Masallı
növbəti folklor festivalına
hazırlaşır
Cənub bölgəsinin gözəl diyarı Masallıya son səfərimdə burada rayon üzrə ənənəvi yaz festivalının keçirildiyini eşitdim. Mədəniyyət və turizm şöbəsinin müdiri, əməkdar mədəniyyət işçisi Lətifə Mövsümova bildirdi ki, aprelin 10-dan başlayaraq bir ay davam edəcək yaz festivalına ulu öndərimiz Heydər Əliyevin doğum günü - mayın 10-da yekun vurulacaq.
Festivalın münsiflər heyəti rayonu kənd-kənd, oba-oba gəzərək sinədəftərlərin bayatı, layla, inanc, oxşama, yanıltmac, çaşdırma, arzulama, sanama, bədii kollektivlərin nəğmə və folklor rəqsləri üzrə bilgi və qabiliyyətlərini öyrənir, qiymətləndirir. Yekun konsertində ən yaxşı şifahi xalq yaradıcılığı nümunələri təqdim olunacaq və daha çox fərqlənən iştirakçılar diplom, hədiyyə, pul mükafatları alacaqlar.
Əslində, könüllərin bahar ovqatını artıran yaz festivalı iyunda keçiriləcək 3-cü beynəlxalq folklor festivalı ərəfəsində yerli istedadların bir növ baş məşqi də sayıla bilər.
Masallının zəngin folklor örnəkləri artıq dünyada məlumdur. Yarım əsrdən artıq bir müddətdə qitələri dolaşan “Halay” folklor qrupunun heyranedici çıxışları davam edir. Beynəlxalq “Qızıl buta” və “Qızıl balta” mükafatlarını alan, haqqında Moskva televiziyasının film çəkdiyi “Halay” Azərbaycan incəsənətinin qədimlik, ilkinlik mücəssəməsinə çevrilib. 2012-ci ildə Masallının “Azərbaycanın Folklor Paytaxtı” seçilməsinə haqq verən əsas amillərdən biri də, heç şübhəsiz,"Halay"ın ad-sanı, şan-şöhrəti idi.
“Azərbaycanın Folklor Paytaxtı” rolunun öhdəsindən layiqincə gələn Masallının güclü mədəniyyət potensialı var. Beş folklor qrupu, 118 özfəaliyyət kollektivi sıralarında saysız istedadları birləşdirir. Masallının yetirdiyi çoxlu mədəniyyət xadimi, incəsənət ustası xalqımızın sevimlisinə çevrilib. Paytaxt olmaq missiyasının uğur yolunu rayon rəhbərliyinin böyük dəstəyi, hər kəsin yaradıcı şövqü , yurd təəssübkeşliyi xeyli asanlaşdırıb. Həmin ilin sentyabrında keçirilmiş beynəlxalq folklor festivalı isə əyalət rayonunun tarixində bir ilk olmasına baxmayaraq, möhtəşəmliyi ilə seçilmişdi. Bir sıra ölkələrdən Masallıya təşrif gətirən folklor kollektivləri burada hərtərəfli diqqət görmüş, məharətlərini sərgiləmək üçün geniş imkan əldə etmiş və unudulmaz günlər yaşamışlar. Qayıdanda isə özləri ilə xoş təəssüratlar, çeşidli hədiyyələr, məxsusi suvenirlər aparmış və ürəkləri Azərbaycana, gözəl cənub diyarına hədsiz heyranlıq duyğuları ilə dolmuşdur.
İl çərçivəsində təşkil olunan rəngarəng tədbirlərin hər birinin böyük nailiyyətə çevrilməsi Masallı təşkilatçılarını burada festivalı bir qayda kimi ilbəil keçirməyə ürəkləndirmişdir. Turizm bölgəsi olaraq tanınan məkanı üstəlik ənənəvi folklor mərkəzinə çevirmək ideyası, əlbəttə, təşəbbüskarların üzərinə böyük məsuliyyət də qoyurdu. Buna görə də geniş hazırlıq tədbirləri planlaşdırıldı və həyata keçirildi. Beynəlxalq festival ərəfəsində Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və sifarişi, AMEA-nın Folklor İnstitutu alimlərinin müəllifliyi ilə “Masallı folklor örnəkləri-I” adlı sanballı kitab hazırlanaraq nəşr olundu. Kitab üçün materiallar toplanarkən Masallının ən ucqar yaşayış yerlərinə - kəndlərə, obalara elmi ekspedisiyalar təşkil edildi və ağız ədəbiyyatı nümunələri ipə-sapa düzülərək nəşrinə qovuşdu. Festival loqosu ilə süslənən nəfis tərtibatlı əlvan dəvətnamələr, buklet və açıqçalar, suvenirlər də hazırlandı. Türkiyə, İran, Gürcüstan, Rusiya, Latviya, Ukrayna və Qazaxıstandan gəlmiş qonaqlar da razı qaldılar, ölkəmizin mədəni səviyyəsi də bir daha mötəbərləşdi.
Beləcə, rayon rəhbərliyi, təşkilat komitəsi, mədəniyyət sferasına cavabdeh şəxslər qüvvələrini cəmləyərək ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan 2-ci festivalı da adlarına layiq səviyyədə keçirdilər. Onlar Masallıda, sözün əsl mənasında, bayram ab-havası yarada bildilər. Konsertlər, xalq sənətkarlığı örnəklərinin sərgiləri, cənub mətbəxinin ləziz təamlarının nümayişi hamıya unudulmaz təsir bağışladı. Kəndlərdə, turizm-istirahət mərkəzlərində görüşlər mütəşəkkil keçdi. Hər kəs bayramdan nəsibini aldı...
Ötən il “Masallı” ensiklopedik toplusu da işıq üzü görərək beynəlxalq festivala əlavə rəng qatmışdır. Toplunun ən müasir poliqrafik formada, yüksək zövqlə hazırlanması üçün yaradıcı heyət əlindən gələni etmişdir. Ensiklopedik toplu Azərbaycan və ingilis dillərində yazılmışdır. Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyi kitabın çapına hər cür köməklik göstərmişdir. Mübaliğəsiz demək olar ki, bu toplu əsl turizm bölgəsi, layiqli folklor mərkəzi kimi tanınmaqda olan Masallı üçün, qəlbi Vətən, yurd sevgisi ilə coşan hər bir yerli ziyalı üçün qürur və iftixar aynası, müsafirlər üçünsə əvəzsiz töhfə sayılır. Topluya onun CD disk variantı da əlavə edilmişdir.
Yeni toplu təkcə bir festival dövrü üçün deyil, uzun illəri hədəf götürən müddət üçün nəzərdə tutulub. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu rayona tarixi səfərləri, tərəqqi tendensiyasını gücləndirməsi topluda böyük minnətdarlıq hissi ilə qələmə alınmışdır. Yüzlərlə rəngarəng foto, slaydla müşayiət olunan ayr-ayrı bölmələrdə Masallının tarixi, təbiəti, sərvətləri, ekologiyası, mədəni ənənələri, turizm obyektləri, sosial-iqtisadi inkişaf dinamikası geniş əksini tapmışdır. Səhifələr zərif haşiyələrlə, müşayiət yönümlü yarımbaşlıqlarla bəzədilərək daha da cəlbedici və baxımlı olmuşdur.
Hazırda Masall növbəti beynəlxalq folklor festivalına hazırlaşır. Təşkilat komitəsi artıq fəaliyyətə başlayıb. Küçə reklamları - banerlər, qonaqlar üçün suvenirlər sifariş verilib. Mövzuya uyğun daha bir kitab hazırlanır. Üçüncü festivalda 10 xarici ölkənin və 2 Azəbaycan kollektivinin iştirakı nəzərdə tutulur. Builki folklor paytaxtı Balakənin folklor qrupu və Ağdamın məşhur “Qarabağ bülbülləri” tədbirləri daha da rövnəqləndirəcək.
Lətifə xanımın söylədiyinə görə, festivala iyunun 12-də start veriləcək. Şəhərin girişindən mərkəzi mədəniyyət evinin qarşısındakı meydana qədər yürüş-parad təşkil olunacaq. Orada açılacaq sərgidə yerli sənətkarların, istedad daşıyıcılarının çeşidli əl işləri, habelə kulinariya nümunələri göstəriləcək. Ertəsi gün rayonun kəndlərində konsertlər veriləcək. İyunun 14-də tədbirlər davam edəcək, qonaqların şərəfinə ziyafətlər veriləcək. Bir gün sonra isə rayonda yekun konserti olacaq. Fərqlənən folklor kollektivləri mükafatlandırılıcaq. Qonaqların hamısına xatirə hədiyyələri veriləcək.
Nəhayət, onu da əlavə edək ki, rəsmi qaydada Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin illik tədbirlər planına daxil olunmuş folklor festivalında Türkiyə Cümhuriyyətinin Dövlət Rəqs Ansamblı, Latviya və Litvanın folklor qrupları, həmçinin İran, Macarıstan, Kanada, Gürcüstan, Dağıstan, Özbəkistan və Qazaxıstanı təmsil edən nümayəndə heyətləri iştirak edəcəklər. Bəzi əcnəbi kollektivlər festival barəsində sosial şəbəkələrdən məlumat əldə edərək ona qatılmaq arzusunda olduqlarını bildiriblər.
İnanmaq istərdik ki, növbəti Masallı festivalı da uğurla keçəcək və gözəl ənənənin uzunömürlülüyünə əlavə stimul verəcək.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2014.- 14 may.- S. 9.