“Davamlı inkişaf və texnoloji innovasiyalar”

 

Azərbaycan Texnologiya Universiteti ulu öndər Heydər Əliyevin gərgin əməyi sayəsində 1970-ci ildə Gəncə şəhərində yaradılmışdır. O zaman Azərbaycan Politexnik İnstitutunun filialı kimi fəaliyyət göstərən ali təhsil ocağı sonradan müstəqil universitet kimi respublikanın nəhəng ali təhsil ocaqlarından birinə çevrilmişdir. Universitet ölkədə mühəndis-texnoloq kadrları hazırlığı ilə məşğul olan yeganə ali təhsil ocağıdır.

Ulu öndərin anadan olmasının ildönümü ilə əlaqədar hər il Azərbaycan Texnologiya Universitetində müxtəlif mövzularda elmi-praktiki konfranslar keçirilir. Nazirlər Kabineti və Təhsil Nazirliyinin razılığı ilə bu ali təhsil ocağında daha bir beynəlxalq elmi-praktik konfransın keçirilməsinə start verilmişdir. Bu tədbir ulu öndər Heydər Əliyevin 91-ci ildönümünə həsr olunmuşdur.  Konfrans Azərbaycan Texnologiya Universiteti, Gəncə Şəhər İcra Hakimiyyəti, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirildi. Konfransdan öncə iştirakçılar Heydər Əliyev mərkəzində ulu öndərin abidəsi önünə əklil qoydular.  Bu möhtəşəm tədbirin plenar iclasının açılışının Gəncə şəhərində yerləşən füsunkar Heydər Əliyev Mərkəzinin konfrans zalında olması şəhərimizə gəlmiş xarici qonaqlarda, özlərinin dediyi kimi, uzun müddət xoş təəssürat oyadacaqdır.

“Davamlı inkişaf və texnoloji innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktiki konfransı giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq şəhərimizin qonaqlarını salamladı, belə bir mötəbər beynəlxalq tədbirin Azərbaycanın bu qədim şəhərində keçirilməsini əlamətdar hadisə adlandırdı və bunu tarixin bütün dönəmlərində xalqının xilaskarı olan dahi şəxsiyyət Heydər Əliyevə məhəbbətin ifadəsi kimi dəyərləndirdi. Qeyd olundu ki, bu günlər nəinki ölkəmizdə, eyni zamanda, Vətənimizin hüdudlarından kənarda da ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə dahi şəxsiyyətin Azərbaycan dövlətinin çiçəklənməsi naminə gördüyü işlər bir daha yada salınır. Xüsusilə, ulu öndərin ölkəmizə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra ölkədə hökm sürən xaos və anarxiyanın qarşısının alınmasında apardığı çevik siyasət hər bir azərbaycanlının qəlbində silinməz iz buraxmışdır.

Elmar Vəliyev ərazi iddiası əsasında Azərbaycana qarşı müharibə aparan Ermənistan ilə atəşkəsin əldə olunmasının əhəmiyyətindən danışarkən, təəssüflə bildirmişdir ki, beynəlxalq təşkilatlar hələ də işğalçı dövlətin bu təcavüzkar hərəkətlərinə göz yumurlar. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icrasız qalması bu ədalətsizliyə nümunədir. Lakin gündən-günə öz iqtisadi qüdrətini yüksəldən, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində nəinki bölgədə, eləcə də dünya ölkələri arasında ən sürətlə inkişaf edən Azərbaycan özünün ərazi bütövlüyünü təmin edəcəkdir.

Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü Valdis Zatlers çıxış edərək belə bir mötəbər tədbirdə, xüsusilə Heydər Əliyev kimi dahi şəxsiyyətin doğum gününə həsr olunmuş konfransda iştirak etməsindən qürur duyduğunu bildirdi. O, dəfələrlə Azərbaycanda olduğunu, həmçinin iki dəfə Gəncəyə səfər etdiyini diqqətə çatdıraraq dedi ki, hər gəlişi onda böyük təəssürat yaratmışdır. Azərbaycanda gedən sürətli inkişafa heyran qaldığını söyləyən Valdis Zatlers bu yüksəlişə, bu inkişafa görə bütün Azərbaycan xalqının dahi rəhbər Heydər Əliyevə borclu olduğunu söylədi. Qonaq dedi ki, keçmiş SSRİ dağıldıqdan sonra hansı respublikada layiqli lider oldusa, həmin ölkə inkişaf yoluna çıxdı. Belə respublikalardan biri, mən deyərdim ki, birincisi elə Azərbaycan oldu. Buna görə də Azərbaycan xalqı fəxr etməlidir ki, onun Heydər Əliyev kimi ümummilli lideri vardır. Ümumiyyətlə, bir siyasi xadimi xarakterizə edərkən onun fəaliyyətini göz önünə gətirmək lazımdır. Əgər Azərbaycan bu gün davamlı və dayanıqlı inkişafdadırsa, buna görə bütün xalq liderinə minnətdardır. Onun qurduğu bu dövlətin möhkəmliyini nəinki indiki nəsil, gələcək nəsillər də hiss edəcəklər. Dahi lider Heydər Əliyev həyatın elə bir sahəsi yoxdur ki, ora nüfuz edib, inkişafına diqqət və qayğı göstərməsin. Bu gün Azərbaycan elminin, təhsilinin, səhiyyəsinin, mədəniyyətinin inkişafı, dünya səviyyəsinə çıxmışdır. Bütün bunlar böyük öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.

Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov çıxışında Azərbaycanın davamlı və dayanıqlı inkişafında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışaraq dedi ki, təhsil hər bir xalqın davamlı inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycan Texnologiya Universiteti bu gün özünün ən inkişaf etmiş dövrünü yaşayır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra respublikamız yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılan texnoparklar yaxın gələcəkdə ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynayacaqdır. Söz yox ki, həmin texnoparklar üçün yüksək ixtisaslı mütəxəssislər tələb olunacaqdır. Bu mütəxəssislərin yetişdirilməsi vəzifəsi də Azərbaycan Texnologiya Universitetinin üzərinə düşür. Elə bu məqsədlə Azərbaycan Texnologiya Universitetində qabaqcıl iş təcrübəsi mənimsənilərək yeni-yeni ixtisasların tətbiqinə başlanılmışdır.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov müasir dövrün ən aktual məsələlərindən olan müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində görülən işlərdən danışmışdır. Qeyd etmişdir ki, Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, orada müasir texnologiyalar tətbiq olunmasın. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu sahədə bir çox yeniliklərə imza atmışdır. Artıq insanlar bu yeniliklərin bəhrəsini görürlər. Dövlətimizin başçısının təşəbbüsü və qayğısı ilə həyata keçirilən tədbirlər nəticəsində indi Azərbaycan əhalisinin 70 faizi internet xidmətindən yararlanır. Rəqəmsal televiziyanın tətbiqi davam edir, sabit telefon şəbəkəsi yaradılır. Artıq ucqar kəndlərdə də geniş zolaqlı internet şəbəkəsi genişləndirilir. Dövlətimizin başçısının təşəbbüsü ilə “Azərspace-1” milli rabitə peykinin kosmosa buraxılması bu sahədə olan inkişafımızın göstəricisidir. Artıq 2016-cı ildə yeni müşahidə peykinin buraxılması üçün hazırlıq işləri aparılır. Ümumiyyətlə, respublikada informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün bir çox layihələrin icrasına başlanılmışdır. Bütün bunlar yaxın gələcəkdə Azərbaycanı bu sahədə daha da irəliyə aparacaqdır.

Təhsil Nazirinin müşaviri, professor Samir Vəliyev Azərbaycanda innovativ texnologiyanın geniş vüsət almasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu dedi. Ulu öndərin “Təhsil millətin gələcəyidir” sözünü vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən  24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn əsas məsələlər barədə geniş məlumat verdi. O, Təhsil Nazirliyinin gördüyü işlər və təhsilin inkişafı üçün nəzərdə tutulan tədbirlərdən danışdı.

“Davamlı inkişaf və texnoloji innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfransda  çıxış  edən  Bonç-Bruyeviç  adına  Sankt-Peterburq  Dövlət  Telekommunikasiya Universitetinin professoru  Gennadi    Smorodin,  AMEA-nın  İqtisadiyyat  İnstitutunun  sabiq direktoru, professor  İsa Alıyev,  Kutaisi  Dövlət  Universiteti  Departamentinin rəhbəri  Nino  Dalidze, Doğu  Akdeniz  Universiteti  türk cümhuriyyətləri  üzrə  rektor  müşaviri Orxan  Həsənoğlu Azərbaycanda innovativ informasiya iqtisadiyyatının  formalaşması  xüsusiyyətləri  və problemləri, Heydər Əliyevin bioloji müxtəliflik    ekoloji  stabillik strategiyası,  yeni  müasir texnologiyaya  əsaslanaraq  iqtisadiyyatın  qurulması,  insan  kapitalının  fəallaşması, cəmiyyətin  inkişafı,  müxtəlif  sahələrdə  konfransın mövzusunun əhəmiyyəti barədə öz mülahizələrini söylədilər.

Qeyd edək ki, beynəlxalq konfransın “Davamlı inkişaf və texnoloji innovasiyalar” mövzusunda keçirilməsi təsadüfi deyildir. Bu mövzu “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına (2011-2015-ci illər), həmçinin  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Sənaye ili” üçün Tədbirlər Planında texniki elmlərə, onun daha səmərəli təşkili və idarə olunmasına, ölkə iqtisadiyyatının inkişafında texnologiyaların təsir gücünün artmasına istiqamətlənmişdir.

Davamlı inkişaf hazırkı dövrün tələblərini təmin edən, eyni zamanda gələcək nəsillərin öz tələbatını təmin etmək imkanını təhlükə altına qoymayan inkişafdır. Davamlı inkişafda olan ölkəmizi keyfiyyətli kadrlarla təmin etmək, yenilikləri həmin istiqamətə yönəltmək üçün professor-müəllim kollektivi elmi və nəzəri bacarıqlarını daha səylə tətbiq edirlər.   

Texnoloji innovasiya, yüksək səmərəliliyə malik texnoloji yeniliyin tətbiqi, insanın intellektual fəaliyyətinin, kəşfinin, ixtirasının son nəticəsidir. Texnoloji innovasiya fəaliyyətinin nəticəsi yeni və ya təkmilləşdirilmiş məhsul (iş, xidmət), texnoloji proses, həmçinin ictimai münasibətlərin müxtəlif sahələrində təşkilati-texniki, maliyyə-iqtisadi və digər hallar hesab edilir. İKT, qida, ağır və yüngül sənaye sahələrinin inkişafı üçün nəzərdə tutulan texnoparkın gələcəkdə uğurlu nəticələrinin məhz Azərbaycan Texnologiya Universiteti ilə birbaşa əlaqəsi olduğundan, burada tədris və təcrübə, elmi axtarışlar, yeniliklər və maddi-texniki baza tələbata uyğunlaşdırılır.

“Davamlı inkişaf və texnoloji innovasiyalar” mövzusunda 6 dövləti təmsil edən 165 nümayəndənin iştirak etdiyi beynəlxalq konfransda 201 adda məruzə dinlənilmişdir.

Dünyada, o cümlədən respublikamızda yüksək ixtisaslı İKT, qida, ağır və yüngül sənaye sahələri üzrə mütəxəssislərə real tələbatı nəzərə alaraq, yeni beynəlxalq əməkdaşlıqlar çərçivəsində ayrı-ayrı sahələrin əmək bazarının rəqabət qabiliyyətli, səriştəli kadrlarla təmin etmək, innovasiyalı təhsil proqramı əsasında elmi tədqiqatların təhsil prosesi ilə inteqrasiyasını həyata keçirmək konfransda qarşıya ümdə məqsəd kimi qoyulmuşdur . Təhsilin aktual problemləri və həlli yolları, innovasiyalı elmin inkişaf istiqamətləri, təbii ki, birgə əməkdaşlıq nəticəsində daha faydalı nəticələrin əldə edilməsinə şərait yaradacaq, elmin dünyada bütün dəyərlərdən üstün olacağını təsdiq edəcəkdir.

...Gəncə daha bir beynəlxalq tədbiri yüksək səviyyədə yola saldı. Yadda qalanlar isə bunlar oldu: Ulu öndərin yaratdığı və artıq şöhrət qazanan Texnologiya Universiteti, əsrarəngiz Gəncə şəhəri, səmimi və faydalı görüşlər, yüksək səviyyəli qonaq qəbulu və bir də Nizami yurdunun mehriban, qonaqpərvər insanları.

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2014.- 14 may.- S. 8.