız tərəfindən
qəbulunda iştirak etmək imkanı nəsib olmuşdur. Dünya
idmançılarının ən ali məclisinə
Heydər Əliyevin xeyir-duası ilə yola düşən
idmançılarımız elə ilk cəhddə ABŞ-dan
Vətənə olimpiya medalı gətirməyi bacardılar.
Sərbəst güləş ustası, müstəqil
Azərbaycanın ilk olimpiya mükafatçısı Namiq
Abdullayevin Atlanta xalçası üzərində
qazandığı gümüş medal nəyə desən dəyərdi.
Bu medal respublikamızı ümumkomanda
hesabında 197 ölkə arasında 61-ci yerə
çıxarmışdı.
Bu gün
isə Azərbaycanın idman qənimətləri xəzinəsində
artıq 26 Olimpiya medalı, o cümlədən Namiq Abdullayevlə
stend atıcısı Zenfira Meftahəddinovanın 2000-ci ildə
Sidneydə (Avstraliya), dörd il sonra yunan-Roma üsulu ilə
güləşən Fərid Mansurovun Afinada (Yunanıstan),
cüdoçu Elnur Məmmədlinin Pekin - 2008-də, sərbəst
güləşənlər Toğrul Əsgərovla Şərif
Şərifovun London - 2012-də qazandıqları altı
qızıl mükafat vardır. Bu gün Azərbaycan
bütün dünyada idman ölkəsi kimi tanınır.
Bu gün respublikamıza tarixdə ilk Avropa
Oyunlarının, Ümumdünya Şahmat
Olimpiadasının, İslam Həmrəyliyi Oyunlarının
təşkili etibar olunur.
Bütün bunlara aparan yol ötən əsrin
yetmişinci illərinin ortalarında keçirilən və bədən
tərbiyəsi - idmanın sürətli inkişafına
güclü təkan verən respublika partiya fəalları
yığıncağından başlamışdır. İndi,
ümummilli liderin anadan olmasının 91-ci
ildönümünü qeyd etdiyimiz günlərdə bir daha
bu qənaətə gəlirik ki, Azərbaycan idmanı
böyük şöhrətinə görə ulu öndərə
minnətdar olmalıdır.
Qırx
il əvvəl Heydər Əliyevin təşəbbüsü
ilə keçirilmiş həmin tarixi yığıncaqdan
sonra Azərbaycan idmanında yaranmış xoş ənənələrin
hazırda dövlətimizin başçısı, Milli
Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi
ilə inkişaf etdirilib daha da zənginləşdirilməsi,
bunun üçün hər cür şərait
yaradılması isə idmanımızın bəxtinin ikiqat
gətirdiyini deməyə, onun sabahını daha böyük
ümidlə gözləməyə tam əsas verir.
Oqtay
BAYRAMOV,
respublikanın əməkdar jurnalisti,
Xalq qəzeti.- 2014.- 14 may.- S. 6.