Cavan ömrün son baharı...
Tanrı ondan heç nəyi əsirgəməmişdi. Ağıllı, savadlı, xeyirxah, zəhmətkeş, alicənab, yaraşıqlıydı. Həyat eşqiylə dolu, yaşamağa, yaratmağa həvəsliydi, gələcəyə inamla baxırdı. Həqiqətləri deyə biləcək qədər cəsarətli, insanı sona kimi dinləyə biləcək qədər mədəni, anlaya biləcək qədər həsas idi. Elə bil, çöhrəsinə yazılmışdı daxili aləmi. Bəzən bəxtəvər uşaqlar kimi qayğısız, bəzən ahıllar kimi düşüncəli olurdu. Müsbət aurası vardı – onun olduğu yerdə adam özünü rahat hiss edirdi. Yüksək mədəniyyətə, etikaya malik, mehriban, diqqətcil idi. Daim öyrənməyə, irəliyə getməyə can atırdı. Çalışqan olduğundan passiv insanları qəbul edə bilmirdi. Sözünü deməyi bacarırdı, həyatdan nə istədiyini də bilirdi. Özünə məxsus jestləri ilə seçilir, sevilirdi. Həyatı və insanları sevirdi. O, yaxşıların yaxşılarından idi.
...Lakin əcəl, zaman möhlət vermədi. Deyirlər, zaman dərdlərə dərman, yaralara məlhəmdi, qəm-qüssəni unutdurur, ağrı-acıları yüngülləşdirir. Bəzən isə zaman öz “xeyirxahlıq” missiyasından çıxaraq aldığının əvəzində heç nə vermir. Zaman onu da bizdən belə ayırdı – aman vermədən. Ölüm ona yaraşmadığını bilirdi. Öz qurbanının qürurlu olduğunu, ona asanlıqla boyun əyməyəcəyini də bilirdi. Ona görə də zamanla əlbir olub gəlmişdi. Yalnız onun özü məsum uşaq kimi taleyin bu amansız oyunundan, qansız ölümün böyür-başında dolanmağından, zamanın xəyanətindən xəbərsiz idi. Ölüm xəbər-ətərsiz “qəlbinə girərək” onu şah damarından vurdu, saf qəlbi isə bu qəfil zərbəyə tab gətirə bilmədi.
Heyif ki, həyatımızdan ömrünün cavan çağında baharı xəzan olan bir insan da köçdü. Sıradan biri deyil, sevdiyimiz, dəyər verdiyimiz, yoxluğundan sarsıldığımız biri... Qəfil gedişi ilə qəlbimizdə ağır bir itkinin izini qoyan, bəlkə heç vaxt unuda bilməyəcəyimiz biri ... Haqqında söz açarkən nəyisə keçmişdə olduğu kimi danışa bilmədiyimiz, hər an varlığını, aramızda olduğunu hiss etdiyimiz biri... Şux qaməti, yaraşıqlı boy-buxunu, işıqlı siması, şaqraq gülüşləri ilə yaddaşlara həkk olunmuş bu insan sanki özünü sevdirmək üçün gəlmişdi bu dünyaya.
Haqqında yazmaq istədiyim, lakin nə qələmə, nə də barmaqlarıma gümanım yoxkən, ürəyimin hökmü ilə içimdəkiləri bölüşə biləcəyimə inanmaq istərdim özüm də. Bir daha “İbrahim Nizamioğlu” imzasını qəzetimizin səhifələrində görməyi arzuladığım qədər inanmaq istərdim. O, mənim hafizəmdə yarımçıq notu xatırladan bir ömür kimi qaldı. Sanki peşəkar bir bəstəçi sevdiyi, həyat eşqi ilə dolu şahanə əsərini pianoda çalarkən barmaqları sınmış kimi qaldı. Başqa birisi isə heç vaxt səsləndirə bilməzdi bu əsəri...
14 may 1977-ci ildə dünyaya gəlmişdi. 14 mart 2014-cü ildə əcəl onu bu dünyadan, sevdiklərindən, əzizlərindən ayırdı. Oxumaq, biliklərə yiyələnmək ən böyük arzusu idi. 1994-cü ildə Bakının Suraxanı rayonunda orta məktəbi bitirmişdi. 1998-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetini, 2006-cı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini, 2009-ci ildə Qafqaz Universitetinin “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə magistraturanı fərqlənmə diplomu ilə başa vurmuşdu. Əmək fəaliyyətinə 1996-cı ildə “Respublika” qəzetində texniki redaktor kimi başlamış, 1998-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun “Elm” İnformasiya Agentliyində müxbir, 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Aparatında aparıcı mütəxəssis və elə həmin ildən “Xalq qəzeti”ndə texniki direktor, icraçı direktor və baş redaktorun birinci müavini vəzifələrində çalışmışdı. 2012-ci ildən AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin doktorantı idi. Xeyli elmi-kütləvi məqalənin müəllifiydi. 2014-cü il yanvarın 28-də Sumqayıt Dövlət Universitetinin prorektoru vəzifəsinə təyin olumuşdu.
Öyrənmək həvəsi, bacarığı, məsuliyyəti, işinə bağlılığı, zəhmətsevərliyi ilə o, kollektivdə seçilirdi.
...Bu kollektivdə çalışdığım ilk gündən mən də məhrəm, yaxın bir insan kimi onun xatirini çox istədim. İnsanları xoş sözlərlə, xoş təbəssümlə salamlamağı sanki özünə borc bilirdi. İşinin çoxluğundan, vaxtının azlığından asılı olmayaraq, hər kəsi özünəməxsus nəzakətlə qarşılayardı. Ən vacib işini, telefon danışığını belə yarımçıq saxlayıb adamı sona qədər dinləyər, problemi varsa, kömək etmək üçün əlindən gələni əsirgəməzdi. Onun gülüşü ən gərgin anda belə qəlblərə sərinlik, sevinc, fərəh gətirərdi. Bəzən mənə elə gəlir ki, yenə hardansa tələsə-tələsə gələrək özünəxas təbəssümlə hamını salamlayacaq və “bu, bir zarafatdı”deyə könlümüzü alacaq. Ancaq nə fayda... Bu acı həqiqətə inanmaq çox ağırdır – onun yoxluğunu dərk edə biləcək qədər ağır...
Bu otağa girmək çox çətindir...
Onun yoxluğuna inanmamaq üçün qapını
bircə dəfə açıb içəri
boylanmaq yetər.
Və sənə elə gələr ki, “qapıda niyə durmusuz, keçin içəri, oturun” – deyib həmişəki nəzakətlə yer göstərəcək. Bunları düşünmək
çox xoş, eşidə biləcəyinə
inanmaq istəyin də bəlli. Olanları dərk etmək isə ağırdan ağır. Elə ona
görə də bu qapının arxasında duranlar da çox olacaq,
möcüzə gözləyənlər
də. Elə mənim kimi...
Hər axşam
beşinci mərtəbədən
içəri keçərkən
nədənsə onun
kabinetinin işığının
görürkən sakitlik
çökürdü qəlbimə. Və mənə
elə gəlirdi ki, bu gün
hər şey yaxşı olacaq. O gündən bəri qəribə bir sükut çöküb
5-ci mərtəbəyə. O sükutun ağırlığını
hiss edir, səssiz harayını eşidirəm.
Yenə də qeyri-ixtiyari bu qapıya, oradan gələn işığa baxıram.
Təəssüflə köks ötürüb
o sükutun harayına
qulaq kəsilirəm.
İlin əvvəlində SDU-ya prorektor təyin olunduğunu eşidərkən
uğurlarına sevinsəm
də, onun bizdən getməyini heç istəmirdim. İşdən ayrıldıqdan sonra redaksiyaya az-az gəlirdi, onu təbrik etməyə imkanım olmamışdı.
Münasib bir vaxt gözləyirdim ürək
sözlərimi deməyə.
Bir də deyəcəkdim ki, niyə bizdən
getdin? Deyə bilmədim. Vaxt imkan vermədi.
Bağışla məni, İbrahim...
Sənə xoş sözlər
deməyə imkan olmadı. Bu gün ad günündür,
bağışla ki, ömrünün 37-ci baharını
təbrik edə bilmədim. Bağışla ki, sənin
haqqında bunları yazmağa məcbur oldum. İndi yalnız bunu
deyə bilərəm...Heyif səndən, çox heyif. Sənin cismani yoxluğun bizə böyük dərd oldu. Təsəllimiz odur ki, kabinetinin pəncərəsindən
süzülən nur kimi, səni tanıyanların qəlbində
yandırdığın xeyirxahlıq,
səmimiyyət işığı
da daim yanır
və yanacaq.
Ruhun şad olsun!
Aida ŞÜKÜRLÜ
Xalq qəzeti.- 2014.- 14 may.- S. 10.